Yataq otağının pəncərəsinə nərdivan söykəyən qonşu gəlin

Yataq otağının pəncərəsinə nərdivan söykəyən qonşu gəlin
18 may 2021
# 11:39

Kulis.az Şahsənəmin "Qonşu gəlin" yazısını təqdim edir.

Türk qardaşlarımızın məşhur bir deyimi var: “Həm işimizi, həm eşimizi gənclikdə seçdiyimiz üçün yanlış qərarlar veririk”. Bu fikir mənim üçün də keçərlidir. Tələbə vaxtı hündür boyuna, ala gözlərinə aşiq olduğum oğlanla təhsilimizi bitirər-bitirməz evləndik. Sevgi gözümüzü boyamışdı. O boya solduqca nələr oldu, nələr... Bu artıq başqa söhbətin mövzusudur, o barədə cəsarətim çatsa, başqa vaxt danışacağam.

Evləndikdən sonra onun valideynlərinin evində yaşamağa başladıq. Hər ikimiz 21 yaşında, işsiz, evsiz, həyata dair zərrəcə təsəvvürü olmayan gənclər idik. Gəlin köçdüyüm kənd doğulub böyüdüyüm kəndlə müqayisədə sanki 50 il geridə qalmışdı. İnsanların yaşayış tərzi, dünyaya baxışı, geyim tərzi, yeniliklərə mühafizəkar yanaşmaları və sairə mənim böyüyüb tərbiyə aldığım mühitdən çox fərqlənirdi.

Əslində həmin kənd rayonun digər kəndləri arasında necə deyərlər “ad çıxartmışdı”. “Şərikli çörək” filmində məşhur bir epizod var. Qonşu kişi kartoçkası tapılan Vaqifi hamı yalançı adlandıranda pəncərədən baxır və deyir:

“Uşaqda fərasətə bax, hamını aldadıb”.

Bax bu məsəl həmin kənd camaatının həyata baxışını dəqiqliklə izah edirdi. Kimisə aldadan, min cür fırıldaq işlə məşğul olanlara fərasətli adam kimi baxırdılar. Qoca kişilərlə yeniyetmələr tay-tuş kimi şit zarafatlar edir, kişi müəllimlər dərslər qurtarıb şagirdlər məktəbi tərk edən kimi “sobrazim” edib soyuq havalarda müəllimlər otağında, isti havalarda məktəbin bağında dilləri söz, ayaqları yer tutmayana qədər içirdilər.

Məktəbdə təhsilin adı var, özü yox idi. İllərlə universitetə qəbul olan bircə məzunları olmazdı. Məktəblərini mənim təhsil aldığım məktəblə, müəllimlərimlə müqayisə etmək belə insafsızlıq olardı...
Bir sözlə, qohum evi olsa da, başqa rayondan gəlmişdim deyə oralara isinişə bilmirdim. Özümə çoxlu işlər icad edirdim. Nənəmin bir sözü var, deyir: “Elə ki, evə gəlin gəldi, yük yerini dəyişir”. Yük kənd yerlərində qonaq gələndən gələnə istifadə olunan, adi vaxtlarda bir taxçada üst-üstə qalaqlanmış döşək-yorğan-balış dəstinə deyilir, yəqin ki, bilirsiniz.

Qayınanamın yükünü belədən belə, elədən elə daşıyırdım. Arvad evdə heç nəyi yerində tapmırdı. Axırda evdən yorulub zirzəmidə “öz səliqəmi” yaratmaq istəyəndə sakit təbiətli, yüz sözdən birinə reaksiya verməyən qayınatam mənə yerimi göstərdi:

“Sən atanın-ananın canı çıx zirzəmidən, bura ilə işin olmasın!”

Heç dinc durardım? Qayınatamın öz əlləri ilə düzəltdiyi çaxır balonlarına, samoqon məhsullarına toxunmadan oraları da “abıra saldım”. Amma ki, evin darvazasından çölə ancaq atam evinə gedəndə çıxırdım.

Uşaqlarım olandan sonra onlar evdə, həyətdə, bağ-baxçada bənd almadılar deyə gəzinti arealını genişləndirdik. Artıq oralara birtəhər də olsa öyrəşməyə başlamışdım. Qonşularla səmimi münasibətlər yaranmışdı. Tanıdıqca evdə qayınanamın, yoldaşımın danışdığının əksinə - çox mehriban və istiqanlı insanlar olduqlarını görürdüm. Çəpər qonşumuz babamın qohumu olan hündürboylu, yaraşıqlı, yaşlı bir qadın idi. Yaşına baxmayaraq çox çevik, enerjili olan həmin qadın kənddə ötkəm xarakteri, dava çanağı olmağı ilə məşhur idi. Qayınatam fəxrlə "bu kənddə qonşumdan həyasız qadın yoxdu, o belə mənim arvadımdan qorxur" deyərdi.

Qadının 3 qızı, bir oğlu var idi. Qızlarının hər üçü gözəllikdə ay parçası idilər, di gəl ki, Allah gözəlliyi verib, insaflarından kəsmişdi. Oğlu dayım ilə qonşu kənddə bir sinifdə oxumuşdu. Fiziki qüsurunu gizlətmək üçün daim pencək geyinərdi (deyəsən skaliozdan əziyyət çəkirdi).

Savadı kasad olsa da, pul gücünəmi deyim, tapşırıqlamı deyim, universitet bitirmişdi (əmisi professor idi bitirdiyi universitetdə). Məktəbdə direktor müavini idi. Kənarda hamının müəllim deyə hörmətini saxladığı bu fağır, yumşaq adamın evdə anasının, bacılarının yanında sözü keçmirdi. Arvadı isə hüquqsuz kölə idi sanki. Evin gəlini başqa kənddən adlı-sanlı bir ailənin övladı olsa da, geri yanı olmayan yetim kimi əzazil qayınana əlində dustaq qalmışdı. Azərbaycan xalqının "yazılmamış qanunlarına" görə, ərə ağ gəlinlikdə getmiş qızın axı ər evindən ancaq ağ kəfənli cənazəsi çıxa bilərdi. Üstəlik heç bir təhsili olmayan üç uşaq anasının gedəcək yerimi var idi?!

Baldızlardan biri Bakıda yaşayırdı. Qızlardan ən gözəli də o idi. Düşdüyü mühitmi dəyişmişdi, ya özününmü taleyi gətirməmişdi deyə anlayışlı idi, bilmirəm, (7 il evli olmuş, övlad sahibi ola bilmədiyi üçün əri boşamışdı) gəlinə insani münasibəti də ancaq o göstərirdi. Ondan başqa hamı gəlini döyürdü. O evdə 2 qonaq olsa, sonda gəlin mütləq döyülməli idi. 30-35 yaşlarında qarabuğdayı, arıq, orta boy, özünə qulluq etsə hətta gözəl sayılacaq istiqanlı qadın idi. Dadlı yeməklər bişirərdi. Mütləq bişirdiyindən bizə də pay gətirərdi. Aralığa çağırır, qaçaraq payını verib gedərdi.
Aralıq dediyim onların bağı ilə bizim bağı ayıran metal tor çəpər idi. Bir-birimizin həyət-bacasını ovuc içi kimi görürdük. Bir saniyə boş dayanmazdı. Əvvəl fikir verməzdim, bir gün diqqətimi çəkdi ki, yataq otağının pəncərəsinə nərdivan söykəyir. Qaynanası hər görəndə nərdivanı bağın ayağına tolazlayır, gəlin geri gətirir. Növbəti döyülmə prosesində gördüm ki, gəlin qaçıb evə girdi, qaynana və iki baldız da arxasınca. Gəlin pəncərədən nərdivanla cəld endi, nərdivanı aşırıb qarğısının hündürlüyü 2 metri aşan süpürgə kollarının arasında gizləndi. Qayınana əvvəl söyüşlə gəlini hədələdi, sonra şirin dilini işə saldı. Bu səhnəyə ürəyim ağrısa da, nə edə bilərdim ki...

Uşaq ağladı, keçdim içəri. O axşam gecə yarıya - baldızlar öz evlərinə gedənə, qayınana yatana kimi yazıq gəlin süpürgə kollarının içində qotur tutdu. Səhər mən yuxudan oyananda "mama, qurvan olom" deyə deyə qayınanasını qılıqlayırdı. Şok üstündən şok yaşadırdılar bir sözlə. Sanki dünənki söyüşləri eşidən, döyülməkdən qaçmaq üçün səhər üzünə kimi kolların içində gizlənən bu gəlin deyildi. Həmin gün mənə aydın oldu ki, hər kəs layiq olduğu həyatı yaşayır...

Bir haşiyə çıxım. Kəndin camaatı mal-qara saxlayır, dolanışığı təmin etmək üçün süpürgə əkirdi. Süpürgəni ötən əsrin ortalarında Kutaisi bazarına yolu düşən kənd kişilərindən biri görür (haqqında danışdığım gəlinin qayınatasının atası), əkib becərməyi öyrənir, evinə qayıdanda gizlicə cibində bir ovuc qırmızı toxum gətirir. Beləliklə, süpürgə əkmək kənd camaatının əsas gəlir mənbəyinə çevrilir. Toxumunu toyuq-cücəyə, şaxını mal-qaraya yem olaraq verirdilər. Süpürgəni isə bağlayıb, tikib, satılmaq üçün Gürcüstan, Türkiyə bazarlarına daşıyırdılar. Toxumunu kəndə gətirənin goruna söyə-söyə süpürgəyə ikrahla “qırmızı qızıl” deyirdi kənd camaatı. Əmələ gəlməsi çox uzun və ağır əmək tələb edir. Belə ki, aprel ayında torpağı traktorla şumlayıb toxum səpir, üstündən elə traktorla da tapanladırdılar. Dalınca sulayır, süpürgə cücərti verən kimi ilk alağını edirdilər. Hər dəfə suvarmazdan əvvəl süpürgə sahəsi alaq edilirdi. Ta qarğıya dönüb adam boyuna çatana kimi. Danışırdılar ki, kənddə bəzi adamlar süpürgə sahəsinin içində anaşa kolları əkib becərirlər. Süpürgə biçilənə qədər kolların arası kənd cavanlarının romantik görüş yerinə çevrilirdi. Kolların çiçəyi toxum tutur, əvvəl yaşıl, sonra tünd qırmızı rəngə boyanırdı. Toxumlar ağırlaşıb kolların başını əyəndə, təxminən avqust-sentyabr aylarında biçin başlayırdı. Biçin kişi işi sayılırdı. Çünki oraq nə qədər iti olsa da qarğını kəsmək güc tələb edirdi.
Əri fiziki qüsurlu olduğuna görə süpürgəni qonşu gəlinlə qayınana ikilikdə biçirdilər. Bir də görürdün yenə qışqırıq qopdu. Gəlinin əldən iti olmamağını bəhanə edən qayınana gəlini elə kolların içindəcə döyür. Biçin başa çatandan sonra yarpaqlardan təmizləmə, qanaq arıtlama işlərinə başlanırdı. Od sürətli qayınanaya çata bilmədiyinə görə gəlin burda da payını alırdı. Deyilənə görə babamla qohumluğunun xətrinə qayınana gəlininə mənim görə biləcəyimi düşünərək hələ yaxşı davranırmış. Oktyabr ayına, yağışlar başlayana qədər hamı bir birinə süpürgə işlərində kömək edərdi.

Həmin ili yağışlar tez başlamışdı. Yağışların başlayacağını öz qayınanama atamdan öyrəndiyim müşahidələr əsasında əvvəldən demişdim. O da öz növbəsində gedib qonşulara gəlininin “sinoptikliyindən” danışmışdı. Qonşular gəlib məndən yağışların haçan kəsiləcəyini soruşurdular. Süpürgə topasının üstünü basdırsalar da məhsul nəmlənirdi. Qonşu gəlin isə yağışın altında öz işində idi. Həm ailədaxili şiddətə, həm də bitməz-tükənməz ağır işlərə onun zəif orqanizminin necə dözməyi məni heyrətə gətirirdi. Sən demə...

...Günün birində qayınanalarımız - mehriban düşmənlərin xısınlaşdıqlarını gördüm. Qayınanamdan soruşsam da, mənə heç nə demədi, çox fikirli idi. Axşamı gözlədim, çünki axşam süfrəsi ətrafında qayınanam adəti üzrə eşidib-öyrəndiklərini qayınatamın ovcuna qoyurdu. Sən demə, qonşunun gəlini xəstələnib, aparıblar rayon xəstəxanasına. Orda xəstəni Bakıya, onkoloji mərkəzə aparmağı tövsiyə ediblər. Qayınana "siz əməliyyat edin, heç nə olmaz deyib". Əməliyyat etdilər. Ginekoloji xəstəlik binəvanın daxilini tamam sarıb-sarmalayıbmış.

Uşaqlıq orqanlarını çıxartdılar əməliyyatla. Bir neçə gun sonra gəlin ağır əməliyyat keçirməyibmiş kimi eyni qayda ilə ağır işlər görür, adət üzrə təpik-yumruqla döyülürdü. Gəlin bir gün məni aralığa çağırdi.

Dedi, qonşu, sən oxumuş adamsan, bilərsən, mənim uşaqlığımı çıxardıblar, ancaq yenə sallanır. Dedim təcili həkimə get. Gördüm, səni döyürdülər. Tikişlər partlamış ola bilər zərbədən. Güldü, sənin yanında da lap xəcalətli oldum dedi.
Bədbəxt öz halını düşünmür, mənim hər şeyin fərqində olmağıma görə xəcalət çəkirmiş... Bir həftə sonra gəlinin vəziyyəti ağırlaşdı, məcbur qalıb xəstəxanaya apardılar. Yeni əməliyyatdan çıxmış xəstənin döyüləndə aldığı zərbələrin təsirindən tikişləri partlamış, bağırsağı uşaqlıq yolundan çıxıbmış. Qarın boşluğuna infeksiya yayılıb, qanı zəhərlənibmiş. Ən dəhşətlisi isə, paralel olaraq qaraciyəri serroz imiş. Xəstəliyin biri öldürməsə də, o birisi öldürəcəkmiş bədbəxti. Son günlərində yaxın kəndlərdən birində yaşayan valideynləri axır ki, xəstə qızlarına baş çəkmək üçün təşrif buyurdular. Gəlin atasından onu öz kəndlərində dəfn etməyi yalvararaq xahiş etmişdi. Binəvanın dirisinə sahib çıxmayan atası vəsiyyətinə də "ayıb deyil, el bizə nə deyər" deyib, qızının son nəfəsində söylədiklərini heçə saydı...

Yazıq gəlinin ağ gəlinlikdə girdiyi evdən ağ kəfənli cənazəsi çıxdı. Cəhənnəmi dirigözlü yaşadığı evin bir neçə addımlığındakı kənd adamlarının “Sarı təpə” adlandırdığı qəbiristanlıqda dəfn olundu... Sağlığında döyülərkən bircə kərə ana-bacılarının əlindən almadığı arvadının qəbrinin üstündə fağır kişi üç gün ocaq qaladı...

# 4693 dəfə oxunub

Müəllifin son yazıları

# # #