Kişilərə pivə süzən qadınlar... - Nikbin Qasımlının şeirləri

Kişilərə pivə süzən qadınlar... - Nikbin Qasımlının şeirləri
29 dekabr 2017
# 15:40

Kulis.az gənc şair Nikbin Qasımlının yeni şerilərini təqdim edir.

***

Qadınlar tərəfindən tərk edilmiş kişilərin

əvvəlcə

yüksək mərtəbəli binalardan

hər iki gözdən axan

bircə damcı göz yaşının çiləyi

ardınca

tüpürdüyü tüpürcəyi

ölür

daha sonra xəyallar

ondan sonra ümidlər

ən sonda da

elə

ölümün özü

ölür

***

biçarə qadın, üzülmə

üzünə qapını çırpıb gedən ərin

təkcə səni tərk etmir

o, səninlə bərabər qapı kandarındakı süpürgəni tərk edir

o, həmin vaxt qapının dəstəyini

sobanın üstündəki isti yemək qazanını

o, nəhayət

ikinəfərlik çarpayıda

öz yerini tərk edib gedir

kişilər qadınları tərk edib gedəndə

hər şeylərini qadınlara kirayə verib gedir

Image result for kadın ve erkek

***

Bakının küləkli küçələrinin

bir küncündəki kafelərdə

əclaf kişilər üçün

pivə süzən qadınlar

bağışlayın, sizin günahlarınızın

bir nəfər səbəbkarı var

o da: - mən !

***

Təklik

insanı başını qoyub yatdığı balıncı

öpməyə məcbur edir

***

buz bağlamış ayağın

şaxtadan donmuş qulağın

əziyyətini gözlər çəkir

qış fəslində, soyuq vaxtı

buxarlanmış pəncərəyə

iki əlin on barmağı

ümidsizlik rəsmi çəkir

yataqdakı tənha bədən

isti çaya həsrət qalıb

udqunmağa quru boğaz

suluqlanmış dodaq qalıb

göz yaşı da quruyubdur

şişman, ətli yanaqlarda

kişilərin taleyidir

yetim qalmaq

qadınlarsız yataqlarda

***

yenə

sənin yanında heç olmazsa “heç” idim

indi – “heç” belə deyiləm

***

hər kəsin həyatında bir şeylər əskik olur

adətən

eynən

bir əldə olan beş barmağın arası kimi

# 1539 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #