Ürəyim sonuncu dayanacaqdır - Yeni şeirlər

Ürəyim sonuncu dayanacaqdır - Yeni şeirlər
1 iyul 2021
# 16:02

Kulis.az İsmayıl Mərcanlı İmanzadənin şeirlərini təqdim edir.

Yuxarı başdakı adam

Yuxarı başdakı adam,
Gəl, bir az da aşağı bax.
Ölən səsin zülmətində
Çabalayan işığa bax.
Hələ toz qonmaz üstünə,
Qapılar üzünə açıq.
Yuxarı başdakı adam -
Bir az ordan aşağı düş,
Bir az adam içinə çıx.
Tanrı səndən yuxarıda,
Allah olası deyilsən.
Çoxları elə bilir ki,
Adam balası deyilsən.

Yuxarı başdakı adam -
Bil ki, təkcə qapıdan yox,
Pəncərədən də daş gəlir.
Haqqa arxa çevirənlər
Sonda qarğışa tuş gəlir.

Yerdən qalxan naləyə bax,
De, çatdımı sənə bu səs?
Bəlkə dərddən yuxarıda
Dayanıb durmağın əbəs...

Üzündə ölüm kölgəsi,
Qan tutubdu bəlkə səni?
Bəxtinmi durub üzünə,
Kimdir çəkən bərkə səni?
Heç üstünə gün düşdümü,
Dərddən xəbərin oldumu?
Göyün yeddinci qatından,
Gələn səhərin oldumu?

Ətəyin əllərdən uzaq,
Yaxandan tutan yox hələ.
Səni məhşər ayağına
Sürüyüb dartan yox hələ.

Axı, hardan biləsən ki,
Göz yaşına tab gətirməz
Bu dünyada nə daş, nə dam.
Bir az da aşağı boylan,
Kölgəyə, işığa boylan.
Adam olmağın vaxtıdır,
Yuxarı başdakı adam.


Axı, nə işim var mənim şəhərdə

Sanmayın bir elin tünd adamıyam,
Tanrının xoş sözə bənd adamıyam.
Köhnə əkinçiyəm, kənd adamıyam-
Axı, nə işim var mənim şəhərdə?

Uzaqdan baxanda gur ocaqlara,
Bildim, çarə yoxmuş “olacaqlara”.
Bələd deyiləmsə künc-bucaqlara-
Axı, nə işim var mənim şəhərdə?!

Çox gördüm turşumuş boz sifətləri,
Susdurmaq çətinmiş hürən itləri...
Neynirəm yalançı məhəbbətləri-
Axı, nə işim var mənim şəhərdə?!

Burda ürcah oldum üzü bozlara,
Qoşula bilmədim ağlı azlara.
Müftəcə yem oldum dələduzlara-
Axı, nə işim var mənim şəhərdə?!

Ocağım, küllüyüm, daxmam deyil ki,
Halal duz-çörəyim, loxmam deyil ki...
Qohumum-qardaşım, doğmam deyil ki-
Axı, nə işim var mənim şəhərdə?!

Cavanı yarmcan, ahılı halsız,
Arısı didərgin, pətəyi balsız.
Mürgülü daşları sorğu-sualsız-
Axı, nə işim var mənim şəhərdə?!

Kəndin ay-ulduzlu gecəsi, gecə
Nurlu sabahları güc qatır gücə.
Döşümə yatmırsa burda yol, küçə-
Axı nə işim var mənim şəhərdə?!

Doğma el-obamdır zərim-qızılım,
Özgə kölgəsinə necə qısılım?!
Qəfəsə sığışmır enim-uzunum-
Axı, nə işim var mənim şəhərdə?!

Gedək söz dirilən yerə

(Özümə dediyim ağı)

Hardan gəldin bu qapısı -
Bacası hörülən yerə?
Bir də düşməz haqq işığı
Məhəbbəti uralanıb,
Sevgisi dərilən yerə.

Burda sütunlar yıxılıb,
Halallıq küncə sıxılıb.
Bir bölük şeytan yığılıb,
Tanrı öldürülən yerə.

Gördüyüm daş-divar da yad,
Ot bitməyən yerdə nə dad?
Yaxın düşə bilərmi od,
Ocaq söndürülən yerə?

Yetişmədin diləklərə,
Səsin çatmır mələklərə.
Gəl, qoşulub küləklərə
Gedək söz dirilən yerə...


Bəstə boylu şeirlər

Deyirlər ki, adamın -
adamı olsa yaxşıdır.
Qoy, kim nə deyir-desin,
bunun əvəzinə
Hər kəsin başının üstə
göy çətiri -
Allaha yaxın
damı olsa yaxşıdır...

* * *
Hər addımın
tozanaq qoparır,
Deyirəm, bəlkə heç
adam balası deyilsən.
Gec-tez onsuz da
axırın-sonun çatacaq-
Axı, Allah olası deyilsən...

* * *
Bəzən xəstəyə
heç kimin canı yanmır-
dərddən-azardan savayı.
Adamın üstünə
ölüm kölgəsi düşəndə
daldalanmağa yer tapmır-
Bircə qaranlıq
məzardan savayı.

* * *

Ömür yelkənsiz
qayıqdır,
Həyat
qabarıb-çəkilən
dəniz.
Hara getsək də
əzəl-axır
ölümün
dayandığı sahilə
yan alırıq biz...

* * *
Saçlarımda
illərin sazağı,
Alnımdakı qırışlar
şırım-şırım.
Heç bilmirəm
qarşıma çıxan
Qara daşları
necə aşırım?

* * *
Gözlərimdə
illərin
qar soyuqluğu,
Sinəmdə
bir udum
yaz havası.
Məni
yaşamağa
səsləyir,
Gözlərimdəki
işıqla, zülmətin
cəngi-davası...

* * *
Pəltək tərif
bihuşdarı kimidir,
Eşidəndə
adamın yuxusu gəlir.
Ütülü sözlərdən
nədənsə elə hey
yaltaqlıq qoxusu gəlir.
Adamın əti ürpəşir,
bayağı sözlər
Dırmaşanda
boğazdan yuxarı.
Görəsən nə vaxtsa
çatacaqmı
yalanın sonu-axırı?..

Özün de...

Üstələyib bəxtini qəm,
Ta dinə bilmirsən bu dəm.
Gözün yol çəkir, bilirəm -
Naxışı varmı bu yolun?

Qəlb qırmaq birinin işi,
Dəyişən deyil vərdişi...
Xəyalında sərt enişi -
Yoxuşu varmı bu yolun?

Eşqin səni edib “dəli”,
Qalmısan boynu bükülü.
Özün de, sevgi müjdəli –
Yağışı varmı bu yolun?


Daşa söykənən gəlin
(Soyuq başdaşına üzünü söykəyən bir şəhid xanımına)

Bağrına basdığın daş
Yer-göy dilə gəlsə də,
Lap dərdindən ölsə də,
Dinib danışan deyil.
Ha yalvar, ha dilə tut
Sönmüş ocaq kimidir,
Bir də alışan deyil.
Onun daş yuxusunu
Poza bilən tapılmaz.
Əzəl gündən belədir,
Ölümün mənasını
Yoza bilən tapılmaz...
Ağlama, göz yaşıyla
Göyərən deyil bu daş.
Getsən dalınca düşüb,
Yüyürən deyil bu daş.
Bir məzar sükutunda
“Közərən” kədərdi o.
Nə danışıb-dinəndi,
Nə “gəldi-gedərdi” o.
Bu daş, nakam eşqinin
Möhlət-aman bilməyən
Ölümə qarğışıdır.
Bu daş ağlar qəlbinin
Qarlı-buzlu qışıdır...
Söykən səbrinə, qoyma
Nə qəlbinin atəşi,
Nə külü olsun bu daş.
Haqqdan üzmə əlini,
Qoy, sənin ismətinin
Heykəli olsun bu daş!..

Biləsən

Çəkilmir üstümdən nə duman, nə çən,
Torpağa həsrətdir ovcumdakı dən.
Heç vaxt istəməzdim məhəbbəti sən,
Ən sadə, ən asan “peşə” biəsən.

Sevdalı qəlbimin qışı-yazı var,
Nəmli gözlərimin qarı-buzu var.
Eşqimin öz ritmi, öz avazı var,
Haqqın yox sən onu nəşə biləsən.

Hər anım qaranlıq küncdü-bucaqdı,
Həsrətim közərən oddu-ocaqdı.
Ürəyim sonuncu dayanacaqdı,
Gözümü açdım ki, düşə biləsən...


Sanmayın yetən öləcək

Artsa əgər qiymət-qədir,
Biləcəyik sevgi nədir.
Torpaq bir dolu təknədir,
Nə sünbül, nə dən öləcək.

Haqqın qatlanmaz dizi var,
Hər gecənin gündüzü var.
Taleyin min bir üzü var,
Kim bilir nədən öləcək?

Tanrının qadir əlləri
Qoruyacaq yenə yeri.
Ruhumuz qalacaq diri,
Ölsə də bədən öləcək.

Dərd nə bir, nə də ikidir,
Həyar hər şeyin ilkidir.
Ölüm haqqı bizimkidir,
Əcəli yetən öləcək.

Ah-nalə qalxıbsa göyə,
Səbrə sığınmayaq niyə.
Heç kimin haqqı yox deyə,
Mən ölsəm vətən öləcək...

Qız

Gözlərimdən damla-damla töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi -
Həsrətimdə göyərən qız, bitən qız.

Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə -
Gözlərimin qabağından ötən qız...

Mən bir yorğun yolçu idim, sən çapar
Çıxıb getdin... saçlarıma yağdı qar.
Ürəyimdə közün qalıb, gəl apa r-
Ay illərin zülmətində itən qız.

Düşdün

Hər gəlişində bir sirr,
İçimdən yellər əsir.
Yazdım-pozdum nə kəsir,
Nə tam şəklinə düşdün.

Nisgilim yığın-yığın,
Açılmır qırışığım.
Gördün sönür işığım,
Bir şam şəklinə düşdün.

Nə ulduzsan, nə də ay
Hər qatın bir gizli lay.
Bəlkə bir gün ya saray,
Ya dam şəklinə düşdün.

Səni gəzməyim əbəs,
İçimdə boğuldu səs.
Mələk idin, niyə bəs
Adam şəklinə düşdün?..

Hökmü verən hakimdir

Gördüyümüz hər şeyin
Yaxşısı, ya pisi var.
Haqqın da öz seçimi,
Mizan-tərəzisi var.

Günah üzə çıxanda,
Yalanlar işə keçmir.
Nə şan-şöhrət, nə mal-mülk
Hoppanıb başa keçmir.

Heydən düşür bir anda
Vəzifə hərisləri.
Ağır cəza gözləyir
Sonda nadürüstləri...

O vaxt soruşan olmur
Bu nəçidir, bu kimdir.
Deyilənlər düz imiş,
Zaman ən doğru-dürüst
Hökmü verən hakimdir.


Gəldim

Dünyanın sərt üzündən
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.

Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.

Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.

Üstümə yağanda daş,
Bildim nəymiş cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.


Ömürdü dəə... yaşayıram

Əzəlindən, axırından halıyam,
İç üzündən, paxırından halıyam.
Qazancından, çıxarından halıyam -
Tərifləyib, satası ki deyiləm!

Ürəyimə yol tapmayıb hər dinən,
Nə sirrimi var bölüşmüşəm mərdinən.
Doğulandan qol-boyunam dərdinən -
Bəxtin əlvan butası ki deyiləm!

Gedən getdi… vay halına qalanın,
Tamah dişi çox itidir talanın…
Dili pəltək, gözü qıpıq yalanın -
Kölgəsində yatası ki deyiləm!

Gizli-aşkar ötən anlar çox yeyin,
Ümu-küsü uşaq kimi ərköyün.
Boz sifətli məzəmmətin, gileyin -
Zülmətində batası ki deyiləm!

Boş xülyalar solğun üzlü saçaqmış,
Xatirələr tüstülənən ocaqmış.
Yamanlığın bir ayağı qaçaqmış -
Ha qovsam da, tutası ki deyiləm!

Mənimkidir yaxşısı da, pisi də
Canımdadır tüstüsü də, hisi də.
Çox şirindir avandı da, tərsi də -
Bəxtin səhvi, xətası ki deyiləm!..

Nə nisgilin köləsiyəm, nə ahın
Ətəyindən tutmamışam günahın.
Şairliyim töhfəsidir Allahın -
Sözə haram qatası ki deyiləm!
Tanıyıram, həm sevincdir, həm qəhər,
Həyat ona gah bal qatıb, gah zəhər.
Ömürdü dəə, yaşayıram birtəhər -
Tapdalayıb atası ki deyiləm!

Sağalır yaran, Vətən!

Gözlərin aydın, Vətən,
İlk dəfə Cəbrayılda
Qarı düşmən xar oldu.
Füzulidə “hay”ların
“Yuvası” tar-mar oldu.
Sənin Suqovuşanda
Qanın duruldu Vətən!
Hadurutda yadların
Bağrı yarıldı, Vətən!
Xudafərin, Zəngilan
Dikəlti öz qəddini.
Qubadlıda dağladıq
Namərd harsın oğlunun
Qarımış (i)rəddini.
Şuşada ərənlərin
Qanlarıyla yazıldı
Qəhrəmanlıq dastanın.
Zəfər müjdəli oldu
Ötüb keçən hər anın.
Laçında, Kəlbəcərdə
Ünyetməz dağın-daşın
Yenilməz səngər oldu.
Bu qeyrət savaşında
Say-seçmə oğulların
Cərgə-cərgə düzlənib
Müsəlləh əsgər oldu.
Ağdamdan hər tərəfə
Yayıldı azan səsi.
Könülləri oxşadı
Bir vaxtlar oba-oba
Xanın bağrından qopan
“Qarabağ şikəstəsi”...
Gec-tez müzəffər ordum
Bir gün qədəm qoyacaq
Yenidən Xankəndinə.
Al günəş nur saçacaq
Hər bərənə-bəndinə...
Var ol, ana Vətənim,
Sinəmizə sığmayan
Həm ürəksən, həm də can.
Qoy, üçrəngli bayrağım
Əbədi dalğalansın
Şəhid ucalığından...
Ta dilim gəlmir deyəm
Ağrıyır haran, Vətən?!
Məlhəmini ərənlər
Tapdılar Qarabağda,
Şükürlər olsun daha
Sağalır, sağalacaq
Köksündə illər boyu
Sızlayan yaran Vətən!!!


Ana Vətən sənindir

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!

Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!

# 3691 dəfə oxunub

Müəllifin son yazıları

# # #