Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər

Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17 sentyabr 2021
# 17:07

Kulis.az Cavid Musanın şeirlərini təqdim edir.

Bir evim var

Kənardan baxanda görünür koma.
İçində elə gözəlliyi var,
Prezident sarayı da bənzəməz ona.
Bir evim var
Ruzisi az, qonağı çoxdur.
Bir evim var
Tüstüsü az, ocağı çoxdur.
Bir evim var
Soyuğu az, qışı az
Fəsli bahar çağı çoxdur.
Bir evim var
Bağbanı az, bağı çox
Küləyin fırtınasıyla döyülən pəncərəsi az
Məhəbbətin qüdrəti ilə işıqlanan otağı çoxdur.
Bir evim var
Otağında səs - küyü az, uşağı çox...
Ucqar bir kənd yerindədir
Şəhərlər içində sorağı çoxdur.
Bir evim var...
Ona bir kəm göz baxa bilməz
Üzərində ildırımlar çaxa bilməz
İnsan əli yıxa bilməz
Çünki bu ev daş hasardan deyil.
Bu ev balta, külünglə sökülən deyil
Bu ev Tanrıya məxsus qəlbin evidir,
Nadanlığın qəbir evi,
İnsanlığın məbədidir...
Bu ev ən azı insanlıq qədər əbədidir!

Bir qızıl şeirimi yazdım

Mənası parladı şəfəqlər kimi,
Günəş şüasının qarşısın kəsdi.
Bir qızıl şeirimi yazdım
Təlatümlü küləklər əsdi.
Lovğalandı mavi dəniz ləpələrlə
Bir qızıl şeirimi yazdım
Qızıl qum göründü təpələrlə.
Bir qızıl şeirimi yazdım
Sevindi qızılın qiymətin bilən,
Qısqandı gümüşü, misi dəfələrlə.
Bir qızıl şeirimi yazdım.
Hökmdar sarayına müxalif idim
Haqqımda ölüm hökmü çıxardı.
Qızıl şeirimdən bir misra dedim,
Cəlladın gözündən damcı axırdı,
Hər damcıdan mənə vicdan baxırdı.
Baxdıqca cəlladın bağrın yarırdı.
Bir qızıl şeirimi yazdım.
Bu torpağın yeraltı sərvətindən
Qızıldan dəyərli öz millətimdən.
Yazdığım qələm qızıl,
Mürəkkəbi qızıl suyu,
Sordular, soruşdular
Kasıb şair necə tapdın?
Qızıl qələm, qızıl suyu?
Qazdılar dərin quyu
Torpağın altından qara su çıxdı
Dedilər su deyil, qara qızıldı
Başladı müharibə, çoxaldı ölüm
Qızıl hərflərlə tarix yazıldı.
Qızıl tarix içində qara yaddaşım
Qızıl qana boyandı
Neçə bacım, neçə qardaşım
Hətta bir əziz dostum köçdü dünyadan
Bu vətən uğrunda bir qurban idi
Böyük bir izdiham həzin səs ilə
Dedilər qızıl kimi bir insan idi.
İnsan öləndə torpağa gedir
Qızıl da torpağın iç qatındadır.
İnsan torpaqdan yaranıb axı
Deməli qızıl insanın zatındadır.
Məni heyran etsə də
Fəsli bahar şövq ilə gəl,
Bir qızıl payız axşamı
Bu qızıl şeirimi yazdım.

***

Təşəkkür edirəm
Ayaqlarımın səsinə.
Ayaq deyil,
Ayaq səsi uzaqlara aparır məni
Baxma,
bədənimi daşıyarkən yorulur.
Hər addımı bir not
Qəlbimin dərdlərinə
Sanki nəğmə oxuyur.

Təşəkkür edirəm
Əllərimin səsinə.
Tək əldən səs çıxmaz deyiblər
İnsanı əlindən tutanı lazım
Çətinə düşdüyüm zaman
Köməyim budur
Öz əlim öz əlimdən tutur.

Təşəkkür edirəm
Ürəyimin səsinə.
O, mənə yalan demir
Yalan danışmır.
O, mənə həqiqəti
Güman danışmır.
Ağlım qarışır, beynim durur
Ürəyimdən gələn səs,
Məni təhlükədən qoruyur.

Mənə sıxıntı,
Problem varkən,
Təşəkkür edirəm
Qulağıma gələn anidən səsə
Ele bil göydən, səmadan
Deyildi nəsə.

Təşəkkür edirəm Allahım sənə
Məni böcək də yarada bilərdin
İnsan yaratdın!

# 5887 dəfə oxunub

Müəllifin son yazıları

# # #