Sevgilər məğlub edir adamı - İlham Qəhrəmandan yeni şeirlər

Sevgilər məğlub edir adamı - İlham Qəhrəmandan yeni şeirlər
1 aprel 2020
# 18:01

Kulis.az İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.


Qadında eşqin ölkəsi görünür

Qəfil güllə kimi gələr sevgilər,
qəfil yağış kimi, isladar bizi.
Körpə uşaqları buyruq dalınca
göndərən şirnitək aldadar bizi...

Dünyada gəzməli, görməli yerdi -
qadında eşqin ölkəsi görünür...
Gözlərin sevgidən şəfəqlənir – bax
ürəyimizin kölgəsi görünür.

Maraqlı tərəfin söhbətin ucu
sevgiyə çatanda kiriməyindi.
Dayanıb qıraqdan fikir vermişəm
dağlarda gördüyüm gül topasısan,
Arada fərqiniz yeriməyindi.

Bu dağdan o dağa dəsmal yelləyən,
Gül dərən o şən qız sən deyilmisən?!
Baxıram halına heyifim gəlir -
Qırıldığı yerdən qubar bağlayan
budaq kimi içindən əyilmisən.

İçində sevgidən yanıq yeri var...
Heç kəsə baxmarsan sən baş qaldırıb,
Qorxarsan eşq gələ - od yeri yoxdu.
Qəfil güllə kimi gəlir sevgilər,
Sandığa girsən də xeyiri yoxdu!

26.02.2020

Ayağın yer almasın

Barmağına işarə qoy,
Duz günündə görüşərik.
Yenə bir şəkil çəkdirək,
Yenə qol-qola düşərik.

Ayağın çox yer almasın, -
Zəng edirəm bir gündən bir.
Darıxmağım sənlik deyil,
Göndərən səndən göndərir.

Sevgilər məğlub eyləyir
Dağlardan ağır adamı.
Sevgidən gözəl nə var ki?-
Darıxmaq yıxır adamı.

13.03.2020

Getməmiş

Bu ömürdən yarıyasan
Baharı, yayı getməmiş.
Uzaq mənzillər yorasan
Canın hay-hayı getməmiş.

Getdim, salamat qal, a yar, -
Ayrılıq ocaq qalayar?!
“Bal tutan barmaq yalayar!”
Özgənin payı getməmiş.

Yatmadın ipə, sapa sən,
Niyə çəkirsən çəpə sən?!
Bir gözəl qadın öpəsən,
Üzünün suyu getməmiş.

14.03.2020


Üzrümüz yoxdu

Bizdən olanların qarşısında
üzrümüz yoxdu...
Bənd olmadıq, məhəl qoymadıq
tabulara, yasaqlara,
Dünyanın yaxşısını yaşadıq,
pisini saxladıq uşaqlara.

18.03.20 20

Ağacdan zoğ kimi boy atar sevgin

Telli balam, sən də yekələcəksən,
Ağacdan zoğ kimi boy atar sevgin.
Pişik quyruğutək toxunar sənə,
İçində hissləri oyadar sevgin.

Ürəyini çalar Gülşən, ya Solmaz,
Sən tutya sayarsan, o saya salmaz...
Elə ağlayarsan - belə yas olmaz,
Sənə göz yaşınla “toy tutar” sevgin.

Bir sual qurudar qutu-matını -
Kim şirin xəlq etdi cəllad qadını?!
Hər zaman, hər yerdə anar adını,
Sənə qəm-kədərdən pay tutar sevgin.

21.03.2020

Gedənə

Nə vaxtdandı dartınırsan,
Çəkirsən gərdən gedirsən.
Bir adamlıq şəhər idim,
Sən o şəhərdən gedirsən.

Burdan belə nə fərqi var -
Kim haqlıdı, kim günahda?!
Bu can şəhəri tərk etdin,
Xaraba qaldı Gün altda.

Özümü Adəm sanırdım,
Səni də onun Həvvası.
Sevgim sovulmuş bostandı
Özüm bostan müqəvvası.

01.09.2019

Hava haqqında

Tellim, Bakıda həm soyuxlu,
Həm də darıxmalı hava var.
Soyuğunu bürünüb ötürürəm,
Darıxmağına köks ötürürəm.

20.12.2019

Məktub

(silsilə)

Yalanına inanıram,
Yalanın çox şirin olur.
Qadan mənə, bu məktuba
Göz atdın - kiri nə olur?!

Bu da sevgi sovdasıdı,
Xeyir verir bu çax-çuxum.
Sən hər gün sabaha söz ver,
Mən də sabaha sağ çıxım.

Heç ürəyim açılmadı,
Həmişə pərt dolanıram.
Bəlkə qarşılaşdıq deyə -
Şəhəri dörd dolanıram.

Niyə sənə can atıram? -
Sözlü, nağıllı olarsan.
Axırımız nə olacaq?-
Məndən ağıllı olarsan.

29.01.2020


Çiçək aparan qarışqa

Qarışqa cığırında
bir qarışqa çiçək aparırdı,
Dayandım barmağımı dişlədim...
Bütün sirlərin cavabı Allah,
gedən də, gələn də sənin qulundu...
Demək bu avara erkəkdi,
sirrin gerisi məlumdu...

08.03.2020


İsgəndər Əmoğlu

Laçının Quşçu kəndindən Bahman oğlu İsgəndərə

İsgəndər əmoğlu,
sən fikri Göy kimi gen,
düşüncəsi dəniz kimi
dərin kişisən.
Hər kişinin çörəyi şirin yeyilmir,
çörəyi şirin kişisən.
Şeirnən şəklini çəkim -
boydan balaca, qəlbən ucasan,
Tanıdığımız dağlar vardı ha? -
Həmən dağlardan bir parçasan!
Ardıc, palıd, cökəsən,
çinarsan, söyüd kişisən,
Ürəyinə dünya yerləşən
ürəyi özündən böyük kişisən.
Köhnə kişilərin ətri gəlir səndən,
ətrin xoş olsun, kişi,
Nə xətirə iş görürsən
xətrin xoş olsun, kişi!

09.03.2020

Elegiya

(Tehranda vurulan Ukrayna təyyarəsində ölənlərin xatirəsinə)

Ana, sevinirdin -
balan gəlir yanına,
Bir taksi də tutdun
birbaş hava limanına.
Şofer də sevinirdi -
“xanım müştərilər simic olmur”.
Evdə də hazırlıq görmüşdün -
yemək, turşu, çaxıracan.
Diktor elan eyləyəndə
inanmadın qulağına,
inanmadın axıracan.
Ara adımı çəkirdin,
dinləyirdin ara xəbəri.
Hələ olmamışdı qarşılayan
bu təm-təraqla qara xəbəri.
Elə bil dağ yerinə
uçurum düşdü.
Göydən təyyarə düşmədi, ana,
göydən vahimə, zülüm düşdü.
Ölüm də aramızda qorxurdu, belə
...Ölümün anası ölsün! -
bizinən bərabər ölüm düşdü.
Havada bir topa bulud vardı -
dağların yalı kimi...
bizi vurdular o yal dalında.
Taksi şoferi də qurudu,
qurudu qaldı rol dalında.
Son anacan sağ qalacağımıza
ümidimizi üzmədik, -
bizimlə bir körpə də uçurdu
yaxasında əmzik.
Heç kəsə qismət olmasın -
kimsənin vurulmuş təyyarədən
yolu düşməsin.
Heç bir yol gözləyən ananın
səni təki qolu düşməsin!
Son xahişim səndən -
qoyma o taksi boş gedə, ana,
Otur o taksiyə qayıt evə,
düşəndə pulunu da ödə, ana!

22.03.2020

İlham Qəhrəman - "Könül işi" | Edebiyyatqazeti.az

# 4972 dəfə oxunub

Müəllifin son yazıları

# # #