Yaşar: "Ədəbiyyatda Amerika açmamışam" MÜSAHİBƏ

Yaşar: "Ədəbiyyatda Amerika açmamışam" MÜSAHİBƏ
3 may 2013
# 11:59

Mayın 3-də 50 yaşını tamamlayan yazıçı-publisist Yaşar bu günlərdə “Media forum” saytının qonağı olub, həmkarı Fəxri Uğurlunun suallarını cavablandırıb.

Yaşar Əliyev 1963-cü ildə Bakının Əmircan kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Xəzər” jurnalında şöbə müdiri, Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor vəzifələrində işləyib.

1995-ci ildən “525-ci qəzet”in, 2005-ci ildən həm də “Xəzər” jurnalının redaktorudur.

“Yeddi” adlı hekayə kitabının müəllifidir. Bir çox xarici ölkə yazıçılarının əsərlərini Azərbaycan türkcəsinə çevirib. Hekayələri bir sıra xarici dillərə tərcümə olunub. Ssenarisi əsasında “Divar” adlı film çəkilib.

- Dünyaya gəlişindən 50 il keçir. Mübarək olsun! Səncə, bu əlli ildə nə dəyişib? Ümumiyyətlə, dünyada nəsə dəyişirmi?

- Öz ölçülərim və təsəvvürlərimlə olsa, deyərdim ki, ötən 50 ildə bəlkə də 500 illik dəyişmə baş verib. Bunun da bir neçə səbəbi var. Təxminən 25 yaşıma qədər mənə elə gəlirdi ki, heç nə dəyişmir, hər şey olduğu kimi qalır, biz ömrümüzü elə bu şəkildə, dəyişmədən, ya da xırda-para dəyişikliklərlə başa vuracağıq. Ancaq hamımız yenidənqurma dövrünü yaşadıq və elə o vaxtdan proseslər sürət götürməyə başladı. Bir formasiyadan, təsəvvürdən, əxlaqdan, ənənədən digərinə keçid bütün sahələrdə sürətli dəyişmələrə səbəb oldu. Tarixin normal axarıyla beş yüz ilə sığası proseslər bir neçə ildə baş verdi.

- Doğrudan da, bir ömürdə bu qədər dəyişiklik görmək hər kəsə qismət olmur. Bu mənada bizim bəxtimiz gətirdi. Qəribədir ki, söhbət elədiyimiz bu gün Çernobıl qəzasının ildönümüdür. Mən Çernobıl hadisəsini siyasi proseslərə təsir baxımından 11 sentyabrla müqayisə eləyərdim. Mənə elə gəlir bu, sadəcə, texniki qəza yox, həm də fövqəladə siyasi aksiya oldu. Çernobıldan sonra imperiya ilə bağlı sabitlik, sarsılmazlıq mifi puça çıxdı, məhz o hadisədən sonra sovet hökuməti daha sürətlə çökməyə başladı...

- Sovet hökumətinin çökməyini bu qədər ciddiləşdirmək, ona əzəmət vermək lazım deyil. Mənim fikrimcə, həvəskar alman təyyarəçisi Matias Rustun Qırmızı meydana qonması ilə əzazil, nəhəng sovet imperiyasının ironiyalı çöküşü başladı. Mən simvol kimi məhz bu hadisəni götürərdim.

- Demək istəyirsən, Rust bu çöküşə postmodernist bir çalar verdi...

- Bəli, çünki sovet hökumətində hər şey yalan üzərində qurulmuşdu. Sosrealizmin sonu da məhz elə bu cür xırda satira ilə gəlməli idi. Matias Rust o cür qorunan sərhədləri aşıb təyyarədə gəlməyilə sübuta yetirdi ki, bu nə sistemdir.

- Bəs yalan, pafos üzərində qurulmuş ölkə bizdən nələri aldı, bizə nə verdi? 70 ildə hansı dəyərləri itirdik, hansılarını qazandıq?

- Sovet sisteminin ən üstün cəhətlərindən biri onun qapalılığı idi. Qapalı sistem içinə virus, mikrob buraxmır. Amma sovet dövlətinin elə ölçüləri vardı ki, şəxsən mən heç vaxt düşündüklərimi o arşınla ölçməmişəm. Biz o vaxt da yaradıcılıqla məşğul olmuşuq, yazdıqlarımız dərc olunub. Hələ orta məktəbdə oxuyanda mən radio-televiziya üçün kiçik süjetlər yazırdım. Yazdıqlarım içində elə cümlə ola bilməzdi ki, sistemə xidmət məqsədi güdsün.

O sistemin ən müsbət tərəfi o idi ki, sözə böyük önəm verilirdi. Nə qədər ideoloji basqı olsa da, sistem peşəkarlığı ön planda saxlayırdı. Sovet ədəbiyyatını yaradanlar da iki cür idi - vəsf eləyənlər, bir də sovet ədəbiyyatından kənarda düşünüb yazanlar. Bu ənənə Rusiyada, Qırğızıstanda, Özbəkistanda, Gürcüstanda, Azərbaycanda, bir sözlə, sovet respublikalarının hamısında vardı. Markov da var idi, Bitov da.

- Yəni sistemin qoyduğu çərçivədən tamam kənara çıxan yazıçılar vardı...

- Bəli, bu, həqiqətdir. Bizdə də Anar, Elçin kimi qələm adamlarıyla yanaşı, bütün yaradıcılığı sosrealizm qəlibindən çıxmayan yazıçılar olub. Ancaq birincilərin dövlət qarşısında nüfuzu, hörməti ikincilərdən artıq idi. O vaxt hətta raykom katibləri də bilirdilər ki, bunun hansı ədəbiyyatdır, hansı yox. Yeri gəlmişkən deyim ki, o vaxtın məmurları da yazıçılar kimi bir neçə mərhələdən keçib gəlmişdilər, məktəb görmüşdülər.

- İctimai-siyasi dəyişikliklərdən danışa-danışa təbii şəkildə gəlib ədəbiyyata çıxdıq. Çoxları düşünür ki, ictimai-siyasi həyatda baş verən hər cür dəyişikliyin mənbəyi ədəbiyyatdır. Yəni hansısa qlobal dəyişiklik ilk növbədə ədəbiyyatda baş verir, sonra həyata tətbiq olunur. Altmışıncı illər, doğrudan da, həm bütün dünyada, həm də keçmiş sovet ədəbiyyatında renessans dövrü oldu, sənətin, həyatın bütün sahələrində oyanış baş verdi. Sonrakı ictimai-siyasi dəyişikliklərin o oyanışla əlaqəsini görürsənmi?

-Bilirsən, altmışıncıların gəlişiylə SSRİ-yə icazəli cəsarət də gəldi. Xruşşov bir azca hava gəlsin deyə açdı o pəncərələri. Bu da bütün sahələrə təsirini göstərdi. Sonra gələnlər artıq təmiz havaya öyrəşmişdilər. Sənətkarın da ki, ciyərləri çox həssas olur. Durğunluq adlanan dövrdə hava yenidən bulandı, təkcə Rusiyada nə qədər yazıçı intihar elədi, sənət adamları kütləvi şəkildə xaricə getdilər. Dözülməz vəziyyət yaranmışdı, yaşamaq mümkün deyildi.

- Altmışıncı illərdə başlanan yeniləşmə prosesi dayandırıldı. Durğunlaşan cəmiyyətdə depressiya ovqatı yarandı. Ədəbi proses bundan nə çəkdi?

- Həm də çox deyirlər ki, Azərbaycanda sandıq ədəbiyyatı niyə yaranmadı, axı başqa respublikalarda bu vardı. Yadımdadır, bir dəfə “Drujba narodov” jurnalının baş redaktoru Sergey Baruzdinlə görüşümüz oldu. Baruzdin dedi ki, biz üç il müəlliflərdən yazı almayacağıq, çünki üçillik materialımız artıq hazırdır. Amma bizdə sandıq ədəbiyyatı ona görə olmadı ki, yazılan sandıqda qalmırdı. Durğunluq dövründə Azərbaycanda çap olunmuş elə əsərlər var, SSRİ-nin heç yerində işıq üzü görə bilməzdi. Məsələn, Yusif Səmədoğlunun “Qətl günü” romanını imperiyanın hansı bölgəsində çap eləyərdilər?..

- Səbəb nəydi, senzorların savadsızlığımı?

- Bizim cəsarətli redaktorlarımız vardı. Senzorların da bu məsələdə müəyyən rolu olub. Onların əksəriyyətinin Ezop dilinə dərindən bələd olmaması yazıçıların karına gəlirdi.

- Amma bəzisi də antisovet yazıları bilərəkdən buraxırdı.

- Doğrudur. Həmin vaxtlar cəsarətli filmlərimiz də çəkildi. “Bir cənub şəhərində”, “İstintaq” qədər anti-ideoloji film az-az olar.

- Bayaqkı suala bir də qayıtmaq istəyirəm. O fikirlə razısanmı ki, böyük dəyişikliklərin bünövrəsi sənətdə, ədəbiyyatda qoyulur?

- Həyat, əlbəttə, ədəbiyyatdan maraqlıdır. Həyatın müəllifi Allahdır, ədəbiyyatı isə yazıçı yaradır. Hər halda, yazıçını da Allah yaradıb. Amma söz təkcə bütün sənətlərin yox, yaşamın köküdür. Ədəbiyyat çox həssasdır. Dəfələrlə şahidi olmuşuq ki, ədəbiyyat cəmiyyətin yönünü dəyişə bilir, öncəgörənlik eləyir.

- Ədəbiyyatı o biri sənət növlərindən təsirli saya bilərikmi? Bəzi filosoflar musiqini söz sənətindən üstün bilirlər.

- Musiqi ilkindir, bu mənada söz sənətindən böyükdür. Musiqi səsdir, səs sözdən əvvəl yaranıb. Sözü də yaradan səsdir. Səs hissin, söz ağlın, dərrakənin, ictimai şüurun təzahürüdür. Tarix boyu böyük bəşəri qərarlar sözlə bağlı olub. Məsələn, rus çarı təhkimçilik hüququnu Turgenevin ortabab “Ovçunun hekayələri” toplusundan təsirləndiyinə görə ləğv eləmişdi. Tarixdə minlərlə belə hadisə baş verib. Bir əsər hansısa əzazil, qaniçən hökmdarın qərarını dəyişməsinə təsir göstərə bilib. Amma hansı kino, hansı musiqi bu kimi hallara səbəb olub?

- Qəribədir ki, bu fikirdə olan Yaşarın özünün yazdığı hekayələr qətiyyən ictimailiyə iddialı görünmür. Bizdə ədəbiyyat həmişə ədəbiyyatdan artıq iş görməyə cəhd göstərib. Məsələn, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın yaradıcılığı ictimai şüura təsir baxımından öz çiyninə ədəbiyyatdan artıq yük götürüb. Amma səksəninci illərdə, ədəbiyyatda ictimailiyin tüğyan elədiyi vaxtlarda sənətə gələn Yaşarın yaradıcılığı bu missiyaya iddialı deyil. Elə bil sənin hekayələrin cəmiyyət üçün yox, bir nəfər üçün yazılıb. Səbəbi nədir? O hekayələrin yazıldığı dövrlə, zamanla bir əlaqəsi varmı?

- Əslində mən nəsrimi, hekayəmi o meydanda görmürəm. Mənim hər hekayəmin öz modeli var. Bu, klassik modeldir, ədəbiyyatda Amerika açmamışam. Ədəbiyyat elminə müəyyən bələdliyimdən ictimailiyə iddiam, marağım olmayıb. Mənim fikrimcə, nəsr əsərinin vəzifəsi hansısa bir insanın xəyali taleyini yaratmaqdır. Götürək elə Mirzə Cəlilin əsərlərini, onlarda da ictimailiyə güclü meyl yoxdur.

- Ancaq mən tərsini deyərdim, Mirzə Cəlil öz personajlarını məhz sosial-siyasi situasiyalarda sınaqdan keçirir. Məncə, onun yazıçı laboratoriyasında başqa tipli təcrübə, xırda istisnaları çıxmaqla, aparılmayıb. Götürək elə Şeyx Nəsrullah, ya Xudayar bəy obrazını...

- Xudayar bəy mənim üçün Mirzə Cəlilin ən zalım yox, ən məzlum obrazıdır. Mirzə Cəlilin müəllif müdaxilələri yalnız onun müdafiəsinə xidmət edir. Onun Məmmədhəsən əmidən çox Xudayar bəyə yazığı gəlir.

- Əlbəttə, Mirzə Cəlilin əsərlərində sənətkarlıq səviyyəsi yüksəkdir. Bununla belə, Mirzə Cəlilin də, onun dövrdaşlarının da yaradıcılığından sosial düsturlar hasil eləmək mümkündür. Amma Yaşarın hekayəsindən heç bir ictimai düstur çıxmaz, məncə.

- Tamamilə düzgün müşahidədir. Fikrimcə, ədəbiyyat oxucunun beynində kənar nəsə oyadırsa, demək, qurama ədəbiyyatdır. Oxucu əsəri oxuyanda yazıçının onu nə məqsədlə yazdığı qənaətini özü üçün hasil edə bilirsə, demək, oxuduğu ədəbiyyat deyil.

- Ancaq ədəbiyyatın o missiyası da var...

- Bəli, Azərbaycan ədəbiyyatındakı əsərlərin əksəriyyəti məhz bu missiyanı daşıyır. Mənim üçün isə ictimailik, sosiallıq başlanan yerdə ədəbiyyat qurtarır.

- Sən ədəbiyyatın o missiyası olduğunu da qəbul eləmirsən?

- Qəbul eləyirəm. Amma bu, mənim ədəbiyyatım deyil. Mənim ədəbiyyatım Andrey Platonov, Fransua Moriak yazanlardır.

- Sənin hekayələrini hansı cərəyana aid eləmək olar? Desəm bu, realizmdir, razılaşarsan?

- Realizmdir, bəli. Mənim bütün hekayələrimdə hadisələr bir gündə baş verir. Hamısında eyni struktur var. “Ayrılıq”da üç sonluq vermişəm. Hekayə üç dəfə bitib, yenidən başlanır. Mən bir günü yaradıram, mənim üçün süjet yoxdur, mənim süjetim elə süjetsizlikdir, yaratmaq istədiyim situasiyadır. Mənim üçün ən maraqlısı budur: görüm, insan düşdüyü gərgin psixoloji situasiyada özünü necə aparır?

- Yəni təqribən belə: bir cismi qeyri-adi, irreal situasiyaya salırsan, sonra onun özünü necə apardığını müşahidə eləyirsən. Düzmü dedim?

- “Tabut” hekayəsini ona görə yazmışam ki, görəsən, insan elə bir vəziyyətə düşə bilərmi, uşağı olsun, soruşa bilməsin: oğlandır, ya qız. Yaxud oğul teleqram alsın, bilməsin ölən atasıdır, ya anası. Bütün hekayələrdə mən insanı ən gərgin vəziyyətdə kənardan müşahidə eləyirəm. Bircə “Tabut” fərqli üslubda yazılıb.

- Bu hekayənin forması, məncə, modernist ədəbiyyatdan gəlir. O birilər klassik üslubda yazılıb. Qəribədir ki, bu qədər mütaliəsi olan, uşaqlıqdan ədəbiyyatla böyüyən, dünya ədəbiyyatını, bütün priyomları bilən Yaşar çox sadə modellərə əl atır, modernist priyomlara can atmır.

- Bütün proseslərdən keçən yazıçılar sonda bu modelə gəlirlər. Mən 18 yaşımda “Canavar” hekayəsiylə yazmağa o modeldən başlamışam. Peşəkarlıq aydınlıqdadır, qəlizlikdə deyil. Mənim üçün ədəbiyyatın bir nömrəli vəzifəsi odur ki, obraz süni yox, diri olsun. Böyük ədəbiyyat nümunəsi odur ki, ömrünün axırına qədər oxucuyla yaşayır. Bu gün nə qədər əsər oxuyuruq, az sonra unuduruq. Elə əsərlər tərcümə eləmişəm ki, indi heç qəhrəmanları da yadımda deyil. Halbuki aylarla kitabın üstündə işləmişəm. Məsələn, Folknerin “Avqustda işıq” romanının qəhrəmanı Kristmas həmişə yadımdadır. Çünki onun faciəsini şəxsi faciəm kimi yaşamışam. Bu cür ədəbiyyat mənə fizioloji təsir göstərir. Markes böyük yazıçıdır, amma onun yaratdıqları mənim üçün böyük ədəbiyyat deyil. Markes sehrbazdır. Mən belə ədəbiyyatı qəbul eləmirəm. Təəssüf ki, bu gün bütün dünyada ədəbi proses onun cızdığı istiqamətdə gedir.

- Markesin “Gözlənilən bir qətlin tarixçəsi”, ya “Yüz ilin tənhalığı” əsərində quramalığı nədə görürsən?

- “Yüz ilin tənhalığı” əvvəldən axıra quramadır. Bu əsərdə hər şey “Bibliya”dan tutmuş “Qarqantua və Pantaqruel”ə qədər kitablardan gəlmədir.

- Sənin bəyəndiyin Kristmas da “İncil”dən gəlir...

- Ona qalsa, bütün Dostoyevski “İncil”dən gəlmədir. Kristmas da, təbii ki, Xristosun, yəni Məsihin obrazıdır, Lina Qrouv da Məryəm anadır. Hamısı “İncil”dən gəlir. Amma Markesin əsərlərinin sütununu təşkil edən bu “literaturşinalıq” həmin əsərlərdə əhəmiyyətinə görə heç onuncu dərəcəli də deyil.

- Ancaq məsələn, “Gözlənilən bir qətlin tarixçəsi” Markesin gənclikdə şahidi olduğu hadisələrdən yaranıb.

- “Yüz ilin tənhalığı” da uşaqlıq müşahidələrinin təsiri altında yaranıb, ancaq yenə də mənbəyi ədəbiyyatdır. Bu xəstəlik Markesdən başladı. Onun çox məşhurlaşması həmin xəstəliyin bütün dünyaya yayılmasına səbəb oldu.

- Yəni son illərdə sən istəyən ədəbiyyat yaranmayıb?

- Ədəbiyyat funksiyasını dəyişir. İndi tərəvəzlərin, meyvələrin də geni dəyişdirilir. Daha kartofu da kartof kimi yemirik. Ədəbiyyata da bu cür iynələr vurulur, ədəbiyyat öz missiyasından uzaqlaşdırılır.

- Nədir bu missiya?

- Dediyim kimi, yaratmaq. Nəyinsə üstündə ədəbiyyat yaratmaq olmaz. Yazıçı əsəri boşluqdan yaratmalıdır. Allah Yerdə həyatı Marsa baxıb yaratmayıb ki!..

- Demək istəyirsən, ədəbiyyat yalnız həyata istinad eləməlidir?

- Yalnız həyata!

- Ancaq hər böyük ədəbiyyat həm də özündən əvvəlki böyük ədəbiyyata köklənir.

- Birbaşa istinad şəklində yox, gizli yollarla. Əlbəttə, oxumayan yazıçı yoxdur. Amma yazıçının mütaliəsi hiss olunmamalıdır. Əsəri oxuyanda gərək hiss eləməyəsən ki, yazıçı yazır. Necə ki, aktyora baxanda onun oynadığını, rola girdiyini hiss etməməlisən.

- Deyək ki, Dostoyevskini oxuyan Rusiyanın içindəki eybəcərlikləri gördü. Bəs sən dediyin ədəbiyyat nə verir insana, cəmiyyətə?

- Folknerə eybəcərliklə bağlı sual verilir. Deyirlər ki, sən Amerikanı ancaq qara rəngdə görürsən, axı belə deyil? O da cavab verir ki, Amerika belə olmasaydı, Folkner doğulmazdı. Mən belə görürəmsə, deməli, belədir. Dostoyevskinin yaradıcılığı da rusun varlığından daha realdır. Bu gün Servantes çox tanınır, yoxsa Don Kixot? Allahın yaratdığı Servantesdən Servantesin yaratdığı Don Kixot qat-qat məşhurdur.

- Təhlükəli məqama yaxınlaşdıq – deyəsən, yaradılanın yaradandan üstün olması nəticəsinə gəlirik...

- Elə məqamlar da var. Deyirlər peyğəmbər Allahın sevimlisidir, çünki Allahın dediklərini insanlara çatdırır. Yazıçı da Allahın balasıdır, amma bic balası. Çünki özü də Allahlıq iddiasındadır. Dostoyevski ilə İsa peyğəmbərin fərqi odur ki, yazıçı öz dünyasını yaradır.

- Allah bəşəriyyətin idealıdır. İnsanın Allahlıq iddiasında olmasında pis nə var?

- Allahlıq iddiasına düşən adam sonda Dostoyevski olur...

- İstərdim sənə güclü təsir göstərmiş üç, ya beş yazıçının adını çəkəsən.

- Elə yazıçılar var, mən onları fasiləsiz oxuya bilmirəm. Qəfil dayanıram. Sarsıntı keçirirəm. Fransua Moriak, Andrey Platonov, Tomas Vulf, Tarey Vesos mənim üçün belə yazıçılardır. Platonovun “Can” povestinin qəhrəmanı Nazar Çaqatayevlə “Master və Marqaritada”kı professor Volandı müqayisə eləyəsi olsaq, əksər oxucu ikincini üstün tutar. Amma mənim üçün Çaqatayev daha böyük obrazdır. Çünki mən onu nəinki görürəm, hətta qoxusunu hiss edirəm, ürəyinin döyüntüsünü eşidirəm.

- Ona qalsa, Çaqatayev özü də “Bibliya”dan, “Tövrat”dan gəlir.

- Bəli. Çaqatayevin prototipi Musa peyğəmbərdir. O da xalqını xilas etmək üçün səhra yolçusuna çevrilib. Ona qalsa dünyanın əksər böyük ədəbi əsərləri “Bibliya” süjetləri üzərində qurulub. Əksər mövzular “Bibliya”dan gəlir. Bircə Selimoviçin “Dərviş və ölüm” romanı “Quran” üstündədir. Nəcib Məhfuz ərəbdir, amma o da “İncil”dən təsirlənib.

- Niyə, “İncil” daha bədii kitabdır?

- Çünki “İncil” bədii süjetlər üstə qurulub.

- O süjetlər islama da ayaq açıb.

- Amma “Quran” həmişə qapalı olub.

- Bəlkə ondandır ki, “Quran” məlum süjetləri danışmaqdan çox xatırladır? Axı o süjetlər əvvəlki kitablardan bəlliydi...

- Ədəbiyyatda “Quran”a istinad təcrübəsi olmayıb.

- Bəs sufi ədəbiyyatı?

- Mən poeziyanı nəzərdə tutmuram, söhbət sırf nəsrdən gedir. Çingiz Aytmatov müsəlman idi, bəs “Edam kötüyü”nü niyə “Bibliya” süjeti üzərində qurdu? Bu da ədəbiyyatdan gəlmə ədəbiyyatdır. Çingiz Aytmatovda Nobel mükafatı almaq iddiası baş qaldırandan sonra dünya bazarına hesablanmış romanlar yazdı. “Quran”a istinadən əsər yazmaq çətindir, təcrübə yoxdur, “Bibliya”nın isə böyük ədəbi ənənəsi var. Bu mövzuda minlərlə roman yazılıb.

- Özün də deyirsən ki, bütün böyük ədəbiyyatın kökü gedib “Bibliya” süjetlərinə çıxır. Belə çıxmırmı ki, kimsə bunu yaxşı ört-basdır eləyir, kimsə də gizlədə bilmir, ya gizlətmək istəmir? Məsələn, Borxesin yazıları bar-bar bağırır ki, bu yazıların müəllifi dünyadakı bütün kitabları oxuyub. Ancaq Markes bu baxımdan çox məsum görünür.

- Niyə, Markes də mütaliəsini gizlətmir.

- Professionallar üçün gizlədə bilmir. Sıravi oxucu isə o biclikləri tutmur.

- Borxesi oxumaq mümkün deyil - hər sözün alt mənası, əsli var. Amma elə həmin Latın Amerikasından olan Kardoso ömrünün sonuna qədər hekayə yazıb. Onun üç səhifəlik hekayəsində beş romanın materialı olur. O da ədəbiyyatdan gəlib, amma bu qədər maraqlı, həyati hekayələr yazır. Mənə görə, əsl ədəbiyyat şüurun, ağlın yox, hissin ədəbiyyatı olmalıdır. Əsəri oxuyanda orada təsvir olunan insanın yaşantıları mənə təsir göstərmirsə, nə qədər tapmaca qurulsa da, bunu mükəmməl əsər kimi qəbul eləyə bilmirəm.

- Sənin hekayələrinin süjeti hardan gəlir?

- Hamısını həyatda görmüşəm.

- “Tabut”u çıxmaq şərtilə sənin hekayələrində müəllif kamerası kənarda qurulub. Elə bil obrazların içində Yaşar yoxdur, sadəcə, dəqiq müşahidəçi var.

- O obrazların hamısının içində mən varam. Amma doğrudur, hamısına da kənardan baxıram. Bir evi götürüb kənardan müşahidə aparıram. Bütün hekayələrim həyatda olanlardır: ya eşitmişəm, ya görmüşəm. Heç kəs inanmaz ki, “Dəfn” hekayəsi belə yaranıb. Demək, əsgərlikdən təzə gəlmişdim. Şüvəlanda İbrahim adlı bir əsgər dostumun evlərinə yas məclisinə getmişdik. Orda bir kəlmə eşitdim ki, atası hamama girib, ayağını suya salıb, arvadı içəri girəndə onu ölü görüb. Bircə bu, hekayəni yazmağıma acar oldu. “Rahatlıq” hekayəsi də eyni qaydada, olmuş hadisələr əsasında yazılıb. Ordakı situasiyanı mən şəxsən yaşamışam.

- Hekayələrinin az qala hamısında bir kənd var. Əslin Qubadlıdan olsa da, şəhər ətrafında, Əmircanda doğulub böyümüsən. Hərdən düşünürəm ki, görəsən, bu kənd harda yerləşir - bəzən Əmircana, bəzən də hansısa ucqar kəndə bənzəyir. Bədii əsərdə məkanın əhəmiyyəti varmı sənin üçün?

- Ora nə kənddir, nə şəhər, elə həmin Əmircandır. Qubadlıdan gələnlərin məskən saldığı Qarabağlılar məhəlləsi. Bu adamlar nə axıra qədər bakılı ola bildilər, nə də Qubadlını unutdular. Ona görə də o xəyali kəndin adı yoxdur. Bu, nə klassik kənddir, nə klassik şəhər. Məsələn, Elçinin yaradıcılığında söhbət sırf Bakı kəndindən gedir. Mənim kəndim isə Bakıya əlavədir. Amerikanın hansısa ştatında çinlilər, yaxud italyanlar yaşayan bir küçəni, ya məhəlləni gözünün qabağına gətir...

- Doxsanıncı illərdə deyirdilər ki, roman artıq bir janr kimi ölüb, çağdaş insanın roman oxumağa vaxtı yoxdur daha...

- Remarkın “Üç yoldaş” romanı çıxandan sonra da dedilər, bundan sonra romana daha ehtiyac olmayacaq. Yəni o mənada ki, ortaya etalon qoyulmuşdu.

- ...İllər keçdi, tək bizdə yox, bütün dünyada yeni roman dalğası gəldi. Qəribədir ki, doxsanıncı illərdə gətirilən başlıca arqument - vaxt qıtlığı indi özünü daha kəskin büruzə verir. Bununla belə, roman janr kimi populyarlığını qoruyub saxlayır. Bacaran da, bacarmayan da bu işə girişir. Səndə isə elə bil heç vaxt roman yazmaq həvəsi olmayıb. Bu janra oxucu yox, yazıçı münasibətin necədir?

- Roman yazmaq istərdim. Hətta üç variantda işlədiyim “Bir gün, bir gecə” adlı povestim var, o da hekayələrimlə eyni strukturdadır. Çoxdan yazsam da, povesti çapa hazır hesab eləmirəm. Roman yazmaq üçün insan hər şeydən təcrid olunmalıdır. Səhər işləyib axşam roman yaza bilmərəm. Yazmazdan qabaq azı bir həftə hər şeydən təcrid olunmaq, beyni durultmaq lazımdır. Hər halda məndə yazı prosesi belədir. Məsələn, mənə Mircəfər Bağırov haqqında pyes yazmaq sifariş olunub, di gəl, oturub yazmağa imkan eləyə bilmirəm, vaxt yoxdur.

- Milli Kitab Mükafatının eksperti kimi son üç-dörd ildə yüzlərlə nəsr əsəri oxumusan. Nəsrimizin bugünkü mənzərəsi nə deyir?

- Maraqlı məqamlar var. Bu gün ədəbiyyatda birinci çatışmazlıq qeyri-peşəkarlıq, sonra mütaliəsizlikdir. Bəzən hansısa romanda maraqlı detallara rast gəlirəm, amma heyfsilənirəm ki, müəllif yaxşını pisdən ayıra bilmir. Hamısı əsasən konveyer üsulu ilə işləyir.

- Ədəbiyyatda qeyri-peşəkarlıqdan gileyləndin. Bəs jurnalistikada necədir?

- Jurnalistikada məsələ nəsrdə olduğundan da qəlizdir. Normal bir cümlə yaza bilməyən jurnalistlər var. Bu gün Azərbaycan mətbuatının ən yaralı yeri yazarların məhsul istehsal eləməməsidir. Ən yaxşı köşə yazarları da özləri məhsul becərmirlər, impulsu hansısa məmurdan alırlar. Bu, cavab jurnalistikasıdır. Milli jurnalistikamızda ənənə itib, bu gün nə oçerk, nə araşdırma yazan var. Halbuki minlərlə araşdırma mövzusu var. Azərbaycan jurnalistikası böyük məktəb keçib. 1875-ci ildə bizdə ilk mətbuat orqanı işıq üzü görəndə Türkiyədə bilmirdilər ki, qəzet nədir. Bəzən deyirlər qəzetlər sıradan çıxacaq. Buna inanmıram. İnternet jurnalistikası nə qədər inkişaf eləsə də, qəzetin funksiyası tamam fərqlidir. Dostum Rəşad Məcidin sözüylə desəm, qəzet sənəd kimidir, arxivdir, əbədi qalır. Saytı isə bir haker dağıda bilər. Qəzetlər bugünün xəbər muzeyini yaradırlar...

- Öz əsrinin yarısını geridə qoydun. Növbəti yarım əsri necə təsəvvür eləyirsən?

- Mənim üçün təxminən otuz-otuz beş yaşa qədər hər şey maraqlıydı. Bundan sonra inanmıram, məni nəsə heyrətləndirə bilsin. Amma mənə elə gəlir, həyat get-gedə daha maraqlı olacaq. Elə bil texnika inkişaf elədikcə insanlar sənətin ilkinliyinə daha çox meyllənirlər, bicləşməkdənsə daha çox məsumlaşırlar.

# 2266 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #