Şah Qacar Şuşanı işğal etmək istəmirdi - Planı dəyişən səbəblər və Vaqifin ermənilərdə qalan qızıl əsası

Şah Qacar Şuşanı işğal etmək istəmirdi - Planı dəyişən səbəblər və Vaqifin ermənilərdə qalan qızıl əsası
31 avqust 2021
# 15:14

Kulis.az siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin Qacarın Tiflisə hücumu zamanı Qarabağ xanlığında baş verən hadisələrlə bağlı yazısını təqdim edir.

Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil, bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar.

Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış "Georgiyevski" sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüz illər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır.

Tifilisə hücum zamanı ona xəbər verirlər ki, Qarabağ xanlığı Rusiya ilə gizli danışıqlara gedib. Ağaməmməd şah xanlıqların Rusiya ilə gizli anlaşmaya getməsin eşidəndə qəzəblənir və dərhal 85 minlik qoşunla şimali Azərbaycana qarşı yürüşə başlayır. Onun Qarabağ və digər xanlıqları işğal etmək planı ilk illərdə yox idi. Ümid edirdi ki, xanlıqlar xaçpərəstlərlə iş birliyinə getməz. Lakin Rusiya ilə onların yaxınlaşması barədə kəşfiyyat ona məlumat gətirəndə dərhal hücuma başlamaq qərarına gəlir. 1797-ci ilin ilk baharında Ağa Məhəmməd şah güclü ordu ilə növbəti səfər Qarabağ istiqamətində hücuma başladı.

İbrahim Xəlil xanın Car əyalətinə qaçmasından sonra Şuşaya daxil olmasından bir müddət öncə İran şahı olmaq ümidi ilə yaşayan Sadıq xan Molla Pənah Vaqifə və Rus ordusunda Pyotor Stepanoviç Kotlyarevskiyə məktub yazır. Qeyd edim ki, Kotlyarevski Azərbaycanda qalmağı və buranı təkbaşına idarə etməyi çox arzulayırdı. Kotlyarevski bunun üçün xanlıqları məhv etmək, İran və Osmanlı saraylarını bu regiondan uzaq tutmaq idi. O məktubunda yazır “Əlahəzrət General, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlıqları bir araya gətirəcək. Əmrinizə tabeyəm.”

Cavab məktubu qısa olur “Əlahəzrət Çar sizin bu xidmətinizi böyük dəyərləndirir. Şahın orda qalmasının qarşısını ala bilməsəniz, öldürün. Sadıq xanın İran hökmdarı olacağına əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiz”. (Esnadi ez Revabet-ı İran ve Rusye ez Safaviye ta Kacariye, Ter. Rahim Musulmanyan Kubadiyani, Behruz Musulmaniyan Kubadiyani, Tahran 1387)

Qarabağ xanın vəziri Molla Pənah Vaqif, Sadıq xan və Kotlyarevski ilə dostlaşmışdı. Bu dostluğa səbəb isə Şah Qacarın sağ əli Sadıq xan da vəzir Vaqif kimi rusiyameylli olması idi. Onların gizli yazışmaları var idi. Gizli yazışmaları ermənilər daşıyırdı. Hətta ermənilərə vəd verilmişdi ki, onların məlikliyinə xüsusi səlahiyyətlər veriləcək. Habelə, dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq İrana qarşı müdafiə olunmağı təklif etmişdi. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan yox cavabı ilə gəlməsini əsas tutaraq Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi.

Qeyd edim ki, Tifilisdə General Stepan Burnaşovla görüşü olur. Burnaşov Vaqifi inandıra bilir ki, Rusiya himayəsi onlar üçün yeganə çıxış yoludur. (Описание областей Адербижанских в Персии и их политического состояния”1793).

Sadıq xan və Molla Pənah Vaqiflə yazışan Kotlayerski rus himayəsi altında Qarabağın inkişaf edəcəyini və sonradan da İranda Sadıq xanın hökmran olacağını vəd edirdi.

Sadıq xanın ona olan məktublarının birində yazılır:

“General Kotlyarevski, biz Sizin humanist biri olduğunuza əminik və inanırıq ki, həşəmətli Çar bizi əsla unutmayacaq və verilən vədlərə əməl olunacaq” (Акты, собранные Кавказскою Археологическою Комиссиею. Том 7. Издан под редакциею Ад.Берже.Тифлис, 1878 г., 995 с., с. 481.)

Kotlyarevskinin ona cavab məktubunda isə yazılır:

“Əlahəzrət Çarın diqqəti üzərinizdədir. Siz Çara sadiq olduqca, onun himayəsindən yararlana bilərsiniz. Bunun üçün Qacarların bura yürüş etməsinin qarşısı alınmalıdır. Çalışın, o saraya daxil olun və tapşırıqları gözləyin” (“Русская старина”. Ноябрь 1894 г.)

Qısa olaraq deyim ki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə Vaqifə qızıl əsa da bağışlayıb və bu əsanı görən İbrahimxəlil xanla araları bir müddət soyuyub. Lakin sonradan sarayda daxili çevrilişdən narahat olan Xan onu yenidən yanına çağrır.

Vaqif sonradan Batmanqılınc tərəfindən dağdan atılaraq öldürülür. Sovet dövründə ən çox təbliğ edilən Vaqif barədə çoxlu əfsanələr yaradılıb. Bu isə Vaqifə rusların bir növ “minnətdarlığı” idi. Hətta mərhum Səməd Vurğun subliminal olaraq öz “Vaqif” poemasında bunu belə təsvir edir:

İbrahim xan onun əlindəki əsanı görür və soruşur ki, “o əsa nədir?” Vaqif isə deyir ki, “Rusiya padşahı o Yekaterinadan bir hədiyyədir”.

İbrahim xan M.P.Vaqifdən soruşur:

“Aha... De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafırləra?

Fotoda görsənən bu qızıl əsa Qarabağ xanı İbrahimxəlil xanın vəziri, şair Molla Pənah Vaqifə aiddir. Əsanı ona Rusiya imperatiriçası II Yekaterina (Böyük Yekaterina) bağışlayıb.

Qarabağ xanı İbrahimxəlil xanın Rusiya ilə diplomatik yazışmaları olub. Bu gün həmin yazışmalar Rusiya arxivlərində saxlanır. II Yekatrina Qarabağ xanının məktubların oxuyanda yazıda olan peşəkarlıq, yüksək diplomatik sözlər, Qərb ruhuna yanaşma və onun şəninə yazılan xoş sözlərdən çox xoşu gəlir. Şərqin o zamankı iki güclü dövləti Osmanlılar və Qacar dövlətindən gələn diplomatik məktubların qeyri peşəkarlığından daima narazı olan II Yekatrina Qarabağ xanlığının üslubundan çox razı qalır. Soruşanda ona deyirlər ki, bəs məktubu tərtib edən Xanın birinci vəziri Molla Pənah Vaqifdir. Şairdir və ədəbiyyatçıdır. Bunu eşidən II Yekaterina Qarabağ xanının vəzirinə belə dəyərli qızıl əsanı göndərməyi tapşırıq verir.

Bu qızıl əsa Qarabağ xanlığının süqutundan sonra rus zabitləri tərəfindən müsadirə edilir. Onu erməni kilsəsi pulla alıb özlərində saxlayırlar.

# 4546 dəfə oxunub

Müəllifin son yazıları

# # #