Saçım sığalının dadını bilməz...

Saçım sığalının dadını bilməz...
15 iyun 2021
# 11:46

Kulis.az Aypara Ayxanın yeni şeirini təqdim edir.

Gah bir nəfəs qədər yaxın olursan,
Gah da aramıza hörürsən divar.
Gündə neçə dəfə dəyişir havan
Gah xəzri kimisən, gah da gilavar.

Saçım sığalının dadını bilməz
Nədir hislərinə kəsilən qənim?
Getsəm, daş ürəyin insafa gəlməz
Qalsam, de, nə qədər sevgi dilənim?

Bəlkə də, bağrına daş bağlamısan,
Bəlkə də, bu üzdən duymursan məni.
Saxlayıb qəlbinin astanasında,
Qapıdan içəri qoymursan məni.

Gör neçə müddətdir yola çıxmışam
Gəlib ürəyinə çata bilmirəm.
Xəyalın fikrimə elə sarmaşıb
Heç cürə qoparıb ata bilmirəm.

Qədərdə bir eşqə qul olmaq varsa
Qoy olum hər dəfə ram ürəyimə.
Məncə bu gedişlə öyrədəcəksən
Yanmağı, bişməyi xam ürəyimə.

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #