Öldü böcəklərin güllüsü öldü... - Yeni şeirlər

Öldü böcəklərin güllüsü öldü... - Yeni şeirlər
13 avqust 2021
# 12:14

Kulis.az Ruzbeh Məmmədin şeirlərini təqdim edir.

Bal ayı şeirləri

Həyat yoldaşıma...

Zaman keçdikcə adam yorulur, təngənəfəs qaçıb sığınmaq istəyir birinə
Zaman keçdikcə adam qocalır, əl atıb söykənmək istəyir kiməsə
Zaman keçdikcə adam darıxır, çəkilib arxayınlaşmaq istəyir bir qadına...

Köləlikdən azadlığa

Bilmirəm ağrı hissi necə olur?
gecəyarı çöldə zingildiyən it əzabını hiss etmək,
yoxsa zivədə asılmış paltarları oğurlayıb 1 manata satan oğru olub,
sonra da aldığı çörəyi hamıya bölmək?

Dünyada ən çox yer üzünə enən şey ədalətsizlikdi, bilməmiş deyilsiniz...

Heç cürə öyrəşə bilmirəm, əgər sizdən qaçıramsa, üzr istəyirəm.
Ki, indiyə qədər sizin yaxınınız olduğum üçün,
bir də əfvinizə sığınaraq, bağışlayın deyəcəkdim...

Sonsuza qədər heç nəyi sevmək olmur,
Gec-tez adam bezir hər şeydən.

Elə olmasaydı, daha çox əzazil ömür arzulamaq olardı hamıya.
Ancaq insanlar sevgisizlikdən deyil, qayğılardan bezir
sevgi axtarışında olub bir tikə çörək qazanmaq üçün dua edəndə adam yorulur.

Bütün bunlardan sonra demək istəyirəm ki, gələcək haqqında ən yaxşı uydurma idi: "gözlə"mək.

Siz ədalətsizlik arzu edin, bəlkə xoş gün enə.
Necə ki, xoş gün arzu edəndə ədalətsizliklə mükafatlandırıldınız...

Darıxmaq

Qaranquş yuvasına dönüncə
dağılmış yuva və boşluqda qalan ətcəbalaların fəryadı idi ədalət
kimsə gördümü?

Əlləri göylərdə gözləyən rahib
enmədi cənnət qatına
tərki-dünya oldu biganəlikdən.

Gəl ki, ovuclarında dua gəzdirənlər indi hardan başlasın həyata, azdıqları yerdənmi, azadlıqlarındanmı?
Neçə əsr axtarışındadı insanlar
ki, ölüm yerin torpağ qatının təmizliyidi, yoxsa, Allahın insana rəhmi?
Sürünüb yaşamaq başqalarının gözündə arsızlığın həyalı tərəfidi
Ölüm yoxdu. hərşeydən bezib sükuta çəkilmək var.

13 il öncə darıxmaq fəslində

Payız olmasaydı, yarpaqlar indi
Hələ düşməmişdi budaqlarından,
Quşlar kəndimizdən köç etməmişdi,
Arılar hələ də gül axtarırdı
Mən də ki, oturub darıxmamışdım
Külək də döymürdü pəncərələri

Amma gördük ki, payız qapıda
Kəndinsə üstündən bir sürü leylək.

Səs-səsə veriblər buludlar altda
Gedirlər hardasa böcək tapmağa
Ümidli leyləklər axışdı getdi
Ağac başındakı ətcə qarğalar
Bir axşam qəfildən yığışdı getdi
Elə bil əbədi susdu təbiət...
O qədər çəkilib onda xəlvətə
Ağladım o gedən qarğalar üçün
Ağladım, yarpaqsız budaqlar üçün...

Kəndi də bürüdü hər yandan duman
Sonuncu kəpənək torpağa düşdü
Öldü böcəklərin güllüsü öldü
Bizim cücələrin əllisi öldü
Anamın barmağı dəyən cücənin
Qisməti tuş gəldi ala pişiyə
Hamını bürüdü qanqaraçılıq...
"Onsuz da havalar sərt keçəcəkdi
Cücə ölməyib də nə öləcəkdi?"-
Anamı beləcə təsəlli etdim
Anamı ötürdüm qocalığına.

Payıza min lənət oxudu hamı
Qəfildən anamın yarpaq əlləri
Qocaldı əkdiyi çiçəklər üçün...

Mənim arzularım heykələ döndü
Heykəldən özümə ümid düzəltdim
Sonra ümidlərim qopdu, puç oldu
Barmağı qatlayıb hesab etdiyim
Bütün saydıqlarım sonda heç oldu

Ən gözəl adamlar öldü qəfildən
Ən yaxşı adamlar uzağa getdi
Daha heç düşmədi sahmana həyat;
Payız da qayıtdı, leylək qayıtdı
Yarpaq də qayıtdı, böcək qayıtdı
Bircə qayıtmadı əclaf arzular
Bircə qayıtmadı ümidlər geri...

***

Gərək inciməzdin heç
Gərək, ötüb keçəydin
Sən dağılmış şəhərdin
Tərk edilmiş küçəydin

Mən səni
axtaranda

Nə həmin vaxtı, nə o an
Nə mən mənəm, nə sən sən
Sən mənim getmədiyim
Gərçi arzu etdiyim
Ən sevdiyim şəhərsən
Ki, bildim darıxanda

O gün yuxuda görmüşəm
Tənhalığın içində
Qaşqabağa batmısan
Bir az üzdən kökəlmisən
Bir az saç uzatmısan

Hikkən də bir az azalıb
Əvvəlkinə baxanda
Səndən bircə istədiyim
Saçlarını toxunma
Məndən acığqçıxanda...
Bilirəm, onsuz tənhadı

Mənim öpüb, and içdiyim
Qollarınsa yaxanda...

Gərək inciməzdin heç
Gərək keçib gedəydin
Mən səni axtaranda...

# 3016 dəfə oxunub

Müəllifin son yazıları

# # #