Jurnal Məhəmməd Hadiyə həsr olundu

Jurnal Məhəmməd Hadiyə həsr olundu
7 may 2020
# 09:04

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbiyyat dərgisi “Ulduz” jurnalının növbəti nömrəsi Azərbaycan romantik poeziyasının yaradıcılarından, döyüşkən nümayəndələrindən, istiqlal və hürriyyət şeirimizin bayraqdarı Məhəmməd Hadinin həyat və irsinə həsr olunub.

Kulis.az xəbər verir ki, jurnalın xüsusi buraxılışında Məhəmməd Hadinin mürəkkəb, mükəddər həyat yoluna, çoxcəhətli bədii və publisistik yaradıcılığına klassik və çağdaş ədəbiyyatşünasların həsr etdiyi sanballı tədqiqatları əsasında nəzər salınır, ədəbiyyat tariximizin qüdrətli qələm sahibinin irsi dərindən və hərtərəfli araşdırılır və layiqincə dəyərləndirilir. Xalq yazıçısı Anarın “Hadinin sonacan yaşaya bilmədiyi sevinc”, akademik İsa Həbibbəylinin “Bənzərsiz sənətkarlıq nümunəsi”, professor İslam Qəriblinin “Məhəmməd Hadinin əsərləri “Azərbaycan” qəzetində”, filologiya elmləri doktoru Abid Tahirlinin “Hadi poeziyası-istiqlalın ədəbi və əbədi məşəli.(Mühacirlər hürriyyət və həqiqət şairi haqqında)”, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos. dr. Mehdi Gəncəlinin “İstiqlal vulkanı”, eləcə də digər tanınmış tədqiqatçıların Məhəmməd Hadinin həyat və yaradıcılığına həsr olunmuş məqalələri mühüm əhəmiyyət kəsb edir. Xalq şairi Fikrət Qocanın və istedadlı şair Eldar Baxışın Məhəmməd Hadiyə ithaf olunmuş şeir nümunələri təsirli və düşündürücüdür.

Jurnalda görkəmli elm və ədəbiyyat xadimlərindən Hənəfi Zeynallı, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Məmməd Cəfər, Seyid Hüseyn, Məmməd Arif, Mir Cəlal, Yaşar Qarayev, Elçin, Əziz Mirəhmədov, Ramiz Rövşən, Rəfiq Zəka, Nəriman Həsənzadə və digər görkəmli qələm sahiblərinin məqalələrindən sitatlar, Hadinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı materiallar, müxtəlif illərdə dövrü mətbuatda Hadiyə həsr olunmuş məqalələrdən seçmələr də böyük maraq doğurur.

# 2231 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #