Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər

Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
2 dekabr 2020
# 17:34

Kulis.az Adilə Nəzərin vətən mövzusunda yazdığı yeni şeirlərini təqdim edir.

Və sən komadan ayıldın, Laçın

soyuq nəfəsini duydum ölümün,
duydum sənə susamış çatlayan dodaqlarımda..
illərdir nə suyumda dad,
nə səmamda açıq hava oldu.
Səssizcə uğurlamışdım səni bir gəmi kimi –
qorxulu yollara,
geri dönüşü bilinməyən səfərlərə...
yad əllərə...
baxdıqca utandığım, kövrəldiyim, qayğılandığım
səndən yadigar qalan gənclik şəkillərimə...
hər gün dua kimi baxdım
divar saatının sənə can atan milinə...
sabahlarıma ümid etdim xəbərini...
bu gecə nəfəsini hiss etdim anidən…
və sən komadan ayıldın, Laçın…

Bu zəfərin mübarəkdir, ey vətən

Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!

Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!

Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!

Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
..Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!

Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!

Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!

Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!

Azərbaycan əsgərinə

Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.

Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.

Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.

Mən şəhidəm

Bir otağa girincə
bütün otaq mən oldum,
bir küçəyə çıxınça
min küçəni doldurdum.
hər yer dönüb mən oldum,
hər baxan göz mən oldum,
özüm görünməz oldum...
Mən şəhidəm...

Eşidərsən səsimi,
hər yerə ün atmışam..
mən səni düşünmüşəm,
özümü unutmuşam..
əlini aç Allaha..
əlin Haqdan üzülməz.
işığı sevən kəslər
məni sevməyə bilməz..
Mən şəhidəm...

Hamı gəlib gedəcək,
mənsə öz yerimdəyəm.
Sən əllində, yüzündə,
mən iyirmi birimdəyəm.
Sən hardasa edibsən
ömrünü vallah, həba,
mənə daim olacaq
Türk elindən mərhaba!
Mən şəhidəm...

Rənglər günəşlə çıxır,
rənglər günəşlə batır..
rənglər günəşlə olur,
rənglər günəşsiz ölür..
mən vətənçün ölürəm,
Vətən mənimlə olur...
Mən şəhidəm...


"İtiqovan"la zəfərə

Ürəklər-könüllər, bənizlər coşğun,
Çaylar, şəlalələr, dənizlər coşğun,
Qələbə eşqiylə və bizlər coşğun,
Zəfər təntənəsi çalmağa hazır.

Yüz illik dərdləri sapıb- sovan var,
Yağının gözünü töküb, ovan var.
İndi səmamızda "İtiqovan" var,
Zəfər təntənəsi çalmağa hazır.

Yoxdu maneəmiz, əngəllərimiz,
Keçilməz qaladı səngərlərimiz,
Şuşada, Laçında əsgərlərimiz
Zəfər təntənəsi çalmağa hazır.


Şəhidimin

Dili-ağzı söz aradı..
Yanğısına buz aradı,
Gözü doğma göz aradı,
Son nəfəsdə şəhidimin..

Yox sağı, solu yarıda,
Büküldü qolu yarıda,
Qırıldı yolu yarıda,
Bir qəfəsdə şəhidimin..

Olmadı ölüm qorxusu,
Burnunda cənnət qoxusu,
Gülləndi qandan yaxası,
Asta asta şəhidimin..

Bu son hüzün anı olsun,
Bacılar qurbanı olsun,
Soyuqda yorğanı olsun
Qoy bu bəstə şəhidimin..

Rahat uyu, şəhidim

Bu dünyanın dərdləri sanki bizə görədir,
Birindən qurtulmamış başqasını törədir.
Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,
Bütün qəsbkarların ağzında qan qoxusu...
Qara itlər qorunur, ağ atlar izlənirkən,
Qartalları vururlar, bayquşlar gizlənirkən...
Yurdun aşiqlərini seçib dən-dən vurdular,
Gözlərindən qorxanlar
ürəyindən vurdular..
Rahat uyu, şəhidim...
Yollara həsrət - həsrət dikiləndə gözlərim,
dünyanın boğazından keçməyəndə sözlərim,
Cəbhədə don tuturdu sənin ayaq izlərin...
Qış gəlirdi dağlara...
Qarabağda sazaqdı,
Səninsə gözlərindən günəşli bir yaz axdı...
Artıq nəfəsin həyat ritmindən çox uzaqdı...
Uzağa dikilmişdi o anda nəzərlərin..
Gözə vətən dəyirdi...
Qəlbin odu sönmədən ruhun gülümsəyirdi...
Rahat uyu, şəhidim...
Savaşın davam edir,
Bayrağına, himninə neçə dostun əyildi...
Gözünü itirən var,
qolu yoxdur kiminsə...
…Ruhum bu son yaradan ölüncə qan itirsə...
Sən də ordan gülümsə..
Rahat uyu, şəhidim...

Şuşa azad olundu

Gedim bir güllə vurum
Düşmənin min fəndinə.
Üçrəngli bayraq qurum
Şuşaya, Xankəndinə.

Bir şeir rəsmi çəkim

Bir şeir rəsmi çəkim
saralan yarpaqlara.
Sirli don geyindirim
yaşıl köynəklərini
sarıya dəyişdirən
küsəyən budaqlara.
Qızılı örpək çəkim
güllü çəmənliklərə,
durub tamaşa edim
hüzünlü şənliklərə.
Bir mahur təsnifinin
təsəllisi süzülsün
ovqatı ovqatıma
oxşayan mənzərənin
yorğun görüntüsünə.
Bir şeir rəsmi çəkim
yarpaqları həsrətdən
üzülən qovaqlara...
Uçum gedim, gedim lap
durna qanadlarında
özümdən uzaqlara...
Vida nəğmələrinə
bir fatihə oxuyum.
Gedim ayrılıqlara
vüsal toru toxuyum.
Bir şeir rəsmi çəkim...

***

Bir qara yaylıqlı gəlin,
qollarında iki çağa...
üzün tutub Qarabağa...
“Kim toplayacaq mənim dağılmış könlümü? –
deyib, bir nəfəs dayandı...
Sandım ki... ahı ilə dənizləri qurudacaq.
Divardakı qara lentli şəkilinsə
üzündəki İlahi nur
min qəlbi nurlandıracaq...
Az qaldım çağıram:
– Rəssam, gəl çək bu səhnəni...
Vallah, dəhşət tablo alınacaq...

* Bir şəhidin yas mərasimində düşüncələrim

# 5575 dəfə oxunub

Müəllifin son yazıları

# # #