Bir gözəl nur içindədi ciçəkli ağaclar altda... - Yeni şeirlər

Bir gözəl nur içindədi ciçəkli ağaclar altda... - Yeni şeirlər
9 fevral 2021
# 17:10

Kulis.az Əhməd Qəşəmoğlunun yeni şeirlərini təqdim edir.

Eşqdən o yana

Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...
Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...

İşıqlar vadisində həzin meh hardan əsir?
Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?

Yaxında gülüstan var, qırxlar aləmi bura?
Nələrsə gah görünür, gah da qərq olur nura.

Uçur işıqlar hərdən bir ayrı aləmlərə,
Ordan gələn işıqlar nizam verir nələrə?

Bütün bu aləmdən bal kimi eşq süzülür,
Bir damla kimə dəysə, yer üzündən üzülür.

Təkcə eşqdən danışma, axtar eşq yaradanı,
Zərrədən asimana sən o qüvvəni tanı...

Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,
Sən tək sirr açanlar göydə ulduzlar sanı...

Dünyanın doğma üzü

güllərin üstünə yağan yağışın
damla-damla
gül dilində danışması...

üz-gözünün işığı
güllərə qarışan ananın
gül körpəsinə laylası...

o layla səsiylə axan
bir arxın yanında o körpənin
üzündəki işıqlar...

o uşağın
sularla danışa-danışa
düşdüyü xəyallar...

onun qəlbinin dərinliyində
tellər titrəyəndə
dünyanın yaraşığı...

Qürur içində kədər

...amansız dolu yağır,
sındı pəncərəmin şüşələri...

gəlir qışqırıq səsləri,
soyuyur otağım...

eşikdə parça-parça oldu
çiçəklərin ləçəyi, yarpağı...

heyvanlar yuvalarından
baxırlar fağır-fağır.

amansız dolu yağır,
göy gurlayır, şimşək çaxır...

kövrək şəfəqlər içində qəlblər
təbəssüm dolu aləmə həsrət...

yaxşı ki günəşli günləri
itirməyib hələ təbiət...

günəşli günlərə inamın
qüruruyla baxır insanlar...

amma hər kəsin qəlbi,
qırılan, sınan çiçəkləri ağlar...

Qəlbində bir işıq oyana bilsə...

Toz-duman alanda hər bir tərəfi
Bir addım qabaq da görünmür gözə.
Amma ki, yaxında, bəlkə, səninlə
İlahi bir aləm durub üz-üzə.

Bəlkə, qızılgüllər bürüyüb səni?
Bəlkə, min əlvanlıq sehr içindədi?
Bəlkə də, dindirsən sən hər birini,
Görərsən hamısı eşq bürcündədi...

Hələ ruhdan salır səni bu duman,
Hələ itirmisən özünü, qorxma.
Qəlbində bir işıq oyana bilsə,
Sənə yol göstərər, dumana baxma.

Köklən kainata, ətrafı unut,
Köklənsin ahəngə qəlbin telləri...
Gör dinən nəğmələr hara çağırır?
Ordadı ruhunun doğma elləri.

İnam

qıran qırır, quran qurur...
fələk də öz hörgüsünü
astaca, aramca hörür...

qıranlar pozur ahəngi,
ahəngə aparır
yer üzünü quran...

hələ
nadanlıq çox olduğundan,
iblisin gümrah vaxtıdı...

amma
heç vədə yer üzünü tamam
qıranın əlinə verməz quran...

Yıxıldım

Sərv nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.

Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.

Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...

Hərdən qalmadı ümidim,
Qəlbim qırıq, didim-didim,
Körpü saldım, gəldim...gəldim...
Qırağından yıxıldım.

Min sahilə atdı məni,
Tonqallara çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.

Axı nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım, nə vaxt bitər bunlar?
Marağımdan yıxıldım.

Eyvanında bir gül ək

eyvanında mənim adıma
bir gül əkərsən...
mənə olan hikkəni, sevgini
onun üstə tökərsən...

o gül ağlaya-ağlaya tez-tez
səndən xəbər göndərəcək mənə,
bir ricam var dönə-dönə,
qoy hərdən o gülün yarpaqları
astaca toxunsun əllərinə...

Yağmur içində bir qız

bir gözəl nur içindədi,
ciçəkli ağaclar altda.
xəyallarında, həyatda
özü, çiçək biçimdədi.

yağmur tökür narın-narın
o sanki dua oxuyur.
əkir - torpağa qoyur
əlində çiçək kolların.

telində damlalar ulduz
ona yağmur aşiq olur?
İlahi! hardan nur alır
hər yana nur yayan bu qız?

nədən belə həvəslidi?
israrının yoxdu sonu.
sevdalar bürüyüb onu,
ömrünün bahar fəslidi.

torpaqda xalça toxuyur?
ya şeiri çiçək dilində?
sanki hər kola, qəlbində
əkdikcə layla oxuyur.

bir gözəl nur içindədi,
ciçəkli ağaclar altda.
xəyallarında, həyatda
özü, çiçək biçimdədi.

Sənin gözəlliyin

sənun gözəlliyin
sübh üzündə, alatoranda
laləli çəmənliyə bənzəyir.....

sənin gözəlliyin mənim qəlbimdə
bir ağ qızılgül koludu
həsrətlə çiçəkləyir....

bir dağ döşündə, bir gül şehindən
axan işıq kimi
axırsan qəlbimə...

ay işığı bir həzin mehdə
bənövşəylə oynayan tək
könlümlə oynayır
gözlərinin gülüşü...

dünya mənə ögeylik edəndə,
ürəyimi didəndə,
küsdürəndə məni...

sənin gözəlliyini düşünmək qədər
heç nə gəlmir harayıma...

gözlərindəki kədər

yarpağını şaxta vurmuş
gül kimisən,
gözlərindəki kədərlə tez-tez
qəlbimə gəlirsən...

bu qədər gözəl gözünə
bu qədər kədər
rəvamı?
səni necə xilas edim,
kimlə açım davamı?

gülüşlərin
üşüyən su kimi axıb
çökürlər
gözlərinin kədərinə...

bu dünya necə dözür sənin
səssiz ahlarına?!...

səni necə xilas edim,
kimlə açım davamı?

Həyat

nədən axı, nədən,
qəfil ölüm
aparır insanı birdən,
of demədən

soruşdum özümdən,
kədərləndim...

...qəmli-qəmli,
heç özüm də bilmədən
əl atıb qırdım
bir çinar yarpağını,
sıxdım əlimdə...

birdən, səs gəldi yarpaqdan,
ürək göynədən:
-nədən axı, nədən
qırdın məni,
of demədən?

Bu daşı bu gölə niyə atdılar?

Bu gölə bu daşı kim atdı belə?
Daş suya dəyəndə o nə səs idi?
Qəlbimdə telləri niyə dindirdi?
Suyun işvəsiydi, ya naləsiydi?

Daş düşcək çiçək tək qalxdı damlalar,
Sular diskindilər, yol ayırdılar.
Daş gözdən yox oldu, sirli ləpələr
Dairə-dairə nə deyirdilər?

Havada uçurdu o sirr dolu səs,
Daş da yol gedirdi gölün dibinə,
Quşlar olanları nəql edirdilər,
Sahilin otuna, çiçək, çöpünə.

Kövrəlib huşunu itirmişdi daş,
Nələr baş verirdi? bilmirdi hələ.
Eşikdə qala tək görkəmi vardı,
İndi qərq olurdu bir dərin lilə.

Hər yanda sakitlik olan bir vədə
Kimdi, nə səbəbə axı daş atdı?
Görünən, görünməz neçə aləmdə
Sirli aləmləri niyə oyatdı?

Quşların qarğışları

...bu çəməndə
çiçək çoxdu...
amma hələ ki, şəfəqlər
qanqalın üstünə düşür...
qanqal dibində ilanlar
bu təntənəyə sevinir,
nəşə içində sürünür,
gizlənirlər, xəlvət-xəlvət
ovlayırlar körpə, naşı
nəğmə oxuyan quşları...

duman kimi
çəmənliyin üstünə qalxır
quşların qarğışları...

Şahımız Allah yolunda

Allahım qismət eyləsin,
ruhumuz: - Şahım! söyləsin...
kimlər yol versin, verməsin,
qovuşarıq Şahımıza...

yola nur salan könüldür,
yol kəsənlər qaçaq, quldur.
nurdan kor olarlar bir-bir,
qovuşarıq Şahımıza...

Şahımız Allah yolunda,
Nur yayılır sağ-solunda,
İnşAllah şah əhvalında
qovuşarıq Şahımıza...


Məni inlətmə, kaman

Qorxdum zəmanənin adamlarından,
Sən məni inlətmə, kaman...
Sular dalğalanır, ləpələrindən
Boy verib, dillənən nələrdi? aman!

Qadağan olunmuş ağacın indi
Barı bazarlarda mataha dönüb,
Bağlar salınıbdı o ağaclardan,
Bəlkə də, günəşin bir yanı sönüb...

Yer üzü yadından çıxıb dünyanın?
Niyə belə nizam yaranıb burda?
Kainatın hökmü yox olub sanki,
Həyat ögeyləşir bu vurhavurda.

Tamah əsir alıb dövranı, çapır,
Bəlalar dəryadı, dibi dərindi,
Vəba tək yayılır yalan, yaltaqlıq,
Hər yandan hiylələr boy verir indi.

Qorxdum zəmanənin adamlarından
Sən məni inlətmə, kaman...

Kövrək suallar

mərhaba, yer üzü!
qarşındakı günahım
səni sevməyimmi bu qədər?
bu sənsənmi, yoxsa cildində
ayrı varlıq, ayrı bəşər?

eşqindən alışıb məşəl olanlar,
səni haqq yoluna çağıranlar
məğlubmu oldu?

səni məşuqə bilənlər, sayəndə
şana, şöhrətə sahib oldu...

gülə gül deyənlərin
üstünə kül tökürsən,
min fitnə, fel tökürsən
felə gül deyənləri
başa çəkirsən...

Allahın yolundanmı azdın,
yer üzü?
səni kim işğal etdi?

görmürsən ki, göylər
götürmür bu zülmü?!
hara dartırsan mənim
ruhumu, canımı, ölkəmi?

Yaltaq şair

...istedad Allahın lütvüdür hər vaxt,
Allah lütvü çoxsa borclusan ona!
borclusan sən onu sərf eyləyəsən
qəlblərin nuruna – Allah yoluna...

sən ey yaltaqlığa baş əyən şair,
şərin əli üstə əl qoyan şair.
iblis hökm eyləyir sənin qəlbinə,
iblis ruhu axır sənin dilinə.

Peyğəmbər də sənə lənət oxumş,
bax Qurani - Kərim ayələrinə.
o misra dediyin zəhərlərinlə
sən müdhiş bəlasan doğma elinə!

Nəsimi

Allah yaratdı insanı iki cahanın cahanı,
Hər insan yer üzüylə qəlbinin bir dastanı.

Baxma insan vücudu yer üzünün əsridi,
Qəlbinsə ərşə qədər bilinməz ol məkanı.

Qəlbi nurdan doğulan köklənir kainata,
Haqdan alır əmrini, olur haqqın sultanı.

Hələ ki yer üzündə şərin öz hökmü çoxdu,
Ahəngdən uzaqdadı hələ yerin ərkanı.

Ahəngə-Allah yoluna çağırır insanları,
Dinlər, müdrik insanlar hər vədə bu dünyanı.

Görəndə ki, insanlar nizamdan üz çevirir,
Göy üzü Nəsimiylə qaldırdı o üsyanı.

Zəka

qabiliyyət layları var kainatın,
hər kəsin onlardan payı ayrıdı,
hər kəsi neçə qat himayə edir,
hər kəsdə onların sayı ayrıdı...

kimin zəka qatı bir seyrək bulud,
kimində nur dolu kəhkəşan kimi,
o qatlar hər yerdə ahəng içində
olurlar zəkanın, qəlbin hakimi.

bir nur içindəsə qəlb ilə zəka
mələklər səni öz doğması bilir,
varlıqlar sirrini açırlar sənə
hər yandan qəlbinə işıq tökülür.

Bu yer-göy dözmür daha...
nədən fəlakətlər çoxalır belə?

Ölkə-ölkə, öymaq-oymaq böldülər,
Çox döydülər yer üzünün ruhunu...
Bu aləm hirslənib, qeyzlənib indi
Tarix boyu duymadılar ahını...

Qalxır haykırsın ki, hər nizam üstə,
Bir ayrı nizam var, ondan da ali.
Sonsuz nizamların ahəngdir hökmü,
Ahəngi pozanın pozular halı.

İnsan çox aldatdı özünü hər vaxt,
Dedi: - nizam verən mənəm ləngərə.
Amma dar günündə ayıldı qəfil,
Ümidlə yalvardı sonsuz göylərə.

Köhnə fironluqlar dağıldı, getdi,
Kainat hökmünü verir hər yanda.
Onu duymayanın cəzası ağır,
Hər şey alt-üst olar bir sirli anda.

# 4316 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #