Atasını Nargində güllələdilər, anası nişan üzüyünü bir çuval una dəyişdi, Səməd Vurğun məşhur şeirini ona həsr etdi - “Xalq düşməni”nin şair oğlu 

Atasını Nargində güllələdilər, anası nişan üzüyünü bir çuval una dəyişdi, Səməd Vurğun məşhur şeirini ona həsr etdi - “Xalq düşməni”nin şair oğlu 
19 avqust 2021
# 12:14

Bu gün şair, tərcüməçi, dramaturq Adil Babayevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olub. O, çox çətin uşaqlıq və yeniyetməlik dövrü yaşayır. Anadan olandan altı ay sonra atası xalq düşməni kimi həbs olunaraq Nargin adasına aparılır və heç bir sorğu sualsız güllələnir.

***

Anası ilə təkbaşına qalan Adil olmazın əziyyət çəkirlər. Adil məktəb yaşına çatanda ondan atasının adından imtina etməsi tələb olunur. Əks təqdirdə digər şagirdlər kimi oktyabra, pioner, komsomol kimi mərhələləri keçməyəcəyini deyirlər. Bu hal isə sovet məktəblisi, insanı üçün təhqirə bərabər idi. Ancaq bütün bunlara baxmayaraq Adil heç vaxt nə atasından, nə də onun adından imtina etmir.

1956-cı ilə qədər A.Babayevə “Xalq düşməninin oğlu” kimi əziyyətlər veriblər. Bəxtiyar Vahabzadə yazırdı: “Adil çox yerdə sıxıntı keçirir, çox yerdə sözünü açıq deyə bilmirdi, ehtiyat edirdi. Atasının həbs olunaraq, xalq düşməni kimi güllələnməsi onun üstünə kölgə salırdı və ona görə də çox zaman ona irəli getməsində mane olurdu, yəni arta bilmirdi. Atası güllənənəndə Adil bir neçə aylıq olub. 1956-cı ildə tam bəraət alana kimi Adili çox incidiblər. Mən bunun şahidiyəm”.

***

1956-cı ildə Adilin atası bəraət alır. Onun tam günahsız olduğu sübuta yetirilir. Lakin, heç bir sərvəti olmayan, kasıblıq, zillət görən qadına təqaüd və müəyyən imtiyazlar ayrılsa da, o, onların hamısından imtina edərək deyir: "Mən ərimin qan pulunu almaram".

Adil Babayev 1938-ci ildə Naxçıvandakı 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirir. Daha sonra Tiflisdə M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olur. 1943-cü ildə isə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olur.

***

İyirmi yaşında yazdığı "Çinar" şeiri “Kommunist” qəzetində dərc olunur. Qəzetin baş redaktoru Əli Vəliyev müəllifi tanımır, amma şeir xoşuna gəldiyi üçün çap edir, hətta qonorar da yazır. Bu şeir Adil Babayevin ədəbi taleyinə birbaşa təsir göstərir. Səməd Vurğun xəstəxanada yatanda həmin şeiri oxuyur və çox xoşuna gəlir. Əli Vəliyevə zəng vurub şeiri bəyəndiyini və müəllifə şeir həsr edəcəyini deyir. Bir həftədən sonra Səməd Vurğunun Adil Babayevə həsr etdiyi "Mənim arzum" şeiri çap olunur.

Daha sonra onlar Yazıçılar Birliyində tanış olurlar. Təklikdə qalanda isə Səməd Vurğun Adil Babayevə deyir “Bakıda xəzri, gilavar küləyindən əlavə, başqa küləklər də əsir. Özünü o küləklərdən qoru”.

***

A. Babayevin bədii yaradıcılığı çoxcəhətlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub; əsərləri xarici dillərə tərcümə olunub. Yaradıcılığında tərcümə xüsusi yer tutub. Dünya ədəbiyyatından V.Şekspirdən, V.Vişhevskidən, N.Dumbadzedən çoxlu tərcümələr edib. Onun tərcümə etdiyi V.Vinnikov və Y.Osnosun “Ağ şanaküllə”, Sao-Yuyyanın “Tufan”, Ş.Miloravanın “Tiflis haqqında mahnı”, N.Dumbadzenin “Darıxma, ana”, M. Petrieskunun “Ölümü görmüş insan” pyesləri tamaşaya qoyulub. “İkinci simfoniya”, “Ürək nəğməsi”, “İlk addımlar”, “Xəzər sahillərində”, “Döyüş yollarında”, “Ana ürəyi”, “Unudulmuş, “Qılınclar arasında”, “ Ata sorağında” kitabları çap olunub.

Şeirlərində yaşadığı çətin günlərin ağrısı qırmızı xətt kimi keçib. Aclıq illərində anasının bir çuval buğdaya dəyişdiyi nişan üzüyü haqda onun yazdığı "Anamın üzüyü" şeirində də həmin qara günlərin kölgəsi təsvir olunur.

***


Əməkdar jurnalist, pedaqoq Etibar Babayev Adil Babayevin oğludur. O, atası ilə bağlı müsahibələrin birində deyir: “Altı yaşım vardı, ev telefonumuz zəng çaldı. Mən uşaq marağı ilə qaçıb telefonun dəstəyini götürmək istəyəndə atam artıq dəstəyi məndən əvvəl götürmüşdü. Mən isə sakitcə dayanıb atama sığınmışdım. Zəng vuran onun yaxın dostu, həmyerlisi prokurorluqda yüksək adam idi. O, atama atasının tam bəraət aldığını, bu barədə sənədlərin artıq Moskvaya göndərildiyini xəbər verdi. Ani bir sükut yarandı. Birdən gördüm ki, əlimin üstünə su damcıları düşür. Başımı qaldırıb baxanda atamın ağladığını gördüm. Həmin zəng sonralar Adil müəllimin xoşbəxt olmasına kömək etdi desəm, yalan olar. Bəzən adama elə yaralar vururlar ki, sonradan baş verənlərin onun üçün əhəmiyyəti olmur. Atam ona qədər də xoşbəxt idi. O, artıq öz həyatını, yaşam tərzini, hətta yaralarını da olduğu kimi qəbul etmişdi. İçindəki işıq ona əlli iki il yaşamağa bəs etmişdi. Ən xəstə vaxtında belə, atam o işığı sönməyə qoymadı”.



Adil Babayev 19 avqust 1977-ci ildə əlli iki yaşında ürəktutmasından vəfat edir.

# 8994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #