41 yaşını qeyd edən kəlbəcərli şair: “Elə ən çətini də budur” - Müsahibə

41 yaşını qeyd edən kəlbəcərli şair: “Elə ən çətini də budur” - Müsahibə
4 avqust 2021
# 14:20

Bu gün əslən Kəlbəcərdən olan şair Ələmdar Cabbarlının doğum günüdür. Onun 41 yaşı tamam olur. Kulis.az bu münasibətlə Ələmdar bəylə söhbəti təqdim edir.

- Ələmdar bəy, ad günü sənin üçün nədir? Qeyd edirsən adətən?

- Ad günlərinə sıradan bir məsələ kimi baxıram. Salam Sarvanın misrası var: Hər gün ad günüdür dünyada... Yəni mənim fikrimcə burada qeyri-adi bir şey yoxdur, hər gün kimlərinsə ad günüdür. Heç vaxt ad günlərimi xüsusi qeyd etməmişəm. Amma builki xoşbəxtlik odur ki, ad günüm ilk dəfədir Qarabağ zəfərinin ovqatındadır. Ən böyük arzuma çatmışam, torpaqlarımız azad edilib qəhrəman ordumuz tərəfindən. Bu gün də yıxılıb ölsəm, ta bundan sonra özümlə bağlı heç bir arzum yoxdur.

- O sualı verəcəkdim. 28 il sonra ilk Kəlbəcərli ad günü... Necə hissdir?

- Bu izaholunmaz hissdir. Dünyanın bütün sözlərini, təşbehlərini yığsam da, izah edə bilmərəm.

- Gedə bilmisiniz Kəlbəcər?

- Rəhmətlik Sücaətin misraları var:

Xəyalımda, yaddaşımda, yadımda
Kəlbəcərdən çıxa-çıxa qalmışam.

Əslində ruhum elə orda idi, gəlməmişdi ki... Yenə də ordadır. Amma hələ getməmişəm. İnşallah ilk fürsətdə gedəcəyəm. Gedənlər xoşbəxtdirlər.

- Bu il gedən çox oldu. Hətta yaylağa gedənlər də oldu...

- Hə. Min şükürlər olsun. Hamımızın ürəyi əsir ki, daha tez gedək. Hətta bəziləri giley elədi ki, niyə filankəs gedir, mən getmirəm. Amma mən bu cür düşünmürəm. Əsas odur ki, o torpaqlarda üçrəngli bayrağımız dalğalanır, qəhrəman əsgərimiz dayanır. Qalanı düzələndir. İnşallah gedib oralarda yaşayacağıq.

- Ələmdar bəy, deyirlər sən bir şair üçün gərəyindən artıq ağıllı və soyuqqanlısan. Bu, doğrudan belədir?

- Ağıllı olmaqla bağlı özüm haqqında nəsə desəm, bu, ən böyük ağılsızlıq olar. Amma soyuqqanlı deyiləm, əksinə çox istiqanlıyam.

- Bəs niyə belə bir fikir formalaşıb? Bəlkə alimliyinizdən irəli gəlir?

- Vallah bu barədə dəqiq bir söz deyə bilmərəm. Alimliyə gəlincə, yazdığım elmi işə görə alimlik dərəcəsi almışam, həm də dosent elmi adım var. Amma bir insanın özünə “mən aliməm” deməsini də uğurlu hesab etmirəm.

- Alim olmaq çətidnir, yoxsa şair?

- Əlbəttə, şair olmaq çətindir. Şairlik üçün xüsusi istedad və Allah vergisi lazımdır. Alimliyə isə böyük zəhmətlə çatmaq olar.

- Kəlbəcərdə xalq şeirinin güclü ənənəsi var. Bəlkə buna görə modern şeirə gəlmək əslən ordan olan şairlr üçün çətindir?

- Mən düşünmürəm ki, Kəlbəcərdən olan şairlər modern düşüncədə yazmırlar. Ənənəvi formada yazırlar, amma düşüncə yenidir. Elə ən çətini də budur.

- Ən çox hansı imzaları bəyənirsən?

- Bəyəndiyim imzalar çoxdur, ad çəkmək istəmirəm.

- Sizcə, Kəlbəcər şairləri filoloji yöndən nə qədər araşdırılıb?

- Kifayət qədər araşdırılmayıb. Müəyyən qədər araşdırılıb. Professor Şirindil Alışanlının rəhbərliyi ilə İlham Məmmədli "Kəlbəcər ədəbi mühiti" mövzusunda dissertasiya müdafiə edib, monoqrafiya yazıb. Kəlbəcərdə xeyli şairlər var ki, onlar haqqında ayrıca dissertasiyalar yazılmalıdır. Kəlbəcər yeganə rayondur ki, bir rayon ayrılıqda ədəbi mühit hesab olunur və elmi cəhətdən də təsdiqini tapıb.

- Qəribədir, Ənvər Rza kimi ingiliscə yaxşı bilən və dünya poeziyasından dərs keçən bir alim belə Kəlbəcər ənənəsində yazırdı...

- Bu təbiətdən, sazdan, hamımızın ustadı sayılan Dədə Şəmşirdən, Göyçə və Kəlbəcər ədəbi mühitindən gəlir. Sabir Rüstəmxanlı deyir, Kəlbəcərdə nə qədər istədim başqa formada yazım, alınmadı, hamısı qoşma, gəraylı oldu. Yəni hər bir insan doğulduğu təbiətin övladıdır. O ki qaldı Ənvər Rzaya, fikrimcə o, dünya ədəbiyyatının böyük şairidir.

- Kəlbəcərsiz illərdə də o ənənə itmədi, daha da gücləndi. Sücaətin, Bəhmanın, Şamil Dəlidağın, Qəmkeş Allahverdinin şeirləri dillər əzbəri idi....

- Bəli, itmədi. O ənənə həm də Kəlbəcər ruhunu yaşatdı. Bu illər ərzində bizim ağsaqqalımız Qənbər Şəmşiroğlu "Aşıq Şəmşir Ocağı"nı yaratdı. Demək olar ki, hər həftə oraya toplaşdıq, müzakirələr apardıq, kitablar çap etdik, təqdimatlar keçirdik. Bu gün Dədə Şəmşirin, Sücaətin, Bəhmanın, Şamil Dəlidağın, Qəmkeş Allahverdinin, Dəmirçi Abbasın, Mehdixanın, Vəli Çiçəkdağlının, Əmrah Qəmxarın, İdris müəllimin və dünyasını dəyişən bütün şairlərimizin ruhu şaddır. Şükürlər olsun.

- Kəlbəcərin azadlığına şeir həsr etmisən?

- Ümumi Qarabağın azadlığına həsr etmişəm - başda Şuşa olmaqla.

- Şeirimizin bu günü haqda nə deyə bilərsən?

- Təxminən on-on beş il əvvəllə müqayisədə bugünkü gənclər arasında daha çox nəsrə maraq artıb və yaxşı nümunələr də var. Elə dünən sizin saytda Nadir Yalçının maraqlı bir hekayəsini oxudum. Belə bir mənzərə hiss edirəm ki, sanki şeir bir az arxa plana keçib. Amma bu da dalğa kimidir, bir dəfə də şeir önə keçəcək. Ümumiyyətlə, ədəbiyyatımızın sabahı haqqında ümidlərim böyükdür. İstərdim ki, ədəbi tənqidimiz də buna adekvat olsun.

- Özünüz filoloqsuz, tənqidin adekvat olması üçün siz də yaza bilərsiniz...

- Görünür, lap yaxşı mətn olmalıdır ki, yaxşı da tənqid olsun. Obrazlı ifadə etsək, Puşkin olmalıdır ki, amma mən bunu peşəkar tənqidçilər üçün deyirəm, özüm üçün yox.

- Ad gününüzdə harda olacaqsan?

- İndi işdəyəm. Saat 6-ya kimi yəqin, işdə olacağam. Sonra da əmim oğlu Toğrulun toyudur, ora gedəcəm. Kəlbəcərdən gələndə cəmi 8 yaşı vardı. Bütün yaxınlarım, qohumlarım toyda olacaq, doğmalarımın əhatəsində olacam.

- Toyda şeir deyəcəksən?

- Əvvəllər deyirdim, sonra gördüm, qulaq asan yoxdur, demədim. Beş yüz adam çağırılırdı, səs-küydən eşidilmirdi. İndi bir yaxşı tərəfi var ki, cəmi 100-120 adam olacaq, prinsipcə demək olar.

- Və təbii ki Kəlbəcərdən…

- Qarabağdan.

- Sirr deyilsə, hansını? Bəlkə əvvəlcə bizim üçün deyəsən?

Şuşasız işimiz yarımçıq qalar –
Yarımçıq qalmadı işimiz – şükür!
Gözün aydın olsun, Pənahəli xan
Zillətdən qurtuldu Şuşamız – şükür!

Açılmaz bir düyün çıxdı tilsimdən,
Əla qiymət aldıq Vətən dərsindən!
Müzəffər Ordumun ayaq səsindən –
Silindi gözlərdən yaşımız - şükür!

Millət soy-kökünə, əzələ döndü,
Hər şəhid sönməyən məşələ döndü!
Ogullar hərə bir heykələ döndü –
Qayamız – Mübariz! Daşımız – Şükür!

Bayquş kəsə bilməz Vaqifin dilin,
Şaqraq nəğməsini Xanın, Bülbülün.
Çiçəyi çırtlayıb Xarıbülbülün,
Bahara çevrilib qışımız – şükür!

Yaddaşım dirilib, ruhum oyanıb,
Hamı səngərində sayıq dayanıb.
Yurdum başdan-başa nura boyanıb –
Ta bir də qaralmaz qaşımız – şükür.

Gerçəyə çevrildi hər arzu, murad,
Qarabağ təzədən açdı qol-qanad.
Gözün aydın olsun, qəhrəman Polad,
Aldı qisasını Paşamız – şükür!

- Bir daha təbrike dirik. Müsahibə üçan sağ ol.

- Minnətdaram. İnşallah gələn il Dəlidağda söhbətləşəcəyik.

- İnşallah.

# 2240 dəfə oxunub

Müəllifin son yazıları

# # #