"Sevgilim qapımı asta-asta döyər..." - Mikayıl Rəflinin şeirləri

"Sevgilim qapımı asta-asta döyər..." - Mikayıl Rəflinin şeirləri
25 aprel 2026
# 11:30

Bu gün tanınmış şair, ədəbiyyatşünas, tənqidçi Mikayıl Rəflinin anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

Sevgilim qapımı asta-asta döyər

Sevgilim qapımı asta-asta döyər.
Yağışlar pəncərədə bəhs edən şikəstədən.
Sevgilim bilməz ki, bu hədiyyələr
Hazırdır onunçün dünəndən.
Sevgilim bir söz deməz, oturar yanıma.
Qarşımda bir yığın kağız cırıqları.
Mənə doğru əyilən ipək yanaqlarında
Moruq qırmızılıqları.
Sevgilim gülümsəyərək toplar yetim kağızları
Gözləri məndən icazə istər.
Sonra dəstmal çıxarıb ehmalca silər
Kipriklərindəki gizli yumru ulduzları.
Sevgilim ceyran başını köksümə
Qoyar ki, bu axşam mən bir söz deməyim,
Hər yetən sözdən, hər yetən dostun
Lağlağı nitqindən inciməyim.
Sevgilim qapımı asta-asta döyər...
Bağçamda sadə yox, sanki yağıyam.
Hərdən bir az dəli sayağıyam
Lakin bir zərəm, ustası yox,
Udəba arasında dost havası yox!


Axşam gəzintisi

Axşam yay axşamıdı, axar ulduzlar
Xırda çıraqlarla yoluma tökülürdü
Ağaran gecənin yaxın bir səsi
Çağıran akkordlarla addımlarıma gülürdü,
Ürəyim od tutub yanırdı nədənsə,
Bu axşam siyahətinin əcəb hüsnü vardı:
Ulduzlar-südlü şəbnəmlərdə, mənsə -
Axşamın şəfəqilərində...
Dumanlı bir masal dənizində yanırdı.
Qayıq gah gedir, gah dayanarıdı.
Qızıl suya batmış hərflər boyanırdı
Günlərin mavi vərəqlərində.
Axşam yay axşamıydı, qırmızı lalələr
Xiyabanda salam edirdi gül dərənlərə,
Şəfəq ucalırdı, ulduzlar dönürdü,
Quşlar susub, yol verirdi ərənlərə.
Ərənlər başladı o axşam masal,
Sular səs verirdi, ulduzlar çıraq,
Aldı saz əlinsə şərqi oxuyaraq
Bir pir-nurani, Firdovsi misal.


Romans

Otağım subay gəncin damına bənzər,
Çarpayım, gözəl xalılarım, səsli patefonum var,
Pəncərəm açılanda rüzgar otağımda gəzər.
Tanqodan yorulanda, bəzən radio çalar.
Lakin barmaqlarım kəsər kitab arasında,
Gizlər kiçik xulyaların bir parasını.
Hər kəsin bir könlü var, mənimki iki:
Biri otağımda, o biri –
Nevski prospektindəki...

Moskva.


Düşüncə

Baxıram
Dünyanın gedişinə...
Bakmamak qabil deyil
Bəşərin işinə
Dünya geniş,
Bəşərin qəlbi qədər geniş,
Tarix – bir uzun yol,
Bu yol
Kürədən ulduzlara
Ucalan bir körpü qədər
Uzun bir yüksəliş...
Bir yüksəlişdir bu!
Hər devr
Bir mərdivən...
Ölümə məgrur enən:
Hər şey daima yüksəlir,
Hər şey davamıdır geçən günlərin...
Meyvəsidir bi atomda gizlənən hünərin...
Enənlər bir qaladır
Yapar mərdivənləri:
Gələcək yıkmış geçmişi
Ta əskidən-bəri.
İnanıram bu həqiqətə:
İnanıram ki bu gün
Bıçaq dişlərini
Div kibi qıcırdadan
“Vəhşi” Asya,
Yıkacaq
“Mədəni” qərblilərin
Ağ saçlı mədəniyyətini...
Düşünürəm tarixin bu həqiqətini
Baxıram
Avropanın
Çır-çıplaq budaq kimi
Titrəyən vücuduna...
Bu titrəmə -
Avropanı dolaşan
Qorxunc bir xəyalətin rüzgarıdır.
Bu günkü dünya
İxtiyarlamış bir kaftar qarıdır...
Qarılar öləcək;
Dağlara təkər taxaraq gəlir gələcək!
Baxıram günyanın gedişinə,
Baxmaq qabil deyil
Bəşərin işinə.

Moskva 1928.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər