Sevgili gözləyən məhbuslar – Yeni şeirlər

Sevgili gözləyən məhbuslar – Yeni şeirlər
15 aprel 2022
# 17:00

Kulis.az Şahid Cavadsoyun yeni şeirlərini təqdim edir.

Uşaq vaxtı diksindiyin qaranlıq
Böyüyəndə təkliyinin dostu olsa,
Sən yenə də qorxarsanmı, ya necə?

Yorulanda söykəndiyin kürəyin
Bir gün sənə çevrilən arxa olsa
İnciyib də doluxarsan, ya necə?

Əllərindən yapışdığın sevgilərin
Ovuc xətti sən olmasan
Bəs necə?

Amma dostum, qazılan hər quyunun dərinliyi qədər deyil,
Qazılıb da çıxarılan o torpağın dəyəri
Heyf dostum, yozulan hər yuxunun
Dəqiqliyi qədər deyil
Sən gördüyün o yuxunun dəyəri.

***

Hərdən yağış belə yumur torpağı
Eləcə üzünə su səpir keçir.
Hərdən günəş belə yandırmır yeri
Eləcə isidir, gün səpir keçir.

Gülümsə, gün kimi, yağış kimi ol
Nə bir leysan kimi, nə qızmar kimi.
Gülümsə, dən kimi, buğda kimi ol
Yanında adamlar – Göyərçin kimi.

Gülümsə, həbsxana divarlarında,
Sevgili gözləyən məhbuslar kimi
Gülümsə, palata divarlarında
Son çıxış günündə xəstələr kimi.

Gülümsə, bir azca dostu sevindir
Bəzən SEVİNC gətir öz düşməninə.
Bu şəhərdə hər kəs bir az dostdur, dost
Hər kəs bir az düşməndi biri-birinə.

Gülümsə, dünyanın keç ələyindən
Sən gülən gözlərə Allah xoş baxar.
Çəkdiyin ahların dərinliyində
Mütləq ki, bir sevinc, XOŞBƏXTLİK yatar.

***

Hər dua göylərə çatmır, qadası
Bu ümid kəndiri, dua kəndiri
Allah da eşitmir heç duamızı
Göydə silah səsindən dua kiriyir.

Başladı davanı – Qabil, ya Habil?
Habil başı yarıq, qandı boğazı
Həvva ayıra bilmir mübahisəni
Adəmin də yetmir göyə duası.

Şah İsmayıl qılıncı qana bulaşıb
Taxtına çıxandan savaşlar bitmir
Dəstəmaz suyu da qana qarışıb
Yerdə əza əlindən gül-çiçək bitmir.

İntiqam hissləri boğub hamını –
Bir qarış torpağın həsrətindədir
İlahi, nə olar, əyil aşağı,
əmr elə: torpaqlar bütün mənimdir!..

Oyuncaq silahmı uşaq əlləri?
Hanı o gül-çiçək qoxan uşaqlar?
Torpaq şahlarının qurbanı indi
Üstü-başı barıt qoxan uşaqlar.

Ümid gələcəyədir, ya ümid yoxsa?
Yenə də, yenə də qan tökməliyik?
Bu gələn dünya da barıt qoxusa,
Neyləyək, bir parça can verməliyik

***

Çökürsən, əllərin qalxır səmaya
Sən hələ uşaqsan, dua qıl, kiri...
Əllərin çatmasa göydə Allaha
Yerdə ayağına bərk tutun, yeri!..

Arzu – iynə sapı, dünya – dəlikdi
Hər kəs bu dəliyə sap keçirir – Boş...
Ya meymun övladı, ya Allah qulu;
Fərqi yox – Hamının bəxti boşdu, boş.

Haşa
sən elə özün də öz ümidinsən
yaxşı, sən deyilsən, kimdi səbəbkar?
Tutunduğun YERdən yenə yıxılsan
anla ki, O YER yox, sənsən günahkar.

***

Və beləcə bir ümidlə, bir xəyalla uzaqlara gedərsən
Bu dünyanın tozunu da, kirini də ovudub
Təp-təzə bir dünyaya yol açarsan
Gedərsən

O dünya, hər şeyin yaxşı olduğu
Çiçəklərin solmadığı,
Qarğanın cəh-cəh vurduğu
Sevənin aldatmadığı
Bir dünyadır.

O dünyaya getməyə
Nə ayaq gərək
Bu elə dünyadır bu dünyada
Büdrəyərkən tutunmağa
Nə əl gərək?

Və beləcə o dünyaya
Ya musiqi səsi ilə
Ya sevginin səsi ilə
Ya yuxunun şiriniylə, şəkəriylə
Gedərsən.

Amma bircə şey də var ki,
Nə qədər də sevgi dolu dünya olsa
Bu dünyadan sən YUXUDAN ayılanda
Yıxılarsan, ÖLƏRSƏN...

***

Nə olsun günəşəm, amma qızmar yox
Nə olsun yağışam, amma leysan yox
Fəqət hamı narazıydı məndən
Əslində, özüm isitmirdim
sərinkeşi olmayan evləri
Əslində, özüm yağmırdım
evi damanlar üçün
Bunu heç kəs bilmədi...

***

İlahi, bircə bu adamlara başa sal ki –
Kal dərilmiş meyvə yetişmir;
Çürüyür!

Ana, bircə məni başa sal ki,
Məni bətnindən niyə kal dərdin?
Axı burda bir bala çürüyür...

Eh...
Məni tutduğum yox,
TUTUNDUĞUM yerlər yıxdı.

Və indi bildim ki,
Yıxılmaqçün Nəyəsə, Kiməsə ilişmək lazım deyilmiş
Öz ayağımdan büdrəmək məni yıxdı, ana...

Возможно, это изображение (2 человека, люди стоят и небо)

# 2827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #