"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri

"Səni ya ədalət, ya qan hərləyir!.." - Akif Azalpın şeirləri
7 aprel 2026
# 15:00

Bu gün şair Akif Azalpın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Ağ kağıza

Anıram səninlə ötən illəri,
Amansız yollarda tale yoldaşım!
Qohumdan, qardaşdan, dostdan irəli
Qələm arxadaşım, könül sirdaşım!

Ağuşun sehrlər çağda hər səfər
Vurulandan bəri şeirə, qəzələ,
Mən sənin üzünə baxdığım qədər
Hələ baxmamışam heç bir gözələ!

Olubdu, huşumu başdan alanda,
Səni gül yerinə qoxulamışam!
Olubdu, yorğunluq əldən salanda,
Baş qoyub üzünə yuxulamışam!

Haqqın, ədalətin qəmin yeyəndə
Kimləri bələktək isitmisən sən.
Üzünə baxaraq yalan deyəndə
Kimləri kəfəntək üşütmüsən sən.

Çox sağ ol! Mən sənə heyran baxdıqca
Sən məni işvəli qoynuna dartdın.
Mən sənin üzünə qara yaxdıqca
Sən mənim üzümü daim ağartdın!


Bir bayatıya son söz yerinə

Bir sütül oğlanın lal baxışından
Ay üzündə qalan o izlər haqqı!
Göydən müjdə alan bir bakirənin
Bətninə əkilən o sözlər haqqı!
Dünyanı yaradan sevgidir ancaq,
Dünyanı yaşatsa, o yaşadacaq!

Sürünə-sürünə bir kam yolunda
Qançır-qançır olan o dizlər haqqı!
Ümidin sonundan bir qaraltıya
Baxa-baxa dolan o gözlər haqqı!
Dünyanı yaşadan sevgidir ancaq,
Dünyaya nə qalsa, ondan qalacaq!

“Qartopu” oyunu

Hara aparırdı o ağappaq düz,
Bilmirdik, göylərdən nə ələnirdi.
Gecələrdən belə sirli bir gündüz,
Bəyaz duvağında nəşələnirdi.
Qaçırdıq, qovurduq yıxıla-dura,
Qartopu ataraq bir-birimizə.
Ağca sükunətə gəlmişdi sıra,
Qəfil dayananda nəfəs-nəfəsə.
Nə baş verdiyini artıq sezirdik,
Könüllər səssizcə nəğmə deyirdi.
Mənim baxışımdan səndəki keylik,
Sənin baxışından qar əriyirdi…


Gəlsən, özün gəlmə!

Gəlsən, özün gəlmə!
Mənə yaddaşımın yadını gətir,
Bir də baxışımın odunu gətir,
Bir də dodağımın dadını gətir!

Gəlsən, yalqız gəlmə!
Mənə təkliyimin röyasın gətir,
Bir də o dənizin havasın gətir,
Heç olmasa, bir cüt dalğasın gətir!

Gəlsən, təkcə gəlmə!
Sənsiz illərimin qədrini gətir,
Bir də o baharın ətrini gətir,
Şeirimin bir yanar sətrini gətir!

Gəlsən, elə gəlmə!
Onlar da sənin tək düşəndən uzaq,
Yovuşmaz oldular heç kimə heç vaxt,
Gəlsələr, səninlə gələrlər ancaq!

Gəlsən, özün gəlmə!..


Qınaq

“ – Kişisən , bu nədi , kişi olan kəs
Bir qadından yana bu günə düşməz!
Ölsə , ölən kimi ölüb qurtarar,
Qalsa qalan kimi qalıb yaşayar,
Bir qadından yana bu günə düşməz!

Kişisən, ağlama, kişi yaramaz
Bir qadından yana belə ağlamaz!
Qəhərinə qoşub deməz dediyin,
Göz yaşına qatıb yeməz yediyin,
Bir qadından yana belə ağlamaz!

Kişisən, unudub o cadugəri,
Sil o göz yaşını, boğ o qəhəri,
Ya da divardan o paslı xəncəri
Alıb sapla mənim düz ürəyimə,
Belə kişi ola bilmədiyimə!”


Ev

Günbatana gedən yol qırağında
Bir evə zillənir yolçu nəzəri.
Yaxına gəldikcə hər bucağında
Ünsüz qarşılayır quş lələkləri.

Yağmurlar döymüş ağ suvaq altından
Kələ-kötür daşlar qaralır tək-tək.
Qaralır çat atmış divarları da
Kimsəsiz qəlbimin uçuqlarıtək.

Sahibi kim imiş, əgər sağdısa,
Hara yol alıbdı, niyə tərk edib?!
Kimindi dağılmış bu qapı-baca,
Pis gündənmi atıb, özümü gedib?!

Bir alma ağacı dəyir gözümə,
Dibində saralan nimdaş cecimdi.
Elə qəmli-qəmli baxır üzümə,
Elə bil yıxılan mənim evimdi.


Şair

İçində alışan dərdi yazınca
Bir gülün ətrinə qərq olur masan.
Sübhə qədər səni salıb dalınca,
Aparır uçurum yaxasınacan.
Səni ya məhəbbət, ya qan hərləyir!..

Kiminsə göz yaşı boğur səsini,
Keçirsən yanından ah çəkib dərin.
Qırmaq istəyirsən pəncərəsini,
Canı şüşələrdə olan divlərin.
Səni ya ədalət, ya qan hərləyir!..

Qəmgin qaldırırsan, canında ağrı,
Yol ortasındakı ney qırığını.
Zəhmindən yarılır zülmətin bağrı,
Saxlaya bilmirsən hayqırığını.
Səni ya hürriyyət, ya qan hərləyir!..

Şərin qapısını döydükcə bərkdən,
Min əsrlik nifrət damır gözündən.
Zamanın üzünə düzün deyərkən,
Ağ yalana lənət yağır sözündən.
Səni ya həqiqət, ya qan hərləyir!..

Dantesin “yubiley”i

Biləndə heyrətdən dondum yerimdə,
Heç demə, seçməklə 37-ni,
Şeytan dəstəsi qeyd edirmiş həm də,
Dantes gülləsinin yüz illiyini!
Bəli, bəli, yanlış eşitmədiniz...
Güllə yağışına tuş edilirdi
İlahi qüdrətin məğrur başları:
Hər yurddan Puşkinin mütərcimləri,
Hər xalqdan Puşkinin taledaşları...
Dəm idilər məxfi üçlər bəzmində,
İosif, Lavrenti, Anastas – Ponti!
Vələdüzzinalar vəfa əzmində
Sələf zəfərini bayram edirdi.
Qatil şərəfinə səslənən tostlar,
Havalanırdı kin burulğanından.
Baş cəllad coşurdu: “Qaldırın dostlar,
Gözəl şərab yoxdur şair qanından!..”
“İşverən”lər ilə yağan böhtanlar
Öz “iş”in görürdü hər gecəyarı:
Atəşfəşanlıqla gülləbaranlar
“İrs” qoyub kütləvi məzarlıqları...
Gələcəyə qarşı qurulan qurğu,
Qoyurdu qaçılmaz süqutun himin.
Rusiya susurdu, xalqlar susurdu,
“Boris Qodunov”da susduğu kimi...

Motsart nidası

(“Keçmişdən nidalar” silsiləsindən)

Dostluq şərəfinə sağlıq nəşəsi
Həyatım boyu tərk etmədi məni.
Dosta bəxş etməkdir dostun peşəsi
Həyatın özütək şirin töhfəni.

Başqa söz-söhbətin qalmadı yeri,
Ver görüm qədəhi, dostum Salyeri!

Qoy seçdiyin sovqat göstərsin gücün,
Şan-şöhrətdən heykəl ucaldıb sənə.
Yox-yox, taleyimdən giley nə üçün,
Tale sənin kimi dost verib mənə.

Artıq təsəllinin qalmadı yeri,
Qaldır qədəhini, dostum Salyeri!

Bilmirəm, qəlbimi titrədən o səs,
“Sehrli tütəy”in nidasıdırmı?!
Avazdan müqəddəs, səsdən müqəddəs
“Türk marşı”nın məğrur sədasıdırmı?!

Başqa söz-söhbətin qalmadı yeri,
Ver görüm qədəhi, dostum Salyeri!

Çox da ki, büt bilib hər kəs adımı,
Saçır pərəstişin güldəstəsini.
Hər gün Qara adam döyür qapımı,
“Rekviyem” gözləyir son nöqtəsini.

Artıq təsəllinin qalmadı yeri,
Qaldır qədəhini, dostum Salyeri!

Sənin sağlığına içirəm bunu,
Həsəd mələyini alqışlayaraq!
Bu dünya əzəldən sənin olubdu,
Bu dünya əbədi sənin olacaq!

Başqa söz-söhbətin qalmadı yeri,
Ver görüm qədəhi, dostum Salyeri!

Turan havası

Hüseyn Cavidin 100 illiyində Əli bəy Hüseynzadənin ruhuna ehtiramla!..

Ağca-ağca buludların o üzündən,
Uca-uca zirvələri cingildədib,
Süzülərək içimdəki göy üzündən,
Qoca-qoca çinarları dingildədib,
Oynadır özgə dünyanın allı-yaşıllı sevdası,
İçimdə Turan havası, dışımda Turan havası!

Şahbaz-şahbaz kəhərlərin nəfəsində,
Bəyaz-bəyaz səhərlərin çeşməsində,
Bir mələyin eşqi ilə bəzədilmiş
Qotaz-qotaz yəhərlərin həvəsində,
At səsinə, su səsinə, qız səsinə bayılası
Yaşımda Turan havası, başimda Turan havası!

Bayraq-bayraq torpaqların öygüsünü,
Yarpaq-yarpaq könüllərin sevgisini,
Durna köçlü çadırların qatarında,
Ocaq-ocaq yuvaların ülgüsünü
Pıçıldayır Bəzz qalası, Qız qalası, Az qalası,
Dağımda Turan havası, daşımda Turan havası!

Bir səs gəlir qayaların bitiyindən,
Alp Ər Tüngə, Maday xanın dediyindən,
Qurd oxuyur köz-köz şaman duasını,
Aya baxıb Tanrıdağın gədiyindən...
Nağıl kimi sehirləyir səmanın Qızıl alması,
Yazımda Turan havası, qışımda Turan havası!

Arxasınca Qaspıralı arslanların,
Göyalpların, Cavidlərin, Toğanların,
Akpınarın heyrətinə heyrət qoşan
Buğraların, Çokayların, Çolpanların,
Yürüdükcə könül deyir, bizdən bu hava qalası,
Türkümdə Turan havası, marşımda Turan havası!


Oljas Süleymenova

Bəs deyilmiş kimi dillərdə dastan,
“Kız ku!” şiddətitək şux təranələr!
Bəs deyilmiş sanki Dəşti-qıpçaqdan
Aləmə səs salan şah türkanələr!

Nurun saçan kimi mümtaz “Az i Ya”,
Açıldı tarixin ən sərt düyünü!
İndi sizə baxıb qoy görsün dünya
Asiyanın necə böyüklüyünü!


Dərd

Dağılıb gedirəm planet kimi,
canımdakı ağrılar qarışıb bir-birinə...
Başım Avropanın debat zirvəsi kimi
uğuldayır aramsız.
Köksüm yanıq qoxuyur
talesiz Asiyanın son viranəsi kimi.
Sağ qolum gücə düşüb,
sızıldayır biləkdən,
Amerikasayağı yumruğunu düyməkdən!
Damarları qabarmış ayağım zoqquldayır
yarımcan Afrikatək.
Tanrım, son ümidim sənədir yenə,
bircə ayağımı çox görmə mənə!
Şükür, kara gəlməkdə
nisbətən dinc sol əlim,
Avstraliya kimi
olub az-çox təsəllim.
Ağız-ağıza verib qulağımda iki səs,
Biri ağı başlayır:
“Şair, halın vaydı, vay!”
Biri inam aşılayır:
“İrəliyə solaxay!”
Nə bilim, həkim deyir,
“yalnız bir səbəbdəndi,
hamısı gərginlikdən,
hamısı əsəbdəndi!”
Amma ən çox ağrıdır vecsizliyin nəfəsi,
Vətən şeirlərimə acı kinayə ilə
“İçini yaz, içini!” - deyən dostun tənəsi!
Mənim vəfalı dostum,
Bülbül ədalı dostum,
De görüm, bundan artıq,
bundan sadə, səmimi,
bundan sərt, bundan açıq
Necə yazım içimi,
necə deyim dərdimi?!
Dağılıram doğma planet kimi…

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər