Səni unudanların yuxusuna gələcəksən... - Malik Atilayın yeni şeirləri

Səni unudanların yuxusuna gələcəksən... - Malik Atilayın yeni şeirləri
2 sentyabr 2024
# 17:00

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Bilmir, Tanrım, bilmir.

Ölümdən xəbəri olan tək canlının
Xoşbəxtliyi mayak kimidi
Bir az işıqlı
Bir az yalnız,
Susmaq ən adi yalvarışıdı axı insan ruhunun
Gecənin qorxuducu uğultusunu
Boğmaqdan başqa bir şey deyil
Ürəyin susan zaman
Yüksək səslə televizorda oxunan mahnıya həmdəm olmaq
Səs-küydən bezikib divarı döyəcləyən qonşu
Bilmir,Tanrım, bilmir
Çiy olur
Bir vaxt divardakı güzgüyə baxanların
Divardakı şəklə çevrildikdən sonra yuxusu...


Bir ümid...

Bir ümid var hardasa
Kimsə görməsin deyə üzünü yaylığında gizləmiş süpürgəçi qadının dodağı qaçsa
Ya kimsə sığal çəksə tükləri həyatı kimi küçələrə dağılmış topal pişiyə
Yenidən işıqlanır bu ümid
Dünyaya yenicə gəlmiş körpənin günahsız gözləri tək


Qanadı olmadığına sevinən insan

Üşütmə qucar canını
Qan qırmızı gözlərlə baxarsan sınıq şüşəyə
Bir daha doğmayacaq günəş,
Bir daha
Saçını hörərkən anası,
Döyülən qonşu qızının
Səsi cırmaqlamayacaq divarını
Səni unudanların hər birinin bircə-bircə
Yuxusuna, xəyalına gələcəksən
Əli əsalı,
Çiyni xurcunlu nur kimi
Hər kimi sevmişdinsə
Şəhzadəyə çevrilə bilmədiyin nağılının sonunda nifrət edəcəksən
Göydən üç alma düşməyəcək
Üç ölüm düşəcək üçü də sənin payına
Qanadlarının olmadığına sevinərmiş insan
Sevinərmiş ürəyini sıxan kədərlərin əlindən qaçıb
Sındırarkən öz şüşələrini...


Dünyanın oxşarlığı

Dünyanın hər yerində eyni səs çıxarır
Döyüşdən qayıdan kişinin addımları
O kişiyə sarı qaçan uşağın gülüşü
Döyüşdən qayıdan kişinin
Gözlərindəki yorğunluğu silən qadının gücü
Səssizliyi...


Hələ böyüyəcəksən, balaca

Hələ bu harasıdır
Hələ böyüyəcəksən, balaca
indi atanı görəndə göyə uzatdığın əllərin
Göyüzündən ulduz dərə bilməsə də heç vaxt
Ümidsiz gecələrdə dualar üçün
Qalxacaq göylərə...

Hələ bu harasıdır,
Hələ böyüyəcəksən, balaca
Çiynində gəzdiyin atanı
Çiynində aparacaqsan
Heç kimin gedib-gəlmədiyi o qərib uzaqlara tərəf

Hələ bu harasıdır,
Hələ böyüyəcəksən, balaca
Əsgər olacaqsan,
Ər olacaqsan,
Ata olacaqsan
Oğlun əllərini açacaq sənə sarı
Oğlunu çiynində gəzdirəcəksən...


Sübh çağı, Bakı və Azan


1.

Hələ günəş doğmadan
Yola çıxanlara ümid paylayır müəzzin
"Allahu Əkbər! Allahu Əkbər!" deyərək

2.

Yarpağa düşən şehnəm kimi
Titrəyir
Bakının üstündə Azan səsləri

# 1388 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #