Sənə sevgimdən Vətənə pay vermişəm... – Orxan Saffaridən yeni şeirlər

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

15 fevral 2022
# 17:00

Kulis.az hazırda hərbi xidmətdə olan gənc şair Orxan Saffarinin yeni şeirlərini təqdim edir

Bir gün,
ən sevdiyim paltar da boş qalacaq

Ya siçan didəcək
anamın maral şəkilli cehizlik sandığında,
Ya da qalacaq çarpayımın baş ucunda.

Bir gün,
ən sevdiyim qadın da
tənha qalacaq bu dünyada
Amma bilmirəm nə qədər saxlayacaq
yasımı

Sonra,
sonra Allah bilir kimin qollarında...

Bir gün ən sevdiyim yerlərə də getməyəcəm

Qəfil yada düşəcəm həmişə getdiyim,
O padval kafedə mənə “yüz” süzən ofisiantın yadına

Deyəcək,
bir adam gəlirdi bu biçimdə
Görəsən, hanı?!
Onda mən daimi qaldığım yerdə olacam.

Bir gün,

bir gün mən olmayanda bu dünyada,
çox da böyük dəyişiklik olmayacaq.

Uzağı bir paltar boş qalacaq,
Bir qadın tənhalaşacaq,
Bir adamlıq masa artacaq kafedə

2022, 14 yanvar. Zəngəzur.


Elə indi,

gecənin bir aləmi "həyəcan siqnalına" oyanıb,
növbəti gün “yat” komandasında torpağın altında yata biləcəyin gecələrdən yazıram sənə;

Sənə böyük sevgim var,
Sənə çoxlu sözüm var,
Amma qorxuram ki, deyə bilməyim
O qədər var ki,
sözünü, sevgisini deyə bilməyən.

Bəlkə də bir snayper gülləsinə tuş gələrəm
Bəlkə də bədənimdə daha əllərin yox
5.45 gəzər.

Və sən,
Bir xəbər eşidərsən səsi başına düşən o xəbərçinin dilindən.

Deyər ki, bu gün ordumuzun əsgəri,
yəni mən
filan istiqamətdə gedən döyüşlərdə
Qəhrəmancasına şəhid olmuşam

Onda bil ki, son nəfəsdə də
Belə gözümün son qırpınışında
Ürəyimin ən sonuncu döyüntüsündə,
çırpınışda
sənə olan sevgimi,
sözümü demişəm

Çox da pis olma qızım
Mən sənə olan sevgimdən
Bir az da vətənə pay vermişəm.

Vətən həmişə şəhidlərin uğrunda sağ olacaq
Mən olmasam bir gün
Sən yenə də sağ ol

1 Yanvar, 2022. Bakı


Torpaqların azad olunduğu vaxtlar idi
Mən sənə əsir düşmüşdüm
Tez-tez şəhid xəbərləri gəlirdi ön cəhbədən
Mən onda,
onda sənə çoxdan ölmüşdüm

Qəlpə kimi idi gözlərin
Kəsib aparırdı qəlbimin həsrət yerini
Heç bilmirdim səni necə danışdırım,
İtirmişdim özümün rabitəsini

Barmaqların...

Bədənimdə gəzəndə 5.45,
Sən çıxıb gedəndə 7.62.
Mən torpaqları bildim amma
Mənim yox idi bədənimin,
sən gedəndən düz yarı faizi

Zəngəzur, 11 fevral, 2022.

# 4076 dəfə oxunub

Müəllifin son yazıları

# # #