Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri
26 oktyabr 2026
# 16:33

Kulis.az "Günün şeiri" layihəsindən Nüsrət Kəsəmənlinin "Sevdirə bilmədim özümü sənə" şeirini təqdim edir.

Dəli kimi sevdim gözəl dəlini,
Gül verdim, yandırıb yaxdı əlimi,
Seçib cümlələrin ən gözəlini,
Titrəyib söylədim sözümü sənə,
Sevdirə bilmədim özümü sənə.

Həsrəti, vüsalı qoşa sevdirdim,
Üşüyən əynimi qışa sevdirdim,
Yalın ayağımı daşa sevdirdim,
Tanıda bilmədim özümü sənə,
Sevdirə bilmədim özümü sənə.

Alışıb yanardım köz istəsəydin,
Bir nəğmə olardım söz istəsəydin,
Məni görmək üçün göz istəsəydin,
Kor qalıb verərdim gözümü sənə,
Sevdirə bilmədim özümü sənə.

Sənə hər məktubu yazdım qanımla,
Ruhumla, hissimlə, həyəcanımla,
Sevinclə ölərdim, əgər bununla
Bağışlasaydım mən ömrümü sənə,
Sevdirə bilmədim özümü sənə.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər