"İki ana arasında qaldım mən..." – Bəxtiyar Hidayətin şeirləri

Bəxtiyar Hidayət, şair

Bəxtiyar Hidayət, şair

21 avqust 2024
# 15:20

Bu gün şair Bəxtiyar Hidayətin 50 yaşı tamam olur.

Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini təqdim edir.

Düşmənimiz üçün PUA-larımız,
Əsgərimiz üçün dualarımız
Yayılsın aləmə şüalarımız
Ta yarımçıq qaranlığın bağrını
Vur komandir, ağrın alıım, ağrını.

Müxənnətin yurdu qalsın xaraba
Baxmaq olmaz nöqtə, vergül, dropa
Allah versin “Bayraqdar”a, “Harop”a
Xeyir etsin ordumuzun uğrunu
Vur komandir, ağrın alım, ağrını.

Nə qədər getsək də, ayaq yeri var
Qardaş dövlət kimi dayaq yeri var
Şuşada, Laçında bayraq yeri var
Dinc durduqca olduq illər yorğunu
Vur komandir, ağrın alım, ağrını.

Hikmət cuşa gəldi, ümidvar olduq
Qalib xəbərlərə adətkar olduq
Mais tufan etdi, bərxudar olduq
Ağ üz ilə yendik qara qorxunu
Vur komandir, ağrın alım, ağrını.

***

Şəhid Əliheydər Hüseynov üçün

Ana, məni Ana Vətən çağırdı
İki ana arasında qaldım mən.
Susamışdım – göydən güllə yağırdı
Ağlamadım, bulud kimi doldum mən.

Biz də düşdük bu fələyin oynuna
Cənazəmi el götürdü çiyninə
Ana Torpaq aldı məni qoynuna
İki ana arasında qaldım mən

Bu da bir cür təsəllidi, inamdı
Bu dar məzar ev-eşiyim, binamdı
Bütün şəhid anaları anamdı
Neçə ana arasında qaldım mən?

Göz yaşına dəyməz min-min altın da
Dəfə-dəfə diri-diri öldün də,
Cənnət qəbrim ayağının altında
Candan keçib bu məqama gəldim mən.
Ana, məni Ana Vətən çağırdı,
İki ana arasında qaldım mən.

***

Bu şeir Qazaxın 7 kəndinin işğalda qalma xəbərindən sonra yaranıb

Sənsiz mənə bu həyat
Haramdı, Əskipara.
Gözlərimdə ağımdı
Qaramdı Əskipara.

Bizmi olduq ağciyar?
Yazıq canım acıyar
Meşələri ağ ciyar
Vərəmdi Əskipara

Sağımdı Əskipara
Ağımdı Əskipara
Dağımdı Əskipara
Dərəmdi Əskipara

Haralı Bəxtiyaram,
Bir ölü Bəxtiyaram
Yaralı Bəxtiyaram
Yaramdı Əskipara.

***

Bu şeir də həmin ovqatda yazılıb

Bəlkə də, görsəniz tanımazsınız
Urduma yapışıb urdum, a dostlar.
Köçkünlər dönürlər yurd-yuvasına
Mənim boş qalacaq yurdum, a dostlar.

Səfil qaçqınlıqdan dedim qurtardım
Varım o yerlərə gedim, qurtardım
Mən ki öz içimi yedim qurtardım
Bax belə qonaqlıq verdim, a dostlar

Orda mən varıydım, mövlam varıydı
Qazançıya baxan qıvlam varıydı
Atım, itim, malım, tövləm varıydı
Bax belə xəyallar qurdum, a dostlar

Şərab da acizdi, mey də acizdi
Oxusun bülbülü-şeyda, acizdi
Saz qalıb əlacsız, ney də acizdi
Çəkiləsi deyil dərdim a dostlar.

Bəxtiyar, çətin ki sözüm tutulsun
Di belim əyilsin, dizim tutulsun
Yurdum tutulunca gözüm tutulsun
Mən ki bu günləri gördüm a dostlar.

***

Bu şeir balaca Mədinənin ölümündən sonra yazılıb

Sizin pisliyiniz dünya boydaymış
Əl boyda körpəyə necə qıydınız?
Bir şirin yuxuda, röyada ikən
Acımasız olub gecə qıydınız.

Faşistin yekəsi, terrorun özü
Sizin baş qəhrəman Qaragen imiş.
Məzlumlara zalım, zalımlara qul
Geniniz nə üzüqara gen imiş.

Bir qoca arvadın əlində qalıb
Siz elə bilməyin Makron dövrüdü
Sizinki köməksiz xalqı qırmaqdı
Dro dövrü deyil, dron dövrüdü.

O qədim tarixdən nişanə deyin
Balayan qalayıb sizin "Ocağ"ı
Cənnət edərdiniz sizin olsaydı
Xaraba qoymazdız heç Qarabağı.

O boyda Səddam düzdə qoydu rus
Yaman güvəndiniz siz ona lakin
İndi tək qalmısız, tənha qalmısız,
Tay qulağı kimi Andronikin.

Bəli, belə idi sizin qəhrəman
Qulağının biri vardı, biri yox.
Canavarlar yuvasına qayıdır
Qarabağda "ağves"lərin* yeri yox.

Qaldırın vaxtında ağ bayraqları
Ölünüz az olsun, onlar da candır.
Görürsüz "nabarot qızışıyoruz"
Nəinki Qarabağ – sonra deyərik
Bütün Ermənistan Azərbaycandır.

Qeyd: "ağves" ermənicə tülkü deməkdi.

***

Bu bayatılar ordumuz Laçının Güləbir kəndinə daxil olanda yazılıb

Mən aşiq Güləbirdə
Bir gülən gülə bir də.
Kimsənin yurd-yuvası
Dönməyə külə bir də.

Mən aşiq Güləbirdə
Çiçəyə, gülə bir də.
Könlümüzün aynası
Tutula tülə bir də.

***

Bu şeir Paşinyan Hindistana zəng edəndə yazılıb

Kəndxudalıq edəmməz,
Beş kəndə, kəndistana.
İndi də zəng eləyib
Paşinyan Hindistana.

Keçmir işə lobbisi
Kartaşyan da yaramır
Gəlsin hindin Bobbisi
Qırıbdı bellərini
Azərbaycan xalqının
"Vur komandir" xobbisi.

Rəzil olub aləmə,
Tvitterə, yutuba
O yallı gedən təlxək
Ortalıqda qalıbdı
Di oynasın "Xatuba".
Yol çəkdi Cəbrayıla,
Tuş gəldi Əzrayıla.

***

Bu təcnis Steynar Gilin Naxçıvan xaçqarlarının ermənilərə məxsus olmasını deməsi və həmin vaxt sülhməramlıların Skandinaviyadan olması təklifi zamanı yazılıb.

Abış məllim deyir, sülhməramlılar,
Gərək tapşırılsın Steynargilə.
Demir Norveç hara, Qarabağ hara,
Siyasət bağında Steynar gilə.

Görüm səni vursun, xaç, qara vurğun
Qar üstə qan düşsə, xaç qara vurğun.
Hardan gəlib oldu xaçqara vurğun
Görəsən, nə olub Steynar Gilə?

Bəxtiyar, yaddaşı dəmir sandıq-biz
Dəm arxiv aradıq, dəm irs andıq biz
Onun əqidəsin dəmir sandıq biz
Döndərdi dəmiri Steynar gilə.

***

Topçu Vüsal üçün

Canım topçu, gözüm topçu
Quzu kəsim duruşuna.
Məğrur-məğrur baxışına
Dəqiq, sərrast vuruşuna.

Bunca çəkdi qəhri Şuşa
İtirdi bar-bəhri Şuşa
Qəribsəyib şəhri-Şuşa
Amiranə yerişinə.

Sədan hər yerə yayılsın
Düşmənin gözü oyulsun.
Topun keşiyə qoyulsun
Kəlbəcərin girişinə.

Yaralı Bəxtiyar sənə
Uğur dilər, uğur yenə
Sağ, salamat dön evinə
Ellər gəlsin görüşünə.

***

Savaş sonrası

... Düşmənin ağlı olmadı
Taygöz rəhbərin dediyini
Vurdu qulaqardına
Tayqulaq rəhbərin yolunu tutdu
Elə dərs verdik ki
Vəlvələ düşdü yurduna

Qarabağda at oynadan Paşinyan
Sonra üstümüzə madyanını göndərdi
Böyük güclər dalbadal
Hədəsini, hədyanını göndərdi
Dirəndik...
Hərb tarixinə düşdük
Heyf, sülh tarixinə düşürdülər bizi.

Savaş bitdi yarımçıq
Mavi dəbilqəlilər gəlmədi
Tünd qırmızı berelilər gəlmədi
Əvəzində yaşıl adamcıqlar gəldi
Ah, qalib bayrağım, ah
Ah, qalib bayrağım, ah.

***

Enli kürəkli oğulların
Geniş ürəkli oğulların
Hərəsi bir dar kümədən çıxdı.
Geniş imkan sahiblərinin
Balaları nələr etmədilər, nələrdən çıxdılar.
Amma, ancaq, lakin, zira, intəhası,
Nur üzlü şəhidlər
Daracıq evlərdən çıxdılar
Zülmət kümələrdən çıxdılar.

***

Bu təcnis Rüstəm Muradovla Araikin qucaqlaşma şəklini görəndən sonra yaranıb

Araiklə qucaqlaşan Muradov
Gələydi yerinə qardaş, “yanki”mi?
Sənin adın bizdən, soyadın bizdən
Özünü aparma qardaş, “yan” kimi.

Səni pərçim edib Kremlə rus tam
Kremlə özünü, kremlə, Rustam.
Qiblətək baxırsan Kremlə, Rustam
Sən bizdən deyilsən Qardaşyan kimi.

Bəxtiyar söyləyir, a kar, eşit bir
Türk demiş həpimiz a kar, eşit, bir
Ərdoğan, eşit bir, Akar, eşit bir
Siz bizə baxmayın qardaş, yan kimi.

***

Qanı ilə tarix yazan əsgərin
Haqqını yeyənin qanı xarabdı
Mayası pozuqdu, zatı qırıqdı
Əsili, nəsili, geni xarabdı.

Görüm belələri yesinlər ağı
Heç belə etməzdi kəmfürsət yağı
Özü cəhənnəmə, oğul-uşağı
Elə bəri başdan tanı, xarabdı.

Yaralı Bəxtiyar hərdən duruxdu
Hərdən qəribsədi, hərdən darıxdı
Vallah bu işlərin sonu fırıxdı
Vallah bu işlərin sonu xarabdı.

***

Bilmirəm nə məqsəd, nə məramdı bu
Bir-iki trol da dindiribdilər
Kəlbəcər dağına bayraq qaldıran
Əsgərin pulunu endiribdilər.

Əsgərin maaşı bir qata düşdü
Təəccüb eylədi düşmən də dost da.
O pulu kəsənin xəbəri yox ki,
On qat paltar geysə donar o postda.

Bir Vətən yolu var, min qazanc yolu
Bir gör neynədilər zalım uşağı
Buluddan yuxarı postda duranın
Pulu deputatdan yüz qat aşağı.

***

Açıqlama verdi birisi sonra
Mat qaldım sözünə, rabitəsinə
Dəyməyin əsgərin güvənc yerinə
Dəyməyin zabitin zabitəsinə.

Buluddan yuxarı postda durana
Bağlıdı arzular, bütün umudlar
Heç əskik olmasın pul kəsənlərin
Başının üstündən qara buludlar

***

Şəhidin qəbrinə su damır, yoxsa
Nur üzlü şəhidi torpaq ağlayır?
Başını bulaya-bulaya naçar
Dağlara sancdığı bayraq ağlayır

Nə olsun beş-altı vali dəyişdi,
Başda oturanlar valı dəyişdi.
Ta gözün ağlamaq halı dəyişdi
Həm qara ağlayır, həm ağ ağlayır.

Gözü yol çəkənin dizi nə çəkir,
Qaramat günlərə bizi nə çəkir?
Gör bunu yazanın özü nə çəkir
Qələm sızıldayır, varaq ağlayır.

Yaralı Bəxtiyar, yaramda duzdu
Qələbə qazanan haqqı uduzdu
Adına çəkilən bulaq susuzdu
Bir elin gözündə bulaq ağlayır.


# 4657 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #