Kulis.az Federiko Qarsiya Lorkanın şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir.
Yuxularım
sənin bədəninin ətrindədir.
Bəlkə lap uzaqlarda,
Gecə yarı
Məni bağrına basırsan?!
Röya
Yat,
Rahatca yat...
Bayağı baxışlardan çəkinmə,
Sənə nə kəpənəkdən
nə sözdən,
nə də qıfılın deşiyindən saçan işıqdan ziyan gələr...
Yat,
Sevgini gözləyər kimi
sən mənim ürəyimdə bir bağçaya bənzəyirsən...
rahatca yat,
yalnız sonuncu öpüş dodaqlarında
can verərkən oyan!..
Oyan!
Qayıdacağam
Qanadlarıma görə geri qayıdacağam,
qoy geri qayıdım,
ağ rəngli bir diyarda ölmək istəyirəm,
Dünənlərin diyarında...
Qanadlarıma görə geri qayıdacağam
qoy geri qayıdım,
dənizin gözündən uzaqda,
Sərhədsiz bir diyarda ölmək istəyirəm...
Lolita üçün...
Çayın kənarında
su üzərində dalğalanan gecəni izləyin...
Və Lolitanın sinəsi üzərində
Gül dəstələri sevgidən ölürlər.
Gül dəstələri sevgidən ölürlər.
Dekabr ayının körpüləri üstündə,
Üryan gecənin bəm nəğməsi duyulur,
şor və sünbül dolu sularda
Yuyur bədənini Lolita...
Gül dəstələri sevgidən ölürlər.
Gümüş gecə
Şəhərin damında parlayır...
Gümüşlü sular güzgülər kimi
sənin çiçək rəngli ağ ayaqlarında...
Gül dəstələri sevgidən ölürlər...
Acı
Gülümsədi dəniz
ucqarlarda,
Dişləri köpüklü və dodaqları göy üzü.
- Sən nə satırsan,
Sinəsi açıq qəmli qız?
- Mən dənizlərin suyunu satıram, bəy.
- Qara dərili oğlan,
qanına qarışan nəsə vardımı?
- Dənizlərin suyu varımdır, bəy.
- Bu duzlu göz yaşların hardan axır, ana?
- Mən dənizlərin suyunu ağlayıram, bəy.
- Mənim ürəyim və bu sonsuz acılığın
qaynağı hardandır, görəsən?
- Dənizlərin suyu yaman acıdır, bəy.
Gülümsədi dəniz
ucqarlarda,
dişləri köpüklü və dodaqları göy üzü.
İcazə verin!
Küləkdə fəryad
Yaradır bir sərvin kölgəsini
icazə verin bu əkin sahəsində ağlayım...
Paramparça olmuş dünyada
Qaranlıqdan başqa nəsə yoxdur
icazə verin bu əkin sahəsində ağlayım...
İşıqsız üfüqləri
Qığılcımlar dişləriylə sancıb...
Sizdən istədim ki,
icazə verin bu əkin sahəsində ağlayım...
Mahnı
Əsla oxumayacağım mahnı,
Uyuyubdur dodaqlarımın üzərində.
Əsla oxumayacağım mahnı...
Sarmaşıq gülünün üzərində
Atəşböcəyi vardı,
Və göy üzündəki Ay
İşığı ilə sancırdı suları.
Belə oldu ki, mən gördüm röyamda,
Əsla oxumayacağım mahnı,
Dodaqlarla dolu bir mahnı
Və uzaq yollardan ibarət...
Bulanıq kölgələrin,
didərgin saatların mahnısı...
Ağ günlərin,
Canlı ulduzların mahnısı...