Kulis.az Fərqanə Səfərlinin şeirlərini təqdim edir.
KƏPƏNƏYİN SÜQUTU
Mən bütün kəpənəkləri
Dindirərdim şam üstə.
Qanadları toz tökərdi ovcuma
Qəm üstə.
Deyərdim, ömrü nədi?!
Yığılacaq,
büküləcək bələkdə...
Deməzdim, şeytan gəlib
Əl uzadar,
Dartar onu yedəklə...
Gecəyə ulduz falından
Yön verərdi
Qisməti "pərincə"lər...
Bilməzdilər
Bir gün gələr zülmət yolda
Uçub-uçub
Bir Simurqun lələyində dincələr...
Mən bütün kəpənəkləri
Yandırardım üz üstə.
Sonra peşmanlığımı
Allaha bildirərdim -
günahımın kölgəsində
Cəsədlərin toplamaqla
Diz üstə…
GƏLİRƏM
Yerin pis əməlindən
Üşüyürəm, İlahi -
Göydə bir ocaq qala,
Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər
Mələklərə yol açıb -
Dəftərimi bilməkçün
Arınmağa gəlirəm.
Qaranlıq peşimandı,
Qardaş bilib işığı -
Kəfənin iç üzünə
Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini
Doğuluşdan itirdik -
Bir kəpənək belində
Barınmağa gəlirəm.
GÜNƏŞDƏN YUXARI
Yoxdur buğdanın qanadı;
Yük olmadan qarışqaya
Uçsun sünbüldən yuxarı,
Bitsin torpaqdan aşağı.
Sən də bir gün külək olsan,
Yağışın yolunu kəssən,
İslatdığı hər telinin
Dilini, boyunu kəssən,
Ağlar ürəkdən yuxarı,
Susar daraqdan aşağı.
Gözləginən yarasanı
Alatoran düşən vaxtı.
Gündüzləri haraylama,
Gecələrə düşər baxtı.
Qaçar gözündən yuxarı,
Enməz qulaqdan aşağı.
Yıxılmısan, əzilmisən,
Qanamısan zaman-zaman.
Dizlərinə vaxtın izi
Düşüb qapaqdan yuxarı,
Sızıb topuqdan aşağı.
Adını da unutmusan,
Gözünün rənginə kimi.
Eşqin yaman çaşbaş qalıb
Səni gözləyənə kimi;
Baxıb günəşdən yuxarı,
Görüb ocaqdan aşağı.
Hərdən vicdanın sızlayıb,
İçin-için göynəmisən.
Bir az Allahdan yuxarı,
Bir az dodaqdan aşağı…
DÜNYANIN DÜZ VAXTINA
Mən elə bildim böyüyüb
Yetir insan öz baxtına.
Demə, əyri yol gedirmiş
Dünyanın lap düz vaxtına.
Yəhər yüklü ağrıları ,
Dartır köhlən sağrıları,
Qaçır alma oğruları
Həvvanın ta qız vaxtına.
Yorğun idi dar ağacı,
Ölüm də baxdı qıyğacı,
Laylaların ən qısqancı
Dönük çıxdı saz vaxtına.
Kəpənək doğuşdan bəri,
Bir ipəkdi, bir də dəri,
Qışın oğlan həndəvəri
Çəkdi yolun yaz vaxtına.
AYA DOĞRU
Bir iz qalıb yerdən uzaq,
Bir addım var göyə doğru.
Hansı ulduzun tozuyam
Üzüm baxır aya doğru?!
Sanma, zil muğam üstəyəm,
Şur dinləyən can üstəyəm.
Ömrü yenidən izləyən
Təqvim asdım saya doğru.
Çox işlədi buz dolabım,
Dondu içində inadım.
Gizlətməli yerdi sandım
Gün görmədi yaya doğru.
ÜMİD - QARĞIŞ ÇANTASI
Allahın ətəyinə
Boşaltdım çanta-çanta
Şifahi qarğışları…
Alın yazım olmadı-
Göy üzünə həvalə.
Əzbərlərini pozmur
Bildiyim alqışların…
Bir Şahməran vurmuşdu
Yerin əncər qatında
Köklü diləklərimi…
”Yolçu yolunda gərək”-
deyib asdım çiynimə
Yaşlı ümidlərimi…