Yarımçıq sujet - Orxan Fikrətoğlunun yeni hekayəsi

Orxan Fikrətoğlu

Orxan Fikrətoğlu

7 iyun 2022
# 13:00

Dekoru butalı çayxana İçərişəhərin Murad qapısının qarşısında tikilmişdi. Şişpapaq bəy misalı görkəmi, qala divarlarının dibinə kölgə kimi düşürdü. Deyirdin çayxananın kölgəsi indicə silkinib, üzüyuxarı buludlara tərəf dırmanacaq.

Görüşə yarım saat tez gəlmişdim. Kəklikotu ilə dəmlənmiş çay sifariş vermişdim, yanında da qoz mürəbbəsi. Hava hələ qaralmamışdı deyə, çayxanada müştəri çox deyildi. Qəlyan tüstüsü bir əlçim bulud kimi başımın üstündə halələnmişdi. Hərdən bir qoca kişi kimi xırıltıyla öskürürdü.

Qarşımdakı mizin arxasında iki ərəb oturmuşdu. Animasiya filimlərinin qəhrəmanları kimi "pafosluydular". Ağ əbalı, bığlar daralı, saçlar yağlı. Çox güman ki, indi tanış olduqları yerli qızla pozuq ingilis dilində mübahisə edirdilər. Qız gözəl, sağlam kənd qızıydı. Ucuz makiyajla şəhərlənmişdi. Əlində sellafana bükülü qızılgül tutmuşdu. Ərəblərlə mübahisə edə-edə qoxulayırdı. Qızın üzündə qəribə bir təbəssüm vardı. Yanaqları allanmışdı. Onun titrək səsindən, ərəblərin əsəbi əl hərəkətlərindən və aramsız danışığın sinirindən söhbətin nədən getdiyini təxmin etmək olurdu. Ərəblər qızın onlardan tələb etdiyi pulu vermək istəmirdilər. Qız da sözünün üstündə möhkəm durmuşdu. Məsələ aydın olsa da, nədənsə, mənə çöçün gəlirdi. Axı bu kiçik qızcığaz hardansa uzaqdan gəlmiş iki kök kişi ilə necə belə sərbəst danışa bilirdi? Onun iyirmi yaşı ancaq olardı. Bəlkə də heç olmazdı. Su bokalından içməyə çalışdığı alma şirəsini tez-tez sinəsinə axıdırdı. Bununla belə fikrini ərəblərə sərbəst izah edə bilmişdi və qərarında qətiydi. Hiss olunurdu ki, belə işlərdə artıq təcrübəsi də var.

Hardansa eşitmişdim ki, ən qədim peşə sahibləri "qadın aşiqi" turistlərlə görüşə adətən tək gəlmirlər. Onların yanında danışıq aparan bir kişi də olur. Amma bu dəfə qız tək idi. Və üst-başlarından o qədər də varlı olmadığı bilinən, uzaq başı ölkələrində kiçik əsnaf dükanları olan bu iki ərəblə əməlli-başlı "alver" edirdi.

Mənim də işimin adı nəydi? Görüşəcəyim qonaq gələnə qədər ərəbləri mənfi ədəbi personaj kimi şəkilləndirmək.

Görüşəcəyim qonaq alman idi. Onu bilərəkdən araxçınlı, butalı, folk - çayxanaya dəvət etmişdim. Onlar bizim nağıl süstlü yerlərimizi, insanımızın real dərdi olan yalxı məkanlarından daha çox görmək istəyirlər axı.

Ərəblər, deyəsən, qızın təklifi ilə nəhayət ki, razılaşdılar. Onlar birlikdə ayağa qalxıb yeyin addımlarla qarşıdakı otelə doğru getdilər. Qız tələsdiyindən gülünü masanın üstündə unutdu. Ərəblərdən sonra masanı sahmana salan ofisiant armudu stəkanları, mürəbbə qabını siniyə düzdükdən sonra uca səslə çayxananın müdirini səslədi. Müdir giriş qapısının ağzında oturmuşdu. Kök, bəstəboy kişiydi. Pul kimiydi. İstədiyin zaman sənin üçün xırdalanardı. Bu dəfə də bədəninə uyuşmayan cəldliklə səsə doğru tələsdi. Ofisiant əlində tutduğu gülü müdirə uzadıb pıçıltı ilə qulağına nəsə dedi. Deyilmiş sözə hər ikisi ucadan güldülər.

Elə bu vaxt qonağım araxçınlı çayxananın gün əritmiş qapılarından içəri keçdi. Çayxananın havası onu da bizdən biri etmişdi. Qonağın rəngi də elə bil dəyişmişdi. Gözləri daha axıcı və daha suallı olmuşdu. Nağıllaşmışdı.

Onunla Ay yatana qədər, ədəbiyyatdan, kinodan danışdıq. Fikirlərimi çox bəyəndi və sonda anlaşdıq. Alman qonaq romanım əsasında film çəkəcəkdi. Amma bir şərtlə, dialoqları onun üçün nağıl dilində yazmalıydım. Süjet ancaq folk olmalıydı, reallıqdan uzaq bir şey...

Ayağa qalxanda ərəblərlə "bazarlıq" edən qızın təngnəfəs çayxanaya qayıtdığını gördüm. O, ofisiantdan öz gülünü tələb edirdi. Ofisiant qıza kobud cavab verdi. Onu pis söyüşlərlə söyüb çayxanadan qovdu. İşə qarışdım. Qızın gülü masanın üstündə unutduğunu öz gözlərimlə gördüyümü söylədim. Ancaq bundan sonra ofisiant qızın gülünü gərtirməkdən ötrü müdirinin otağına doğru getdi.

Qız ilə birlikdə dayanıb gülün qayıtmasını gözləyirdim. O, hərdən-hərdən gözlərindən gözlərimə kiçik ehtiras oxları atırdı. Baxışları o qədər saf idi ki, bu ciddi cağırışlar belə mənə əyləncəli görünürdü. Qız ərəblərlərdən qazandığı pulu unudub, uşaq hədiyyə gözləyən kimi gülünü gözləyirdi. Və ona bu işdə yardım etdiyim üçün mənə minnətdar idi.

Bəlkə ona ilk dəfəydi gül bağışlayırdılar. Bəlkə gülləri uşaqlıqdan çox sevirdi, bilmirəm. Hər nədirsə gül onun üçün deyəsən çox əhəmiyyətliydi.

Nəhayət, ofisiant qızın qızılgülünü gətirdi. Sellofanı əzilsə də, gül təzə-tər idi. Qoxusu uzaqdan duyulurdu.

Qız gülü ofisiantın əlindən alıb sevinə-sevinə İçərişəhərin qaranlığında şam kimi əridi. Üzündəki sevincin işığı qaranlıq küçələri fanar kimi işıqlandırdı.

Çayxanadan çıxanda alman dostum məndən qızın kim olduğunu soruşdu. Mən Xəzri olub dənizə əsmiş qızın arxasınca baxıb: - "O, qıza indicə sevgi etirafı ediblərmiş!" - pıçıldadım.

Alman dostum: - Sizdən fərqli olaraq o, sevinə bilir! Belə qızları qoruyun. Onlar sizin üçün yeni insanlar doğacaqlar!" - dedi.

Alman qonağın bu "öncəgörənliyindən" sonra başımı aşağı salıb bir xeyli susdum.

Bir qədər sonra isə tini burulanda onunla birlikdə daha film çəkə bilməyəcəyimi anladı

# 2545 dəfə oxunub

Müəllifin son yazıları

# # #