Tütək çalan oğlanın musiqisi - Fidan Hüseynova

Fidan Hüseynova

Fidan Hüseynova

9 dekabr 2021
# 18:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fidan Hüseynovanın “Tütək çalan oğlanın musiqisi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bəşər övladı nə zaman ki, özünə “mən niyə yaradıldım”, “məni kim yaratdı”, “mənim dəyərim nədir?” suallarını verməyə başladı, artıq o andan başlayır Aristotelin katarsisi. Bəlkə də elə insanlar var ki, yaşamağa çalışdıqları həyatları boyu bir dəfə də bu sualı düşünmədən canlarını bu dünyaya əmanət edib əsl mahiyyətləri-ruhları ilə birgə əbədiyyətə uçub getdilər. Ümid edək ki, onlar indi xoşbəxtdirlər, amma bəzi insanlar da var ki, onların yaşama səbəbləri bu sual olub, daima özlərini axtaran bu yolçuları ayrı-ayrı zaman dilimlərindən ayırıb bütövləşdirən də elə budur. Tam mənada tapa bildilərmi bu da ayrı bir mübahisə predmetidir. Amma hər halda biz axtaranların əməyini böyük qiymətləndirərək, çalışdıq ki, həm özümüz onları anlamağa çalışaq, həm də düşüncələrini sizlərin ixtiyarına verək...

Biz bu şəxsləri sufilərə, hürufilərə bölmək istəmirik, zənnimizcə bu bölgü onları bir-birindən ayırar. Biz bütöv halda “öz”ümüzü dərk etmək istəyənlərik. Elə isə öncə Yaradana münasibətə nəzər salaq. Biz deyirik məxluqatı yaradan vahid Allahdan qorxmalıyıq və həyatımızı buna görə düzgün, şərəfli yaşamalıyıq, əks təqdirdə Tanrı bizi cəzalandırar və Cəhənnəmdə alovlar içində yandırar, amma onlar nə deyir? Onlar deyir ki, sevin özünüzü, sevin Tanrınızı. Tanrı heç də biz düşündüyümüz, hey çətinə düşəndə qiblə tərəfi axtarıb, üzmüzü səmaya qaldırıb onu çağırdığımız məkanda deyil, Allah daima bizimlədir. Görünür, Füzuli “Edəməm tərk, Füzuli səri-kuyin yarın, Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim.

yarın dərgahını tərk edə bilməyəcəyini” söyləyəndə məhz bu fikri irəli sürmüşdü. Necə tərk eləsin axı?! Onun Tanrısı daima onunla idi, maddi dünyada da, mənəvi dünyada da, Yerdə yaşadığı müddətdə də, mələk qanadlarında səmalara uçanda da. Belə düşünən bir aşiq necə Tanrısını sevməyə bilərdi?!

İnsan əgər doğrudan da özündə Tanrını daşıyırsa, onda bu “öz” nə qədər qiymətlidir... Belə çıxır ki, onda biz hamıya hörmət etməliyik. İrqinə, dininə, milli mənsubiyyətinə, düşüncə tərzinə, boyuna, kilosuna, zahirinə, batininə görə heç kimi yarğılamamlıyıq. Görəsən bacarırıqmı? Hər gün evdən çıxıb dərsə, işə getdiyimiz o kimisi üçün “zillət”, kimisinə də “qurtuluş yolu” olan yoldan keçərkən qarşımıza kimlər çıxmır ki? Kimləri görmürük? Cürbəcür insanlar, fərqli-fərqli geyimlər, xoşbəxt və bədbəxt simalar, bəzən də bir küncə qısılıb acı-acı göz yaşı tökən bir yeniyetmə qız, ya da beli çaldığı tütəkdən nazik olan bir balacanın tütəyinin səsi, elə bilməyin ki, şişirtmə kimi deyirəm, şəxsən bu gün Bakı küçələrində mən o oğlana rastladım. Ömründə bircə dəfə əsl musiqi dinləməyən, not sözünün ilk hərfini belə bilməyən bu balaca oğlanın yaratdığı musiqi elə gözəl səslənirdi ki. Bir andaca gözümün qabağında Anarın “Ağ qoç, qara qoç” əsərindəki cümlələr uçuşmağa başladı “Bir-birindən nəfis kitab nəşrləri, bir-birindən parlaq aylıqlar, həftəliklər...Amma insanın könlünü titrədən əsərə, nə yazıq ki, rast gəlmirsən. Bəlkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir?” Çox təəssüf ki, İncəsənət və həyat bir-biri ilə təzad təşkil edir. Heç bir sənət əsəri xoşbəxtliyin rəmzi deyil, təəssüf ki. Yazılan yazılar, bəstələnən musiqilər, rəngbərəng boyanan rəsm əsərləri, bütün dünyanı bəzəyən heykəllər-hamsı müəllifinin kədərini, qanayan yarasını sakitləşdirmək üçün bir növ vasitədir... Siz Van Qoqun “Ulduzlu gecə” əsərini seyr edəndə nə düşünürsüz bimirəm, amma mən səmanı burulğanlar içində çəkən bir rəssamın içində qopan fırtınanı, burulğanı hiss edirdim, təsadüfi deyil ki, bu burulğanlardan xilas ola bilməyən rəssam ömrünün son anlarını ruhi xəstəxanada keçirməli olur. Ya da gənc bədənində yaşaya bilməyəcəyi illərin təcrübəsini gizlədən Müşfiqimizin şeirinə baxaq:

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,

Gözlərimin önündə canlandı bir həqiqət.

Ya da ömrü boyunca yaratdığı musiqilərin ecazkar qüvvəsi ilə riqqətə gələn tamaşaçılarının gurultulu alqış səslərini eşidə bilməyən Bethovenin sevdiyi, amma qovuşa bilməıdiyi o gözəllər gözəli qıza, Elizaya yazdığı məşhur “Für Elise”-i və daha nələr nələr...Bəlkə də buna görə çaldığı alətin adını belə bilməyən o çəlimsiz oğlanın musiqisi məni bu qədər özünə valeh etmişdi. O yollarda qarşımıza daha kimlər çıxır? Cəmiyyətin-bizim ümumi rəyimizə əsasən “evdə qalan” qızlar, oğlanlar, artıq bu ifadə semantik mənasını genişləndirərək oğlanlara da aid ifadə halına gəlib, əlində iki ən nüfuzlu universitetin qırmızı diplomları olan, iş tapan, amma heç cür həyatda özünə yer tapa bilməyən, xoşbəxt ola bilməyən savadlılar sürüsü, oxumaq həvəsi çağlayan, daşan, amma elə məktəbə ayaq basandan yeni-yeni yaradılan, məntiqə əsaslanan proqramların şilləsi ilə təhsil yolundan arxasına baxamadan qaçıb bir məhəllənin tinində siqaret qutusuna sığınan məktəbli oğlanlar, “boş-boş oturmaq oturmaqdı, bəlkə elə gedib ər evində oturum, həyat da bir az maraqlı oldu bəlkə” deyib tez zamanda atanın fəxrlə yola saldığı yeniyetmə qızlar, övladları ilə yarışda sinifdə qalan valideynlər,bu ayın maaşı o biri ayı görməyən kasıblar və daş-qaşlarala bəzənmiş imarətlərin içində yaşayıb, evində çalışan təmizlikçi xanımdan daha bədbəxt olduğunu söyləyən varlılar, illərini gözünün ağı-qarası balaları üçün fəda edən, amma gənclərin mentalitetinə əsasən nəvələrin düzgün tərbiyə olunmasında maneə kimi görünən ağsaçlı, beli ayın hilalı kimi əyilən, xəyal qırıqlıqlarını qaşlarını çataraq, gənc nəslə hirslə baxaraq ovundurmağa çalışan nənələr və babalar... Əgər bu sətirlərimi oxuyursunuzsa, hamınızdan xahiş edirəm o hər zaman hirsli gördüyünüz, sevmədiyiniz babaların, nənələrin gözünün içinə bircə dəfə baxın. Gözlər heç vaxt yalan söyləməz və heç vaxt hisləri gizlədə bilməz. Ürəyin qan ağladığı halda dodağını məcbur edib gülümsəyə bilərsən, amma gözlərin heç vaxt gülməz...Yol boyu gördüyümüz “həyat”lar saymaqla bitməz. Mənim istəyim budur ki, heç kimin yanından ötəri keçməyək. Başda özümüz olmaqla ətrafımızı, dünyanı, həyatı, yaşamağı, qəlbində ilahi nuru daşıyan insanları sevək, dəyər verək. Amma məcazi sevgi ilə deyil, sevəndə də gərək sevginin haqqını verməyi bacarasan. Məhz haqqında bəhs açdığım dəyərli insanlar kimi:

Artıqdır bədəndən, candan sənlə mən,

Yaranıblar “mən”in hissələrindən.

İnsan özü kiçik bir aləmdir. Çoxluq bildirən bütün ədədlərdə “bir” olduğu kimi kəsrət aləmində də vahid olan vücudun nuru vardır. “Sən” və “mən” isə yalnız cismlərin fərqli olduğu maddi dünyaya aiddir. Məzhəb və dinlər, şəriətin hökmləri də ancaq bu aləm üçündür. Çünki bu hökmlər cana və bədənə bağlıdır. Yaqub Babayevin də dediyi kimi: “Mən” və “sən” еtidalı ortadan qalxdıqda nə kilsə, nə məbəd, nə də Kəbə qalır”, qalan ancaq və ancaq əsl sevgi, əsl eşq olacaq! Budur Yaradana sevgi, budur özünə sevgi. Yazımı Yunus İmrənin kəlamı ilə bitirmək istəyirəm: “Bir mən vardır məndə məndən içəri”.

“Mən”-ini axtaran hamıya bu çətin və məşəqqətli yolda uğurlar arzulayıram. Unutmayın ki, bəzən axtardığımız şey gözümüzün qabağında, ən yaxınımızda olur, sadəcə diqqətlə gözdən keçirmək lazımdır.

# 2859 dəfə oxunub

Müəllifin son yazıları

# # #