Talesiz xanım - Günel Həsənova

Günel Həsənova

Günel Həsənova

11 dekabr 2021
# 14:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Günel Həsənovanın “Talesiz xanım” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

2007- ci ilin payız ətirli bazar günü idi. Dərslərini hazırladıqdan sonra demək olar ki, hər həftə sonu gəzintiyə çıxmağı bir növ adət etmişdi. Bununla, həm sağlamlığının qeydinə qalırdı, digər tərəfdən: insanları, ətrafda baş verənləri müşahidə etməyi sevirdi.

Qəfildən zəng gəldi. Cins şalvarının arxa cibindəki telefonu çıxarıb cavab verdi:

- Alo.

- Salam, Gülü. Hardasan?

- Salam. Şəhərdəyəm.

- Nə yaxşı. Mən də şəhərdəyəm. Hansı tərəfdəsən?

- Molokan bağının yaxınlığında.

- Mən də Axundov bağı ilə üzbəüz yoldayam. Bəlkə indi görüşək? Evə də bir gedərik.

- Yaxşı. Görüşək. Hələlik.

İti addımlarla fikrində tutduğu səmtə doğru irəliləməyə başladı. Getdikcə yolun o biri tərəfində bulanıq gördüyü Xanımı daha dəqiq görürdü. Bir-birlərinə yaxınlaşdıqca gülüşdülər. Xanım üçün xatiri əziz olan qonşusuyla görüşürdü. İncə dodaqlarının arasından görünən muncuq kimi düzülmüş cağbacağ bəyaz dişləri, Xanımın qarabəniz, arıq, cılız, solğun bənizinə canlılıq verirdi. Özü qapalı olsa da, şən, deyən-gülən, nəşəli, pozitiv insanları sevərdi. Gözüylə görmədiyi, qulağıyla eşitmədiyi heç bir şeyə inanmazdı. Əlində olan-qalan pulunu həmişə kitaba verərdi. Ac qalardı, amma kitabsız qalmazdı. Qonşu qızlar eyni məhəllədə yaşasalar da, bir-birini az görürdülər. Əlini gəldiyi yola uzadaraq tez-tez getdiyi internet klubu göstərdi. Xanım dizayn proqramlarını özü sərbəst öyrənir. Bəzən 3- 4 saat məşğul olur. Vaxtın necə keçdiyini bilmir. Çünki işini sevir. Öyrənməyə də həvəsi çox büyükdür.

- Bir iş tapıb işləsəydim - Xanım köks ötürdü.

- Taparsan, sən bacarıqlı qızsan. Gəl əlimi başına çəkim,- deyib hər ikisi də güldülər...

- Sabah mənim redaksiyada ilk iş günümdür. Sevinirəm, həm də həyəcanlıyam.

Xanım təbəssümlə:

- Sən işinin öhdəsindən gələcəksən. Ağıllı qızsan, məsuliyyətlisən.

- Elə bir iş arzulayıram ki, orada etibarlı, yaxşı insanlar olsun. Özümü güvəndə hiss etmək istəyirəm. Bu yaxında başıma qəribə bir hadisə gəlmişdi. Qapının üstünə yazıblar ki, “kompüteri bilən xanım axtarılır”. Mən də sevincək qapını açıb içəri girdim. Pilləkənlə aşağı endim. Bomboş bir otaqda, tən ortada stolun arxasında gənc oğlan oturmuşdu. Oğlandan iş barədə soruşurdum ki, bir də gördüm biədəb geyinmiş bir qadın mənə: “buyurun” - deyir. O biri yandan, başqa bir qadın: “burda masaj xidmətləri edirik”... Elə bil pis yuxu görürdüm. Səbrim daşdı. Qışqırdım onlara:

- Bu nə deməkdir?!.. İnsanları belə aldadırsız?!.. Elə qaçdım ki, ordan. Neçə gün gördüklərimin təsirindən çıxa bilmirdim.

Qızlar Füzuli Meydanına çatdılar. Xanımın ayaq səsləri azaldı. Addımları yavaşladı. Beynində nəsə var-gəl edirdi. Birdən başını qaldırıb, düz qonşusunun gözlərinin içinə baxdı.

- Sənə bir sirr verəcəm. Sirr saxlaya bilirsən?

Yanaqlarına qızartı çökdü. Cavab almamış sözlərinə davam etdi. Sanki bunu çoxdan gözləyirmiş:

- Mənim adım Xanım deyil. Mənim on doqquz yox, iyirmi beş yaşım var. Gözlərini bərəldərək: heç mən on doqquz yaşına oxşayıram? , - deyə soruşdu.

Çaşqınlıq içində qalan qız nə deyəcəyini kəsdirə bilmədi.

- İnanmırsan hə, Gülnar?

- Niyə ki?.. İnanıram.

Yeyin addımlarla keçidin yanındakı skamyada oturdu. Qonşusu Gülnar da yavaşca yanında əyləşdi. Qamətinin əyriliyi hələ bu qədər aydın görünməmişdi. Oturarkən daha qabarıq bilinirdi. Düşüncələrimiz və inanclarımız həyatımıza yön verir və hamısı bədənimizə təzahür edir. Bu duruş xüsusilə, qızlarda erkən cinsi yetkinlik dövründə utanma və utandırılmadan qaynaqlanır.

O, iri çantasını eşələməyə başladı. Bir az duruxdu. Deyəsən, istədiyini tapdı. Şəxsiyyət vəsiqəsini qonşusuna uzadaraq:

- Bax! Gördün?

Sonra vəsiqəni çantasına qoyub söhbətinə davam etdi:

- Atam məni zorla özümdən 15 yaş böyük tanımadığım bir kişiyə ərə verirdi. Etiraz etdim. Məni döydü. Mən də evdən qaçdım. Gəldim bura. İndi hər yerdə məni axtarırlar.

- Keçən dəfə ev yiyəsiylə birlikdə oturub xəbər buraxılışını izləyirdik. Xəbərlər bitdikdən sonra mənim “axtarılır” elanımı verdilər. Fotomu göstərdilər. Mənə boğulma gəldi. Otura bilmədim içəridə. Otaqdan çıxdım. Heç kəs şübhələnmədi. Çünki özümə oxşamıram. Çox arıqlamışam - yaraşmasa da, tanımasınlar deyə, şabalıdı saçlarımı tünd qırmızıya boyamışam.

O, bunları birnəfəsə danışırdı. Ürəyi nə qədər dolu imiş. Ətrafda insan selinin gurultusundan, Gülnar onun səsini güclə eşidirdi. Gözləri dolmuşdu:

- Onu sevirdim, o da məni.

Gülnar:

- O kimdir?

- Xalamoğludur. Taleh.

- Amma deyəsən, təkcə mən sevmişəm. Sevən adam sevdiyinə sahib çıxar. O, mənimlə evlənsəydi, evdən qaçmazdım, bu qədər yalanın içində olmazdım. Mən ona çox inanmışdım. Ona görə özümü ona... – deyib göz yaşlarını sildi. Sözünü tamamlamaq istəmədi.

- Qorxaq! İt kimi qorxur atamdan. Nifrət edirəm ona.

Ancaq o, bu “nifrət” sözünü ürəkdən demirdi. Qəlbinin dərinliyində, sanki ona qovuşmaq arzusu çağlayırdı.

Hava artıq qaralmışdı. Hər ikisi də üşüyürdü. Oturduqları məkandan evə çox az bir məsafə qalmışdı.

- Qalxaq, Gülnar?

- Hə, gedək.

Yola sükutla davam etdilər. Bir qədər sonra Gülnar:

- Qabaqdakı mağazadan peçenye və konfet alacam. Sənin ürəyin nəsə istəyir?

- Sağ ol, Gülü! Heç nə istəmirəm. Bircə evə çatım....

- Niyə, məhz Xanım? Gülnar soruşdu:

Gülə-gülə:

- Hər kəs mənə “xanım” - deyə müraciət edirdi. Mən də fikirləşdim, elə bundan sonra adım olsun Xanım.

...2007- ci il dekabr ayının bir soyuq axşamında Aynurun qardaşı darvazadan içəri girdi. Bacısı onu çoxdan gözləyirdi. Onu gülərüzlə qarşıladı. Evi qardaşına gəzdirdi. Balaca qız kimi sevinirdi. Gülnar onları görsə də, büruzə vermədi. Hərdən qardaşı Aynur üçün bazarlıq edirdi. Səliqəli geyimi, ciddi görkəmi olan adam aldıqlarını qapıdan qoyub dinməzcə gedirdi. Həmin gün evdə toy-bayram olurdu. Qardaşı hələlik bir aylıq kirayə pulunu, bir az da cibxərcliyi vermişdi. Aynur qardaşıgildə yaşamaq istəmirdi. Soruşanda deyirdi ki, onlar yeni evləniblər, mənə görə narahat olmalarını istəmirəm. Həm də, bu ev onun üçün rahat və əlverişlidi. Yenicə işə girdiyi kompüter kursuna da yaxındır.

Bazar günü idi. Dərslərinə hazırlaşan Gülnarı birdən-birə evdən gələn taq-taq səsi ayırdı. Yenə ev sahibinin 15 yaşlı modabaz qızı – Sürmə... anasının tuflilərini geyinib güzgünün qarşısında boy göstərmə həvəsindədi. Anasının tikdiyi donları geyinib qızlara da göstərirdi. Ev sahibi dərzidir. Gözəl paltarlar tikir. Ən çox sifarişi qonum-qonşudan alır. Beləcə, yeganə balasına təkbaşına baxırdı. Həyat yoldaşı övladı iki yaşında ikən avtomobil qəzasında faciəvi şəkildə həlak olmuşdu.

Saat 18:20-di. Gülnar səhər yeməyi üçün mağazadan bir-iki şey almaq qərarına gəldi. Soyuducuda ərzaq demək olar ki, bitmişdi. Həyətə çıxanda Aynurun otağına boylandı, otaq qaranlıq idi. “Bəlkə də yorulub yatıb” - deyib küçəyə çıxdı. Mağazadan - çörək, pendir, xama, yağ, kəsmik, bulku aldı. Gülnarın həmişə pulu olurdu. Maaşı yaxşı idi. Üstəlik, təqaüd də alırdı. 4-cü kursda işə başlayandan sonra ailəsindən pul istəmirdi. Boş-boşuna pul xərcləməyə meyilli deyildi. Ehtiyaclarını aldıqdan sonra həmişə pulu qalırdı. Qənaətcil idi. O Aynuru unutmurdu. Hərdən ona da nəsə alırdı. Həyətə girdikdə Aynurun otağı hələ də qaranlıq idi. Ərzaqları soyuducuya yerləşdirdi... sonra onun qaldığı evə sarı getdi. “Xanım”,- deyə bir dəfə yavaş səslə çağırdı. Gülnar yalnız ikisi olanda ona öz adıyla xitab edirdi. Otağın qapısı açıq idi. İçəri keçdi. Aynurdan başqa heç kim yox idi. Aldığı bulkuları yavaşca qapının ağzındakı stolun üstünə qoyub getmək istəyirdi. Aynur yerindən qalxdı. Gülnar işığı yandırdı.

- Bağışla, səni narahat etdim. Sənə evin yaxınlığındakı şirniyyatçıdan sevdiyin bulkuları almışam.

- Çox sağ ol, Gülnar! – Yoox, niyə ki, narahat etmirsən. Gəlməyinə sevindim. Qoy bir səni qucaqlayım... Elə bilirəm səni çoxdan tanıyıram. Sən çox xeyirxah və mehriban qızsan. O qədər çox istəyirəm səni...

- Mən də səni çox istəyirəm...

Ertəsi gün Gülnar darvazanın səsinə gözlərini açdı. Dəmir çarpayıdan sıçrayıb, pəncərəyə boylandı. Aynur çantasından bərk yapışıb sürətlə gedirdi. Elə bil harasa tələsirdi. Gülnar pəncərəni taqqıldatdı, ancaq o eşitmədi. Zəif səslə, Aynuru çağırdı. O isə uçuq divarın tinindən döndü və gözdən itdi. Telefonun saatına baxdı. Gec olmamış hazırlaşıb Universitetə getməlidi.

Aynur özü də bilmirdi hara tələsir, tələskənliyi ona baha başa gəldi. Yolu keçərkən sürətlə gələn maşın onu vurdu. Qısa müddətdə başına xeyli adam toplaşdı. Hər kəs Aynurun öldüyünü zənn edirdi. Özünü itirən sürücü nə edəcəyini bilmədi, adamlardan yardım istəyərək qızı maşının arxa oturacağına uzatdılar. Tez bir vaxtda onu Musa Nağıyev adına xəstəxanaya çatdırdı. İlk tibbi yardım göstərildi... Aynur yavaş-yavaş özünə gəlməyə başladı. Başının üstündə həkim və tibb bacısının anlaşılmayan səsləri eşidilirdi. Ayılınca hönkürtü ilə ağlamağa başladı. Ağrı ağlamağına mane olurdu. Bu onun gördüyü çox pis “yuxu” idi. Sağ qalmağına sevinmişdi. Bəlkə də son 4 ayda, həmin günü şükür etdi.

Gülnar xəbəri eşidən kimi Universitetdən birbaşa xəstəxanaya gəldi. Palataya girəndə iki nəfər gördü. Qardaşını tanıyırdı. O biri adam isə Taleh idi. Onu görüncə təəccüb etdi. Nə deyəcəyini bilmədi...

Gülnar ürəyində:

Aynurun ayağı zədə alsa da, alnında, çənəsində çapıq, yara olsa da, ürəyində nisgil yox idi, ümid dolu gözlərlə baxırdı... Qanadı olsaydı uçardı. Onun Talehi artıq yanındaydı.

Gözünün qarşısında iki sevgili görürdü...

# 5337 dəfə oxunub

Müəllifin son yazıları

# # #