Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...

Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
8 iyul 2020
# 16:23

Kulis.az tanınmış şair Ramiz Qusarçaylının seçmə şeirlərini təqdim edir.

Tanrım, bu yol Eşq yolu
Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı
Xəsislik etmirəm ki.

Yüz yerdən izlənmişəm,
Düzünə düzlənmişəm,
Gözündə gizlənmişəm
Gözündən itmirəm ki.

Dadmışam hər azardan,
Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan
Piyada getmirəm ki...

***

Göz yaşım Söz yaşıdı,
İşığında şam öldü.
Ölən halal yaşadı,-
Yaşayan haram öldü.

Nə sirli bu söz yüküm,
Heyrətinə diz büküm.
Öldü Salaməleyküm,
Əleykümsalam, - öldü.

Ürək kəsdim, arıtdım,
Söz-söz sərib qurutdum ...
Bir misranı unutdum,-
İçimdə balam öldü ...

***

Ötüşür qəm buludları,
Gözümə ulduz yığılır.
Dərd ürək-ürək dərilir,-
Bənövşə qız-qız yığılır.

Ömür əldə bağ kimidi,
Yollar yaşıl tağ kimidi,
Vicdan da papaq kimidi
Atdın, üstə toz yığılır ...

Təndir dolu küt adamlar,
Ayaq yuyur “büt” adamlar,
Elə artır şit adamlar
Bədənimə duz yığılır...

***

Bu səngər haqq səngəridi,
Zəhmində çox cəng əridi,
Ləngərim söz ləngəridi
Yüngül hava mənlik deyil.

Öz göyüm var,
öz mələyim,
Öz xəttim var,
öz lələyim,
Öz məzarım, öz bələyim
Haram yuva mənlik deyil.

Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı,-
Ayrı dava mənlik deyil.

***

Düşməndən dərs yükü alıb,
Dərdinə daldığım Vətən...
Qarabağda “iki” alıb,
Sinifdə qaldığım Vətən...

Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi,
Xocalıda çilikləndi
Əlimdən saldığım Vətən...

Gedir, yad əldə can gedir,
Can-can Azərbaycan gedir,
Gör kimlərə qurban gedir
Bu qurban olduğum Vətən....

***

Bu torpağın harayı nə,-
Hay tuta bilmirəm, neynim.
Ürək dönüb şum yerinə
Boy tuta bilmirəm, neynim.

Baş açmıram, kim nəçidi,
Kim tacirdi, kim hacıdı,
Hərə bir cür zürnaçıdı
Züy tuta bilmirəm, neynim.

Bu qan nə çox qaldı yerdə,
Yoxsa gedib ölüm bir də...
Mənə elçi gələn dərdə
Toy tuta bilmirəm, neynim...

***

Nəyim var ki, hesab çəkək,
Üçüm yoxdu, beşim yoxdu.
Bir gülləyə yol gedirəm,-
Deməsinlər döşün yoxdu…

Dərdəm, o da daş əllərdə,
Dağ hüznü var su dillərdə,
Söz havası ölən yerdə
Ürək qəbri nöşün yoxdu?!

Cığırlar düşər izimə,
Yoxuşlar enər dizimə,
Qaldır məni Şah düzünə
Sonrasıyla işin yoxdu…

***

Sovrulur ömrün xırmanı
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.

Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.

Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam
Əzrayılın xətri qalır...

***

Bu ürək ki, var ha məndə,
Göyərəcək qum güləndə...
Qar yağırdı mən öləndə,
Qəflətən gəlib çıxmadım.

Dərdim bir gül butasıydı,
Açıb şehə batasıydı,
Bu qan bizi tutasıydı,
Cəbhədən gəlib çıxmadı.

Qəm eləmə, qara baxtım.
Belə gördüm hara baxtım.
Nə özüm bir günə çıxdım,
Nə Vətən, - gəlib çıxmadı ...

***

Bu dünya şeytan uşağı,
Xan Arazdı oyuncağı ...
O yanın bir yanı yağı
Bu yanın da bir “yanı” var.

Ürəyim bir qır tiyanı,
Altdan yanır, üstdən yanır,
Bu dünyada hər ziyanın,-
Müsəlmandan qurbanı var.

Dost yolunda nur bağıyam,
Yad əlində tor bağıyam,
Azərbaycan torpağıyam,-
Üstümdə şəhid qanı var.

***

Mən özüm ölmədim, Tanrım,
Məni abırnan ağlama.
Qurd-quşa yazığın gəlsin,
Məni qəbirnən ağlama.

Nəyim var ki, o da yansın,
Buludunda su dayansın...
Elə ağla, su da yansın,
Məni səbirnən ağlama.

Yer demirəm, iz demirəm,
Verdiyinə pis demirəm,
Səndən çöp də istəmirəm,
Məni çadırnan ağlama...

***

Cavan yaşda bir dərvişdim,
Hara gəldim, çaşıb gəldim.
Özgə atına minmişdim,
Öz xoşumla düşüb gəldim.

Bir əlimdə daş oynatdım,
Bir əlimi boş oynatdım,
Ürək qovdum, baş oynatdım
Bir balaca bişib gəldim.

Gördüm ki, düzdən keçirlər,
Əyilib bizdən keçirlər…
Torpağın üstdən keçirlər
Mən altından keçib gəldim.

***

Tanrım, daha bu ömrə-
Günə etibar yoxdu.
Sünnü, şiə...
son nömrə
Dinə etibar yoxdu.

Sənsiz hər yan türmədi,
Yatdım, heç kəs görmədi...
Sünbül-sünbül sürmədi
Dənə etibar yoxdu.

Ağladıblar, gülmüşəm,
Gülə-gülə...
ölmüşəm,
Bir də gördün gəlmişəm,-
Mənə etibar yoxdu.

***

Kim deyibsə düz deyib,
Yaşa etibar yoxdu.
Söykəndiyin qayaya
Daşa etibar yoxdu.

Nə cəng eylə, nə qapış,
Yüz hiylə var, yüz papış.
Ayağından bərk yapış
Başa etibar yoxdu.

Nə dözüm, nə təpər ver,
Bir cüt uçmağa pər ver,
Ölsəm mənə xəbər ver
Huşa etibar yoxdu.


***

Bir yalanmış əvvəlim,
Sonumdan çıxmışam mən.
Öz urvamdı, öz əlim
Ünumdan çıxmışam mən.

Nə bağır, nə bağrı yar,
Zaval çoxmuş doğruya,
Can ağrıya-ağrıya
Canımdan çıxmışam mən.

Baxt döyür, baxır insan,
İçinə yağır insan,
Qanından axır insan,
Qanımdan çıxmışam mən.


***

Mən alçaqdan yıxıldım,
Hündür gərək olmadı.
Can atdığım ucalıq
İndi gərək olmadı.

Qəbrim darıydı, qazdım,
Adım yoxuydu, yazdım.
Özümü sözdən asdım
Kəndir gərək olmadı.

Dünya, çevir zərləri,
Sil üstündən ərləri.
Açılan səhərləri
Söndür, gərək olmadı ...

***

Hər günortam bir qəzadı,-
Axşamdan Allah saxlasın.
Nə şam şeir çiçəyidi,
Nə şamdan, - Allah saxlasın.

Yarpaq dərdə dağ bükülür,
Sarısına bağ bükülür,
Səsimdən torpaq tökülür,
Duamdan Allah saxlasın.

Sonbeşiyəm dinim kimi,
Savablarım qənim kimi…
Allahı da mənim kimi,
Adamdan Allah saxlasın…

***

Gələn günə şam ağzı,
Ötən ilə torpağam.
Bir toxuma şum ağzı
Bir sünbülə torpağam.

Əhd yeri saman yeri,
Yel döyür uman yeri,
Kişilik güman yeri
Yalan dilə torpağam.

Ürək sitəm, söz sitəm,
Dərd göyərdir hər qitəm,
Mən də belə münbitəm
Mən də belə torpağam.

***

Nə səndə hiss varıymış,
Nə məndə ağıl, gülüm.
Bu da bir macəraymış,
Bu da bir nağıl, gülüm…

Get, əhdini pozub get,
Günahını susub get,
Heç olmasa küsüb get,
Dağ üstdən dağ ol, gülüm.

Yol sənin, çapar sənin,
Nəyim var, apar, sənin,
Ruhum tez tapar səni,
Mən öldüm, sağ ol, gülüm.

***

Yazına gül əkirəm,
Qışın suvarır məni.
Kirpiyinə düzülən
Yaşın suvarır məni.

Bir üzdə qəm yeriyəm,
Bir sözdə şam yeriyəm,
Bir ürək şum yeriyəm,
Xışın suvarır məni.

Ah… yenə təklənmişəm,
Sükutla yüklənmişəm,
Ruhuna köklənmişəm
Huşun suvarır məni.

***

O gecə qar yağmışdı ha,
O qar indi əriyərmi...
Biz dolaşan cığırları
Bir də o qar bürüyərmi...

O gün telin yovşan idi,
Ah, nə həzin axşam idi…
Hər yan gül-gül, şan-şan idi
Arı könlüm kiriyərmi…

Göyə ulduz bağlamışdıq,
Yerə yarpız bağlamışdıq,
Heyrətdən buz bağlamışdıq
Buz adam da yeriyərmi…

***

Şəklini çəkdim gözümə,
Toxunsan kor olacağam.
Dünyaya sığmayan canım,
Mən sənə dar olacağam.

Daha dərddən yayınmıram,
Səndən ulduz, Ay ummuram,
Göz yaşında yuyunmuram,
Cadar-cadar olacağam.

Gəl, daşa tut bu ürəyi,
Sükut dilimin əlcəyi,
Tellərində nar çiçəyi,
Üstdə də qar olacağam ...

***

Bu sel məni aparacaq,
Qabağına bənd atıram.
Hərə bir daş atır çaya
Mən çayıma qənd atıram.

Qərib gözlər qəhər atır,
Başsız bağlar bəhər atır,
Mer bazara şəhər atır
Mən dalınca kənd atıram.

Quzu kəsim baxışına,
Yusun məni yağışına,
Girib şeytan ağuşuna
Mələklərə fənd atıram.

***

Gəl, bir tale şəkli çəkək,
Torpaq narın, şum durudu.
Dəniz yuyur gözəlliyin
Dalğa şirin, qum durudu.

Çiçək çəkə, əl uzana,
Toxunasan, can qızına...
Bal bulaşıb gül tozuna,
Şan pərişan, mum durudu.

Tel burulub üzdən keçir,
Qəm düşdüyü izdən keçir,
Eşq dediyin gözdən keçir
Eşqin yaşı dumdurudu...

***

Fikrin bağrı qazıq-qazıq
Sözün bağrı çat-çat olur.
Neynəsin ki, ürək yazıq
Dərd özü də qat-qat olur.

Dünya qara dam kimidi,
Ümid əldə şam kimidi,
Meymun da “adam” kimidi
Nə ağıl, nə savad olur.

Göz oxşamır gül tağı da,
Külək vura, yel dağıda,
Qızların ən şıltağı da
Böyüyəndə arvad olur...

***

Bu çay o başdan batıb,
Məcra mənim deyil ki...
Üstündə şeytan yatıb
Hücrə mənim deyil ki...

Nə il, nə də bürc anlar,
Xoruz günorta banlar,
Dolaşıram nadanlar
içrə,- mənim deyil ki...

Dolu boş, boş yeyindi,
Ağıl da boş şey indi,
Beş-altı eşşəyindi
Dünya mənim deyil ki...

***

Bu sevdaya ləkə düşdü,
Qara səndən, sarı məndən.
Bu həsrətə yol uzandı:
Yarı səndən, yarı məndən.

Üzlü qəmim qarımadı,
Səbəbini aramadım.
Heç özüm də yarımadım,
Necə deyim: yarı məndən.

Bir zəmiyəm dən bağlamaz,
Sünbüllərim dən saxlamaz,
Günüm sənə gün ağlamaz,
Yollan, günə sarı, məndən ...

***

Baxıb bir az da oxşa,
Hələ vermə şəklimi.
Sürt hirsinə qanasın
Elə vermə şəklimi.

Yandır, yarıda söndür,
Yaman yanmalı gündür...
Külünü mənə göndər
Yelə vermə şəklimi.

Fələyin daşı bəsdi,
Daşın da yaşı bəsdi...
Gözündə daşı, bəsdi,-
Ələ vermə şəklimi.

# 3355 dəfə oxunub

Müəllifin son yazıları

# # #