Qalan 364 günün onlara dəxli yoxdur – Müəlliflərimiz Beynəlxalq Yazıçılar Günündə nə düşünürlər?

Qalan 364 günün onlara dəxli yoxdur – Müəlliflərimiz Beynəlxalq Yazıçılar Günündə nə düşünürlər?
3 mart 2023
# 15:00

Martın 3-ü dünyada Beynəlxalq Yazıçılar günü kimi qeyd olunur. Kulis.az bu münasibətlə çağdaş yazıçılarımıza “azərbaycanlı yazıçı kimi özünüzü bu təqvimdə necə hiss edirsiniz?” sualı ilə ünvanlanan sorğunun cavablarını təqdim edir.

Çingiz Abdullayev

Bu gün yazıçıların günüdür! Onlar axmaq deyillər! Onların yaratdığı dünya minillər boyu qalıb. Onlar qorxaq deyillər. Yandırılıblar, işgəncələrə məruz qalıblar, dəriləri soyulub, şaqqalanıblar, amma öz əqidələrindən dönməyiblər. Varlı deyillər. Hətta ata Düma belə yüksək qonorarlar almasına baxmayaraq sadəcə 2 qızıl sikkə qoruya bilmişdi. Yazıçılarsız həyat dözülməz dərəcədə maraqsız olardı. Kim dünyanın gözəlliyini onlar kimi göstərə bilər? İnsan münasibətlərinin və duyğularının dərinliyini kim onlar kimi göstərə bilər? Kim onlar kimi inanılmaz sevgidən, insan ruhunun özəyindən danışa bilər? Yazıçılar və Şairlər. Bax belə. Böyük hərflə.

Şərif Ağayar

Azərbaycanda azad yazıçı olmaq alınla divar yarmağa bənzəyir. Sonsuz yazmaq ehtirası olmasa, bu məşəqqətə davam gətirmək çətindir. Ölkədə bu günün çəkisinə layiq çox az qələm sahibi var və bu, elə belə də olmalıdır. Mən həmin dəyərli qələm sahiblərini təbrik edirəm və özümü də bu azlığın içində görürəm. Ədəbiyyata inanan ucsuz-bucaqsız azlığın şərəfinə!

Qismət

İdeyalarla doluyam, amma fərəhli mühit yoxdur.

Nərmin Kamal

Mənə belə gəlir ki, Dünya Yazıçılar Günü yazıçılar yox, oxucular üçündür, kitabxanalar üçündür. Azərbaycanlı oxucular bu gün bir ədəbi əsər oxumaqla, oxuduğu əsər haqda təəssüratını paylaşmaqla bu günü qeyd edə bilər. Yazıçıların isə hərəsinin öz dərdi var. 3 mart Dünya Yazıçılar Günüdür, amma mənim üçün 3 mart indiyədək yazdığım ən yaxşı şeylərin ilham mənbəyi, təqdiri ən böyük mükafatım olan atamla son dəfə danışdığım, telefonda son dəfə kəlmə kəsdiyim gündür.

Pərviz Cəbrayıl

Bəri başdan onu deyim ki, mən özümü yazıçı saymıram... Bu haqda bir az sonra. Ümumiyyətlə, təqvim günlərinə məndə nəsə bir qıcıq var. Sanki adamlar oturub, hər peşə üçün 365 günün içində bir gün ayırıblar. Əlbəttə, bunun simvolik olduğunu bilirəm, yenə də mənə əbləhlik kimi gəlir bu bölgü.

Məsələn, Ümumdünya Fahişələr Günü də var. Guya o gün də məhz onların günüdür. Demək, həmin gün onların bayramıdır, hamı onları təbrik etməlidir, həmin gün onlara sevgi bəxş olunmalıdır? Bəs yerdə qalan 364 gün onlar insan deyil? Hətta doğum günləri konkret fakt olsa belə, mənimçün o da önəmli deyil. İnsan o şəxsdir ki, 365 günün hər günündə onun doğum günü olsun, zatən gözümüzü aça bildiyimiz hər sabah yeni doğuluş günüdür. Hər gün mövcudluğuna, varlığına sevinə bilmədiyim adamın doğum günü niyə mənimçün əlamətdar olmalıdır ki?

Bu günün Ümumdünya Yazıçılar Günü olduğunu da siz deyəndən sonra bildim. Demək, bu gün yazıçıların günüdür. Bu bir gün. Qalan 364 günün onlara aidiyyəti yoxdur. Hə, bizdə, sırf Azərbaycanda elədi ki var. Hətta 365 günün 365-i də. Azərbaycanda ,ümumiyyətlə, yazıçının günü yoxdur, varsa da, günü it günüdü.

Dediyim kimi, mən indi özümü zərrəcə yazıçı saymıram. Haçansa olmuşam, haçansa yenə ola bilərəm, bəlkə də. Mənə görə, yazıçı yalnız yazdığı vaxt yazıçıdır. Yazmırsansa, demək, deyilsən. Camaatı aldatma. Yazmadığım vaxtlarda yazıçı deyil, adi adamam. Təqvimdə isə Ümumdünya Adi Adamlar günü yoxdur...

Etimad Başkeçid

Azərbaycanlı yazıçı kimi hiss edirəm ki, oxucuların dəstəsi çayı vurub-keçib, bələni aşıb, yazıçılar elə hey çırmanır. Təbii, çox nadir istisnalarla. Hiss edirəm ki, yazıçı millətin vicdanı, intellektual elita «funksiya»sını itirib, ictimai fikir tamamilə onun iradəsindən kənarda formalaşır. Mənə elə gəlir ki, ixtiyar sahiblərinə yazıçı daha çox dəm tutan, təşviqatçı, yarınan məxluq kimi maraqlıdır.

Hiss edirəm ki, Azərbaycan yazarı non-fikşnlə fentezi arasında girinc qalıb, seçim eləyə bilmir. Özü də bu vəziyyət tamamilə subyektiv xarakterlidir, basqıdan filandan irəli gəlmir.

Bu yaxınlarda bir dostumla söhbət edərkən ağlıma gəldi, dedim ki, Azərbaycan ədəbiyyatı hələ özünün ilanboğan dövrünü yaşayır – yoxsa yazanların kritik kütləsi bütün əndazələri aşmazdı.

Çox şeylər hiss edirəm!

Yenə də bütün yazarlarımızı təbrik edirəm!

Əməyiniz itməsin! Allah sizi iki kitab oxumayıb, iyirmi kitab yazanlardan eləməsin!

Varis Yolçuyev

Dünya yazıçılar günündə ən dahi yazıçılar reytinqində dahilər dahisi Nizaminin adını görmədikcə təbliğat işimizin zəifdən zəif olmasından qüssələnir, özümüzü bu təqvimin səhifəsinin nə bu, nə də o üzündə qərarlaşan halda deyil, çevrilmə anında hiss edirəm.

Sahilə Yaya

Yaxşı hiss edirəm. Viza almağa gəlmişəm. Sevdiyim 2 yazıçının vətəninə getmək istəyirəm.

Sevinc Elsevər

Bu günün dünya yazıçıları günü olduğunu siz yadıma saldınız indi. Nə bilim. Xüsusi heç nə hiss etmirəm. Nəinki Azərbaycan yazıçısı kimi dünya ədəbiyyatından çox uzaqda, qopuq hiss edirəm, hətta insan kimi, azərbaycanlı kimi özümü dünyadan, bütün insanlardan qopmuş hiss edirəm. Elə bil Marsa-filan sürgün edilmişəm, bir insan bəndəsi də yoxdur ki, harayıma çata. Hamıdan əlini üzmüş kimi. Nə bilim, vallah.

Mübariz Örən

Yazıçının Günü hansısa əsəri bitirib, son nöqtəni qoyduğu gündür. Ondan böyük gün yoxdur! Çiyinlərindən dəhşətli dərəcədə ağır yük götürülür, sinən genişlənir, fərəhlə dolur. İstərdim ki, hər bir yazıçının ildə neçə dəfə belə Günü olsun. Yəqin dünyanın hər yerində belədi; yaradıcılıqla keçməyən yazıçı vaxtı əzabdır. Söz - heç vaxt borclu qalmır, ona sərf edilən zəhmətin onqat əvəzini verir. Odur ki, yazıb-yaratmaq!

Narıngül Nadir

Beynəlxalq Yazıçılar günü (Yazıçının Ümumdünya Sülh Günü) 1986-cı ildən qeyd olunur. Amma mənim izlədiyim qədər deyə bilərəm ki, elə də çox əks –sədası olmayan, sadəcə bir təqvim bayramıdır. Amma hər halda xoş bir ovqatdır. Əslində təqvimin bu günü yazıçı üçün həm də bir hesabatdır, insanı daxilən silkələyir. Mən bu təqvimdə varammı, bu bayramdan mənə nə qədər pay düşür? – çətin sualdır. Amma düşünməyə dəyər. Bir şey də var ki, başqa peşələrdən fərqli olaraq “yazıçı” diplomu yoxdur. Odur ki, belə hesab edək ki, əlinə qələm götürüb yazmağı özünə peşə hesab edənlərin, yazıçı kimi özünə inananların hamısına bu bayramdan pay düşür.

Arzu edərdim ki, “Beynəlxalq Yazıçılar günü” daha ciddi və geniş şəkildə, öz perspektivli fəaliyyəti ilə birlikdə qeyd olunsun. Bayramlar həm də həmrəylik deməkdir. Ən azından dünya yazıçıları öz aralarında həmrəy ola bilsələr, bu da indiki dəhşətli və açıq müharibələrin üzə durduğu bir dövrdə dünyaya bir sülh çağırışı ola bilər.

Rövşən Abdullaoğlu

Yazıçı olmaq möhtəşəm hissdir. Azərbaycanlı yazıçı olaraq isə bir az tənha, bir az yad, daha çox isə ümidli və güclü hiss edirəm.

# 3658 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #