Yalan - Coşqun Xəliloğlunun hekayəsi

Yalan - Coşqun Xəliloğlunun hekayəsi
27 dekabr 2025
# 11:10

Kulis.az Coşqun Xəliloğlunun "Yalan" hekayəsini təqdim edir.

Coşqun Xəliloğlu 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olub.

Şeir və hekayələri müxtəlif mətbu orqanlarda, ədəbiyyat saytlarında – o cümlədən, “Türkiyənin “Yeni Vezin”, “Kardeş Kalemler”, Özbəkistanın “MARİFAT”, Tehranda çıxan “Xudafərin” dərgilərində dərc olunub.

10-dan artıq kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.



Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın əziz xatirəsinə ithaf edirəm.

Cəsarət Tümenə əsgərlikdən sonra getmişdi. Əvvəl anası razı olmamış, gözlərini silərək – Qal burada, lap get Bakıda işlə, – demişdi. Bacına, qardaşına da dayaq olar­san. Bu gün-sabah məktəbi bitirəcəklər. Onlara da yol gös­­tə­rən, kömək edən lazımdır. Bir də ki qərib diyarda yaşa­maq asandı? Sən hələ özün balaca uşaqsan.

– Ana! – Cəsarət gülərək, – sənə söz verirəm, işlə­yə­cə­­­yəm, halal zəhmətimlə qazanacağam, sizə də gün ağla­yacağam.

Ana sonda:

– İşin avand olsun, yolun açıq olsun, bala. Allah səni qo­rusun, özü sənə getdiyin yerdən ruzi-bərəkət qismət eləsin.

Balalarını yetimçiliklə böyüdən Fəridə xala neçə il idi ki, bir qarnı ac, bir qarnı tox yaşayırdı. Özü də dinclik bilmədən... Təki uşaqlarını bir yana çıxara bisin. Gah pam­­bıq yığır, gah yun əyirib xalça-palaz toxuyub satır, tə­rə­vəz əkir, toyuq-cücə bəsləyirdi. Sakit, həlim xa­siy­yət­li, namuslu-ismətli qadın idi. Kənddə hamı onun xətir-hörmətini saxlayırdı.

Düz bir ildən sonra ana məzuniyyətdən qayıdan oğlu­nu qucaqlayanda özünü dünyanın xoşbəxti hesab etmişdi. Cəsarət həm anasına və həm də qardaş-bacısına qiymətli hədiyyələr, pal-paltar almışdı. Üstəlik anasına bir qədər pul da vermişdi. Ana pulu alanda az qalmışdı özündən getsin. Bunu hiss edən Cəsarət:

– Ana, mən neft buruqlarında işləyirəm. Neft çıxar­maq üçün quyular qazırıq. Tümendə ən çox neftçilər qaza­nır­lar. Gələn dəfə bundan da çox gətirəcəyəm. Orda qayda belədir, iş stajın, təcrübən artdıqca maaşın da yüksəlir.

– Bala, Allah səni bizə çox görməsin, Allah ruzini ba­şın­dan töksün, – desə də kövrəldiyini gizlədə bilməmiş­di.

Cəsarət bir müddət kənddə qalmış, qohum-qonşularla, dostlarla görüşmüşdü. Hər gün ya sinif yoldaşı Nurul­la­gi­lə gedər, ya da Nurulla onlara gələrdi. Cavanlar bir-birinə elə isinişmişdilər ki...

Cəsarət Tümenə qayıtmağa iki gün qalmış axşam darva­za­nın ağzında Nurullanın səsi eşidildi, atası ilə gəl­mişdi. Qonaqlara çay süfrəsi açıldı. Onlar xeyli söhbət et­di­lər. Nəhayət, Nurullanın atası Sədulla kişi mətləb üstünə gəldi:

– Cəsarət, oğlum, göz dəyməsin, Nurulla ilə qardaş kimisən. Yad eldə, özgə millətlərin arasında tək yaşamaq yəqin ki, elə də asan deyil. Bəlkə, qardaşını da – Nurullanı da özünlə apararsan. Bir-birinizə dayaq, kömək olar­sınız. Anana da de, icazə versə...

Cəsarətin üzünün ifadəsindən sevindiyi hiss olu­nur­du:

-Anama deyərəm, icazə də verər. Amma niyə Nurulla mənə özü deməyib? Axı biz dostuq.

Sədulla:

– Siz dost deyil, lap qardaşsınız. Amma belə işlərə gə­rək böyüklər xeyir-dua versin. Cəsarət anasını çağırıb Nurul­­la­nın onunla Tümenə getmək istədiyini bildirdi.

– Bıy, başınıza dönüm, nə gözəl. Allah sizi bir-biri­niz­dən ayırmasın. Ruziniz bol olsun. Sağ-salamat gedin, işləyin, çörəyinizi qazanın.

Sədulla kişi də ayağa qalxıb Cəsarəti qucaqladı.

Cəsarət həmin axşam çox xoşbəxt idi. Sinif yoldaşı, uşaq­lıq dostu ilə birlikdə Tümenə getmək, bir yerdə ya­şamaq, işləmək onun xəyallarını qanadlandırırdı. Artıq iki gün sonra dostlar bir yerdə Tümenə uçub, oradan da neft şə­həri Nijnevartovska getdilər. Cəsarət Nurul­lanı işlə­diyi neft idarəsində qazma briqadasına işə düzəltdi, onu yaşa­dığı yataqxanaya, özü də öz otağına yerləşdirdi.

Günlər həftələri, həftələr ayları əvəz edirdi. Dostlar işə can yandırır, yaxşı qazanır, həm özlərinin maddi ehti­yac­la­rını ödəyir, həm də müəyyən qədər evlərinə göndə­rir­dilər. Hər şey çox yaxşı idi. Boş vaxtlarında istirahət edir, uşaqlıq xatirələrindən danışır, şirin-şirin xəyallar qurur­du­lar. Xain, nankor qonşularımızın torpaq iddiası, ölkədə hərc-­mərclik, Sovet imperiyasının ikiüzlü siyasəti çox la­rı, arzuları, ümidləri puç elədi.

Əbədi-əzəli müqəddəs torpaqlarımızın, kəndlərimizin, şə­hərlərimizin, kökü-soyu bilinməyən erməni faşistləri tə­rəfindən, onların ağalarının dəstəyi ilə, işğal olun­ma­sı­na, Azərbaycan vətəndaşları ilə birlikdə vətəndən kənar­da yaşayan qeyrətli soydaşlarımız da heç cürə barışa bilmirdilər.

Dostlar hər gün Azərbaycanla əlaqə saxlayır, mərkəzi mətbuatın, televiziyanın xəbərlərini həyəcanla izləyir­di­lər. İlk vaxtlar onlar Moskvanın ədalətli qərar verə­cəyinə inan­salar da Sovet imperiyasının Bakıda törətdiyi Qanlı Yan­var faciəsi bu inamı məhv etdi. Xaos, qarma­qarışıqlıq, günahsız insanların qanının tökülməsi, yurd­daş­larımızın hər gün neçə-neçə şəhid verməsi, düşmənin gündən-günə az­­ğın­laşması Cəsarəti hövsələdən çıxarır, onu darıx­dırır­dı. Azərbaycandan kənarda olduğuna görə için-için göy­nə­­yir­di.

Bir gün Cəsarət Nurullaya dedi:

– Daha bəsdir, qardaş. Mən qayıdıram Azərbaycana. Ye­ni yaradılan ordumuzun güclənməsi üçün kadrlar lazım­­dır. Avtomatdan, pulemyotdan sərrast atəş açmağı bacarı­ram. Vətənimizin dar günüdür, onun bizə, ananın balaya ehtiyacı olduğu kimi, ehtiyacı var.

– Nə danışırsan, işimizi-gücümüzü ataq, hər şeyə son qo­yaq? Bir də ki dava bizdən nə qədər uzaqda gedir.

Bizdən deyəndə, nə başa düşək?

– Kəndimizdən deyirəm.

Cəsarət özünü saxlaya bilmədi:

– Ayıb olsun. Səndən bu cavabı gözləməzdim. Məgər iş­­ğal olunan hər el-oba, hər kənd, hər qəsəbə, dağ-dərə bi­zim deyilmi? Şəhid olanlar bizim qardaşımız, bacımız de­yil­­mi? Özün bilərsən, işin avand olsun. Mən sabah uçu­ram.

* * *

Cəsarətin qəfil, xəbərsiz gəlişi Fəridə xalanı çaşdır­mış­dı. O, əvvəlcə gözlərinə inamadı, özünə gəlib oğlunu qucaq­ladı:

– Boyuna qurban olum, nə yaxşı gəldin... Bəs niyə xəbər eləmə­misən?

Cəsarət susdu, üzünü yana çevirib cavab vermədi.

Yeməkdən sonra Cəsarət özünü toplayıb gəlişinin məq­­sə­­dini bildirdi.

Ana gözlərinin yaşını silərək:

– Ağıllı balam, qeyrətinə qurban olum. Bilirəm, atanın oğlusan. O da sənin kimi el qeyrəti çəkən idi. De­səm, getmə, müharibədi, ölüm-itimdi, min yolla məni dilə tutub yola gətirəcəksən. Bir halda getmək istəyirsən, Allah səni qorusun. Tezliklə kafirləri yurdumuzdan qovub qələbə ilə qayıdarsınız. Allah düşmənin qolunu-qanadını qırsın, ar­zu­ları ürəklərində qalsın.

Cəsarətin yurdumuzun dar günündə qayıtması, Nurul­la­nın isə Tümendə qalması kənddə yeni bir söz-söhbətin mövzusu oldu. Hamı Cəsarəti tərifləyir, atası Səxavətə rəhmət diləyirdi. Nurulla haqqında isə bir nəfər də olsun xoş söz demirdi.

Cəsarətin könüllü olaraq orduya yazılması, birbaşa döyüş bölgəsinə getməsi xəbərini eşidən Sədulla kişi na­ra­­hat idi. O, ürəyində oğluna haqq qazandırsa da el qına­ğından çəkinirdi. Buna görə də Nurulla ilə danışanda yarıkönül:

– Gərək sən də qayıdaydın... Bir halda ki bir yerdə get­miş­diniz, bir yerdə də dönəydiniz. Utandığımdan camaat arasına da çıxa bilmirəm.

Nurulla atasına and içdi ki, soyuqlayıb, həkim ciyə­rində ciddi problem olduğunu bildirib, gərək ən azı iki il özünü gözləyəsən, deyib.

Ata oğlun cavabının yalan ya doğru olduğunu dəqiq ayırd edə bilməsə də ona inanmaq istədi.

Cəsarət qısa müddətdə əsgər dostlarının hörmətini qa­zandı. O, boylu-buxunlu, düz qamətli, çevik olmaqla ya­na­şı, həm də dürüstlüyü, mehribanlığı ilə seçilirdi. Onda hər şey təbii idi. Silahların dilini yaxşı bilirdi, lazım gəldikdə dostlarının suallarına cavab verir, onları başa salırdı.

Cəsarətgilin hərbi hissəsi bir sıra döyüşlərdə düşmənə öz sözünü demiş, onlara qan uddurmuş, bir neçə yaşayış məntəqəmizi azad etmişdi. Hətta o dövrün qəzetlərində də bu haqda məqalələr dərc edilmişdi. Ana xəbərləri eşidir, oğluyla fəxr edir, gecə-gündüz Allaha dua edirdi ki, mü­ha­ribə tez qurtarsın, Cəsarət geri qayıtsın.

O, balasından vaxtaşırı məlumat alır, bununla təsəlli ta­pır­dı. Amma bir müddətdən sonra Cəsarətdən doğru-dürüst xəbər gəlmədi. Ana bərk darıxır, ağlına min fikir gəlir, yerə-göyə sığmırdı. Gündə uydurma bir xəbər gə­lirdi. Gah deyirdilər, döyüş tapşırığını yerinə yetirəndə altı əsgər yoldaşı ilə birlikdə həlak olub, düşmənlər meyit­lərini götürüblər, kimsə də xəbər çıxarmışdı ki, ermənilər onları mühasirəyə salıb, tutub aparıblar, sonra da daxili orqanlarını çıxarıb satıblar. Ana qəm-kədər içəri­sində eşit­diyi xəbərlərə dözür, amma ümidini bircə an da olsa itirmirdi.

Artıq bir neçə ay idi ki, Cəsarətdən heç bir xəbər yox idi. Bunu Nurulla da bilir, nəsə xəyalən, ağlagəlməz məkrli planlar qurur­du.

Bir gün o atası ilə telefonla danışanda:

– Ata, sənə bir söz deyəcəyəm. Amma bunu heç kimə demə, aramızda sirr olaraq qalsın. Necə olsa da yoldaş olmu­­şuq, çörək kəsmişik. Srağagün Cəsarət gəlmişdi. Əşyalarını götürüb getdi. Dedi ki, Nurulla, bezmişdim, qaç­dım, canımı qurtardım. Amma mənim bura gəldiyimi heç kim bilməsin.

– Başın xarab olub, ağzının dediyini qulaqların eşidir?

– Mənə inanmırsan, özün bilərsən. Amma yenə de­yi­rəm, bu xəbəri heç kim bilməsin.

Sədulla kişi oğlu ilə danışandan sonra fikirli-fikirli düşün­məyə başladı. Amma heç iki saat keçməmiş “sirr”i ar­vadı Gülnisəyə açdı və tapşırdı ki bu xəbəri heç kim bilməməlidir.

Üç gün keçməmiş, əvvəl arvadların pıçapıçları, sonra da kişilərin çayxana söhbətləri fəxr etdikləri könüllü “İgid Cəsarət”in “Fərari, Qorxaq Cəsarət” olduğunu təsdiqlədi.

Xəbər Fəridə xalaya çatanda özünü saxlaya bilmədi:

– Əgər Cəsarət Səxavətin oğludursa, mənim döşüm­dən süd əmibsə heç vaxt fərari ola bilməz. Bu xəbəri çıxa­ran­ları isə Allaha tapşırıram.

İllər keçdi. Beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in qətnamələri, Qərbin aparıcı dövlətlərinin ya­lan­çı vədləri Qarabağ məsələsinin ədalətli həllində heç bir irəli­ləyişə kömək etmədi. Atəşkəs elan olunsa da qarşı tərəf vaxtaşırı sabitliyi pozur, məsələnin öz xeyirlərinə sənədləşdirmək üçün məqam axtarırdılar.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qətiyyətli hücumu, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində möhtəşəm qələbə qazandı, düşmən məğlub ol­du. Torpaqlarımız işğaldan azad olundu, Şuşa­mız, Laçı­nı­mız, Qubadlımız, Kəlbəcərimiz və neçə-neçə başqa şəhər­ləri­miz, kəndlərimiz əzəli əbədi sahiblərinə qayıtdı.

Xalqımız fərəh içərisində idi. Fəridə xala da sevinirdi, böyük zəfərdən sonra Cəsarət haqqında dəqiq məlumatın olacağına inanırdı. Ananın ən böyük arzusu oğlu haqqın­da, xəbərin necə olmasından asılı olmayaraq, dəqiq xəbə­ri bilmək idi. Düzdür bir müddət əvvəl anadan DNT testi götürülmüşdü, lakin heç bir yenilik yox idi.

Bir gün sübh tezdən o darvazanın döyüldüyünü:

– Fəridə xala, ay Fəridə xala! – səsini eşitdi.

Gələnlər, hərbi geyimli 2 nəfər və kəndin icra nüma­yən­­dəsi Taleh müəllim idi.

– Xala, özünüzü toxtaq tutun. Bir azdan Cəsarəti gəti­rə­­cəklər. Torpaqlarımızın müdafiəsi zamanı qəhrə­man­lıqla həlak olmuş şəhidimizin nəşinin qalıqları əsasında kimliyi müəyyən edilib. Onu kənd qəbiristanlığında dəfn edəcə­yik. Fəridə xala ikinci oğlu Məharətin körpəsini bərk-bərk qucaqlayaraq:

– Mən həmişə özümü toxtaq tutmuşam – Göz yaşları sel kimi axdı – bu günü də çox gözləmişəm. Fəxr edirəm ki, oğlum qəhrəmandır, şəhid olub, fərari deyil. Vətən üçün canından keçən oğluma qurban olum.

Şəhid Cəsarətin möhtəşəm dəfn mərasimi keçirildi. Mü­­dafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon rəh­bər­ləri, kənd sakinləri iştirak edirdilər. Çıxış edənlər Vətənin çətin günündə öz işini-gücünü, rahatlığını atıb döyüşə yollanan, torpaqlarımızın bütövlüyü uğrunda ca­nın­dan keçən Cəsarət kimi oğulların ölmədiklərini, qəlblərə köçərək əbədiyaşar olduqlarını bildirdilər.

Tabut üzərindəki Üçrəngli Azərbaycan Bayrağı Fəridə xalaya təqdim olundu. Ana bayrağı böyük məhəbbətlə öpdü, üzünə, gözlərinə sürtdü. Sanki oğlunun nəfəsini, qoxusunu duyurdu. Fəxrlə, qürurla camaata baxdı, amma heç nə demədi. Onun baxışlarından, susmağından nələr oxun­murdu...

Həmin gün elə bil kənd daha da işıqlı oldu, güm­rahlaşdı, sanki camaat daha da mehribanlaşdı. Cəsarət şəhidliyi ilə doğulduğu kəndin əzəmətini daha da yüksəlt­di. Adamlar Fəridə xalaya ehtiramlarını bildirmək üçün can atır, hətta bəziləri Cəsarət haqqında yayılmış yalan məlumata inadıqlarına görə xəcalət hissi keçirirdilər.

Ertəsi gün səhər açılar-açılmaz kəndə səs yayıldı:

– Sədulla kişi qəbiristanlıqda Cəsarətin məzarının yaxın­lıqda yıxılaraq ölüb...

Kənd bir-birinə dəydi. Həkimin rəyi isə belə oldu:

– Bərk qorxu-həyəcan hissi keçirib, infarktdan vəfat edib.

Natiq Tümendəki böyük qardaşı Nurullayla danışıb ata­la­rının ölməsi xəbərini ona çatdırdı.

Kənd camaatı Sədulla kişini günortaya yaxın dəfn etdi­. Dəfndən sonra Natiq qohum-qonşu ilə birlikdə adətə uyğun mərhumun üç mərasiminə hazırlaşmağa başladı.

Axşam saat 5 radələrində Natiqə zəng gəldi. Tele­fon­da Nurullanın arvadının boğuq, qəhərli səsi eşidildi:

– Qardaşşş, başımıza daş düşdü, evimiz yıxıldı. Nurul­la­nın ürəyi partladı. Evdən çıxanda, elə qapının ağzındaca özündən getdi. Həkim gəldi, müayinə edib dedi ki, keçinib...

Telefondan gələn ağlaşma səsi daha da güclənirdi.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər