Ömürlük məhbusun həyat hekayəsi - Vüsal Nadiroğlu

Vüsal Nadiroğlu

Vüsal Nadiroğlu

14 dekabr 2021
# 15:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Vüsal Nadiroğlunun “Ömürlük məhbusun həyat hekayəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bismilləhir Rahmənir Rahim

Cavadla Nərgiz bir-birlərini orta məktəbdən sevirdi. Orta məktəbi bitirdikdən sonra 2001-ci ildə hər ikisi Tibb universitetinin müalicə işi fakültəsinə qəbul oldu. İnternanı tamamladıqdan sonra toyları oldu. 2008-ci ilk övladları Zəhra dünyaya gəldi. Zəhra ailəyə xüsusi sevinc gətirmişdi. Cavadla Nərgiz həm həyəcanlı həm də çox xoşbəxt idilər. Bir ildən sonra da Allah onlara oğul payı verdi. Adını Əli qoydular. Zəhrayla Əlinin birgə şıltaqlıqları ailəni daha da rəngarəng edirdi. Nəhayət 2012-ci ildə Cavadın üçüncü övladı Muhəmməd dünyaya gəldi. Nərgiz evdə övladlarına baxır, Cavad da özəl klinikaların birində həkim terapevt kimi çalışırıdı. Qazancı da normal idi. Kirayədə qalmaqlarına baxmayaraq Cavad torpaq alıb ev tikdirməyə başlamışdı. Gənc ailə öz xoşbəxt və sevimli günlərini yaşayarkən gələcəkdə baş verəcək hadisədən xəbərsiz idilər.

Cavad ixtisasca həkim olsa da hər zaman ictimai-siyasi proseslərlə maraqlanırdı. Bəzən də ictimai-siyasi yönümlü məqalələr və yazılar da yazırdı. O hesab edirdi ki, ziyalı bir vətəndaş olaraq ölkəsində baş verən ictimai-siyasi proseslərdən agah olmalıdır. Bu səbəbdən də sosial şəbəkələrdə də korrupsiyaya qarşı mübarizə həmçinin vətəndaşlarımızın hüquqlarını bilməyin zəruriliyi mövzularında statuslar paylaşırdı. Həm də maarifləndirici xarakterli seminarlar təşkil edirdi. Bu fəaliyyətləri işinə mane olmurdu.

Nəhayət, 2015-ci ilin Yanvar ayının 4-də Cavad mətbuatda həmçinin sosial şəbəkələrdəki ictimai-siyas yönümlü yazılarına görə DİN BMCMİ-nin əməkdaşları tərəfindən axşamüstü işdən evə qayıdarkən yolda başına torba keçirdilərək oğurlandı və idarəyə gətirildi. 3 gün Cavaddan xəbər olmadı. Nərgiz üç uşaqla çox çətin vəziyyətdə qalmışdı. Nəhayət Cavadın həbs olunma xəbəri yayıldı. Polis idarəsində Cavada ağır fiziki və mənəvi işgəncələr verərək ona əvvəlcədən hazırlanmış ssenari üzrə olan ifadə sənədlərinə imza atmaq tələb olunurdu. Cavad bütün bu ağlasığmaz işgəncələrə baxmayaraq, heç bir sənədə imza atmadı. Buna baxmayaraq ona ARCM-nin 278-ci maddəsilə ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) cinayət işi açıldı və haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçildi. Beləliklə istintaq dövrü olduğu üçün Cavad Bakı İstintaq Təcridxanasına köçürüldü.

Təcridxanada Cavad həftədə iki dəfə evinə zəng vurub Nərgiz və övladlarıyla danışırdı. Zəhranın 7 yaşı tamam olmuşdu və o başa düşürdü. Əli də atasının həbsdə olduğunu nənəsindən eşitmişdi. Balaca Muhəmməd isə hələ dərk etmirdi. Telefonda elə hey atasına “Ata, bizə gə də, tez gə noolar” deyirdi. Təbii bütün bu epizodlar Cavad üçün çox ağır idi. Amma Cavad bütün bunların həyatın sınaqlarından olduğunu dərk edirdi və Allahdan heç vaxt ümidini üzmürdü. O, özünün günahsız olduğunu, bu işdə bir anlaşılmazlığın olduğunu və tezliklə öz isti ocağına, ailəsinin başına qayıdacağını özünə təlqin edir və hər telefon danışığında bu xoş arzunu Nərgizə də çatdırırdı. Əlbəttə ki, Nərgiz də səbr və təmkinlə uşaqlıqdan sevdiyi həyat yoldaşı Cavadının gəlişini böyük ümidlə gözləyirdi.

Həbsdə ikən Cavadın dostları, Nərgizinin ailəsi həmçinin Cavadın valideynləri də ailəyə yardım edirdi. Hər ay iş yoldaşları kirayə xərcini ödəyir və ailəyə toplanmış məbləği çatdırırdılar. Həmçinin Cavadın dostları hər ay təcridxanaya Cavad üçün sovqat da göndərirdilər.

Beləliklə Cavadın istintaq müddəti bir il çəkdi və onun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

2016-ci ilin Yanvar ayının 25-də Cavadın açılış məhkəməsi oldu. Məhkəməyə Cavadın valideynləri, Nərgiz, Cavadın dostları və ictimaiyyət nümayəndələri – jurnalistlər gəlmişdi. Cavadın vəkili Əhməd Əhmədov də vəkil geyimində Cavadın müdafiəsi üçün hazır vəziyyətdə idi. Beləliklə kollegiya sədri - hakim Musa Məmmədov özünü və məhkəmə kollegiyasını təqdim etdikdən sonra dövlət ittihamçısına söz verdi:

Dövlət ittihamçısı Cəfərov Baqir ayağa qalxaraq məhkəmə heyətini salamladı və sözə başladı:

- Bu gün AR CM-nin 278-ci maddəsiylə ittiham olunan Əliyev Cavad Muhəmməd oğlunun məhkəmə prosesinə yığışmışıq. Belə ki, sonuncu 2012-ci ildən etibarən intensiv şəkildə mətbuatda, sosial şəbəkələrdə və müəyyən məkanlarda hakimiyyətə qarşı narazılıq, nifrət, hakimiyyəti ələ keçirməyin zərurəti, vətəndaşları iğtişaşa cəlb etmək və aidiyyəti yönümlü çıxışlar etmiş və özünün rəhbərliyi altında mütəşəkkil dəstə yığmağa başlamışdır. İstintaq orqanı üç ildir Əliyev Cavad Muhəmməd oğlunun törətdiyi cinayət əməlini araşdırmış və cinayətin sonuncu tərəfindən törədildiyi hal şahidləri və toplanmış əməliyyat – istintaq materialları əsasında sübuta yetirilmişdir.

Daha sonra hakim Musa Məmmədov danışmaq üçün müttəhim Əliyev Cavad Muhəmməd oğluna söz verdi:

- Buyurun, təqsirləndirilən şəxs Əliyev Cavad Muhəmməd oğlu. Məhkəmə sizi dinləyir. Toplanmış istintaq materiallarında özünüzün tamamilə günahsız olduğunuzu söyləmisiniz. Bu barədə xahiş edirəm danışın. İfadələrinizi əsaslandırın.

Cavad çox həyəcanlı idi. 32 yaşına kimi nə polis, nə də ki, hakim qarşısına çıxmayan Cavad köks ötürərərək sözə başladı:

- Möhtərəm hakim!

Bəli, mən ifadələrimdə özümün günahsız olduğumu qeyd etmişəm. Dövlət ittihamçısının dediklərini və ittiham aktında yazılanların heç birini qəbul etmirəm. Mən bu vətəninin ali təhsilli, ziyalı bir vətəndaşıyam. İxtisasca həkim terapevtəm. Fəqət hər zaman bir vətəndaş olaraq dövrümüzdəki ictimai-siyasi proseslərlə maraqlanmışam. Antikorrupsiya, vətəndaş hüquq və azadlıqları mövzularında maarifləndirici seminarlar təşkil etmişəm. Həmçinin mətbuatda bu istiqamətdə yazılarım dərc olunub. Mənim heç bir dövlət çevrilişi etmək, yaxud mütəşəkkil dəstə yığmaq fikrim olmayıb. Bu barədə heç bir dəlil və sübut da yoxdur. Açılan cinayət işi mənə qarşı böhtan xarakteri daşıyır. Özümü tamamilə günahsız hesab edirəm.

Kollegiya üzvü hakim Əliövsət Rzayev eynəyini çıxararaq təəccüblü bir şəkildə belə soruşdu:

- Cavad bəy, bəs sizcə niyə məhz sizi həbs ediblər? Baxmayaraq ki, özünüzü günahsız hesab edirsiniz?

Cavad gülümsəyərək cavab verdi:

- Möhtərəm hakim!

Əlbəttə, siz gözəl sual verirsiniz. Bu mənə də maraqlıdır. Hesab edirəm ki, bu suala istintaq aparan müstəntiq və prokuror da cavab verməlidir. Mən isə hesab edirəm ki, adını çəkmək istəmədiyim məmura sərf etmir ki, mən vətəndaşları maarifləndirirəm. Bu baxımdan həbsim tamamilə gözqorxutmaq xarakteri daşıyır. Şübhəsiz ki, həbsim sifarişlidir. Amma mən sizə söz verirəm ki, bu qondarma məhkəmə mənim bəraətimlə xətm olunacaqdır. Çünki mən istintaq dövründə öz həbsimlə bağlı aidiyyəti dövlət orqanlarına, həmçinin beynəlxalq hüquq təşkilatlarına ərizələr yazmışam. Qanunun aliliyinə güvənərək qətiyyətlə söyləyirəm ki, mən bəraət alacam. Vəssalam.

Bu məqamda hakim Musa Məmmədov eynəyini düzəldərək öz qalın səsiylə Cavadın vəkilinə işarə edir:

- Buyurun Əhməd Əhmədov. Məhkəmə sizi dinləyir:

Cavadın vəkili Əhməd müəllim ayağa qalxaraq tribunaya keçdi və sözə başladı:

- Mən də öz növbəmdə məhkəmə heyətini salamlayıram və Əliyev Cavad Muhəmməd oğlunun çıxışına dəstək olaraq söyləmək istəyirəm ki, ortada hər hansı cinayət əməlindən söhbət gedə bilməz. Sonuncu ixtisasca həkimdir. İstər iş yerində, istərsə də yaşadığı məhəllədə nümunəvi bir ziyalı kimi tanınır. Hər kəs onun maarifçi və vətənpərvər bir həkim olduğunu gözəl bilir. Ona qarşı irəli sürülən ittiham tamamilə yalan və böhtan xarakteri daşıyır.

Vəkilin çıxışından sonra məhkəmə yekunlaşır və hakim növbəti məhkəmə prosesinin 08 Fevral 2016-cı il tarixinə təyin olunacağını elan edir.

08 Fevral 2016-cı il tarixində 2-ci məhkəmə prosesi keçirilir. Bu dəfə hal şahidləri Cavada qarşı ifadə verir. Cavad da bunları tanımadığını və yalan danışdığını israrla vurğulayır. Növbəti məhkəmə prosesinin 20 Fevral 2016-cı il tarixinə təyin olunduğu elan olunur.

Bu minvalla Cavad 9 dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim qarşısına çıxarılır. Bu müddət ərzində Cavada qarşı irəli sürülən ittihamlar əsaslandırıla bilmir. Bu işdə vəkil Əhməd Əhmədov xüsusi fəallıq göstərir.

Bütün olanlara baxmayaraq, 11 May 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Əliyev Cavad Muhəmməd oğluna hökm oxunur. Belə ki, dövlət ittihamçısı Cəfərov Baqir Cavada “ömürlük azadlıqdan məhrumetmə” cəzası təklifini irəli sürür. Məhkəmə müşavirədən qayıtdıqdan sonra məhkəmə kollegiyasının sədri hakim Musa Məmmədov dövlət ittihamçısının irəli sürdüyü hökmü qüvvəsində saxlayır və Əliyev Cavad Muhəmməd oğluna irəli sürülən ittihamı sübuta yetirilmiş hesab edərək sonuncuya “Ömürlük azadlıqdan məhrumetmə” cəzası verir.

Məhkəmə zalındakı sükutu Cavadın anası Məryəm xanımın ağlamağı pozdu. Nərgiz də şiddətlə ağlamağa başladı. Yekun məhkəməyə gələn qohumlar və jurnalistlər məyus olmuşdu. Məhkəmə nəzarətçisi Cavadın qoluna qandal vurub onu məhkəmə zalından çıxarmağa çalışırdı. Cavad qolu qandallı vəziyyətdə məhkəmə zalının baş hissəsindən iştirakçılar olan tərəfə boylanaraq belə qışqırdı:

- Ana, Nərgiz, darıxmayın! Mən günahsızam. Ən böyük hakim Allahdır. Tezliklə haqq-ədalət öz yerini tutacaq və mən Allahın yardımıyla azadlığa – sizə qovuşacam.

Cavad təcridxanaya gətirildi və ona bildirildi ki, sabah Qobustan Qapalı Həbsxanasına köçürüləcək. Bunu eşidən Cavad vəkiliylə telefon əlaqəsi saxlayıb ona Bakı Apellyasiya Məhkəməsinə ərizəylə müraciətinin zəruri olduğunu çatdırdı.

Səhər saat 09 00 radələrində Penitensiar xidmətə məxsus xüsusi konvoy avtomobilləriylə Qobustan Qapalı Həbsxanasına yola salındı. Burada Cavad dörd nəfərlik saxlanma kamerasına yerləşdirildi.

Nərgiz hələ də bu hökmün təsirindən özünə gəlməmişdi. Uşaqlara isə bu haqda heç nə deməmişdi. Nərgiz gələcək haqda, uşaqların taleyi haqda çox düşünürdü. Cavad isə mütəmadi olaraq zəng vurur, övladları və Nərgizlə danışır, öz nikbin abu- havasını qoruyub saxlayırdı. Apellyasiya məhkəməsində bəraət alacağını söyləyirdi.

İki aydan sonra 14 İyul 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsi Cavada təyin olunun “ömürlük azadlıqdan məhrrumetmə” cəzasını qüvvəsində saxladı. Nərgiz bu dəfə ümidini tamamilə itirdi və bədbinliyə qapıldı. Cavad isə hələ də ümidliydi. Qətiyyətlə söyləyirdi ki, Ali Məhkəmədə bəraət alacaq.

Cavadın vəkili Əhməd müəllim kassasiya şikayəti üzrə Ali Məhkəməyə müraciət etmişdi. Bir müddət sonra Ali Məhkəmənin keçirilmə tarixi məlum oldu. 12 Oktyabr 2016-cı il tarixinə Ali Məhkəmə təyin olunmuşdu.

Cavad telefon danışıqları zamanı və həbsxanada görüş zamanı Nərgizin bədbinliyə düçar olduğunu hiss edirdi. Nə qədər təsir etməyə çalışsa da Nərgiz artıq Cavada qarşı soyuq idi. Bu vəziyyət Cavadı bərk narahat etməkdəydi.

Nəhayət, Cavadın səbirsizliklə gözlədiyi Ali Məhkəmənin keçiriləcəyi gün də gəlib çatdı. Əfsuslar olsun ki, Ali Məhkəmə də Cavada oxunan “ömürlük azadlıqdan məhrumetmə” cəzasını qüvvəsində saxladı.

Cavad nisbətən ümidsizliyə qapılsa da amma mübarizəyə davam edəcəyini vəkilinə söylədi və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsini vəkilə tapşırdı.

Aylar, illər ötdü. 2018-ci ilin qış ayları idi. Cavadgilin kamerasında istilik sistemi hələ quraşdırılmamışdı. Bu səbəbdən Cavad soyuqlamışdı. Güzgüyə baxanda Cavad saçının ön hissəsi ağardığını gördü və dərindən ah çəkdi.

Cavad artıq 3 ildən çox idi ki, məhkumluq həyatı yaşayırdı. Bu illər ərzində Cavadın dostları onu tək qoymur, özünə sovqat göndərir, övladlarına da hər ay toplanmış maddi yardımı çatdırırdılar.

Cavadın böyük qızı Zəhranın artıq 10 yaşı var idi. Cavadı bircə narahat edən son vaxtlar Nərgizin ona qarşı soyuq davranışı idi. Hətta sonuncu ailə görüşünə də Nərgiz nə özü gəldi, nə də övladlarını Cavada göstərdi. Cavad telefon danışıqlarından hiss edirdi ki, Nərgizə kimlərsə təsir edib. Ya anası ya da ki, rəfiqələri. Uşaqları da artıq Cavada yad münasibət bəsləyirdi. Əlbəttə, bu vəziyyət Cavada əzab verirdi. Bu səbəbdən son günlər gündə iki qutu siqaret çəkirdi. Bəzən də gecəni yatmır keçmiş ailə xatirələrini, Nərgizlə tələbəlik və məktəb illərini xatırlayıb köks ötürürdü.

Bu minvalla illər keçdi 2019- cu il 4 Yanvarda Cavadın həbsdə olduğunun 4 ili tamam oldu. Nəhayət bir illik fasilədən sonra Nərgiz qısamüddətli görüşə gəldi. Bu dəfə tək gəlmişdi. Həm də sözlü adama oxşayırdı.

Cavad Nərgizdən soruşdu:

- Nərgiz, necəsən? Xoş gəlmisən. Nə yaxşı gəldin. Uşaqları niyə gətirmədin bəs?

- Özüm tək gəldim. Sənə vacib sözüm var. İstəmədim uşaqların yanında danışaq.

- Buyur, Nərgiz eşidirəm səni.

- Bilirsən Cavad, mən çox düşündüm-daşındım və belə qərara gəldim ki, biz boşanmalıyıq.

Bunu eşidən Cavadın başına sanki qaynar su tökdülər. Dili-dodağı topuq vura-vura belə dedi:

- Necə? Boşanmaq?! Niyə? Axı niyə? Nə oldu sənə ay Nərgiz? Niyə bu qərara gəldin? Məni yarı yolda qoyub gedirsən? Hə? Nədir səni buna vadar edən, Nərgiz? Nədir? Yoxsa anan deyib? Kim deyib bunu sənə? Kim? Tez ol, danış!

Nərgiz başını aşağı salaraq sözə başladı:

- Bilirsən, Cavad əslində mən də istəməzdim. Amma nə vaxta qədər belə olacaq? Nə vaxta qədər mən həbsxana qapılarına gələcəm? Nə vaxta qədər uşaqlarım atasız qalacaq?

- Guya nə dəyişəcək ki? Sən boşanmaqla nə əldə etmiş olursan? Bu nəyi dəyişəcək? Bu həll yolu deyil ay Nərgiz!

- Mən artıq qərarımı vermişəm.

- Necə yəni qərar vermisən? Bu ailə sənin üçün oyuncaqdır? Uşaqların taleyi necə olacaq? Onları atasız qoymağa haqqın yoxdu! Get yaxşı-yaxşı bir də fikirləş. Məni düşünmürsənsə övladlarımızı düşün. Unutma ki, boşanmadan ən çox əziyyət çəkən uşaqlar olur. Bir də ki, sən necə olur mənim bu dar – çətin günümdə məni tək qoyursan? Necə ürəyin dözür buna? Heçmi vicdanın sızlamır, ay Nərgiz? Budurmu sənin vəfalı olmağın? Mənim yerimdə sən olsaydın onda mən də səni atmalıydım? Belə şey olar? Unutma ki, həbsxanadan heç kim sığortalı deyil, Nərgiz!

Nərgiz başını aşağı salıb sağollaşmadan görüş otağını tərk etdi. Cavad da dərhal bir siqaret yandırıb dərindən fikrə getdi və Nərgizlə keçmiş sevgi dolu xoş günlərini bir xatirə kimi gözü önündən keçirib dərindən ah çəkdi. Doluxsundu və köks ötürdü. Şok vəziyyətində idi. Nəhayət 3 saatdan sonra həbsxana nəzarətçiləri gəlib Cavadı qandallayaraq saxlanıldığı kameraya apardı.

Nərgiz də fikirli halda evə gəldi. Onu anası Asiya xanım qarşıladı. Uşaqlar yatmışdı. Anası soruşdu:

- Nə oldu ay qız, danışdın başıbatmış ərinlə?

- “Danışdım, ana, danışdım” deyə Nərgiz cavab verdi.

- Nə deyir o axmaq türemşik?

- Ay ana, elə demə. Sən bilirsən Cavad pis bir cinayət törədib həbsxanaya düşməyib. O pis insan deyil. Bir də ki, həbsxanadan heç kim sığortalı deyil.

- Bəsdi, bəsdi. Nağıl danışma. Ağlı olaydı. Qoşulmazdı gicgicələrə. Başından böyük qələt eləməzdi. Neyləyə bildi? İndi çürüsün görüm türmədə. Səni də, uşaqlarını da, özünü də, biz də bədbəxt elədi.

- Ay ana, elə demə, xahiş edirəm. Sən bilirsən ki, Cavad heç bir cinayət törətməyib. O, siyasi baxışlarına görə həbs olunub. Siyasi məhbus statusu var. Allah kərimdir bəlkə heç ömürlük qalmayacaq həbsdə?!

- Bilmirəm. Fakt bu gün ömürlük həbsdədir. Vəssalam. Sən də ki, görürəm ürəyin yumşalıb deyəsən o gülməşəkər ərinə. Rədd elə onu! Adımızı batırdı gicbaş. Boşanacaqsan vəssalam, şüttəmam!

- “Yaxşı ana, yaxşı” deyə Nərgiz ağlaya-ağlaya otaqdan çıxdı.

Cavad kameraya çox pərişan halda qayıtdı. Kamera yoldaşı Hadi onun vəziyyətini görüb dərhal Cavad üçün çay hazırladı:

- Cavad, səbrli ol. Görünür nədirsə pis xəbər almısan. Amma bura həbsxanadır. Gərək güclü olasan. İndi isə danış görüm nə olub.

- Nə olacaq ay Hadi, ailəm məndən boşanır.

- Nə??? - Hadinin çayı boğazında qaldı və öskürməyə başladı - Necə yəni boşanmaq? Niyə axı? Niyə səbirsizlik edir Nərgiz bacı? Sənin günahsızlığını bütün həbsxana bilir. InşəAllah tezlikə Avropa Məhkəməsi sənə bəraət verəcək. Mən buna inanıram. Hər şeydən əvvəl Allahın ədalətinə inanıram.

- Qardaşım, mən də səninlə razıyam. Mən də Allaha güvənirəm. Dualar edirəm. İnanıram ki, mən burada çox qalmayacam. Tezliklə haqq-ədalət öz yerini tutacaq. Amma nə fayda. Nərgiz bədbindir. Deyir yollarımızı ayırırıq.

Ertəsi günü Cavad vəkiliylə telefonla danışdı. Əhməd müəllim Avropa Məhkəməsindən üç-dörd aya cavab gələcəyini söylədi.

Cavad Avropa Məhkəməsinin bəraət hökmünü səbirsizliklə gözləyirdi. Hiss edirdi ki, o azadlığa çıxacaq. Hər gün demək olar kamera yoldaşı, sirdaşı Hadiylə xoş – nikbin arzular və xəyallar barədə danışırdı. Oxuduğu psixoloji kitablardan öyrənmişdi ki, insan müsbət düşündükcə müsbət hadisələr cazibə qanunu vasitəsilə onu izləyir. O baxımdan Cavad hər gün müsbətə köklənir və Avropa Məhkəməsinin xoş xəbərini gözləyirdi. Hətta yuxusunda da bir neçə dəfə azadlığa çıxdığını görmüşdü.

Bütün olanlara baxmayaraq Cavad həftədə iki dəfə evinə zəng vurur. Övladlarıyla və Nərgizlə maraqlanırdı. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışdılar. Cavada nə qədər çətin olsa da övladlarıyla maraqlanmığın zərurətini dərk edirdi.

Vəkil Əhməd müəllim də mütəmadi Cavadla telefon əlaqəsi saxlayır və Avropa Məhkəməsinin xoş xəbərini o da səbirsizliklə gözləyirdi.

Nəhayət o xoş gün gəlib çatdı. 2019-cu ilin Sentyabr ayının 5-i idi. Cavad gecəni yaxşı yatmışdı və əhvalı da yaxşı idi. Səhər yoxlanışı üçün Hadini oyatdı və pürrəngi bir çay dəmlədi. Cavadla Hadinin saxlanıldığı 94A nömrəli kameranın qapısının nəfəslik hissəsi xəbərdarlıq zəngindən sonra açıldı. Nəzarətçinin səsi eşidildi:

“Məhkum Əliyev Cavad! Rəisin qəbuluna hazırlaş!” Deyə əmr etdi.

Cavad dik atıldı. Mən? Mən? ... Hə! Oldu! Baş üstə! Deyib həyəcanlı bir şəkildə əynini dəyişməyə başladı. Hadi də çox sevincliydi. “İnşaAllah xoş xəbərdir” deyib Cavadı yola saldı. Cavad bərk həyəcanlı idi.

Bir neçə dəqiqədən sonra nəzarətçilərin müşaiyəti ilə Cavad həbsxana rəisinin otağına aparıldı. Rəis Cavadı qəbul etdi:

Eynəyini çıxarıb gülümsəyərək Cavada əl uzatdı:

- Təbrik edirəm, Cavad! Təbrik edirəm! Çox şadam ki, bir ömürlük məhbus azad edildi. Sən artıq azadsan. Bu da Avropa İnsan Haqları Məhkəməsinin sənin haqqında “Bəraət” hökmü.

Cavadı tər basdı. Dili topuq vurdu. Sevincindən sanki, uçurdu. Əli əsə-əsə rəisə əl uzatdı:

- Çox sağ olun, Mehdi müəllim. Var olun. Təşəkkür edirəm xoş xəbər üçün. O gün olsun cəmi məhbuslar azadlığa çıxsın. Təşəkkür edirəm.

Cavad Avropa Məhkəməsinin qərarını da götürüb tez kameraya qayıtdı ki, bu şad xəbəri Hadiyə versin.

Hadi də çox sevindi və Cavadı qucaqlayıb onun alnından öpdü. Çox kövrəlmişdi. Həm sevinirdi, həm də Cavadla ayrılacağı üçün kədərliydi. Hadiylə Cavad 4 ilə yaxın idi ki, bir kamerada qalırdı. Onlar həm dost, həm də sirdaş olmuşdular.

Hadi Cavadla sağollaşarkən ona bir sual verdi:

- Cavad, Nərgiz səninlə barışmaq istəsə, qəbul edərsən onu?

Cavad sanki bu sualı gözləyirmiş kimi hazırcavab bir şəkildə belə dedi:

- “Əzizim, mənim çətin və dar günümdə məni atan qadınla necə bir yastığa baş qoya bilərəm??? Səncə bu mümkündürmü??? Mən öz həbsimə şükr edirəm ki, Nərgizi yaxşı tanıdım. Doğurdan da bu 4 il 8 ay ərzində mən bir çox insanları dərindən tanıdım. Onlardan birincisi mənim keçmiş həyat yoldaşım Nərgiz oldu. O məni həbsdə ikən yarı yolda qoymaqla həyatının böyük bir səhvini etdi. Mən artıq ona istəsəm də güvənə bilmərəm. Övladlarım heç. Onlara baxacam, amma Nərgizlə əsla bir yerdə ola bilmərəm.” deyə Cavad dostu Hadidən ayrılaraq onu gözləyən nəzarətçiyə tərəf getdi və Qobustan Qapalı Həbsxanasının çıxış qapısında onu gözləyən dostu Mürtəzanın avtomobilinə əyləşdi. Avtomobil şütüyərkən Cavad geriyə boylanıb həbsxanaya tərəf baxdı və belə dedi:

- Şükür ki, haqq - ədalət öz yerini tapdı və mən azadlığa qovuşdum. Görünür bu sınağı da keçməliymişəm. Həqiqətən də həbsxanadan heç kim sığortalı deyil. Hər bir halda Rəbbimiz Uca Allaha təşəkkür edirəm.

26.11.2021

Neftçala / Azərbaycan

# 4361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #