Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının yeddinci hissəsini təqdim edir.
TƏLƏBƏ... TƏLƏBƏ... TƏLƏBƏ...
Sızlar yada düşəndə ürəyimin telləri,
O mehriban, o əziz tələbəlik illəri.
Bakıya qayıdan kimi heç bir səbəb olmadan Bakı Dövlət Universitetinin əsas korpusuna getmək üçün Yusiflə görüşdüm. Birlikdə ora getdik. Elə-belə baxmağa getmişdim. Dərslər bağlandığından seyrəklik idi. Mühafizəçiyə də məhəl qoymadım. Elə bil İsmayıl babamın mənim üçün tikdirdiyi saraya girirdim. Hətta universitetin həyətindəki gül kollarının yerini buradan o biri tərəfə dəyişdirmək kimi fikirlər keçdi beynimdən. Elə bil şəxsi həyətim idi. Mənə elə gəlirdi ki, buranın qapısını lap təpiklə də aça bilərəm. 696 bal toplamışdım. Havayı deyildi. Bütün gənclərin xəyalı olan həmin universitetin hüquq fakültəsinin tələbəsiydim. Yusif isə mənə gülürdü.
Dedilər sənədlərinizi ayın 10-dan sonra təqdim edəcəksiniz. Tələbə bileti və şəxsi işə tikmək üçün mütləq 3x4 ölçüdə şəkil də gətirməli idim. Göstərdilər ki, bax bu korpusun 5-ci və 7-ci mərtəbələri hüquq fakültəsidir. Dərhal beynəlxalq hüquq fakültəsini soruşdum. 6-cı mərtəbəni göstərdilər. Əla xəbər idi. Cincilimlə eyni korpusda təhsil alacaqdım.
Sənədlərimi təqdim edəndə müəllimlərlə aramda belə dialoq oldu:
– Mən rekord bal toplayan tələbəyəm. 696.
Birinci müəllim gülərək:
– Həə. Bizim qəhrəman. Prezident təqaüdü alacaqsan. Bax kəsirin olsa, təqaüd dayanacaq. Oxumalısan.
– Siz mənə “oxuma” desəniz də, mən oxuyacam. Çünki prokuror olmaq istəyirəm.
İkinci müəllim:
– Savadla bərabər bir dayın da olmalıdır.
Ürəyimdə dayımı söydüm və dedim:
– Müəllim, sinif otağımıza baxa bilərəm?
Güldülər. Birinci müəllim dedi:
– Ay oğul, bura orta məktəb deyil, otaqların hamısının tozunu udacaqsan. Ləman, bu oğlanı apar, mühazirə zalına baxsın.
İki qadın müəllimlə zala daxil oldum. Gözü bağlı, əlində tərəzi tutmuş bir xanım şəklinin altında “Hüquq fakültəsi” sözləri yazılmışdı. Belə dərs otağı heç vaxt görməmişdim. Partalar aşağıdan yuxarı düzülmüşdü. Arxa partalara getmək üçün pilləkən qalxmalı idin. Möhtəşəm yer idi. Bura sinif otağı yox, auditoriya deyirdilər. Lap yuxarı partanın yanına qalxıb şəklə tərəf qışdırdım:
– Xoş gördük, hüquq fakültəsi!
Sonra var gücümlə, sanki örüşdə naxır qovurmuş kimi fit çaldım.
Universitetin ortasında fit çalmaq hər tələbənin başı üçün deyildi. İti qovan kimi qovardılar. Amma mənə olardı. Çünki 696 bal toplamışdım. Çox yox, bir dəfə fit çala bilərdim. Müəllimlər bu hərəkətimə gülüşdülər. Hətta biri: “Yazıq uşaq”, – deyib başını buladı.
Birinci dərs günü eşitdiyim ilk söz bu oldu: “Bura sizin üçün orta məktəb deyil. Daha böyümüsünüz. Özünüzü uşaq kimi aparmayın”.
Qızlar azlıq təşkil edirdi. İçimizdə hər təbəqədən adam vardı.
Biz ciddiyyətə və mədəniyyətə cəmi üç gün duruş gətirə bildik. Təzə vaxtlar qapıdan keçəndə bir-birimizə yol verdiyimiz halda, indi birinci keçmək üçün yanımızdakını sağa-sola itələyirdik. Bir həftə sonra oğlanlar arasında ata zarafatına keçdik. Şəxsən mənim atamın ən çox söyüldüyü yer Bakı Dövlət Universiteti olub. Dörd il ərzində onu hülqumundan tutmuş ruhuna qədər hər yerini söydülər. İnsanın elə daxili orqanı var ki, heç vaxt heç kim söyməyib. Məsələn, mədənin diafraqma yırtığı... Bizimkilər o yerləri də tapıb söyürdülər. Hamı bir-birinə “cındır oğlu, cındır” deyirdi. İstəyirsən, ya Nelson Mandela olsun, ya da Səddam Hüseyn, bizə fərqi yox idi, oğlu bizim qrupda oxuyurdusa, atasına “cındır” deyiləcəkdi.
Tələbə yoldaşlarımızın biri nazir oğlu idi. Adi həyatda naziri söysən, polis adamı məsuliyyətə cəlb edər. Amma biz onu da rahatlıqla söyürdük. Yaxşı bilirdik ki, naziri söydüyümüzə görə polis bizi tutsa, öz oğlu polislərə deyəcək: “O cındır yığını mənim tələbə yoldaşlarımdır, buraxın, cəhənnəm olsunlar”. Buraxılan kimi bir də söyəcəkdik. Elə tələbə yoldaşlarımız vardı, ataları həqiqətən sanballı kişilər idi. Biz o yaxşı kişilərə də “cındır” deyirdik.
Cibimə xeyli pul qoymuşdular. Yusifin tanışının işlətdiyi telefon dükanından özümə “Motorola” modelli ilk mobil telefon və “zerkalni” bir nömrə aldım. Cincilim və Günkaya da mobil telefon almışdılar. Günka bizim universitetin jurnalistika fakültəsinə qəbul olunmuşdu.
Axşamüstü qızlarla görüş təyin edib parka getdik. Yusifin təklifi ilə hərəsinə bir qızılgül də almışdıq. Onları gözlədiyimiz yerdə uzaqdan Kənanı görüb Yusifə dedim:
– Yusif, tez gedək burdan, Cincilimin qardaşı gəlir.
– Hanı?
– O da ha, o dəmşalaqdır. Tum çırtlayır.
– Ə bə qaynındı da, – deyib güldü. – Səni tanıyır?
– Hə.
– Onda ayıq ol, qızlar görünəndə zəng edim, deyim, birbaşa yuxarı getsinlər. Belə də ki, qızın qardaşı qələt eləyir. Qulağının dibinə birini vuraram, yeriyəndə səkkiz yazar.
– Lazım deyil elə şey. O, Cincilimin qardaşıdır.
Yusifin dediyi kimi edib yuxarıda, kimsəsiz yerdə görüşdük. Ordan baxanda park qaynayırdı. Yusif həmişəki kimi Günkanın əlindən tutub xəlvət yerə apardı. Cincilimlə ikilikdə qaldıq. Qrup yoldaşlarımızdan, mobil telefonlardan danışdıq.
Geri qayıdanda Yusif mənə dedi:
– Bacanaq, – o dördlükdə olanda şirinlik edib mənə bacanaq deyirdi, – sizin işiniz Allaha qalıb. Elə bil istəkli yox, bacıqardaşsınız. Bir ələlə tutun, bir qızı qucaqla, o da başını sənin çiyninə qoysun. Yasa gəlməmisiz ki. Yalnız söhbət edirsinizsə, day telefonla danışın da. Əziyyət çəkib bura niyə gəlirsiz?! Elə bil şəkil çəkdirirsiz.
Günka bu sözlərə güldü.
– Qaqa, mən ciddi istəyirəm. – Cincilimə verdiyim mesaj Yusiflə Günkanın xətrinə dəydi. Günkanın mimikasından gördüm ki, sözüm ona bərk toxundu. Yusif dedi:
– Ə bə biz də ciddiyik da. Oynamağa gəlməmişik ki!
Günka təkrar güldü. Cincilim pərtliyimi hiss etdi. Vəziyyətdən çıxmaq üçün dedim:
– Qaqa, o mənada demədim. Yəni hələlik elə şeylərə ehtiyac yoxdur. Hər şeyin zamanı var.
– Sən allah, fizikoloqluq eləmə, – o, filosofluq demək istəyirdi.
Qızlardan ayrılandan sonra Yusif maşında mənə dedi:
– Ə bə qardaş, mən sənlə qızın arasını açmaq istəyirəm, sən də yandırırsan.
Mən heç bir görüşümüzdə Cincilimin əlini tutmamışdım. Əvvəla onun qəlbini tam fəth etməmiş bunu istəmirdim. İlk addımı Cincilimin atmasını istəyirdim. Həm də hələ tez idi. İçimdəki hiss mənə deyirdi ki, ona toxunsam, hardasa pişik balası ölə bilər. Yusif isə Günkanın qəlbini işğal etmişdi.
Hər gün dərsə gəlir, tənəffüslərdə aşağı mərtəbəyə düşür, Cincilimlə görüşüb söhbət edir, bufetdə çay içirdim. Günka hərdən bizim korpusa gəlirdi. Yolları bir olduğundan Cincilimlə bir gedibgəlirdilər. Onları ötürürdüm. Gah metrodan, gah düz məhlələrinə qədər. Birdən kiminsə Cincilimə gözü düşər deyə, onların mərtəbəsində qızı ciddi istədiyimi elan etmişdim.
Universitetdə – bundan sonra biz bura tələbələrin dili ilə “uni” deyəcəyik – ən prestijli və varlı tələbələr bizim fakültədə oxuyurdu. Hamı bu qrupun uşaqlarına “yekəxanalar” deyirdi. Cincilimgilin fakültələrində adətən səfir və diplomat uşaqları oxuduğundan və tələbələr çox müasir davrandığından fakültə “Las Veqas” adını qazanmışdı. Günkagilin qrupuna “demaqoqlar”, başqa bir qrupa “yetimlər” deyirdilər. Kitabxanaşünaslıq fakültəsinə heç nə demirdik.
Filologiya fakültəsi də bizim korpusda yerləşirdi. Onların dəhlizində qızlar çoxluq təşkil etsə də, öz oğlanları, eləcə də bizim fakültənin ləlöyünləri “qız tutmaq” üçün Cincilimgilin dəhlizinə dadanmışdılar.
Bir gün onların mərtəbəsindən öz mərtəbəmizə qalxanda Asif adlı qrup yoldaşım pilləkənin başında mənə dedi:
– Qaqa, qarmağına düşüb deyəsən.
Güldüm:
– Ciddi istədiyimdir.
– Yaxşı, görək. Məzələnirsən sən?! İyirmi günə nə ciddi?!
– Uşaqlıqdan. Danışaram bir gün.
– Dərsdən sonra uşaqlarla kafedə oturacağıq. Gəlmək istəyirsən?
– Qızı yola salıb qayıdaram.
– Gedək bufetə.
– Dərs başlayır axı.
– Gedək. Beş dəqiqəylə heç nə olmaz.
– Asif, tanış uşaqlar tanımırsan, üçdördü yığışıb bir ev tutan? Mən xalamgildə qalıram. Baxma da, rahatlıqlarını pozuram. Elə tanış uşaq olsa, xəbər elə.
– Bizim obyektimiz var, yaxınında koteji... Əlavə otaqları da var. Müvəqqəti təşkil edə bilərəm.
– Yox, daimi istəyirəm.
Bufetdə biriki şey atışdırıb auditoriyaya girdik. Hüquq nəzəriyyəsi dərsi idi. Müəllim dedi:
– Hardasız ə siz? Dərs on beş dəqiqədir başlayıb.
Asif cavabı sanki əvvəldən əzbərləmişdi:
– Müəllim, filologiyada bir qızın halı pisləşmişdi, ona kömək edirdik.
– Siz də dadandınız ora? Keçin yerinizə!
Müəllimdən, Asifdən və məndən başqa hamı güldü.
Asiflə yanaşı oturduq. Söhbətə başladıq.
– Atam bir obyekti mənə paz edib. Deyir, işlət, indidən biznesə alış.
– İşlət də.
– Həvəs var?! Mənlik deyil.
Müəllim dərs danışırdı: “Şəxsiyyət cəmiyyətdə sosial fəaliyyət göstərdiyinə görə, cəmiyyət qarşısında müəyyən hüquq və vəzifələr həyata keçirməlidir...”
Vətəndaşla dövlət arasında olduğu kimi, cəmiyyətlə şəxsiyyət, dövlətlə şəxsiyyət arasında da qarşılıqlı hüquq və vəzifələr yaranır. Dövlət vətəndaşa hüquq və azadlıqlar verir. Lakin bəzi hallarda vətəndaş bu azadlığı özbaşınalıq kimi başa düşür. Bu ən çox yeni müstəqillik əldə etmiş ölkələrdə olur...”
Müəllim bizə həm dərs deyir, həm də beynini, fikirlərini bizə köçürürdü. Rüşvət alsa da, yaxşı insan olmasa da, pis müəllim deyildi.
Gözlənilmədən tanımadığım bir qız sinfə daxil olub dedi:
– Müəllim, Fərzəliyev Ərələ bir dəqiqəlik icazə verərsiniz?
Müəllimlər məni tanıyırdı. Üzümə baxıb bayıra çıxmaq işarəsi verdi. Həm rekordçu kimi, həm də təhsil naziri cənab Misir Mərdanovun qohumu kimi... Bəli, belə bir söz buraxmışdım. Hətta demişdim, atamın ən yaxın dostudur. Mən ona Misir əmi, tanımadığım və heç vaxt görmədiyim həyat yoldaşına isə bibi deyirdim. Arada üfürürdüm: “Axşam Misir əmimlə atam nərd atırdı. İki tas dalbadal atamı mars elədi”. Yaxud: “Srağagün Misir əmimgildəydik. Bibim dolma bişirmişdi, yedim, mədəm joqa verdi”. Bildiyiniz Çinarın goplarından...
Adım müəllimlərin yadından çıxanda “Misir müəllimin qohumu” deyirdilər. Məqsədim müəllimlərin məndən çəkinməsi, qiymətlərimin “5” olması və “qaib”lərimə göz yumulması idi. Gopum tutmuşdu. Çinardan fərqli olaraq insanlara qalan hər şeyi doğru danışdığımdan, yalanıma inanırdılar. Müəllim heyəti məndən çəkinirdi və məni yola verirdi.
Bayıra çıxanda bəstəboy qız dedi:
– Məni Cincilim göndərib.
– Nə olub Cincilimə?
– Dedi, tənəffüslərdə bizim dəhlizə düşməsin, qardaşım buralardadır. Ona zəng də etməyin. Özü edəcək.
Düşündüm ki, Kənanın bacısıyla işi var, ona görə gəlib. Sən demə, işin əsli başqa imiş. Könka Kənana mənim Cincilimin arxasınca düşdüyümü çatdırıbmış. Bunu necə və hardan öyrəndiyini indiyə kimi bilmədim. Kənan bir neçə gün bizi gözlətdi. Hətta bir dəfə dəhlizimizdə Kənanı gördüm. Özümü görməzliyə vurdum. Məqsədim mənə salam verib-vermədiyini aydınlaşdırmaq idi. Məni görsə də, salam vermədən çıxıb getdi.
Evə çatanda xalam mənə bir məktub verdi. Könka xalamgilin ünvanını öyrənib məktub yazıbmış. Xalam bunu anama deyib. Anam məktubu ehtiyatla açıb oxumağı, sonra əvvəlki kimi yapışdırmağı məsləhət görüb. Xalam məktubu anam üçün oxuyub:
“Salam, Ərəl! Sənin yüksək nəticəni eşidib çox sevindim. Təbrik etmək istədim. Amma fürsət vermədin mənə. Nə olardı, bir dəfə boyunu görəydim. Səni görəndə ürəyimin yağı əriyir. Hələ də örüşdə at belində getməyimizin, sənə sarılmağımın həzzini yaşayıram. Ərəl, əgər Allah mənə sənsiz bir ömür qismət edəcəksə, alsın canımı. Mənə sənsiz gələcək yoxdur. Mamama da demişəm səni istədiyimi. Demişdin, oxumuş qız alacam. Bax oxuyuram. Mənə söz vermişdin. Daha “uşağıq” deyib, bəhanə gətirə bilməzsən. O gün Gülüş xalanı elə qucaqlayıb öpdüm ki, mat qaldı. Çox yaxşı adamdır. Ona gəlin yox, qulluqçu olacam. Ayaqlarını yuyacam. Məni axtar, Ərəlim. Mən Çapayev küçəsində, Təfəkkür Universitetində oxuyuram. Qrup nömrəm 1223-dür. Sənə maraqlı bir həyat yaşadacağıma söz verirəm...
Səni hər şeydən çox istəyən Könül”.
Məktubu oxudum. Xalam xəbərsiz kimi soruşdu:
– Kimdəndir?
– Universitetdəndir. Tələbə gənclər təşkilatından. Boş şeydir.
Qanım it qanına döndü. Təcili Cincilimlə danışmalıydım. Məktubun mövzusu məni qorxudurdu. Necə yəni, “mənə söz vermişdin”?! Mən sənə nə vaxt söz vermişəm?! Mütləq hər şeyi Cincilimə danışmalıydım.
Səhər şənbə olduğundan dərs yox idi. Cincilimin nömrəsinə mesajla üç nöqtə atdım. Bu bizim parolumuz idi. Çox mühüm və vacib məsələ olduğunu bildirirdi.
Az sonra Günkanın telefonundan zəng gəldi. Yalnız Azərbaycan kişilərinin qadına qarşı etdiyi jesti mən də təkrarladım: “no” düyməsini basıb, özüm yığdım. Qızın kontur xərcləməsini istəmədim.
– Salam, Günka.
– Salam. Cincilimdir.
– Salam. Hardasan?
– Günkagildəyəm.
– Təcili görüşməliyik.
– Hə. Mən də görüşmək istəyirəm. Nəsə olub?
– Hə. Telefon söhbəti deyil.
– Qulaq as. Nömrəmə nə mesaj yaz, nə zəng elə. Kimsə Kənanı duyuq salıb. Məni izləyir. Nəsə olsa, Günkanı yığ. Gəl 171 saylı məktəbin həyətinə.
Mən xatirə dəftərini və məktubu götürüb deyilən ünvana getdim. Könkanın at belində məni qucaqlamasından tutmuş, yas yerində evin arxasına çağırmasına qədər hər şeyi Cincilimə danışdım. Onu başımdan etmək üçün oxumuş qız alacağımı dediyimi də etiraf etdim. Axırda xatirə dəftərini və məktubu ona verdim.
Cincilim Kənanın hansı mənbədən duyuq düşdüyünü indi anladı. Kənan onu hədələsə də, ata-anasına heç nə deməmişdi.
– Bəs bunları mənə niyə əvvəldən demirdin? – Cincilim dedi.
Sual məni qorxutdu:
– Deməyə qorxurdum. Sənin qəlbində möhkəmlənməmiş deyə bilməzdim. Səni itirə bilərdim. İndi də eyni qorxu ilə deyirəm. İndi də deməsəm, səni itirə bilərdim.
– Hmm.
– Mənə ancaq sənin inanmağın lazımdır. Başqa heç nə vecimə deyil. İnanırsan?
O azca duruxub dedi:
– İnanıram.
Qəlbimdəki kədər bir anda sevincə çevrildi. Hətta mənə elə gəldi ki, onun gözündə bir az da yüksəldim.
– Sən mənim Cinimsən.
İlk dəfə idi, ona belə deyirdim. Gülümsəyərək dedi:
– Mənə atamdan başqa heç kim Cinim deməyib. Heç anama da icazə verməmişəm. Xoşum gəlmir o sözdən. Ancaq atam deyəndə xoşum gəlir.
– Bir də demərəm. Üzr istəyirəm.
– Yox. De. Sən deyəndə də xoşum gəldi. Yaxşı qurtardım.
İsmayıl babama yasin oxutduracaqdım.
O mənə demişdi ki, düzlük ən böyük biclikdir. Allah sənə rəhmət eləsin, ay baba. Əgər cənnət varsa, sən mütləq ordasan.
Bazar günü Cinim Günkanın nömrəsindən mənə “vız-vız” atdı. Geri yığıb onunla uzun bir söhbət elədim. Həmin gündən sonra həyatımda baş verənlərin hamısını Cincilimə danışdım.
Özümüzdən danışıb qurtarandan sonra ondan bir məsləhət istədim:
– Cinim, o qrup yoldaşım var e, Asif, atası iş adamı olan.
– Hə.
– Onların obyektləri var. Mini restoran. Hər cür şəraiti var. Oranı götürüb işlətmək istəyirəm. Nə məsləhət görürsən?
– Pulun çatacaq?
– Kənddəki inəklərimizin birini satdıracam. Bir az da özümdə var. Təqaüd, nənəmin pensiya kartı... Asif atasından iki ay möhlət istəyib. Yəni iki ay icarə pulu verməyəcəm. Super yerdədir. Gəliş-gediş çoxdur.
– Asiflə şərik olursan?
– Yox. İcarəsini verəcəm. Sonra işin gedişinə baxacam.
Restoranın adını da fikirləşmişəm e, Cinim.
– Nə?
– “Stellaria”.
– Nə deməkdir?
– Latın dilində cincilim otunun adıdır.
O gülüb əvvəl: “Ətin tökülsün”, – desə də axır sözü bu oldu: “Elədirsə, mütləq açmalısan!”
– Açacam, Cinim. Yusif yaxşı bir aşpaz tanıyır. Sabah görüşəcəm onunla. Şərik deyilik, amma Yusifin 18 yaşı tamam olub deyə, sənədləri onun adına rəsmiləşdirəcəm. Özünə demişəm.
– Allah xeyir versin. Mən ancaq sənə mənəvi dəstək ola bilərəm.
Biz güldük. Dedim:
– Mənəvi nədir, ay qız? O rusdilli qrup uşaqlarınızı dadandırsan, bəsimdir. Amma içinizdə eləsi var, heç nə bilmir, aristokrat görünmək üçün yalandan aksentlə danışır.
O səsli güldü.
Atamın inək satmağımıza münasibəti belə oldu: “Bilirəm, yurdum boş qalacaq axırda!” Bu sözü ya kənddən qovulan, ya da homoseksual olan oğlanların atası haqqında deyirdilər, atam isə “uni”nin hüququnda oxuyan doğma övladı haqqında deyirdi. Onu xəyalımda Asifin atası ilə müqayisə etdim: biri oğlunu iş qurması üçün riskə alışdırırdı, o biri ali məktəbi bitirib kənd sovetliyində işləməyimi istəyirdi.
Bu mənim evdən istədiyim ilk və son ciddi məbləğ idi. Bir daha evdən heç nə istəmədim. Daha doğrusu, atam babamın yurdunu elə günə qoydu ki, istəməyə bir şey qalmadı. O, böyrəyini müalicə adı ilə sağmalların dalından bir-bir dəyirdi. Kəndə gedəndə qapımızın inəkləri ilə heç maraqlanmadım. Birini istəmişdim, verməmişdilər, demək, mənimki deyildilər. Əgər bir gün bədbəxt hadisədən bütün ev sakinlərimiz eyni anda ölsəydi, tək mən qalsaydım, yenə o heyvanlara yiyələnməzdim. Açıb meşəyə buraxardım. Halbuki böyük zəhmətim vardı onların üstündə. Ən azı biri mənim haqqım idi.
Yusif məni aşpazla tanış elədi. Kişinin yaşı əllini ötsə də, sağlam görünürdü. Danışığından hiss etdim ki, təcrübəli adamdır. Nə vaxtsa birinci katibin aşpazı olmuşdu. O, restoranı görəndə heyran qaldı. Yerini də yaxşı hesab edirdi. Başlanğıc üçün gündəlik on “şirvan”la razılaşdıq, iş yaxşı gedərsə, məbləği qaldıracaqdım. Əlavə qazanlar aldıq. Çatışmayan çox şeylər çıxdı. Qrup yoldaşlarımdan bəlli məbləğdə borclar almışdım. Əlavə Asif xahiş etmişdi ki, açılış günü kimin imkanı nəyə çatır, pul atıb köməklik göstərsin. “Stellaria” yazılmış işıqlı lövhəni də vurub, açılış gününü təyin etdik.
Bazarlığa “üç paçka şirvan” pulumuz çıxmışdı. İlk bazarlıqları aşpazla birlikdə etsəm də, sonradan tək gedirdim.
Sonradan ofisiantımın birini götürdüm. Andrey adlı bir rus “Qazel” sürücüsünü də işə götürmüşdüm.
