Kölgə - Almaniyada yaşayan yazıçımızın hekayəsi

Kölgə - Almaniyada yaşayan yazıçımızın hekayəsi
4 dekabr 2021
# 12:30

Kulis.az Vüqar Dəmirbəylinin “Kölgə” hekayəsini təqdim edir.

Azad neçə gün idi ki, xəstəxanada yatırdı, əsəb xəstəlikləri şöbəsində. Palatada indi tək idi, onunla qalan daha iki nəfər isə xəstəxananın həyətində gəzməkdə idilər. Azad özünə yer tapa bilmir, otaqda var-gəl edir, çarpayıya uzananda da yerində o yan-bu yana çevrilirdi. Sanki onu nə isə həddindən çox narahat edirdi və bundan yana hətta elə bil çətinliklə nəfəs alırdı. Birdən qapı döyüldü və içəriyə ağ xələtdə bir qadın girib dedi:

- Qədimov, sizin üçün indi müsahibə olacaq. Həkimlər sizi gözləyirlər.

Azadın üzü ümidlə işıqlandı. O tələsik paltarını, saçlarını nizama salıb, dəhlizə çıxdı. Geniş bir dairədə düzülmüş kürsülərdə həkimlər – daha çox qadın həkimlər – oturmuşdular; hamısının əynində kraxmallı ağ xələt, başlarında isə ağ papaq vardı. Azad yaxınlaşan kimi, onu mərkəzdə qoyulmuş ayrıca kürsüdə oturmağa dəvət etdilər. Oturan kimi də dərhal həkimlər ona suallarını yağdırmağa başladılar:

- Özünüzü necə hiss edirsiniz?

- Qorxularınız azalırmı?

- Sizə yazılmış dərmanları qəbul edirsinizmi, xəstəxana rejiminə əməl edirsinizmi?

- Yeməyiniz qaydasındadırmı?

- Necə yatırsınız?

- Siz ən çox narahat edən nədir?

- Başqa nədən şikayətiniz var? Bir yeriniz ağrıyırmı?

Azad bütün bu suallara sakitcə, təmkinlə cavab verməyə çalışırdı: bəli, o dərmanlarını vaxtlı-vaxtında qəbul edir, həkimlər nə desə, yerinə yetirir. Yeməyi də, yatmağı da qaydasındadır. Amma bədənində ağrılar olmasa da, özünü çox pis hiss edir. Qorxuları keçmək bilmir və ona olmazın əziyyət verir.

Həkimlər ona diqqətlə qulaq asıb, bir neçə başqa sual da verəndən sonra dedilər ki, dərmanların qəbulu vaxtına və ona təyin olunmuş xəstəxana rejiminə daha ciddi riayət etməsi lazımdır. Amma hiss olunurdu ki, bəzi həkimlər eşitdiklərindən çox mütəəssir olublar. Bir qadın həkim isə Azaddan soruşdu:

- Məgər siz özünüzə əmr edə bilmirsiniz ki, daha qorxmayasınız?
Azad bu suala nə cavab verəcəyini bilmirdi, ona görə də susdu. Axırda həkimlər onu bir daha inandırmağa çalışdılar ki, müalicəni doğru yerinə yetirsə, hər şey keçib gedəcək, hətta sonradan onun özünə belə indi danışdıqları gülməli görünəcək.

Azad həkimlərlə müsahibədən sonra yenidən palataya qayıtdı. Artıq iki qonşusu da – biri yaşlı, biri cavan –geriyə qayıtmış, hərəsi palatanın bir küncündə özünə yer eləmişdi. Azad yenə də özünə yer tapa bilmirdi, yenə də gah oturub, gah durur, gah da var-gəl edirdi. Palata qonşuları da elə bil Azadın bu davranışından əsəbiləşir, sanki onu dayandırmaq istəyirdilər. Birdən qapı yenə döyüldü və ağ xələtdə cavan bir qadın içəri girdi. Bu gənc qadın Azadın qohumu idi, özü də yenicə bu xəstəxanada işləməyə başlamışdı. Azadın hər iki palata qonşusu yenə bayıra çıxıb onları tək qoydular. Gənc qadın Azada meyvə gətirmişdi, özü də torbanı açıb meyvələri çarpayının yanındakı dolabın üstünə düzdü:

- Bu gün bazardan almışam, özlərini də indicə yumuşam. Meyvə yeməyin hökmən lazımdır. Bilirəm, burada adamın o qədər də iştahası olmur. Amma yenə də hökmən yemək lazımdır, ən çox da meyvədən-tərəvəzdən. Sənə burada vitamin iynəsi vururlarmı?

- Hə, vururlar, - Azad onların necə yandırıcı olduğunu xatırlayıb, üzünü qırışdırdı.

- Əgər nəsə bir çatışmazlıq olsa, mənə xəbər elə, özüm gəlib onlarla söhbət edəcəm.

Sonra da qohumu ondan özünü necə hiss etdiyini, yerdə qalan müalicənin necə keçdiyini soruşdu. Azad bir az könülsüz də olsa, gənc qadının suallarına cavab verdi: o özünü pis hiss edir, bu birdən-birə baş verdi, elə bil ki, iradəsinin əleyhinə olaraq onu qorxu və həyəcanlar, xoşagəlməz fikirlər, ağır xatirələr təqib edir. O, uzun müddət bu barədə danışa bilmirmiş, dərdini heç kimə deyə bilmirmiş. Ətrafda birdən onun davranışındakı dəyişiklikləri görməyə başladılar, bundan sonra isə halı daha da pisləşdi. О, həmişə vəziyyətdən çıxış yolu axtarır, dünyanın onun üçün birdənbirə niyə belə dəyişdiyini başa düşməyə çalışır. Amma ağrıdan başqa heç nə duymur, qorxudan savayı bir şey hiss etmir. Bununla belə özünə də qapanmadı, daha doğrusu qapana bilmədi, baxmayaraq ki, əvvəllər də ünsiyyət qurmağı o qədər də xoşlamazdı. Fəqət bu cür ağır, üzücü fikirlərlə və qorxularla tək qalmaq dözülməz idi, ona daha çox əzab verirdi, qorxuları da azalmaqdansa, getdikcə daha da çoxalırdı.

- Hətta boş-boşuna, avara-avara gəzmək də mənim üçün daha yaxşı idi, nəinki tək qalmaq. Əvvəlcə kiminlə gəldi yoldaşlıq etməyə, ağına-bozuna baxmadan kiminlə gəldi oturub-durmağa başladım. Bəzən bu cür mühitdə məni ələ salanlar, təhqir edənlər də tapılırdı. Mən isə bunlara dözməkdən başqa yol görmürdüm, çünki tək qalmaq mənim üçün daha dəhşətli idi. Sonradan isə özümə daha uyğun gələn bir mühit tapdım. Düzdü, onda həyat əvvəlkilərdə olduğu kimi qaynamırdı və adamlar da sakit davranırdılar. Mənim istədiyim də bu idi. Amma bir dəfə onlarla da mübahisəm düşəndə mənim haqqımda o qədər də yüksək fikirdə olmadıqlarını dedilər və məni daha görmək istəmədiklərini bildirdilər. Mən bu vaxt özümün nə qədər aciz olduğumu və özümü müdafiə etməyə qadir olmadığını bir daha bütün dərinliyi ilə hiss etdim. Belə çıxırdı ki, mənimlə kim nə istəyir onu da edə bilər. Yenidən tək qalandan sonra vəziyyətim daha da pisləşdi və buna görə də xəstəxanaya müraciət elədim. Amma burada verdikləri dərmanlar mənə o qədər də kömək eləmir - qorxularım keçmir. Yenə də ümid edirəm ki, bu dərmanların içərisində eləsi tapılacaq ki, məni sağaldacaq. Yenə də əvvəlki kimi sakit yaşaya biləcəm, həyatdan zövq ala biləcəm. Amma indi həyat mənə ancaq əzab verir.

Gənc qadının Azadın dediklərindən həddən çox təsirləndiyi və ona kömək etmək istədiyi hiss olunurdu. Bir müddət susandan sonra o Azada dedi:

- Bilirsənmi, Azad, bizim klinikada bir nəfər həkim var - doktor Hüseynov. Həmin doktor Hüseynov mən biləni elə bu cür xəstəlikləri müalicə edir. Onun çox yaxşı həkim olduğunu deyirlər. Düzü mən onu elə yaxından tanımıram, amma mənim bir rəfiqəm doktor Hüseynovu yaxşı tanıyır. Məncə o səni həmin həkimlə tanış edə bilər və ondan səni müayinə etməyi xahiş edər. Buradan isə, əgər sənə bir xeyri yoxdursa, çıxsan məncə daha yaxşı olar.

Bunları deyəndən sonra qohumu Azadla sağollaşıb getdi.

Azad onun məsləhətinə qulaq asıb bir neçə gündən sonra xəstəxananı tərk etdi. Evə qayıtdığı günün sabahısı da klinikaya, doktor Hüseynovun yanına yollandı.

Klinikanın uzun dəhlizində Azad xeyli dayanmalı oldu; həyəcanlanmışdı və qohumunun vəd etdiyi görüşü gözləyirdi. Axır ki, qarşısındakı otağın qapısı açıldı və onu içəri çağırdılar. Kiçik kabinetdə masa arxasında orta yaşlı, bəstəboylu, arıq, saqqallı bir kişi oturmuşdu. Daha qəribəsi də bu idi ki, kişinin əynində xələt yox idi, bir sözlə o Azadın indiyə kimi gördüyü həkimlərə oxşamırdı. Doktor Hüseynov çox yumşaq tərzdə Azaddan qarşısındakı kürsüyə oturmağı xahiş etdi və ona xəstəxana üçün olduqca qeyri-adi görünən suallar verməyə başladı: Azad hansı kitabları oxuyur, indiyə kimi nələri oxuyub, məktəbdə ən çox sevdiyi fənlər hansı olub, idmanla məşğul olurmu. Azad həkimin suallarına əvvəlcə bir az sıxıla-sıxıla cavab versə də, bir azdan özünü onunla daha sərbəst aparmağa başladı. Getdikcə bu cür söhbət daha çox xoşuna gəldiyindən indi Azad özü onu məmnuniyyətlə davam etdirmək istəyirdi.

Birdən Hüseynov onun sözünü kəsdi:

- Şikayətiniz nədəndir?

Sual gözlənilməz olsa da, Azad ona qısa və dəqiq cavab verə bildi:

- Mən özümü pis hiss edirəm.

- Bu çoxdanmı belədir?

- Bir neçə ildir.

- Deməli, özünüzü pis hiss edirsiniz, qorxular və xoşagəlməz fikirlər sizə rahatlıq vermir. Doğrudurmu?

- Bəli, doğrudur, - bu dəfə Azad öz təəccübünü gizlədə bilmədi.

- Sizi təəccüblənirsiniz ki, mən bunları axı haradan bilirəm. Qorxmayın, bu cür şikayətləri təkcə siz etmirsiniz. İndi mənə deyin görüm, bu vaxtadək hansı dərmanları qəbul etmisiniz?

- Əsasən sakitləşdirici dərmanlar.

- Onlar sizə kömək etdilər, ya yox?

- Mən bu dərmanlara çox ümid edirdim, amma onlar mənə o qədər də kömək etmədilər.

- Məsələ bundadır ki, sakitləşdirici dərmanlar insanı, doğrudan da, bir qədər sakitləşdirirlər, onun vəziyyətini yüngülləşdirirlər. Bununla belə heç bir dərman insanın problemini həll etmək iqtidarında deyil, çünki bu problem xeyli dərindədir.

- Bəzən mənə elə gəlir ki, bu xəstəlik deyil, - Azad dedi. – Çünki xəstəxanada mənim bədənimdə heç bir xəstəlik, ya çatışmazlıq tapa bilmədilər. Onda bu nədir? Əgər xəstəlikdirsə, onda nəyə görə mənim bədənimdə bunun heç bir nişanəsi yoxdur? Əgər xəstəlik deyilsə, onda niyə məni belə uzun müddətdir ki, incidir?

- Bunu xəstəlik adlandırmaq da olar; əgər sən bu vəziyyətdən çıxış yolu axtarmırsansa, onunla barışırsansa. Mən isə bunu problem hesab edirəm; bu problemi həll etmək üçün isə həm gərək bir az cürətin olsun, həm də öz üzərində müntəzəm işləyə biləsən. Mənim yanıma, bayaq dediyim kimi, bu cür şikayətlərlə çox adam gəlir. Amma ikinci yolu, çətin yolu getmək istəyənlər azdır. Çoxları birinci yolu, asan yolu getmək istəyir və özünü xəstə sayaraq, problemi ilə məşğul olmaq nədi, ona heç yaxın da getmək istəmir. Mənim üçün indi maraqlıdır ki, siz hansı yolu seçəcəksiniz.

- Mən yəqin ki, ikinci yolu gedəcəm, yəni öz problemimi həll etməyə çalışacam.

- Tələsməyin, bu barədə danışmaq hələ tezdir. Yəqin ki, siz hələ bir müddət də dərman qəbul etməlisiniz. Bundan başqa çalışın idmanla məşğul olun, çoxlu piyada gəzin. Bunlar sizi bir az da sakitləşdirər. Siz mənə hələ də çox narahat görünürsünüz, ona görə də sizinlə ciddi söhbətə başlaya bilməyəcəm. Siz sakitləşəndən sonra isə daha ciddi məşğul ola bilərik.

Doktor Hüseynov Azada yeni bir resept yazandan sonra onunla xudahafizləşdi. Bundan sonra Azad sevinc, həyəcan və ümidlə onun otağını tərk etdi.

Azad iki il idi ki, universitetdə oxuyan Təranə adlı bir qızla görüşürdü. Amma artıq bir neçə həftə vardı ki, qızla nə görüşmüş, nə də ona zəng etmişdi. İndi Azad hər şeydən əvvəl kiməsə doktor Hüseynov ilə görüşü haqqında danışmaq istəyirdi və bunun üçün küçədən qıza zəng vurdu. Təranə xəbərsiz-ətərsiz itib-batdığı üçün ondan incimişdi, amma Azad üzrxahlıq edib qızın könlünü ala bildi. Sabahısı gün isə şəhərin mərkəzində görüşdülər. Azad dərhal ona necə qeyri-adi bir adamla tanış olduğundan danışdı.

- Təranə, doktor Hüseynov çox maraqlı adamdır. Beləsinə hələ indiyə kimi rast gəlməmişdim; o həkimdən çox filosofa oxşayır. Əgər mən onun yanına tez-tez gedib-gəlməli olsam, onu bir gün səninlə də tanış edəcəm.

Rəfiqəsi bunu eşidəndə sevindi:

- Hələ indiyə qədər eşitməmişdim ki, sən kimisə bu cür tərifləyəsən. Sən adamlardan çox vaxt şikayət etməyi xoşlayırsan: ya onları pis, ya da həddindən artıq adi və maraqsız hesab edirsən. Deməli, axır ki, bəyəndiyin bir adam tapıldı. İndi onunla istədiyin mövzuda söhbət edə bilərsən.

Həmin gün Azad Təranəyə başqa cür göründü: elə bil həmişə onu izləyən qəm-qayğısı harasa yox olmuşdu. Azad heç dil boğaza qoymur, Təranəyə elə hey nəsə danışır, amma axırda hərlənib-fırlanıb yenə də Hüseynovun üstünə gəlirdi.

Azad “Sovetskidə” kiçik bir daxmada kirayədə qalırdı. Sabahısı gün yerindən duran kimi idman formasını geyinib küçəyə çıxdı və qaçmağa başladı. Qarşısına çıxanlar ona bir az məzəmmətlə baxsalar da, yenə də qaçmağına davam elədi.

Bundan sonra hər gün qaçır, qayıdandan sonra da Hüseynovun yazdığı həbləri qəbul edirdi. Sonrakı üç ayda Azad Hüseynovla daha üç dəfə görüşdü. Hər dəfə də doktor onu dinləyir, özünü necə hiss etdiyini soruşur, sonra müalicəyə və məşqlərə necə davam etməsi haqqında yeni məsləhətlər verirdi.

Növbəti dəfə Hüseynovun yanına gedəndə doktor dərhal Azadın daha gümrah göründüyünü qeyd etdi. Azad hər dəfə gələndə doktorun kabinetinə diqqətlə göz gəzdirirdi. Bu kiçik, xudmani otağın bir küncündə dəmir əl-üzyuyan asılmış, o biri küncündə xırda balıqlarla dolu olan akvarium qoyulmuşdu. Pəncərələrdə gül dibçəkləri düzülmüş, divarlardan, bəzən məhz nəyi əks etdirdiyi o qədər də aydın olmayan rəsmlər asılmışdı. Xəstələrin oturması üçün üzünə süni dəri çəkilmiş divan isə doktorun masası ilə üzbəüz idi.

Qapının arxasında xeyli adam yığılıb doktorun kabinetinə girmək üçün növbə gözləsə də Azad hələ Hüseynovun kabinetini tərk etmək istəmirdi. Dəhlizdə isə bəzən mübahisə, qara-qışqırıq qopur, aradabir hətta kimsə qapını cırıltı ilə açıb sonra da tez bağlayırdı. Azad isə doktordan otaqdakı rəsmlər haqqında soruşur, son vaxtlarda oxuduğu və aşkar etdiyi kitablardan danışırdı. Birdən Hüseynov ondan soruşdu:

- Hə, indi bir az sakitləşdinizmi?

Azad ona xeyli sakitləşdiyini, özünü daha yaxşı hiss etdiyini dedi. Sonra da doktora son vaxtlar müalicəni və idmanla məşğuliyyətini necə davam etdirdiyini danışdı və ondan yeni məsləhətlər aldı.

Doktor:

- Sizə daha dərman qəbul etmək lazım deyil, siz daha sakitləşmisiniz, - dedi. – Amma çalışın, idmana daha çox vaxt ayırın. Bir həftədən sonra yenə də yanıma gələrsiniz.

Azad bir həftədən sonra yenidən Hüseynovun kabinetində ayaq basanda doktoru tamamilə başqa bir əhval-ruhiyyədə görüb təəccübləndi. Hüseynov hər şeydən yorulmuş və bıqmış bir adam təsiri bağışlayırdı.

- İdmana daha çox vaxt ayıra bilirsinizmi? – deyə o gəncdən soruşdu.

Azad ona müsbət cavab verib bir müddət susandan sonra özü doktordan soruşdu:

- Bəs bundan başqa mən nə etməliyəm, doktor?

- Bundan başqa? - doktor laqeyd bir görkəmlə Azadın sualını təkrar etdi.

- Bir də siz indi özünüzə nə isə təlqin etməyə başlaya bilərsiniz. Sizdə bu yaxşı alına bilər, çünki mənim zənnimcə sizin geniş təxəyyülünüz var. Bu cür adamlara özünə nəyi isə təlqin etmək daha asandır.

- Bunu necə etmək lazımdır?

- Özünətəlqini oturmuş ya uzanmış vəziyyətdə etmək mümkündür. Mən belə hesab edirəm ki, oturuqlu özünətəlqinin effekti daha böyükdür. Başlanğıc üçün isə mən sizə qısa təlimat verə bilərəm.

Bunu deyib doktor masasının siyirməsindən makinada yazılmış bir neçə vərəq çıxarıb Azada uzatdı. Qapı arxasında səs-küy, qışqırıq yenə də ərşə qalxmışdı; aradabir yenə də qapını döyürdülər, bəziləri isə onu bir də açıb başlarını içəri soxur, sonra tez də geri çəkirdilər.

Azad otağına qayıdandan sonra doktorun tövsiyə etdiyi özünətəlqin məşğələsini dərhal həyata keçirmək istədi. Çox çalışandan sonra adyalı otağın yeganə pəncərəsinə asa bildi. Əsas o idi ki, içəri gün düşməsin. Azad bundan sonra kürsüyə oturdu, gözlərini yumub bədənini tam boşaltmağa çalışdı. Sonra da pıçıltı ilə bəzi sözlər deməyə başladı:

- Hərarət sinəmdən qarnıma doğru hərəkət edir, ayaqlarıma yaxınlaşır, sonra da bütün bədənimi bürüyür. Mənim bütün bədənim süstləşib, özüm də heç nə haqqında fikirləşmək istəmirəm.

Azad bəzən dayanır, bəzi sözlər yadından çıxdığından döşəmədəki təlimat vərəqlərini qaldırıb onlara təkrar baxmaq istəyirdi. Amma yarıqaranlıqda çox vaxt bir şey ayırd edə bilmədiyin-dən bir-iki dəfə adyalı pəncərədən çıxarıb yenidən asmalı oldu.

Həmin günün axşamı Təranə ilə kinoya getməli idilər. Azad özünətəlqin seansı ilə çox əlləşdiyindən görüşə bir az gecikdi. Kinodan çıxandan sonra isə Azad rəfiqəsinə yenə də doktor Hüseynovdan danışmağa başladı:

- Bilirsən, keçən dəfə o mənim xoşuma gəlmədi. O elə bil hər şeyə laqeyd yanaşırdı və əvvəllər onda gördüyüm insanlara kömək etmək istəyi elə bil onu tərk etmişdi.

- Bəlkə onun özü ilə də nə isə bir şey baş verib, haradan bilmək olar axı? – Təranə ona ürək-dirək vermək istədi. - Ola bilsin, onun özünün indi nə isə bir problemi var. Həm də bir gün pis əhval - ruhiyyədə olmağa, şübhəsiz, onun da haqqı var.

Gələn dəfə doktorun kabinetinə gedəndə Hüseynov Azadı içəri çağırsa da, özü yaşlı bir kişi ilə olan söhbətinə hələ bir müddət də davam etdi.

- Oğlunuza görə narahat olmayın, - doktor qocaya çox mehribanlıqla dedi. – Mən onu ötən həftə müayinə elədim, onda elə ciddi bir pozuntu yoxdur. Amma işdir, yenə də oğlunuzu xəstəxanaya qoymaq istəsəniz, mənim adımdan oradakılara yanaşa bilərsiniz.

Qoca bundan sonra qalxdı, cibindən on manat çıxarıb Hüseynova uzatdı.

- Lazım deyil, - deyə doktor onun əlini yüngülcə geri itələdi.

Qoca bir də pulu ona uzatdı, doktor yenə də imtina etdi. Qoca bundan sonra duyduğu dərin minnətdarlıq hissindən özünü saxlaya bilməyib ağladı və göz yaşları içində otağı tərk etdi. Azad gördüyü səhnədən çox təsirlənmişdi və qoca çıxan kimi Hüseynova dedi:

- Bilirsiniz, doktor, zənnimcə sizin kimi adamlar həyatda çox azdır. Mən...

Doktor onun sözünü kəsib:

- Bu ki, adicə teatrdır, - dedi.

Azad bunu belə gözləmirdi və bir az özünü itirən kimi oldu.

- Hə, danışın görüm, idman məşğələləriniz nə yerdədir, özünətəlqin seanslarınız necə, alınırmı? – Hüseynov Azadın özünə keçdi.

Azad hər şeyin qaydasında olduğunu dedi, tək özünətəlqin seanslarını o qədər də müvəffəqiyyətlə yerinə yetirə bilmədiyindən şikayətləndi.

- Fikir eləməyin, - doktor gülümsədi. – Buna da çarə tapmaq olar.

Azad sonuncu dəfə Hüseynovun yanında olandan sonra neçə gün yenə də özünə gələ bilmədi. Qoca ilə olan səhnə onun gözləri önündən çəkilmirdi.

Cəlil Azadın tələbə yoldaşı və dostluq etdiyi tək-tük adamlardan biri idi. O Cəlilə də artıq bir neçə dəfə heyranlıqla Hüseynov haqqında danışmış, onun necə qeyri-adi bir həkim, qeyri-adi bir adam olduğunu demişdi. Amma bu dəfə dostundan öz məyusluğunu da gizlətmək istəmədi:

- Bilirsənmi, Cəlil, Hüseynov qocanı qapıya qədər ötürüb qayıdandan sonra mən ona olan heyranlığımı ucadan ərz etdim. O isə cavabında bunun teatr olduğunu deyəndə, təsəvvür edə bilməzsən ki, mən nə hala düşdüm. Açığını deyim ki, bundan sonra ona necə münasibət bəsləyəcəyimi də daha bilmirəm.

Cəlil köks ötürüb dedi:

- Mənim də bir tanışım var idi ki, mən onu çox ideallaşdırırdım. Bir dəfə onlarda olanda mən həmin adamın arvadı qarşısında necə aciz olduğunu gördüm; arvadı elə mənim yanımdaca onu söyüb biabır elədi, kişi isə heç cınqırını belə çıxara bilmədi. Bundan sonra mən ondan qaçmağa başladım, çünki həmin adama indi necə münasibət göstərəcəyimi bilmirəm.

Azad bir neçə gün tərəddüd edəndən sonra bir də doktorun yanına getməyi qərara aldı. Onun təəccübünə rəğmən bu dəfə dəhlizdə növbə gözləyən yox idi. Hüseynov özü tələsik Azada bu barədə izahat verdi:

- Mən bu gündən bülletendəyəm, bir şey yadımdan çıxıb burda qalmışdı, onu götürməyə gəlmişəm. Siz məni təsadüfən burada tapdınız.

Sonra da doktor dedi ki, indi çıxmağa hazırlaşır və Azad istəsə, bərabər onun evinə qədər piyada gedə və yolda da söhbət edə bilərlər. Azad bu təklifi məmnuniyyətlə qəbul etdi.

Küçəyə yeni çıxmışdılar ki, doktor ondan soruşdu:

- Hə, danışın görüm, özünətəlqinlə bağlı məşğələləriniz indi nə yerdədir?

- Mən hər gün belə məşğələləri keçirməyə çalışıram. Amma, artıq sizə danışdığım kimi, çox məndə bu vaxt oturaqlı alınmır, ona görə də uzanıqlı edirəm.

- Mən demişdim axı, uzanmış vəziyyətdə aparılan məşğələ effektli olmur. Bir məsələ də var: on gündən sonra mən özüm belə məşğələlər keçirməyə başlayacam. Məşğələ bazar günləri olacaq və səhər saat onda başlayacaq.

Doktor dediyi məşğələni işlədiyi klinikanın universitet auditoriyasını xatırladan böyük bir otağında aparırdı. Azaddan başqa buraya iki başqa adam da gəlirdi. Hüseynov birinci gün gələnləri heç bir-biri ilə tanış etmədən məşğələyə başladı:

- Beləliklə başlayırıq. Ayaqlarınızı rahat uzadın, əllərinizi dizləriniz üstünə qoyun, başlar arxaya.

Bir az gələnlərə diqqət yetirəndən sonra doktor davam etdi:

- Biz yaşıl bir çəməndə uzanmışıq, mavi səmaya baxırıq. Səmada heç bir bulud gözə dəymir...

Azad bir neçə bazar günü dalbadal özünətəlqin seanslarına getdi. Amma doktor bir dəfə dedi ki, bu gün sonuncu məşğələdir. O birilər gedəndən sonra gənc Hüseynovdan soruşdu:

- Sabah yanınıza gələ bilərəmmi?

- Sabah, sabah... – doktor bir neçə dəfə təkrar etdi. – Yox, sabah mən çox məşğul olacam, yaxşısı budur biri gün gəlin yanıma.

Bu dəfə Azad gələndə doktor ona kabinetdə yer göstərib, digər xəstələri qəbul etməyə başladı. O hamıya da deyirdi ki, bu gəncin yanında istədikləri məsələdən danışa bilərlər. Gələnlər də ən çox pis əhval-ruhiyyədən və qorxunun onlara əzab verməsindən şikayətlənirdilər. Öz yaxın adamlarının əvəzindən gəlib danışanlar da vardı. Bəzən söhbət intim hal alırdı, ən çox da doktor qadınları sorğu-sual edəndə: o qadın xəstələrdən aybaşının necə keçməsini soruşur, cinsi həyatlarının bəzi xüsusiyyətləri ilə maraqlanırdı. Qadınların bəziləri utansalar da, onun suallarına hamısı cavab verirdilər. İş günü sona çatanda Hüseynov Azada dedi:

- Bilirsinizmi, Azad, mən qərara gəlmişəm ki, sizi bir cəmiyyətə dəvət edim. Bu cəmiyyətə gələnlər orada öz problemi haqında danışmaq və onu başqaları ilə müzakirə etmək imkanı qazanırlar. Məncə, artıq bu sizə də uyğun gələr. Əgər istəyirsinizsə, yenə də gələn bazar günü həmin otağa gələ bilərsiniz, saat on birdə.

Azad bu təklifi sevinclə qəbul etdi və gələn bazar günü yenə də həmin auditoriyaya oxşayan otağın qapısını döydü. Bu dəfə otaqda dairəvi formada qoyulmuş kürsülərdə Azada qətiyyən tanış olmayan qadınlar və kişilər oturmuşdular. Bir azdan isə məlum oldu ki, gələnlərin hamısı birinci dəfədir ki, bu otaqda yığışıblar və heç kim bir-birini tanımır. Doktor əvvəlcə özünü, sonra isə köməkçisi olan gənc bir qadını gələnlərə təqdim edəndən sonra dedi:

- Cəmiyyətdə qayda belədir: çalışıb demək lazımdır ki, burada və indi nə baş verir, daha keçmişdə olanları danışmaq lazım deyil. Bir də gərək nə hiss edirsən onu deyəsən, nə düşünürsən onu yox. Başqalarına məsləhət vermək olmaz. Əgər haqqında danışılanlar kimisə ağrıtsa, o “dayanın” deyə bilər. Hər dəfə bir nəfər növbətçi olacaq və bu deyilənlərə əməl edilməsinə nəzarət edəcək. Növbətçi həm də bu qaydaları pozan adamları dayandırmalıdır. İndi gəlin görək kim nə hiss edir? Dövrə ilə hər kəsə söz veriləcək. Biz bundan başlaya bilərik: biz kimik və buraya nə üçün gəlmişik?

Bundan sonra gələnlər dairə üzrə özlərini təqdim etməyə və buraya hansı səbəbdən gəldiklərini danışmağa başladılar. Belə çıxırdı ki, çoxunu gətirən sadəcə maraqdır. Doktorun köməkçisi isə öz növbəsində dedi ki, onu buraya peşəkar maraq gətirib.

- Hissləriniz haqqında danışmağı unutmayın, – deyə doktor cəmiyyət iştirakçılarına düzəliş vermək istədi. – Özünüzü təqdim etdiniz, nə üçün buraya gəldiyinizi dediniz – bunlar hamısı çox yaxşı. Amma siz indi nə hiss edirsiniz, bu barədə danışmağınız lazımdır.

Növbə Azada çatanda gənc sıxıla-sıxıla dedi:

- Kim və nəçi olduğum haqqında indi danışmaq istəməzdim. Amma mənim həyatda müəyyən çətinliklərim var. Mən onları həll etmək istəyirəm, ona görə də bu gün buradayam.

Həmin gün doktor onlardan narazı qaldı və bildirdi ki, cəmiyyətə ancaq işləmək üçün gəlirlər. İşləmək üçün isə gərək o əvvəlcə sadaladığı prinsiplərə əməl edəsən. Bundan sonra Hüseynov hamıya dağılışmaq göstərişi verdi.

Növbəti məşğələdə yenə də hamı öz hisslərini ifadə etməkdə çətinlik çəkir, tez-tez keçmişdən, bir də nə düşündüklərindən danışırdılar; elə bil ki, bu adamlar öz hissləri haqqında danışmağa alışmamışdılar. Hüseynov hər dəfə “Növbətçi yatma, danışanı saxla”, - deyəndən sonra növbətçi suçlu bir adam görkəmiylə qaydanı pozanı dayandırırdı. Bir-birinin ardınca iştirakçılar deyirdilər:

- Mənə bunun istisi-soyuğu yoxdur.

- Bu məni kədərləndirdi.

- Mən heç nə hiss etmirəm.

- Danışmaq mənim üçün çətindir.

Növbəti məşğələdə Hüseynov özü yazı lövhəsinə yaxınlaşıb danışmağa başladı:

- Biz nə gördük? Demək olar ki, buradakıların hamısı öz hissləri haqqında danışmaqda çətinlik çəkirlər.

Bunu deyib o lövhədə nəsə çəkməyə başladı və davam etdi:

- Məsələ bundadır ki, ağır, uğursuz, yaxud da, necə deyərlər, bədbəxt uşaqlıq dövrü keçirmiş adamlarda həmin illərin sarsıntıları pozulmaz iz buraxır. Bu elə bir izdir ki, o həmin adamın uşaqlığını xatırladan hər bir vəziyyətdə üzə çıxa bilər.

Burada iştirakçılardan biri sual etdi:

- Belə çıxır ki, əgər kimsə uşaqlıqda zəif olubsa, öz tay-tuşlarından geri qalıbsa, o elə ömrü boyu bu cür də qalacaq.

- Başqa şeylərdə o tay-tuşlarını ötə də bilər, - deyə Hüseynov cavab verdi. - Amma burada məsələ anadangəlmə bir zəiflikdə, ya çatışmazlıqda yox, bir dəfə qapanmış çevrədədir. Bu çevrə qapanması da öz növbəsində beynin hansı isə bir guşəsində struktur dəyişikliklərinə gətirib çıxarır. Yəni, beynin həmin hissəsinin kimyəvi tərkibi dəyişir. Buna görə də həmin hissəni bərpa etmək heç cür mümkün deyil.

- Doğrudanmı bununla barışmaq lazımdır? – deyə bir nəfər soruşdu.

- İnsanlar bununla o qədər də asanlıqla barışmaq istəmirlər, bəziləri isə bunu heç vaxt etmirlər. Məsələ bundadır ki, bu vəziyyət, yəni uğursuz uşaqlıq haqqındakı silinməz xatirə və insanın özü haqqında təsəvvürü, daha doğrusu, kim və necə olmaq istəyi heç vaxt bir-birinə uyğun gəlmir. İnsan buna qarşı mübarizə aparır, çalışır ki, onun ətraf mühitə olan təsiri özü haqqında olan təsəvvürlərinə, istəyinə uyğun olsun. Təəssüf ki, bu heç nəyə gətirib çıxarmır, illüziyalar yaratmaqdan başqa. Bu illüziyalar da ki, reallıqla toqquşan kimi parçalanıb dağılırlar və hamı həmin insanın başqalarından gizlətmək istədiyini onda görür. Belə adamlar həm də reallığı özləri üçün təhlükə saydıqlarından ondan hər vasitə ilə qaçmağa çalışırlar. İnsanın öz keçmişi ilə apartdığı bu mübarizəni bəzən “kölgə ilə mübarizə” də adlandırılar. Bu mübarizə isə həm mənasız, həm də əbəsdir, amma çox vaxt insanın bütün həyatı buna sərf olunur.

- Bəs onda nə etmək lazımdır? – deyə başqa bir iştirakçı həyəcanla xəbər aldı. – Bu vəziyyətdən, ümumiyyətlə, çıxış yolu varmı?

- Çıxış yolu bundadır ki, gərək dəyişilməsi mümkün olmayan bir şeyi əbəs yerə dəyişməyə çalışmayasan, - doktor sakit cavab verdi.

- Bəs onda nə etmək lazımdır? – deyə bu dəfə az qala gələnlərin hamısı xorla soruşdu.

- Bir şeyi ki, daha dəyişdirmək mümkün deyil, onda gərək ona olan münasibəti dəyişdirəsən. Daha bir çətinlik bundadır ki, bu cür adamlar reallıqdan qaçarkən bir çox davranış vərdişlərini də itirirlər. Bəzilərində isə bu heç əvvəldən də olmur. Belə olanda onlar üçün hər bir hərəkət çətinliklə həyata keçir, xüsusən də başqalarının yanında. Biz çalışırıq həyatda rast gəlinən cürbəcür vəziyyətləri, etüdləri burada, cəmiyyətdə yenidən canlandıraq ki, insanlar yenidən lazımi davranış vərdişləri əldə edə bilsinlər.

- Bəs bunun adı nə olacaq? - deyə o qədər də gənc olmayan bir qadın soruşdu.

- Biz burada həyatın modelini qurmağa çalışırıq. Elə bir model ki, onu mənimsəyən hər kəs bu modeli öz həyatına tətbiq edə bilsin. Amma bu o qədər də tez başa gəlmir, o qədər asanlıqla həyata keçmir. Buna görə də qorxuram ki, sizə ömrü boyu cəmiyyətdəki məşğələlərə davam etmək lazım gəlsin.

- Ömrü boyu!? Bu dəhşətdir ki! – deyə bayaqkı qadın əlləri ilə sifətini tutdu.

Azadın birinci məşğələdən sonra təəssüratları çox idi. Bunları isə ilk olaraq, bərabər bulvarda gəzişəndə, yenə də Təranə ilə bölüşdü.

- Bilirsən, Təranə, sonuncu dəfə mən Hüseynovun cəmiyyətində özüm üçün çox şey tapdım. İndi mənə elə gəlir ki, daha mənə həyatda heç nə lazım deyil. Mən ömrü boyu bu məşğələlərə gedə bilərəm, həyatı öyrənmək üçün. Bu həm də, bilirsənmi, nə qədər maraqlıdır.

- Deməli sənə bu cəmiyyətdən başqa heç nə lazım deyil? Sən elə ömrü boyu cəmiyyətə getmək və orada həyatı öyrənmək istəyirsən? Azad, amma, açığını deyim ki, mən başqa cür düşünürdüm. Mən elə bilirdim ki, sənə ən çox mən lazımam. Belə çıxır ki...

- Yox, Təranə, sən məni doğru başa düşmədin... Mən... elə... – Azadın dili topuq vurdu.

- Səni düzgün başa düşmədim? – qız incimiş kimi soruşdu. – İndicə özün demədin ki, sənə həmin dediyin doktor Hüseynovun cəmiyyətindən başqa daha heç nə lazım deyil. Belə çıxır ki, mən də daha sənə lazım deyiləm. Sən elə ömrün boyu bu cəmiyyətlə məşğul olmaq istəyirsən, vəssalam...

- Təranə, mən o mənada demədim. İnan mənə...

- O mənada demədin? İnanım sənə? Yaxşı, nə olar. Amma bir şərtlə: məni öp!..

Azad özünü daha da itirdi.

- Təranə, sən nə danışırsan. Mən heç....

- Demək istəyirsən ki, hələ heç kimi öpməyibsən? Nə olar, bu olar sənin həyatında birinci öpüş... Bu da sənin doktorunun dediyi kimi həyatın bir modelidir, ya da ki, həyatda olan bir vəziyyətin əks olunmasıdır....

Bunu deyib Təranə Azadın boynuna sarıldı və dodaqlarını onun dodaqlarına yapışdırdı.

- Təranə, görürlər axı, hamı bizə baxır, yaxşı deyil, ayıbdır... – Azad qızın əlindən qurtarmaq istəyirdi.

- Cəhənnəmə görsünlər! Öpüşən tək bizik bulvarda?

Bəlkə düz bir saat bulvarda, elə camaatın gözü qabağında öpüşdülər. Bu doğrudan da Azadın həyatda ilk öpüşməsi idi. Əvvəlcə nə qədər utansa da, sonra özünü tam qızın ixtiyarına buraxdı və axırda bu onun özünə də olmazın zövq verdi.

Növbəti məşğələdə doktor sözə belə başladı:

- Nə olar, biz bu gün bəzi həyatı vəziyyətləri əks etdirməyə cəhd edə bilərik. – Bundan sonra Hüseynov Azada müraciət etdi. – Azad, sizdən başlayaq.

Azad yerindən qalxıb cəmiyyətin rəhbərinə tərəf gəldi.

- Buradakı qızlardan birinə yaxınlaşıb tanış olmağa çalışın. Biz də baxaq görək, bu sizdə necə alınır.

Azad bir az ətrafına göz gəzdirəndən sonra ən sakit, amma lap gənc də olmasa, gözəgəlimli bir qızı seçib ona yaxınlaşdı.

- Bağışlayın, deməzsiniz, kitabxanaya necə getmək olar?

Qız cavab vermədi, Azad isə bu sualdan elə bil özü də bir az utandı.

- Bəlkə onda deyəsiniz saat neçədir? – deyə bu dəfə gənc özünü daha toxtaq tutub sual verməyə çalışdı.

Qız isə yenə də cavab vermədi. Azad vəziyyəti belə görüb qızın yanındakı boş kürsüyə əyləşdi və bu dəfə qızdan:

- Sizin kişilərdə nə xoşunuza gəlir? - deyə soruşdu.

Qız belə bir sual gözləmirdi, başqaları da onun kimi. Amma iştirakçılara bunun maraqlı gəldiyini də görmək çətin deyildi; indi hamı daha diqqətlə və gərginliklə onları izləyirdi.

- Mənə... mən bilmirəm... – qız özünü itirdi.

- Siz heç bir kişi ilə öpüşübsünüzmü? Əgər öpüşübsünüzsə, deyə bilərsinizmi bu zaman nə hiss edirdiniz? – Azad sanki şurupları bir az da bərkitməyə çalışdı.

O iştirakçıların səssiz dəstəyindən və gizlədə bilmədikləri heyranlığından bir az da ürəklənmişdi və bu istiqamətdə hücuma davam etmək istəyirdi. Qız isə özünü getdikcə daha çox itirirdi.

- Növbətçi, yatma! – deyə birdən doktor növbətçinin də baş verənlərə aludə olduğunu sezib qışqırdı. – Görmürsünüz ki, qıza necə ağırdır? Sizin hərəkət etmək vaxtınız deyilmi?

- Dayanın, - deyə nəhayət növbətçi qışqırdı.

Azadın da, o biri iştirakçıların da bundan narazı qaldığını görmək çətin deyildi; elə bil ki, onları maraqlı bir tamaşadan məhrum etmişdilər.

- Kiminsə deyəcək sözü varmı? - deyə doktor soruşdu.

Dövrə ilə bütün iştirakçılar Azadı tərifləyib az qala göyə qaldırdılar.

- Yaxşı, - dedi Hüseynov. – Gəlin onda başqa bir vəziyyəti oynayaq. Siz evlisiniz, - bunu deyib o yenə də Azada müraciət etdi. - Bir dəfə təsadüfən şəhərdə öz “arvadınıza” rast gəlirsiniz. Amma o tək deyil, başqa bir cavan oğlanla bir yerdədir. İndi görək siz bu vəziyyətdə nə edəcəksiniz.

Azad ayağa durub bir kənardan “arvadının” başqa bir kişi ilə görüşməsini seyr etdi. Həmin kişidən ayrılandan sonra birdən “arvadı” guya təsadüfi olaraq Azadla toqquşdu.

- Sən buradasan? Bir halda ki, hər şeyi öz gözünlə gördün, mənim də səndən daha nəyisə gizlətməyimə ehtiyac qalmır. Mən başqasını sevirəm.

- Bilirsən... mən.... mən sənin xoşbəxtliyinin əleyhinə deyiləm. Əgər sən xoşbəxtliyini bu adamla tapıbsansa, mən geriyə çəkilməyə hazıram...

- Dayanın! – deyə bu dəfə doktor özü qışqırdı. – Biz gördük ki, Azad oynaya bilmir. İndi isə mən başqalarının nə duyduğunu bilmək istəyərdim.

İştirakçılar birinin ardınca:

- Mənim Azada yazığım gəldi.

- Məncə o zəif adamdır.

- Məgər kişi arvadının xəyanətinə beləmi cavab verər?

- Onun arvadının xəyanətinə cavabı məndə qəzəb doğurdu.

- Yaxşı, siz görmədinizmi ki, o rola girə bilmir? Bundan əvvəl qıza nə üçün hücum etdiyinin səbəbini indi başa düşdünüzmü? O cür sərt hücumlarla və həyasızlıqla Azad öz zəifliyini gizlətmək istəyir.

Hamı susdu, doktor isə bir az düşünəndən sonra dedi:

- Yaxşı, məncə bu gün üçün artıq kifayətdir.

Növbəti məşğələdə yenə doktor sözə özü başladı:

- Biz bundan əvvəl dedik ki, həmişə burada və indi nə baş verdiyindən danışmaq lazımdır. Amma əgər keçmişlə bağlı hansısa hadisələr, ya xatirələr ortaya çıxırsa, bunlardan da insanın problemini başa düşmək üçün material kimi istifadə etmək olar. Gəlin indi bunu özümüz sınaqdan keçirək. Öz keçmişi ilə bağlı nəsə danışmaq istəyən varmı?

Azad hamıdan tez dilləndi:

- Mən keçmişimlə bağlı bəzi şeyləri danışmaq istəyərdim.

- Yaxşı, eşidirik sizi, buyurun, - dedi doktor.

- Mənim üçün bunu bir qadınla dialoqda etmək daha asan olardı.

Cəmiyyətə gələn qadınlar öz aralarında qısa müzakirə keçirəndən sonra orta yaşlı birisi Azadla belə dialoq aparmağa razı olduğunu bildirdi.

Azad həmin qadına öz uşaqlığından danışmağa başladı və birdən dedi ki, yeniyetmə olanda nə qədər pişikləri, küçükləri, sərçələri öldürüb, ya diri-diri yandırıb. Azaddan eşitdiklərinin müsahibinə çox pis təsir etdiyi hiss olunurdu, bununla belə qadın yenə də özünü ələ alıb gənci başa salmağa çalışdı ki, o bunları düzgün etməyib: əksinə, bir çoxları kimi, heyvanların qayğısına qalmaq, onları yemləmək, qorumaq lazımdır. Amma Azad bundan sonra elə bil daha böyük şövqlə heyvanları necə tələf etməsinin təfərrüatlarını danışmağa başladı. Burada qadın dayana bilməyib qışqırdı:

- Növbətçi, xahiş edirəm, söhbəti dayandırın!

Bundan sonra dairə üzrə hamı Azadın onlarda olduqca xoşagəlməz hisslər doğurduğunu dedi. Azad özü isə sanki bu eşitdiklərindən məmnun idi; sanki hamının Azada nifrət etməsi, ondan ikrah etməsi gəncin xoşuna gəlirdi və indi oturduğu yerdən o hamını sakit və laqeyd bir nəzərlə süzməkdə idi.

Hüseynov da bütün iştirakçılara diqqət yetirəndən sonra öz fikrini dedi:

- Belə çıxır ki, hamı Azadı qəddar və zalım bir adam kimi qəbul edir və ondan üz döndərməyə hazırdır. Tək mən bununla bağlı hələ ki, bir qərara gələ bilmirəm.

Doktor əvvəlcə Azaddan dairədən kənarda ayrıca bir kürsüyə oturmağı xahiş etdi. Bundan sonra Hüseynov başqalarına qısa izahat verməyi lazım bildi:

- Biz Azadla əvvəllər özünətəlqinlə məşğul olmuşuq. İndi bilmək istəyirəm Azad bunu nə dərəcədə mənimsəyib.

Bunu deyəndən sonra doktor Azadla üzbəüz bir kürsü qoyub özü də oturdu və onunla bir yerdə özünətəlqinə başladı:

- Mən sakitəm... bədənim tamam süstləşib... hərarət getdikcə bütün bədənimi bürüyür... heç nə haqqında fikirləşmək istəmirəm...

Azad getdikcə seansa daha çox dalmağa başladı; indi o doktorun səsindən başqa heç nə eşitmirdi.

- Siz özünüzü necə hiss edirsiniz? – deyə birdən Hüseynov ondan soruşdu.

- Mən... mən özümü yaxşı hiss edirəm...

- Yaxşı... Bəs daha nə hiss edirsiniz?

- Mən... mən özümü olduqca pis hiss edirəm... Mən daha bu cür yaşaya bilmirəm.

Bundan sonra Azadın gözlərindən yaş gəlməyə başladı. Hamı təəccüb içində idi. İndi iştirakçıların çoxunun ona yazığı gəlirdi və bəziləri ona kömək etmək istədiklərini də gizlətmədilər.

Doktor burada məşğələnin vaxtının bitdiyini dedi və gələn dəfəyə qədər hamı ilə sağollaşdı.

Növbəti məşğələ başlayan kimi isə doktor yenidən yazı lövhəsinə yaxınlaşıb sual etdi:

- Biz ötən dəfə nə gördük? Azad təcavüzkar idi, sonra buna nail oldu ki, hamı ondan üz döndərsin. Bundan sonra o doğrudan da sakitləşdi və özünü daha yaxşı hiss etməyə başladı. Amma özünətəlqin seansından sonra biz bütün bunların onun tərəfindən aparılan bir oyun olduğunun şahidi olduq. Amma laqeydliyin onun üçün bir zövq olduğunu da məncə hamı hiss etdi.

Hüseynov ilkin izahatını qurtarıb bir tabaşir görürdü və lövhədə üfüqi bir xətt çəkib onun mərkəzində sıfır, sıfırdan solda mənfi, sağda isə müsbət işarəsi qoydu.

- Bəs, əslində, biz nə gördük? – deyə sonra da soruşdu. – Biz gördük ki, Azad həmişə sıfırdan sol tərəfdə, yəni mənfi emosiyaların olduğu sahədədir. Bundan sonra təcavüzkarlığın və mənfi hərəkətlərin sayəsində o mənfi sahədən çıxır və sıfırda dayanır. Sağ tərəfdə isə müsbət sahədir, yəni müsbət emosiyaların və hisslərin sahəsi. Amma Azad oraya üz tutmaq istəmir. Birinci ona görə ki, sıfır vəziyyəti onun üçün artıq zövq deməkdir və burada o daha iztirab çəkmir. İkincisi isə budur ki, Azad müsbət emosiyalar olan sahəyə necə keçəcəyini bilmir.

- Heç olmasa kimsə sağ tərəfə keçməyin necə mümkün olduğunu bilirmi? – deyə burada iştirakçılardan biri soruşdu.

- Məsələ bundadır ki, oraya keçmək üçün gərək əvvəlcə mənfi hərəkətlərdən imtina edəsən, onları müsbət hərəkətlərlə əvəz edəsən.

Azad yerindən qalxıb lövhəyə yaxınlaşdı və Hüseynovdan xahiş etdi:

- İcazə verin, mən davam edim. Deyəsən, mən nə etmək lazım olduğunu anlamışam.

- Hə, nə olar, buyurun, - doktor əlindəki tabaşiri ona uzatdı.

Azadın bu hərəkəti digər iştirakçıları çox təəccübləndirdi.

- Mən də anladım ki, müsbət emosiya və hisslər üçün xeyirxah hərəkətlər etmək lazımdır. Bunlar da öz növbəsində müsbət əhval-ruhiyyəyə gətirib çıxaracaqdır.

Yenə də yerbəyerdən səslər ucaldı:

- Sən bunu necə başa düşdün?

- Bayaqdan tamam başqa şey danışırdın.

- Sən bir xeyirxaha bax!

- Heyvanlara işgəncə verdiyini unutdun yoxsa?

- Siz otura bilərsiniz, mən davam edəcəm, - deyə Hüseynov Azaddan xahiş etdi və yenə də tabaşiri onun əlindən aldı. – Sonrası belədir: sən xeyirxah işlər görəndə onların nəticəsindən daha qorxmursan, təbii ki, qorxulardan da qurtarırsan və müəyyən azadlıq əldə edirsən. Bax, Azad bunu başa düşüb və başqalarından əvvəl başa düşüb, buna görə də mən ona əhsən deyirəm. Biz bunun da indi şahidi olduq ki, Azadın qorxulardan xilas olmaq, azad olmaq və yaxşı əhval-ruhiyyəyə çatmaq səyi başqalarında sərt müqavimət yaratdı.

Məşğələ bitəndən sonra iştirakçıların bir qismi yenə də doktorla bəzi məsələləri müzakirə etdi. Azad axıra qaldı və hamı dağılışandan sonra Hüseynov ona dedi:

- Afərin, Azad! Əgər həyatda da bunu yerinə yetirə bilsəniz, hesab edin ki, sizin probleminiz həll olunub.

Azad elə bil necə gün idi ki, göylərdə uçurdu. Doktorun dediyi kimi indi özünü əvvəlkindən yaxşı hiss edirdi, qorxuları isə tam keçməsə də xeyli azalmışdı. Amma gərək həmişə doktor dediyi kimi müsbət sahəyə doğru istiqamət götürüb irəliləyəydin. Azad isə bunu etmək üzün var qüvvəsi ilə çalışırdı.

Bir gün yenə Cəlillə bir yerdə idilər. Getdikləri küçə adamla dolu idi. Adamlar yanlarından ötür, bir-birini itələyir, höcətləşir, söyüşür, amma Azad sanki bunları eşitmirdi, onun sifəti isə elə bil işıq saçırdı.

Cəlil:

- Azad, sənə nə olub, eşitmədin o uzun oğlan bizim dalımızca nə dedi? Sən isə cavabında ancaq gülüb ona əl elədin.

- Başa düşürsənmi, insanlara xeyirxahlıq etmək lazımdır. Hətta zalım adam belə sənin bu xeyirxahlığını görəndən sonra öz qəddarlığından əl çəkəcək.

- Mən hər halda səni kimi xeyirxah deyiləm, - Cəlil cavabında ancaq əlini yellədi.

Bir ay sonra Azad yenə də doktorun kabinetində idi.

- Bilirsinizmi, mən daha cəmiyyətə gələ bilməyəcəm. Buna nə qədər təəssüf etsəm də, - Azad bildirdi.

-Niyə, səbəbi nədir axı? – doktor təəccübləndi.

- Mən evlənmişəm, – deyə Azad sakitcə cavab verdi.

Hüseynov əlini-əlinə vuraraq güldü:

- Doğrudan? Təbrik edirəm, Azad! Nə vaxt evləndiniz?

- İki həftə bundan qabaq.

- Çox gözəl. Bu məni çox sevindirir. Ailənin olması sizə daha da kömək edəcək. Həmin o qızla, universitetdə oxuyanla?

- Bəli, doğru buyurursunuz. Adı Təranədir. Üç aya ikimiz də universiteti bitiririk. Təranə artıq işə düzəlib, mən isə gələn həftədən işə çıxmalıyam – fəhlə kimi.

- Nə olar? Diplom alandan sonra başqa iş də tapa bilərsiniz... İndi sizə başqa problemlərlə məşğul olmaq lazımdır - həyatınızı nizama salmaq, ailə həyatını tənzimləmək. Əvvəlki probleminizi, zənnimcə, qismən də olsa həll etdik. Amma istədiyiniz vaxt yenə də cəmiyyətə qayıda bilərsiniz.

Azad hərarətlə doktorun əlini sıxıb ondan ayrıldı.

Budan sonra düz bir il Azad doktor Hüseynovun cəmiyyətinə getmədi. Amma bir bazar günü ayaqları onu yenə də məşğələlərin keçirildiyi həmin binanın qarşısına gətirdi.

- Girim içəri, girməyim? - Azad tərəddüd içində idi. – Yox, girəcəm.

Binaya girib otağı qapısı qarşısında bir az da dayandı, sonra da döymədən onu açıb içəri girdi.

Məşğələnin qızğın vaxtı idi. Doktor onu görən kimi:

- Azad? Xeyir ola? – deyə təəccüblə onu baxdı.

- İstəyirəm, məşğələlərə gəlməyə davam edəm, - Azad cavab verdi.

- Bunu ancaq cəmiyyət həll edə bilər, - deyə doktor soyuqqanlılıqla bildirdi. – Cəmiyyətin öz həyatı var. Buna görə də o indi sizi qəbul etməyə də bilər.

- Yaxşı, mən iştirakçıların bu barədə fikrini öyrənməyə hazıram, - dedi Azad.

Dairə üzrə hamı Azadın qayıtmasına razı olduğunu bilirdi.

Tək Hüseynovun bundan o qədər də razı qalmadığı hiss olunurdu.

- Yaxşı, belə hesab edək ki, sizin bəxtin gətirdi, Azad, - dedi doktor. – Amma yenə də başa düşə bilmirəm ki, sizi cəmiyyətə təzədən necə qəbul edirlər. Onda bəlkə bir ildən sonra yox, on ildən sonra qayıdaydınız?

Doktor yerindən qalxıb bir az otaqda gəzişdi, sonra da dedi:

- Yaxşı, gəlin onda fasilə elan edək.

Fasilə vaxtı yenə də hamı son vaxtlar baxdıqları filmlərdən və doktorun tövsiyəsi ilə oxuduqları kitablardan danışırdılar.

Fasilədən sonra yenə də doktor sözə başladı:

- Bir-birinizi sevin, xeyirxah olun, başqalarına xeyirxahlıq edin. Bundan siz özünüzü daha da yaxşı hiss edəcəksiniz. Əgər bu mütləq həqiqət deyilsə də, ona çox yaxındır...

Birdən Azad, onun sözünü kəsib:

- Bağışlayın, doktor, sizin bu dediklərinizin həyata nə dəxli var axı? – deyə soruşdu.

Azadın dedikləri Hüseynova da, cəmiyyət iştirakçılarına da çox pis təsir etdi. Yenə də yerbəyerdən səslər ucaldı:

- Hə nədir, yenə də öz həyat üslubunu dəyişdirirsən?

- Sən özün də bir az əvvəl belə demirdinmi?

- Sən necə adamsan: gah elə deyirsən, gah belə?

Azad ayağa durub hamıya birdən cavab vermək istədi:

- Mən dediyim odur ki, bu cür yanaşmanın yanlış olduğunu həyatda özüm gördüm. Sizin indi haqqında belə heyranlıqla danışdıqlarınız həyata uyğun gəlmir.

Yenə də kimsə yerdən dilləndi:

- Bu sənin həyatına uyğun gəlmir, bizim həyatımıza uğun gəlir.

- Sizi bilmirəm, amma mən yalançı bir həyat yaşamaq istəmirəm.

Yenə də iştirakçılardan biri:

- İstəmirsən, belə yaşama, səndən bunu xahiş edən yoxdur. Bir də sən axı buraya nədən ötrü qayıtmısan?

Burada Hüseynov yenə də öz fikrini bildirməyi vacib bilib dedi:

- Məncə digər iştirakçıların Azadın qayıtmasına olan münasibətini bir də soruşmaq lazımdır. İndi fikrinizi deyin: Azad bu cür bizə qarşı yönəldilmiş bir əhval-ruhiyyə ilə yenidən cəmiyyətə qayıda bilərmi?

İştirakçıların ancaq bir qismi bir səslə “yox” dedi. Əksəriyyət isə ya tərəddüd edir, ya da ki, Azadın qalmasını istəyirdi.

- Kimsə kənardan gəlib bizə mane olur. Biz bununla razılaşa bilərikmi?

Hüseynovun bu sözlərindən sonra Azadın əleyhdarlarının sayı çoxaldı: indi əksəriyyət belə hesab edirdi ki, cəmiyyətdə Azada yer yoxdur.

- Cəmiyyət nə qərara gəldi? - deyə Hüseynov bir də soruşdu.

Bu dəfə az qala bütün iştirakçılar bir səslə qışqırdı:

- Qoy o dərhal otağı tərk etsin və bizə mane olmasın.

- Bu gün növbətçi kimdir? – doktor yenə soruşdu.

- Mən, - deyə gənc bir oğlan cavab verdi.

- Cəmiyyətin tələbini yerinə yetirin.

Növbətçi Azaddan:

- Otağı tərk edin! – deyə tələb etdi.

Azad isə cavabında:

- Mən məşğələnin axırına kimi oturacam, amma bir də buraya gəlməyəcəm.

Bundan sonra deyəsən hamı bu vəziyyətlə barışıb gözləməyi qərara aldı. Doktor isə bundan qabaq demişdi ki, Azad getməyincə o məşğələyə davam etməyəcək. Bundan sonra hamı yenə də sonuncu gördüyü filmləri və doktorun tövsiyə etdiyi kitabları müzakirə etməyə başladı. Aradabir Azaddan şikayət edənlər də vardı:

- Axı o haradan gəldi və məşğələmizə mane oldu? İndi düz bir həftə gözləmək lazım gələcək.

- Bu gün mən nəhayət öz problemim haqqında danışmaq istəyirdim.

Növbətçi saatına baxıb:

- Məşğələnin vaxtı qurtardı, - deyə ucadan elan etdi.

Əvvəlcə Azad otağı tərk etdi, onun ardınca da yerdə qalan iştirakçılar yenə də nəyi isə müzakirə edə-edə həyətə çıxdılar.

Doktor da giriş qapısını bağlaya-bağlaya:

- Gələn bazar günü hamınız vaxtında burda olun, düz saat on birdə! Gecikməyin! - deyə gedənlərin arxasınca qışqırdı.

# 2402 dəfə oxunub

Müəllifin son yazıları

# # #