"Keçmişim onun gələcəyini məhv edə bilər..." - Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissə

"Keçmişim onun gələcəyini məhv edə bilər..."  - Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissə
3 oktyabr 2026
# 14:00

Kulis.az Sara İbrahimin "Çəhrayı çobanyastığı " romanından bir hissəni təqdim edir.

İşıqforun yaşıl işığı yandı. Ayağımı səkidən götürüb maşın yoluna atmaq istədiyim anda arxadan bir əl qolumdan yapışıb məni geri dartdı. Qolumu qamarlayan əlin sahibini görmək üçün arxaya çevrildim. İlk gördüyüm toxunma papaqlı adamın gözümün içinə zillənən istehzalı baxışları oldu. Sırıqlı, qara gödəkcə geymiş adam papağı gözlərinin üstünə qədər çəkmiş, şərfiylə ağız-burnunu gizlətmişdi. Qolumu hələ də buraxmayan adama baxır, onu xatırlamağa çalışırdım. Gözləri, dikbaşlıq yağan baxışları mənə kimisə xatırladırdı. O, üzünü görüm deyə şərfini çənəsindən aşağı çəkdi. Qolumu buraxıb papağını gözünün üstündən geri itələdi. Dodaqlarımın arasından məndən ixtiyarsız çıxan səsi boğmağa gecikdim:
- Nadim?!
Qorxu, çaşqınlıq qarışmış çığırtım qarşımdakı adamın üzündə iyrənc bir təbəssüm yaratdı. O, özümü itirməyimdən həzz alırdı.
- Tima! Məni tanımayacağını düşünmüşdüm. Çox qəribə dünyadır, elə deyilmi? Gör, aradan neçə il keçib. Səninlə yenidən görüşdük.
Nadim aradan illər keçməsinə rəğmən, çox da dəyişməmişdi; həmin kirpi kimi kürən saçlar, dik burun, sırtıqlıq yağan baxışlar. Onu tanıdığım andan ürəyimə elə bir sıxıntı doldu ki, sanki dünyanın sonunun çatdığı, yerlə göyün indicə birləşəcəyi xəbərini almışdım.
- O vaxt həbs edildiyini yazmışdılar, - nəsə demək xətrinə dilləndim. İndi mən məmnuniyyətlə üzümü çevirib gedər, vaxtilə cəhənnəm yaşamağıma səbəb olan bu adamı bir daha görmək istəməzdim.
- Hə, bir əməliyyat zamanı tutuldum. Hərə bir tərəfə dağıldı. Sənin bəxtin yaman gətirdi, - hırıldayıb əlini boğazına çəkdi, - yoxsa, başın getmişdi.
- Sən də sağ qalmısan, bundan sonra bir də həbsxana həyatı yaşamazsan, - dedim.
O, məni başdan ayağa süzüb çənəsini qaşıdı, fınxırıb kənara tüpürdü.
- Deyirəm, dünyanın əcəb işləkləri varmış, - gözümün içinə baxdı - bir vaxt bizimlə soyğunda, adam öldürməkdə əlbir olmusan, indi gör harda işləyirsən? Terrorla mübarizə idarəsində!
Murdar gülüşü məndə ikrah oyatdı, yumruqlarım düyünləndi.
- Bura bax, Nadim, - qəzəbdən boğula-boğula dedim, - o vaxt uşaq idik, etdiyimiz hərəkətlərin məsuliyyətini anlamırdıq. Nə oldusa, keçmişdə qaldı. Mən o səhifəni çoxdan silib atmışam.
- Biz isə səni silib atmamışıq, həmişə xatirimizdə olmusan, jurnalist balam.
Biz yolun kənarında üz-üzə dayanmışdıq. Küçədə gediş-gəliş çoxalmışdı. O, üzünü yenidən bağlayıb papağını gözünün üstünə basdı. Məni yolun kənarına çəkib xırıltılı səslə:
- Uzun danışmağa vaxtım yoxdur; Anzordan sənə ismarış var; bizə işləyəcəksən. O, heç nəyi unutmur, yadında saxla! Sən dəstədən çıxıb sağ qalan yeganə adamsan, bizi belə asanlıqla silib ata bilməzsən - dedi.
- Yalan deyirsən, Anzor ölüb! - qışqırdım, - sağ qalsa belə, daha heç nə edə bilməz: indi o zaman deyil.
- Səhv edirsən, o sağdı! - dişlərini ağartdı, - Rusiya ucsuz-bucaqsız ölkədir, həmişə gizlənməyə yer tapılır. Əmr vermək, iş təşkil etmək üçün Nalçikdə olmağa ehtiyac yoxdur. Biz - kökləri hər tərəfə yayılmış minillik ağacıq, ağlını başına yığ.
- Sənin başın işləmir, Nadim, nə danışdığını bilmirsən. Məni qorxuda biləcəyini zənn edirsənsə, yanılırsan! Bir də o səhvi etmərəm. Daha on altı yaşlı yeniyetməylə danışmırsan, - dedim, - bir də yoluma çıxma, eşitdin? Cəhənnəm olun, Anzor da, sən də!
Səsimi yüksəltdiyimi görüb ehtiyatla ətrafa baxdı. Əllərini gödəkcəsinin cibinə dürtüb getməyə hazırlaşdı.
- Yaxşı fikirləş, cavabını gözləyəcəm. Biz əvvəlkindən qat-qat güclüyük. Sənin idarən bizə heç nə edə bilməz. Onlardan kömək istəsən, izimə düşməyə çalışsan, elə həmin gün ailəndən kimlərsə yoxa çıxacaq. Əkilməyi də düşünmə; harada olsan, əlimiz ora çatacaq. İndi isə get evinə, - murdar gülüşü əsəblərimi yenidən gərdi, - qaynanan, qızınla arvadın səni gözləyir.
Qanım dondu. O, evimin içindəkiləri bilirdi, hətta qaynanamın bizə gəldiyindən də xəbəri var idi. Leylanın küçədə gördüyü adam Nadim idi. O zaman Leyla gördüyü adamı təsvir edəndə, onun Nadim olacağını başa düşmüşdüm. Sel özündən əvvəl xırda cör-çöpləri, xəzəlləri gətirir. Nadim selin gətirdiyi çör-çöpüydü, əsl daşqın bundan sonra gözlənilirdi.
Onları çoxdan unutmuşdum, bir də qiyamətdə görüşəcəyimizi zənn etmişdim. Amma yox, kabus qayıdıb, aldığım nəfəs qədər yaxındadırlar. Bundan sonra nə edəcəm? Anzorun dəstəsini yaxalamaq elə də asan deyil; onlar külək kimidirlər;əllə tutmaq mümkün deyi.Hər şeyi uçurub yıxır, yox olurlar.
Ailə üzvlərimin hamısı təhlükədəydi.
Ərafda qalmış, işığı tapa bilməyən ruh kimiydim.
Soyuq, küləkli küçələri dolaşır, özümü yuxularımdakı labirintin içindəki kimi hiss edirdim. Havada şaxta vardı, amma bu, mənə təsir etmirdi; içimdə sanki tonqal qalamışdılar.
Yaşadığım məhəlləyə gəlib çatanda qaranlıq çoxdan şəhərin üstünə çökmüşdü. Televizorların mavi işıqlarının pəncərələrdəki əksi, elektrik lampalarının aydınlatdığı eyvanlar, evlərdə normal, dinc günlərdən birinin yaşandığını xəbər verirdi. Orada yaşayan insanlar öz adi günlərindən birini başa vurmaqdaydılar. Bəlkə də, kiminsə həyatında çətin gün olmuşdu, amma mənimki qədər qorxunc olanı yəqin, yoxuydu. Elə vəziyyətdəydim ki, “Anzor” adlı kabusa aidiyyatı olmayan hər kəsə ürəyimdə həsəd aparırdım. Onların övladı, ailəsi təhlükə altında deyildi. Az qala gündə bir partlayış, qətl baş verdiyi zamanda bunu düşünmək sadəlövhlük idi; nə qədər ki Anzor kimilər sağdı, təhlükə hər kəs üçün qalıb.
O anlarda bunu fikirləşəcək halda deyildim; sağlam düşüncə məndən çox uzaqlaşmışdı.
Qapını öz açarımla açıb içəri girdim. Bu vaxt qonaq otağından yaşlı bir qadın, ardınca da Leylayla qaynanam dəhlizə çıxdılar. Qadını ilk dəfəydi görürdüm. Burda qonşulardan heç kimlə get-gəlimiz yoxuydu. Qadının yaşı altmışa yaxın olardı. Sağlam adama oxşayırdı; yanaqları allığını hələ də itirməmişdi. Salamımı alıb, məni çoxdan tanıyırmış kimi gülümsədi.
- Nə vaxtdır bura köçmüsüz, tanış deyildik. Yaşlı adamlar bir-biriylə daha tez dil tapır, - dedi.
- Anam uşaqla həyətdə gəzəndə tapışıblar. İsbat xalayla söhbətləri tutur, - Leyla dedi.
O, əlindəki bükülünü qadına verib, onu qapıdan ötürüb qayıtdı. İndi heç kimlə göz-gözə gəlmək istəmirdim. Yemək istəmədiyimi, çox yorulduğumu deyib yataq otağına çəkildim.
Divarın o biri üzündən qızımın şən səs-küyü, qəhqəhəsi eşidilirdi. Arvadımla qaynanam başımızın üstünü almış fəlakətdən xəbərsiz, mətbəxdə yenə nəsə hazırlamaqla məşğul idilər; həm iş görür, həm də söhbət edirdilər.
İşığı söndürüb uzandım. Beynimdə bütün variantları götür-qoy edir, çıxış yolu tapmağa çalışırdım. Yatağımda rahat ola bilmirdim; yumşaq yorğan-döşək daş-qayaya dönmüşdü. Hər necə olursa-olsun, başıma gələni birinci növbədə Kambulat Muratova danışmağı qət etdim. Onun mənə doğru yol göstərəcəyinə əmin idim. Anzor və dəstəsi yeni fəlakətlər törətməmiş cəhənnəmin dibinə göndərilməliydi. Muratov onların “dilini” daha yaxşı bilir; neçə-neçə Anzoru milçək kimi əzib. Bir dəfə üçurumun düz kənarındaykən, taleyim üzümə gülümsəmiş, xilas olmuşdum. Bu dəfə də xilas olacağıma inanırdım. Allah qızıma görə mənə bir şans da verər.
Bu təsəlliylə sübhü açdım. Yeni günə başlamaq lazım idi. Leylanı qorxutmaq istəmirdim, ona görə Nadimi gördüyümü ona demədim, amma evdən mümkün qədər çıxmamağı, ehtiyatlı olmağı tapşırdım. “Təhlükədən sığortalanmamışıq, hər şey ola bilər” - onun sual dolu baxışlarına belə cavab verdim.

***

Muratov mənə diqqətlə qulaq asıb stolunun lap aşağı siyirməsindən bir qovluq çıxardı. Qovluğu açıb içindəki sənədləri mənə göstərdi.
- Bax, burada sən danışdığın adamlar haqda məlumat toplanıb. İllər əvvəl onların çoxu həbs edildi, bəziləri öldürüldü. Öldürülənlər içində Anzorun şəxsiyyəti təsdiqlənmədi. Mətbuatda ölənlərin siyahısına onun da adı düşmüşdü, amma bu, dəqiq məlumat deyildi. Görünür, o sağ qalıb və yenidən fəaliyyətə başlayıb. - o, qaşlarını çatıb bir anlıq fikrə getdi, sonra baxışlarını yenidən mənə çevirib əminliklə dedi, - onların niyə məhz səni hədəf seçdiklərini yəqin ki anlamısan, - cavabımı gözləmədən davam etdi, - atan Əli bəyə, onun yazdıqlarına görədir. Anzorun dəstəsini maliyyələşdirən, arxasında duran məmur vardı - indi həbsdədi, çoxdan tutulub, - Əli bəy həmin adamın qaranlıq işlərlə məşğul olduğu haqda öz qəzetində dəfələrlə yazmışdı. Məhz o yazılardan sonra həmin vəzifəli şəxs barədə araşdırma aparıldı, cinayətkar dəstəylə əlbir olduğu sübut edildi. O zaman sən hələ yeniyetməydin, bu xəbərləri unuda bilərsən. Amma atan çox yaxşı bilir. Sənin fitvanı Anzorun verdiyinə əminəm. Çox qorxulu şəbəkədir. Hörümçək toru kimidirlər, indiki vəziyyətdə qruplaşmaların çoxu hökumət əleyhinə birləşməyə cəhd edir. Bu barədə məlumatımız var.
Muratov qovluğu qaytarıb yerinə qoydu. Arxaya daranmış sıx, qara saçlarının arasındakı ağ tüklərin sayı hər gün bir az da artırdı. Gözümü onun dən düşmüş saçlarına zilləyib durmuşdum. Bura gələndə çox ümidliydim; düşdüyüm vəziyyətdən çıxış yolu tapılacağına inanırdım. Amma birdən-birə içinə düşdüyüm torun çox möhkəm hörüldüyünü, oradan çıxa bilmək şansımın cüzi olduğunu başa düşdüm. Yəqin, düşündüklərim üzümdən oxunurdu; Muratov susub fikrə getdiyimi görəndə, oturduğu yerdən qalxıb mənə yaxınlaşdı, əlini çiynimə qoyub ata qayğıkeşliyilə dedi:
- Dərd edib gözləmək, əllərini qoynuna qoyub oturmaq işə yaramaz. Ağıllı, tədbirli hərəkət eləməliyik: bu barədə heç kimə heç nə danışma, hətta Əli bəyə də. Panika yaradıb qarşı tərəfi duyuq salmayaq, - dərindən nəfəs alıb sözünə ara verdi, məndən aralanıb kreslosunda oturdu.
- Kambulat Umaroviç, atamdan bunu gizlədə bilmərəm, - dedim, - o da bilməli, hər şeyə hazır olmalıdır.
Muratov buna qəti etiraz etdi. O, bir azdan qurduğu planı mənə açıqlayanda ona haqq verdim.
Muratovun planına görə, Nadimə onlara işləməyə razı olduğumu deməliydim. Mən dəstənin içinə sızmalı, planları haqda məlumatları ötürməliydim. O zaman onları ələ keçirmək asan olardı.
Bu, ağlabatan plan idi; alınsaydı, dəstəni zərərsizləşdirə bilərdik. Nadim görüşümüz haqda işdəkilərə xəbər verəcəyim halda məni ailəmlə hədələmişdi. Onları şübhələndirsəm, nəticəni fikirləşmək belə dəhşətliydi. Onun bir də nə vaxt “zühur edəcəyini” bilmirdim. O, peyda olana qədər özümü psixoloji hazırlamalıydım.
Nadimdən xəbər mən gözlədiyimdən də tez çıxdı. Axşam məni evdə “sürpriz” gözləyirdi.
Qapıdan girən kimi Zamirə əlində boz rəngdə yumşaq oyuncaqla üstümə qaçdı. O, oyuncağı başıaşağı tutduğundan, əvvəl dovşana oxşatmışdım. Amma uşaq mənə çatanda oyuncağı çevirib gözümün önünə tutdu.
- Ata, bax, meymunum, dovşanım var idi, canavarım da oldu. Nənəm deyir ki, canavarı dovşanın yanına qoymayım, onu yeyər. Düz deyir?
Dil-dil ötən uşağın çənəsini oxşayıb oyuncaq canavarın yumşaq tüklərin arasından görünən dişlərinə toxundum.
- Bunu kim alıb, nə qorxunc dişləri var; dovşanı yeyə bilər, nənə düz deyib elə.
- İsbat xala gəlmişdi. Bir az əvvəl getdi, - bunu hamamdan əlində yuyulmuş paltar dolu ləyənlə çıxan Leyla dedi, - oyuncağı o gətirib. Deyir, “bacım oğlu tez-tez mənə baş çəkməyə gəlir. Zamirədən, ailənizdən yanında çox danışmışam. Bu oyuncağı o alıb”. Deyib, Nadim əminin hədiyyəsidir, özü də gəlib səninlə tanış olacaq, Timurçin. İsbat xala belə dedi.
Yerimdə quruyub qalmışdım. Bu, təsadüf ola bilməzdi. Oyuncağın xəbərdarlıq mesajı olduğunu başa düşürdüm. Özümdən ixtiyarsız canavarı hirslə Zamirənin əlindən alıb yerə atdım.
Qonaq otağında maraqla televizorda serial izləyən Sevda xala səsə geri çevrildi.
- Axşamın xeyir, oğlum, gəldiyini heç eşitməmişəm, - dedi, - bu Braziliya serialları da xəstəlikdir: bir dəfə baxdın, dayana bilmirsən.
Arvad qanımın qara olduğunu hiss edib duruxdu, narahat halda yerində qurcalanıb sual dolu baxışlarını Leylaya çevirdi.
- Canavar Timanın əsəblərinə toxundu, İsbat xalanın qohumunun hədiyyəsi xoşuna gəlmədi, ana - Leyla yarızarafat dedi.
Hirsimi güclə uddum, keçib qaynanamın yanında oturdum.
- O qadının, bacısı oğlunun kim olduğunu bilmirik. Yaxşı tanımadığınız adamla əlaqə qurmağınız azmış kimi, hələ qohumunu da evə buraxmaq istəyirsiniz, - dedim, - üzünü görmədiyimiz bir adam niyə qızıma oyuncaq almalıdır? Bəlkə, o oyuncağın içinə zəhərli maddə, ya da partlayıcı qoyublar?!
Zamirə qırımımı görüb, oyuncağa uzaqdan baxır, əlinə götürmürdü. Qızımın boynunu məhzun-məhzun burmağına dözməyib qalxdım, onu qucağıma götürüb burnunu yavaşca sıxdım.
- Burnunu sallama, Zayka, sənə xoşuna gələn ən böyük oyuncağı alacam. Bu canavarı isə at getsin. Yoxsa, dovşanını doğrudan da yeyər.
Zamirəni divanın üstə oturdub, canavarı yerdən götürdüm, çevirib hər tərəfinə baxdım. Qarnının altındakı zəncirbəndi çəkib açdım. Əlimi içinə salıb yoxladım. Yumşaq içliyin arasında əlimə nisbətən bərk bir şey dəydi. İki barmağımın arasında oyuncağın içindən çəkib çıxardığım, yumrulanmış kağız parçasıydı. Əvvəlcə, oyuncağın içini doldurmaq üçün qoyulduğunu düşündüm, lakin sonra bunu Nadimin ora qoya biləcəyini düşünüb əzik-əzik olmuş kağızı açdım. Orda səliqəsiz, əyri-üyrü xətlə yazılmışdı: “Nə qədər yaxın olduğumu görürsən. Üç gündən sonra səni keçəndəfəki yerdə gözləyəcəm”.
Kağzı ovcumda gizlətdim. Leylagil kağızı görmədi; başları nəsə hüdüləyib tökən Zamirəyə qarışmışdı. Oyuncağı tikə-tikə etdiyim kağızla birlikdə aparıb mətbəxdəki zibil qutusuna atdım.
Daha bu evdə yaşamaq düzgün deyildi, buradan tezliklə köçmək lazım idi. Hara? Əlbəttə, hələlik atamgilə. Əgər Muratovun planı baş tutmasa, Leylanı uşaqla birlikdə Bakıya göndərərəm. Öz həyatım isə Allahın ümidinə qalacaq.

***

Axşam Leyla da mənə “sürpriz” elədi. Gecə yatmağa hazırlaşanda uşaq gözlədiyini dedi. İkinci uşağı istəyirdimmi? Bilmirəm. Məni qarışıq hisslər bürüdü; eşitdiyim xəbərə sevinə bilmirdim. Başqa vaxt olsaydı, əlbəttə, buna çox sevinərdim. Həmişə ikinci uşaq haqda düşünür, bir oğlan övladı arzulayardım. Anam da yurdunda qalacaq, nəslini burada davam etdirəcək oğul nəvəsi istəyirdi. Qardaşımın oğlu vardı, amma o, uzaqdaydı.
Birdən yenə qız doğulsa, onda necə olar? Nə qədər ki yaşadığım coğrafiyada vəziyyət dəyişməmişdi, mən daha bir qız övladı istəməzdim. Yüz illər bundan əvvəl də qız uşaqları qisas vasitəsiydi, bu gün də heç nə dəyişməyib. Bu xəbərdən sonra qərarım qətiləşdi; elə günü sabah bu evdən köçmək lazımdır.
Ertəsi gün anamla danışıb, razılığını aldıqdan sonra, köçdük.
Sevda xala yığışıb Bakıya qayıtdı. Leylaya bir müddətə onunla gedib Bakıda qalmağı üçün təkid etsəm də, “səni burda qoyub getmək istəmirəm” dedi.

***


İki gün sonra Nadimlə görüşəcəm. Anzorgilin mənə inanıb-inanmayacağını bilmirəm. Əgər şübhələnsələr, cəzalandıracaqlar. Öldürməklə...

***


Qızımın üzünə baxa bilmirəm. Günahkarlıq hissi məni içimdən yeyir; keçmişim onun gələcəyini məhv edə bilər. Ürəyimdə ağır bir yük gəzdirirəm. O qədər ağrı verir ki, bəzən yaşamaqdan usanıram. “Sirat körpüsü” kimi incə bir ipin üstündəyəm, hər an cəhənnəm qazanına yıxıla bilərəm.
Ölsəm, sizi bu amansız yırtıcılarla dolu dünyada tənha qoyub getsəm, məni bağışlayın. Bağışlayın...

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər