İt kimi - Kəmalə Mirzəyevanın hekayəsi

İt kimi - Kəmalə Mirzəyevanın hekayəsi
19 sentyabr 2024
# 16:30

Kulis.az Kəmalə Mirzəyevanın "İt kimi" hekayəsini təqdim edir.

Hər ikisi bir-birindən xəbərsiz səhərəcən yata bilmədi.

Hərəsi bir yerdə - Qadın orda, Professor burda...

Biri şəhərin bu başında, biri o biri başında...

Amma onları bu məsafədə birləşdirən, bir-birinə bağlayan başqa bir məsələ də vardı –nigaranlıq.

Hər ikisinin gözü televizorda və xəbər saytlarındaydı.

Efir isə gah “narıncı”, gah “sarı” hava xəbərdarlığı ilə aşıb-daşırdı.

Bakıda külək güclənəcək, rayonlara güclü yağış yağacağı deyilirdi.

Dünən qayıtdıqları həmin rayonda xüsusilə güclü yağış, sel gözlənilirdi.

Bunu eşidəndən sonra Professor rahatlığını tamam itirdi.

Keçirdiyi peşmanlığa qəribə bir qorxu da qarışdı.

Axı dünən niyə götürüb gəlmədilər? Maşında da yer vardı...

İndi onları qurd-quş yeməsə də, sel mütləq aparacaqdı.

Professor ilk dəfəydi ki, bu hissləri keçirirdi.

Nə qədər əməliyyat keçirmişdi, gözlərinin qabağında nə qədər dünyasını dəyişən olmuşdu...

- Hazırlaş, gedək, – dedi Professor.

Ürəyindəkini dilinə gətirməkdən qorxdu:

- Biz ora çatana kimi, qorxuram, onları sel apara.

Professor son illər seldən, sudan yaman qorxurdu.

- İnşallah, heç nə olmaz.

Telefonun o başındakı Qadın bir az ara verib:

- Sizi tanımaq olmur, Professor, - dedi.

Qadın onun bu zənginə həm sevindi, həm təəccübləndi.

Həqiqətən, on il vardı ki, bir yerdəydilər.

Amma onu heç belə görməmişdi.

Qadın hətta arada insanlardan daha çox bu dilsiz-ağızsız canlılar barədə danışanda onu yoracağından, hətta bezdirə biləcəyindən də qorxurdu.

Onsuz da onun işi çoxuydu.

Evində də kifayət qədər problemləri vardı.

On ildi ki, oğlu hansısa səbəbdən baş alıb xaricə köçmüşdü.

Oğlu bu illər ərzində bir dəfə də olsa, atasını, anasını görməyə gəlmədi.

Bu da Professorun xanımı və qızları üçün əməlli-başlı bir dərd oldu.

Ardınca dəhşətli bir xəbər onları sarsıtdı.

Professorun oğlu yaşadığı şəhərdə bir gün hansısa dostlarıyla çayda çimərkən boğulub.

Belə deyirdilər.

Professor oğlunun dalıyca çox gedib gəldi.

Amma onu tapa bilmədilər.

- Çay yəqin aparıb. Çoxdan dənizdədir.

Dedilər:

- Şişəndə üzə çıxacaq.

Professor uzun müddət o dənizdən, o sahildən xəbər gözlədi.

Amma...

Gəlmədi.

Qayıtmadı.

Tapılmadı.

Elə Professorun oğlu bu şəhərdən köçüb gedəndən sonra onların da arasında bu yaxınlıq yarandı.

Professorun da oğul dərdi vardı, Qadının da...

xxxx

Qadın da oğlunu itirmişdi. Döyülmüşdü. Elə canındakı, qarnındakı ağrıları körpəsi daha dəhşətli yaşamışdı, deyəsən. Onu bu dünyada heç nə özünə çəkmədi – nə anasının nəvazişi, nə həyatın şirinliyi. Anasının bətnindən dəhşətli bir ağrıyla doğuldu, doğulan kimi də çıxıb getdi. Qadının gücsüz qolları onu heç cür tutub saxlaya bilmədi.

Əri birdən-birə dəyişdi – başladı çəkməyə, içməyə. Ardınca onun sevə-sevə oxşadığı balaca, zərif qarnına yumruqlar vurmağa başladı. Hər dəfə qarnındakı ağrılardan qovrula-qovrula:

- Vurma, uşağımızı vurma, – deyirdi.

- Qoy öyrəşsin, öyrəşsin. Gələndə onu burda toy-bayram gözləmir, – deyirdi.

Qadın ağrıdan qıvrılırdı, amma heç cür anlaya bilmirdi ki, hələ bu dünyaya gəlməmiş bu körpəni qorxutmağın adı nədir?!

- Mən səni heç vaxt sevmədim. Uşağım da sevməyəcək səni.

Bundan əri həm qəzəblənir, həm də sanki xoşhal olurdu. Gülürdü.

Zorla ayrıldılar. Qadın sanki keçmişindən qaçırmış kimi baş alıb uzaq bir şəhərdə yaşayan yaxın qohumlarının yanına getdi.

Neçə il orda yaşadı, başını işlə-güclə qataraq hər şeyi unudub yenidən doğulmaq istədi. Amma alınmadı. Hər halında ondan qaçıb gedən körpəsini gördü.

O, bir daha ana ola bilməyəcəkdi.

Bir də nə mənası: ola bilsə belə, daha bunu istəməyəcəkdi.

Qayıtmayacaqdı bir daha bu şəhərə. Amma onu illər sonra çəkib bu yerlərə gətirən yenə canındakı həmin ağrılar və balaca, əl boyda körpəsi oldu.

Qayıdan kimi evdəkilərdən oğurlanıb həmin evə üz tutdu. Dar küçədə bir tut ağacının arxasında gizlənib bir neçə ay yaşadığı, körpəsini həm tapıb, həm itirdiyi o evi uzun-uzun, xəlvəti seyr eləməkdən doymadı.

Bu dəqiqələrdə körpəsini yaxında hiss edə biləcəyi ona nə qədər ruh verirdisə, əri ilə bir daha rastlaşmaq, ərini ani də olsa görmək ehtimalı onu az qala məhv eləyirdi.

Çox sonralar bildi ki, o evdə artıq başqaları yaşayır.

Əri təzədən evlənmişdi və təzə gəlinin təkidiylə bu “uğursuz” evi də elə öz qonşularına satmışdı.

Artıq qadının keçmişindən burda heç nə qalmamışdı...

xxxx

Uzun illər bir yerdə çalışsalar da, sanki hər ikisi birdən ayılıb bir-birini gördülər.

Bu illər ərzində hər şeydən danışsalar da, Professor oğlundan, Qadın şəxsi həyatından danışmağı sevməzdi...

Tezdən yola düşdülər.

Kolbasa, sosis, çörək alıb təzədən ora qayıtdılar.

Telefonun işığında onları axtardılar.

Dördü də bir-birinə sıxılıb qorxu ilə onlara baxırdı.

Anaları yenə yox idi.

- Görürsən bu torbanı? Bunda gətirib atıblar. Bəlkə anası hardasa bunları axtarır.

Professor:

- Kim bilir, bəlkə elə anasını bu yolda maşın vurub? – dedi.

- Bəlkə də sel aparıb.

Elə bu vaxt uzaqdan bir səs gəldi.

O yanda qoyun sürüsü görünüb dağın arxasına adladı.

Sürünün dalıyca Çoban da bir anda görünməz oldu.

Amma hər ikisinə elə gəldi ki, Çoban iri bir daşın arxasında gizlənib onları güdür.

Professor bir-iki dəfə:

- Qardaş, - deyib Çobanı səsləsə də, ondan cavab gəlmədi.

Birdən həmin daşın arxasından balaca bir uşaq çıxıb onlara sarı üzüaşağı qaçmağa başladı.

Uşaq o qədər balacaydı ki, onu bayaq nə Çobanın yanında, nə də qoyun-quzunun arasında görə bilmişdilər.

Uşaq qaçırdı.

Dalıyca balaca ayaqlarından qopan xırda daşlarla yanaşı balaca bir quzu da qaçırdı.

- Hara gedirsən, it balası? Sizi gücnən saxlayıram.

Atasının bu zəhmli səsinə Uşaq birdən dayandı.

Çoban:

- Get, get. Get sən də qoşul onlara. Sən də ol onların biri... - dedi.

Uşaq tərəddüdlə çevrilib atasına baxdı.

Professorla Qadın da dönüb bir-birinə baxdılar.

Bilmədilər Çoban bunları deyir, ya burdakı küçükləri?

Professor Uşağı səslədi:

- Tanıyırsan bunları? – dedi.

- Onlar mənimdir...

Gözlərindən yaş axa-axa dedi Uşaq.

- Bəs anası hanı?

Uşaq:

- Anası dəli olub. - Bir az duruxdu. - Başından bağlayıb balalarını gətirib atdılar bura. Döşlərinə o qədər süd gəldi ki, sinəsi partladı... Sonra başladı özünü yeməyə... - Sonra ağlaya-ağlaya, - O elədi, bax, o, – dedi.

Balaca barmaqlarıyla artıq daşın arxasından çıxan atasını göstərdi.

Professor uşağı sakitləşdirməyə çalışdı:

- Biz aparıb saxlayacağıq.

- Bircə sən narahat qalma.

Bunu da Qadın dedi. Dedi və qarnında güclü bir sancı hiss elədi...

Uşaq küçüklərin hamısını balaca qucağına almağa çalışsa da, hərəsi bir yandan sürüşüb düşürdü.

- Qoy aparsınlar. Onların pulu çoxdur. Pulları çoxdur, məşğuliyyətləri yoxdur. - Çoban kinayəli-kinayəli dilləndi. - Gəl, gecdir.

Sürü getdi.

- İndi anan başlayacaq bizi axtarmağa.

Çoban əsəbi şəkildə uşağı səslədi.

Uşaqsa:

- Amma bunların anası öldü, - dedi.

O, qucağındakı qara küçüyü ehtiyatla Qadına uzadıb elə bil: “Bunu ancaq sənə etibar edirəm” – demək istədi.

Dönüb ağlayan gözlərini gizlədərək atasına tərəf qaçdı.

Balaca quzusu da ondan geri qalmadı...

Hər ikisini bu uzaq, tənha dərədə qəribə bir təklik hissi bürüdü.

Qadın illər əvvəl o yad şəhərdə olduğu kimi yaxınlaşıb onu qucaqladı.

Professorun əlləri onun sarı saçlarında gəzdi...

Yolboyu hər ikisi susdu.

Onlar susanda da danışırdılar. Belədə bir-birinin ürəyindən keçənləri bilirdilər.

Bir baxış, bir toxunuş kifayət idi...

xxxx

Professorun dəniz kənarındakı bağ evinə çatana kimi xeyli vaxt keçdi.

Professor ağzı örtülü qutunu ehtiyatla götürüb yerə qoydu.

Qadın sakitcə onun bu hərəkətlərini izləyirdi.

Professor susurdu: ona nə qal deyirdi, nə get.

Qadın nədənsə təkid eləmədi, getməyi üstün tutdu.

- Sabah görüşərik, - dedi Qadın və onu yüngülcə qucaqlayıb maşına oturdu.

Professor o gözdən itənə kimi yerindən tərpənmədi.

Sanki balaca küçüklərin qoxusunu almış kimi qonşuluqdakı itlər bir-birinə qoşulub hürdülər.

Küçüklər bu səsdən qorxaraq qutunun içində bir-birinə daha bərk sığındılar.

İtlərə baxan qara kişinin səsi gəldi:

- Bəsdir, bəsdir, – deyə onlara acıqlandı.

Sonra gözləri bir nöqtəyə dikilən Professora yaxınlaşdı.

Salamlaşdı və qutunu yerdən götürdü.

Sonra götürdüyü kimi astaca yerə qoydu.

Diqqətlə bir-birinə sığınan küçüklərə baxdı.

Başlarını sığalladı.

Küçüklər bir-birindən daha bərk yapışdılar.

- Amma bunları indi apara bilməyəcəm, Professor. Çox körpədilər. Gərək ayrıca yer eləyəm bunlara. Bu yaşda yoxumdur. Ayaq altda qalarlar. İtlər bir-birini qırar bunların üstündə. Yazıqdılar. Ən geci sabah axşama yer taparam bunlara. Gedib, təzə ət gətirərəm bunlara. Acdılar, deyəsən.

Professorun diqqəti Qadından ayrılıb bir anlığa ona dikildi.

İllərdir bir-birlərini tanıyırlar.

Onun qonşuluqda yerləşən, it-pişiyə baxdığı ev də Professorundur, ona bağışlayıb.

Amma nədənsə o, bunları xatırlamır, daha çox keçmişini yada salır və hər dəfə də eyni şeyləri təkrarlamaqla sanki bundan həm həzz alır, həm də kiməsə acıq verirdi.

Kim bilir, bəlkə elə Professorun özünə acıq verir: “Məni elə-belə görmə. Tanımadım, bilmədim demə...”

Nə tez gedib qayıtdı?

- Professor, mən də Sizin sahənin adamıyam ha. On beş ildən çox bu boyda şəhərdə ən böyük aptekin müdiri olmuşam.

“Başlandı” – deyə Professor oturduğu kürsüdə özünü neçənci dəfə səbrə, dözümə dəvət elədi:

- Birinci dəfə deyil, axırıncı da olmayacaq. Amma danışsa yaxşıdır. Yoxsa sakitlikdən adamın ürəyi partlayar.

Professor sanki yenə həm ona, həm özünə haqq qazandırmağa çalışır.

Qara kişi söhbətin ən şirin yerindəydi:

- Əvvəlcə hər şey yaxşıydı. Amma... Bizim naziri çıxarıb o birisini qoyanda aralandım bu işdən. Birdən-birə hər şey dəyişdi. Böyük-kiçik qalmadı. Baş götürüb Moskvaya getdim. On il də orada yaşadım. Günüm kazinolarda keçdi.

Professora elə gəlir ki, kazinodan sonrakı qadın-qız söhbətləriylə o, hər dəfə onun yanındakı Qadına işarələr edir:

- Yanımdan qadın-qız əskik olmazdı. Amma hamısından yoruldum. Bezdim. Qayıtdım geri.

Bu dəfə ona elə gəlir ki, Professorun fikri onun nimdaş, köhnə paltarlarındadır və o səbəbə sözünün canını deməyə çalışır:

- Şəhərdə evim də var, qohum-əqrəbam da çoxdur. Oğlum-qızım da var. Xanımım da işləyir. Onlar bura gəlmək istəmirlər. Mən də qala bilmirəm orda. Mənimki bu itdir, pişikdir. Onlardan vəfalısı, etibarlısı yoxdur. Moskvada da, burda da... Yüzlərlədir, amma elə mehribandılar bir-birinə. Bir gün gəlib görərsiz, Professor.

Qapının ağzında dayanıb divardan asılan ov tüfənginə baxdı:

- Ova gedirsiz, Professor? Mənim də varımıydı.

Amma Professordan cavab gəlmədi.

Professor oturduğu kreslodaca yuxulamışdı.

Onu eşitmirdi.

Yuxuda görürdü ki, qapı açıqdır.

Bir it də otağın ortasındaca uzanıb balalarını yedirir.

Amma onlar nə qədər yesələr də, ananın döşündəki süd azalmaq bilmir.

Əksinə, elə bil bir az da artır.

Amma küçüklər də, anaları da elə xoşbəxdilər ki...

Birdən pəncərənin qarşısında dayanıb onlara baxan oğlunu gördü.

Qalxmaq istədi, ayaqları tərpənmədi.

Sonra hər şey birdən-birə dəyişdi.

Güllə Professorun sinəsini dəlib keçdi.

Professor güllənin atıldığını, sinəsini parçaladığını da yuxuda gördü.

Amma Qara kişi güllə səsini eşitdi və tez-tələsik geri döndü.

Professor bayaqkı kimi kreslodaydı.

Yatırdı.

Amma sinəsində güllə yeri vardı.

Sanki Professor durub özünü güllələyib, sonra gəlib oturduğu yerdəcə uyuyurdu.

- Professor, - deyə Qara kişi onu oyatmağa çalışdı.

Professordan səs gəlmədi.

- Bəs bu it hardan peyda olub? Gəlib tapıb balalarını?

- Ay it, sən kimsən? – deyə yerdəki itə baxdı.

O, ilk dəfəydi ki, gördüyündədn qorxurdu, itdən qorxurdu.

Həm gördüyündən, həm də beynindən keçənlərdən bədəni üşəndi.

Bir də küçüklərdi qorxan.

Həm dayanmadan əmir, həm də qorxurdular.

Amma balaların yedizdirən it də, Professor da sanki xoşbəxtdilər, dincəlirdilər.

Qara kişi əlləri əsə-əsə Qadına zəng elədi:

- Professor özünü yuxuda vurdu. Tez gəlin. Hələ polislər gəlməyib.

Qara kişi qapını örtüb dayandı.

Qadının gəlişini gözlədi.

Ətrafdakı sakitliyi itlərin ulartısı pozurdu.

Professorun xanımından və qızlarından əvvəl Qadın gəlib çatdı. O, maşından düşüb ağlaya-ağlaya özünü otağa salana kimi itlər sakitləşmədilər...

- Hanı mənim uşağım? Onu kim vurdu yenə? – Qadının yenə sancısı tutmuşdu. Bunu deyə-deyə Qadın sanki Professoru görməmiş kimi yanından keçib arxa bağçaya doğru getdi. Uşağı alma ağacının çiçəklərinin arasından ona baxırdı. Necə də böyümüşdü. Bəs niyə həm gülür, həm də ağlayır?

Qara kişinin gözləri indi də uşağı axtarırdı.

- Bunların uşağı da varıymış?!

# 2479 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #