İnam - Gülanə Əliyeva

İnam - Gülanə Əliyeva
13 dekabr 2021
# 21:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Gülanə Əliyevanın “İnam” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bəzən insan yatmağa tələsdiyi üçün gecənin tez düşməsini istəyir. Ona görə yox ki, yuxusu gəlir, ona görə yox ki, dincəlmək istəyir. Ona görə ki, yatanda həyatın problemlərindən, dərd-sərindən bir neçə saat uzaq olur. Ayılanda ümid edirsən ki, bəlkə nə isə dəyişəcək, bəlkə hər şey yolunda gedəcək, həyat üzünə güləcək. Amma yenə bir gün, yenə bir "döyüş". Dilbərdə "döyüşürdü". Həyatla döyüşüb mübarizə aparırdı. Axı necə döyüşməsin? Xəstə əri, körpə balası, çarəsiz canına kim baxmalı idi?

Bu gün xüsusilə yorulmuşdu, yatmağa tələsirdi. Bəlkə sabah hər şey yaxşı olacaq ümidi ilə. Ancaq səhər saat 5-də güclə yuxuya getdi. Adətən adam yorulanda daha tez yatar. Amma Dilbərin fiziki yorğunluqdan çox mənəviyyatı yorulmuşdu. Səhərə qədər düşüncələrə dalıb götür-qoy edirdi. Artıq tab gətirə bilmirdi. Həyatın onun çəkisindən qat-qat ağır yükünü qaldıra bilmirdi. Bir addım atmamış qollarının taqətsizliyindən yenidən yıxılırdı.

Əri paranoid şizofreniya xəstəsi idi. Ailə quranda ərinin xəstə olduğunu bilmirdi. Heç əri də öz xəstəliyindən bixəbər idi. Ermənilərin Azərbaycana dağıdıcı, amansız hücumundan sonra yaxınlarını itirmiş böyük psixoloji sarsıntı keçirmişdi. Əvvəlcə xəstəliyi bir neçə əlamətlə büruzə vermiş, illər keçdikcə şiddətlənməyə başlamışdı. Aldığı sosial müavinət heç həkim yazdığı dava-dərmanın yarısını ödəmirdi.

Ərinin sağalmayacağını bilirdi. Həkim ömürlük xroniki xəstəlik olduğunu demişdi. Xəstəliklə əlaqədar fiziki məhdudiyyətlərinin olmağı da, hər hansı bir işə girməsinə mane olurdu. Dilbər də bu həqiqətləri bütün çılpaqlığı ilə dərk edirdi. İşləyirdi, işləməli idi, işləmək məcburiyyətində idi.

Dilbər həmişəki adəti üzrə erkən oyanmış, ərinin çay-çörəyini hazırlamış, artıq Solmaz xalanın onu çağırmasını gözləyirdi. Pambıq sezonunun son günləri idi. Solmaz xalanın: "ay qızım nə qədər çox yığsaq qənimətdi" sözlərini özünə tez-tez xatırladırdı.

Artıq Əsmərdə oyanmış, adəti üzrə anasının onu da pambığa aparmasını israr edirdi. Ancaq həmişəki kimi anasının "yox" cavabı deyəcəyini bilirdi. Əsmərin hər gün onun arxasınca ağlamağı ürəyini yandırıb yaxırdı. Hər gün : "Ana məni də özünlə apar, mən çox darıxıram, həmdə sənə kömək edərəm"-deməsi ananın ürəyini yumşaltsa da, havanın son günlər soyuq keçməsi onu fikrindən daşındırırdı. Əsmər artıq dözə bilmədi, öz qalın, nimdaş paltarlarını geyinib yenidən israr etməyə başladı. Solmaz xalanın Dilbəri səsləməsi Əsmərin döyünən ürəyini biraz da sürətləndirdi. Sanki anasını illərlə görməyəcəkdi. Dilbər həyətdən çıxanda arxaya dönüb Əsmərin ağlayan, məsum gözlərinə baxdı. Son günlər ərinin də vəziyyətini yada salıb lap pərişan oldu. Artıq üç gün olardı ki, Adil düz-əməlli yatmırdı. Yatmırdı desək lap yerinə düşər. Həkimin təyin etdiyi antipsixotik iynə vurulmalı idi. Hər ay mütəmadi vurulan bu iynə onun yuxu rejimini qaydaya salır, psixoloji sarsıntılarını azaldırdı. Ancaq iynəsinin vaxtı çatsa da, evdəki pulun miqdarı iynənin qiymətinə çatmırdı. Elə Dilbərin də ən böyük narahatçılığının səbəbi bu idi. Üç gündən sonra "pambıq pulu" nu alacaqdı. Ancaq əri bu vaxta qədər necə dözəcəkdi. Bəlkə də dözəcəkdi, amma üç günə kim bilir nələr ola bilərdi. Axı Dilbər dəfələrlə şahidi olmuşdu ki, iynəsinin vaxtı keçəndə Adilin "tutmaları" olur, əsəbi, gərgin halda gəzir. Yaxınlaşıb Əsməri qucaqladı, hər iki üzündən öpdü. Dedi: -Qızım bu gün səni də aparacam, amma söz ver ki, sözümdən çıxmayacaqsan, yanımdan ayrılmayacaqsan.

Onlar yola düşdülər. Qış sanki tələsirdi. Noyabr ayı olsa da, hava dekabr ayını xatırladırdı. Əsmər nə qədər üşüsə də, ancaq anasına büruzə verməməyə çalışırdı. Onlar pambıq tarlasına yetişdilər. Dilbər fartuğunu belinə bağlayıb şehli pambıq kollarından pambıqları sürətlə ovuclarına yığıb sonra da fartuğuna boşaldırdı. Anasını böyük maraqla izləyən Əsmər də anasının etdiklərini eyniylə təkrarlayırdı. Balaca əlləri ilə yığdığı pambıqları hər dəfə anasının fartuğuna tökdükcə ona baxıb gülümsəyir, sanki baxışları ilə: "Mən uşaq olsam da bir işə yarayıram" -deyirdi. Arada sükutu pozub:-Ana pulumuz artıq qalsa atama ayaqqabı alaq. Əgər biraz da artıq qalsa onda mənə şirin kökə, bir də mandarin alarsan,-deməsi Dilbərin dərddən yanan qəlbini biraz da yandırırdı. Axı hansı buzqəlbli ananın bu sözlər qarşısında buz qəlbi əriməzdi? Onun bunları istəməsi bəlkə də normal idi. Axı o şirniyyatları və meyvələri ancaq bayramdan-bayrama görürdü.

Artıq günorta yetişmişdi. Onlar adəti üzrə gətirdikləri azuqəni ortaya düzüb günorta naharlarını edirdilər. Pambıq tarlasında yeyilən bir tikə pendir çörəyin nə qədər şirin olmasını ancaq pambıqçılar yaxşı başa düşə bilər. Hər gün evdə yeyilən çörəyin pambıq tarlasında bu qədər dadlı olması, yəqin ki, çörəklə yox, zəhmətlə bağlı idi. Zəhmətlə yeyilən çörək axı həmişə şirin olur.

Hava artıq toranlaşmışdı. Artıq yığışmaq vaxtı idi. Dilbərin taqəti kəsilmişdi. Pambıq yığmaqdan sərtləşmiş əlləri soyuğun təsirindən daha da qabalaşıb çatlamışdı. Birdən Dilbər adını eşidib sanki yuxudan oyanırmış kimi diksindi. Pambıqçılardan biri dilləndi:

- Ay Dilbər bacı evə getmək istəmirsən?

- Deyəsən başını əyib pambıq yığmaqdan havanın qaralmağını hiss etmirsən.

Dilbər dalğın halda gülümsədi:

- Hə, gedək.

Bu vaxt Solmaz xalanın sevincək səsi gəldi:

- Sizə şad xəbərim var. Muştuluğumu verin. " Pambıq pulu" nu sabah verəcəklər. İndicə fartuğu boşaldanda Namiq qardaş dedi. Dedi ki, sabah gəlib pulumuzu pambıq qəbulu məntəqəsindən ala bilərik. Bu xəbər həqiqətən də hamı üçün sevindirici xəbər idi. Ələlxüsus da Dilbər üçün.

Nə qədər yorğun olsalar da Solmaz xalanın yerində deyilmiş bu şad xəbəri onların əhvali-ruhiyyələrini xeyli qaldırmışdı.

Sabah deyildiyi kimi hamı gedib pambıq pulunu aldı. Dilbər qızını da özü ilə aparıb pulunun az bir hissəsini ev məsrəfləri üçün xərclədi. Qalanına yoldaşının dərmanlarını aldı. Olanları həmişə iti uşaq zəkası ilə həm dərk etməyə, həm də təhlil etməyə çalışan Əsmər bu gün əczaxanada "olanları" anlaya bilmədi. Anasının bir aylıq zəhməti bir “ampula şüşəsi”nə sığışsa da, Əsmər bunu öz balaca dünyasına sığışdıra bilmirdi. Olanları dərk etmədikcə isə günahkarı axtarırdı. "Günahkar"ı tapmadıqda isə günahı özündə görürdü, öz "kiçik"liyində görürdü.

Düşüncələrinin selində boğulan, günlərdi şübhəli susqun nəzərləri ilə gözlərini tavana zilləyib baxan Adil daha dözə bilmirdi. Həkimin ona yazdığı antipsixotik ampulanı təsəvvüründə Məlikməmməd nağılındakı divin göyərçini kimi canlandırmışdı. Divin canı göyərçindən asılı olduğu kimi Adil də canını o ampuladan asılı hesab edirdi. Dilbərin əlində dərmanlarını görüncə səbirsizcə var-gəl etməyə başladı. Günlərdi sükutunu qoruyan Adil indi isterik vəziyyətdə olan adamlar kimi hərəkət edir, Dilbəri tələsdirirdi. Dilbər də qutudakı dərmanı çıxarıb vurmaq üçün hazırlayırdı. Tələsik dərman qutusunun içərisindəki kəsici aləti götürüb ampulanın uc hissəsini kəsməyə başladı. Dilbər birdən əlində yağlı mayenin olduğunu hiss etdi. Ampulanın şüşəsi qırılmış ovucuna isə çox az bir hissəsi tökülmüşdü. Sanki nağıl gerçəkləşirdi, "göyərçinin şüşəsi" qırıldığı kimi... Dilbər çarəsizcə ovucunda tökülüb qalan ampula məhluluna baxırdı. Ovcundakı məhlulun miqdarı yanağından axan bir damla yaş qədər olardı. İlahi onun gözündəki təlatümü, iztirabı, qorxunu sezmək üçün o qədər də həssas olmaq lazım deyildi. Dilbərin tir-tir əsən əlləri, pörtmüş sifəti, yaşarmış gözləri balaca Əsmərin qəlbini titrədirdi. Uşaq həssaslığı ilə baş verənləri çox gözəl anlayırdı. İndi evdə nələrin ola biləcəyini təsəvvürünə gətirdikcə nəfəsi daralırdı. Arxası üstə "çöməlib" olanlardan xəbərsiz olan Adilin: "Tez olda vurda. Nəyi gözləyirsən?"-deməsi Dilbəri diksindirdi. Həyəcandan əsən əlləri ovcundakı bir damla məhlulu güclə şprisə çəkdi. Porşeni azacıq geriyə çəksə də, məhlul çox az olduğundan şprisdə görünmürdü. Dilbər qorxa-qorxa iynəni ehtiyatla ərinin əzələsinə yeritdi və bir müddət gözləyib astaca onu çıxardı. Nə yaxşı ki Adil bunu hiss etmədi. Onun: "Şükür bir ayda məni idarə edəcək. Artıq gecələri rahat yata bilərəm"-deməsi Dilbərin qəlbini nə qədər göynətdisə, amma heç nə büruzə vermədi. Bayaqdan hər şeyi diqqətlə müşahidə edən Əsmər anasına baxırdı. Onun iri qara gözlərindəki təəccübü məsum təbəssümü əvəz etdi. Baxışları sanki anasının qəlbinə su çilədi. Anasının baxışlarındakı "qızım başqa çarəm yox idi" ifadəsini Əsmər çox yaxşı anlayırdı. Bu yalan deyildi. Çarəsizliyin təzahürü idi...

Bu hadisə hələ altı yaşı yenicə tamam olmuş Əsmərin balaca ürəyində çox böyük ümid toxumları səpdi. Çünki aradan bir ay keçməsinə baxmayaraq atası vaxtında yatıb vaxtında durur, yeməyini iştahla yeyirdi. Əhvali-ruhiyyəsi isə əvvəlkindən də yaxşı idi. Buna səbəb inam idi, özündə yaratdığı inam. Dilbər Adili, Adil də özünü inandırmışdı. Axı inam çarəsizliyin düşməni, uğurun dostu, xəstələrin şəfasıdır.

Əsmər nə yaxşı ki adını bilmədiyi bu hissi vaxtında kəşf etmişdi. Əczaxanada qırılan ümidlərini isə dərman şüşəsi “qırılanda” tapmışdı...

# 3666 dəfə oxunub

Müəllifin son yazıları

# # #