Gözəl və Çirkin qızın nağılı - 10 yaşlı Nuraydan hekayə

Nuray Bağırlı

Nuray Bağırlı

8 aprel 2022
# 09:40

Kulis.az Nuray Bağırlının hekayəsini təqdim edir.

Biri var idi, biri yox idi...

Bir kənddə iki qız yaşayırdı, Gözəl qız və Çirkin qız.

Gözəl qız anasına ev işlərində heç vaxt kömək etmirdi, dərsdə müəllimlərinə qulaq asmırdı, dostlarını, sinif yoldaşlarını daim incidirdi.

Çirkin qız isə, əksinə, həmişə anasına kömək edər, müəllimlərə diqqətlə qulaq asar, yoldaşları ilə mehriban rəftar edərdi.

Bir gün Çirkin qız anasına dedi:

– Ana, mənə yenə iş ver. Nəsə tapşır.

Gözəl qız isə söylədi:

– Ana məni bir az da bəzə.

Ana qızlarına baxdı:

– Mən, əlbəttə, dediklərinizi edərəm, amma bir şərtim var. Sizi meşəyə göndərəcəm. Orada qızıl küp gizlədilib. Əgər kim həmin xəzinəni tapıb mənə gətirsə, onun istəyini yerinə yetirəcəm.

Qızlar razılaşdılar və xəzinəni tapmaq üçün meşəyə yollandılar.

Meşəyə çatanda Gözəl qız dilləndi:

– Eey, bura nə pis yerdir. Burada pis qoxulu, əcaib heyvanlar səs-küy salıb məni yatmağa qoymayacaqlar. Buranın havası da pisdir. Gecə isə qorxulu və soyuq olur.

Çirkin qız isə dedi:

– Eh, sən də ancaq özünü fikirləşirsən. Ancaq özünü tərifləyirsən, gözələm, qəşəngəm, nə bilim nəyəm. Ancaq öz canının hayına qalırsan.
Gözəl qız təəccübləndi:

– Niyə belə danışırsan? Bəyəm mən pis qızam? Sən doğru danışmırsan, çünki mən hər gün güzgüdə əksimə tamaşa edəndə gözəl sima görürəm.

Beləcə qızlar mübahisə edə-edə meşənin içərilərinə doğru irəlilədilər.

Birdən onlar səs eşitdilər.

“Vay kömək edin, kömək edin, mən əyripəncə ayı, quyuya düşmüşəm”

Gözəl qız quyuya yaxınlaşdı və kənara çəkilib üz-gözünü turşutdu:

– Fu, nə pis iy gəlir. Mən öz təmiz əllərimi bu ayının tüklü, çirkli dərisinə vura bilmərəm. Əllərim bulanar. Ay Ayı, zəhmət çək, özün özünü xilas et.

Çirkin qız isə tez bir ağac budağı tapıb, onu quyuya uzatdı və ayını çıxması üçün ona kömək etdi. Ayı xilas olduqdan sonra, Çirkin qıza öz təşəkkürünü bildirdi. Amma Gözəl qıza tərəf heç gözünün ucuyla da baxmadı.

Bundan sonra, qızlar yollarına davam etdilər. Qayıdarkən onlar yolu azdılar və gecəni meşədə keçirməli oldular

Səhəri gün, qızlar bərk acmışdılar. Yemək axtarmağa başladılar. Gözəl qız özünü əziyyətə salmaq istəmirdi. Çirkin qız isə cəld ağaca dırmandı və meyvə dərib yedi. Hələ üstəlik, ayı ona bal da gətirdi. O, meyvələrdən və baldan bacısına da verdi.

Birdən onlar üzərində “X” işarəsi olan təpəciklə rastlaşdılar. Onlar başa düşdülər ki, burada xəzinə gizlədilib.

Gözəl qız heç işləmək istəmirdi. Çirkin qız təpəciyi qazıb, qızılları tapdı və onları bacısına verdi.

Gözəl qız xəzinəni sevincək evə apardı və anasına özünün tapdığını söylədi.

Ana dedi:

– Ay mənim dünya gözəli sevimli qızım, mən səni bəzəyəcəm, gözəl libaslar geyindirəcəm, saçlarını da hörəcəm.

Gözəl qız isə cavab verdi:

– Yox, ay ana məni bəzəmə. Mənə sığal çəkmə. Əslində, qızılları mən yox, bacım tapıb. Mən daha tənbəl qız olmaq istəmirəm. Bundan sonra mən də bacım kimi sənə kömək edəcəm. Mənə də iş ver.

Ana qızlarının ikisini də öpüb qucaqladı və dedi:

– Sizin ikiniz də mənim üçün eyni dərəcədə gözəl və sevimlisiniz.

# 4650 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #