Göyqurşağı - Rəhiməxanım Əmiraslanova

Göyqurşağı - Rəhiməxanım Əmiraslanova
12 dekabr 2021
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəhiməxanım Əmiraslanovanın “Göyqurşağı” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bulud, bulud, nazlı bulud, kim kövrəldib səni, yenə yağış yağır? Yağış, bəs sən niyə yağırsan? Nə vaxt dinəcəksən? Budur narın yağış dinir və sevinc rəmzi saydığım göyqurşağı nazlanaraq gəlir. Xoş gəldin. Niyə gecikdin? Səma səni gözləyirdi axı... Bəlkə, insanlar da səndən öyrəniblər bir-birilərinə gec qalmağı...Yenə də xoş gəldin. Kimsən sən, yaxud nəsən sən? Başlanğıcın haradır, sonun haradır? Harada qurtarırsan? Bəlkə, sən bir mələyin paltarının ətəyisən, olmaya göylərin təbəssümüsən, bəlkə, bəlkə, bir pərinin sehrisən? Niyə danışmırsan? Niyə susursan? Xoruz olmasa da, səhər açılır. Qar yağmasa da, qış keçir. Amma yağış yağmasa, sən gəmirsən. Zənnimcə, sən buludun göz yaşını silən dəsmalsan. Sən uşaq yanaqlarına yaraşan gülüş qədər möhtəşəmsən. Səni yer də, göy də çox sevir. Suallarım çoxdur sənə. Niyə məhz yeddi rəng? Nə üçün digər rənglər yoxdur səndə? Bu rənglərin mənası nədir? Mənim rəngim hansıdır bəs? Bunları deyərkən,sanki, duruşunda Narsis məğrurluğu olan göyqurşağı məni dinləyirdi. Sən soruş, mən “cavablandıracağam” kimi baxırdı. Sırayla rəngləri belədir göyünqurşağının: qırmızı, narıncı, sarı, yaşıl, mavi, bənövşəyi, çəhrayı. Ağlımda canlandıraraq rəngləri soruşdum ondan.

Nədir qırmızının mənası? Cəhənnəm alovunun yandıran rəngimi, sevgi sərxoşluğunun rəmzimi?

Nədir narıncı? Xoşbəxtlikmi, zövqsüzlükmü?

Bəs sarı? Yeri-göyü isidən, əlvan şəfəqli günəşdir? Ya zəhərli sarmaşıq olan iztirablı ayrılıq simvoludur?

Yaşılın sirri nədədir? Rizvanların gözətçilik etdiyi cənnət bağımı, ya çirkli bataqlıqmı?

Mavinin anlamı nədir? Səmamı, dənizmi? Yoxsa qəlbi buz kəsmişlərin rəngimi?

Bənövşəyi nədir onda? Ətirli güllərin rəngidirmi, yoxsa yad cisimlərinmi?

Bəs çəhrayı? Sus, sus, dinmə. Onsuz da danışa bilmirsən. Bu rəng mənim rəngimdir. Xülyadır, şirinlik rəmzidir, həvəsdir. Şaftalı çiçəyinin rəngidir o. Çəhrayı qız uşaqlarının otaqlarının, paltarlarının rəngidir. Heç bir mənfilik yoxdur bu rəngdə. Bəlkə, mənim rəngim olduğu üçün bu qədər təriflədim. Bunları deyərkən,sanki, göy qurşağı mənə göz vurdu. Elə bil ki, xəfifdən gülümsədi. Onun anlatmaq istədiyi bu idi ki, hər kəs öz rəngini özü sevir, özü seçir, o rəngə bağlanır. Dünyanı, hadisələri necə görmək istəyirsə, rəngləri də elə görür.

Hava yavaş-yavaş qaralırdı. Getməyinin vaxtı gəmişdi göyqurşağının. Biz xudahafizləşdik onunla. Onun yenə gələcəyini bilirdim. Mən rəngimi seçdim. Bəs sizin rənginiz hansıdır?

# 7087 dəfə oxunub

Müəllifin son yazıları

# # #