Faciəvi hekayə - Orxan Həsəni

Orxan Həsəni

Orxan Həsəni

13 dekabr 2021
# 15:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Orxan Həsəninin “Faciəvi hekayə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Günün ilk akkordu vurdu. Kənddə həyat öldü.

Bürəm-bürəm qar gəlmişdi. Kiçik kənd yorğun, xəstə canını dupduru, bəyaz qarın sinəsinə sıxıb utana-utana gizlənmişdi. Kiçik kəndin evləri də kiçik idi. Evlərin mamırlı damından odun sobalarının nazik tüstüsü səmaya millənir, laylı buludların qırış üzünə çörək üstə yağ kimi yayılırdı. Kiçik evlərin tüstüsü də kiçik idi.

Sərçələr elektrik tellərinə yığılan qar topalarına toxunub onları yerə salırdı. Həyətə çıxıb növbəti qar ilə tanış olan yüz yaşlı qocalar oxurlara soxulub şaxtadan qorunan küçə itlərini hoylayıb söyürdülər. Qocaların əlində olsaydı, itləri daşa basardılar, ancaq qar hər tərəfi tutmuş, daşları görünməz eləmişdi. Tövlələrin, evlərin, çardaqların qulağından sırğa kimi asılan sırsıralar kədərlə ağlayırdı, ağlayırdı və kənd məktəbinin cavan direktoru Allahqulu müəllim isti iş otağının pəncərəsindən səmaya millənən yanaşı tüstülərə akvariumdan baxan balıq kimi baxıb keçmiş haqqında düşünürdü. Keçmiş bu sabahdan başlayırdı.

Zehni yuxunun laylı qatları arasında gərnəşib dolaşarkən gördüyü otaq, çarpayı özününkü idi, çarpayıda ilanvurma yatan özü idi, aydın görürdü. Özünü zənnlə izləyirdi, başqa adama baxırmış kimi kilidlənib baxırdı, əlləri, ayaqları, barmaqları qımıldanmadan enib-qalxan sinəsinin ritminə qoşulub nəfəs alırdı. Yatanın ağzı açıq idi və onun açıq ağzı maşın qarajına dönmüşdü. Kiçik, sarı, qırmızı, ağ, qara maşınlar donquldana-donquldana, tüstüsünü etinasız buraxa-buraxa uzun xətt kimi otağın içində yol çəkir, Allahqulu müəllimin sinəsinə dırmanıb ağzına girirdilər, boğazından keçib daxili orqanlarına soxulur, gəzir, dolaşır, öfkə və şiddət dolu əsəblərində yuvalanırdılar. O, bunu görən kimi ani diksinmənin təsirindən quş kimi qıvraq oyandı, qalxıb tumançaqda aynanın önünə keçdi, almacıq sümüklərinin dalğalı səthində tək-tük tər damcıları gördü və düşündü:

- Bu yuxunun mənası nədir? Görəsən, hər yuxuda məna axtarmaq olarmı?

Allahqulu müəllim iş otağında bunları düşündükcə, sanasan, buludlara millənən tüstünün əlindən tutub hava süzülür, səmanın buxar nəfəsinə çatanda əlləri ixtiyarsız boşalırdı, şaxtadan, ayazdan qorunan nadinc ağrılar canına yığılırdı, az qalırdı ürəyi bədənindən budaq kimi qırılıb düşsün.

Xatirələr ona dinclik vermir, ovsunlu dairəsinə salıb karusel kimi döndürdükcə döndürür, aram-aram yağan qarın xoş, munis sükutunda yaddaşından ruhuna yol çəkirdi. Onu taqətdən salan, gözünə qaranlıq çökdürən atasının vaxtsız ölümü idi.

Atası vasvası adamdı, bir addımı yüz ölçüb bir biçirdi. Bu süyümsüz, yöndəmsiz kişi maşın almaq istəyirdi ki, nəvələrini yoluxmağa gedəndə, tanış-bilişə dəyəndə avtobusda, taksidə yubanmasın, səbri nazilib ağ saçından nazik olmasın. Pulu da vardı, ancaq niyyəti bir qərarda döyükmür, gördüyünü sual yağışına tuturdu. Suallar tükənmirdi, bir maşından düşüb, başqa maşına minir, gah motor gücündən salırdı söhbəti, gah yanacaq sərfiyyatından və hər şeyi analitik zəkasının dişinə verib hissə-hissə didirdi, maşınları millətlərə, ölkələrə görə ayırır, hər maşını onu istehsal edən ölkə ilə yanaşı araşdırırdı. Avtomobillərin istehsal edilib satışa çıxması üçün qitələr arası standartlar vardı və istehsalçı şirkətlər bu standartlara əməl etməyə məcburdular. Amerika standartları Avropa standartlarından yüksək idi, yəni avtomobilin testləri zamanı müəyyən 10 tələb varsa, Amerikan modellərində 10-dan artığı istənilirdi. Məsələn, aşma testi, güc testi və s.

Amerikan avtomobillərində nadir hallarda mexaniki transmissiya olurdu. Böyük ehtimalla maşınların salonu tam dolu və komfortu yüksək işlənirdi. El arasında “amerikanka” işıq deyilən termin də buradan gəlirdi, yəni faralarının kənarında gecə üçün öndə sarı, arxada qırmızı işığın yanması. Buna “Side Markers” deyirdilər.

“Side Markers”. Allahqulu müəllimin atası bu sözü çətin əzbərləmişdi, ancaq hər dəfə maşın almaq arzusu işıq saçanda o işığı sarı və qırmızı rənglərdə görürdü və nazik dodaqlarının arasından iki söz məhəbbətlə çıxırdı:”Side Markers”.

Aylar müdam keçir, axtarışın sonu gəlmirdi. Günlərin bir günü devalvasiya ölkə iqtisadiyyatına şilləsini çəkdi və Allahqulu müəllimin atasının sandıqda göz bəbəyi kimi qoruduğu pul bir anda fındıq-fıstıq oldu. Kişi buna dözmədi, xəbəri alıb yerli-yataqlı başa düşən kimi infarkt vurdu. Öləndə evdə tək imiş və sağ əli şalvarının, sol əli pencəyinin yan cibinə səliqəsizcə yığılıbmış, belə deyirdilər!

Bəli, belə deyirdilər, çünki on il öncə qədəm qoyduğu müəllimlik peşəsi Allahqulu müəllimi uzaq diyarlara atmışdı deyə atasının dəfninə çatmamışdı, kişini torpağa tapşıran adamlar geri qayıdanda onun tənhalıqdan və oxumaqdan qaz boynu olub nazilən boynunu qüssədən əriyən plastmas kimi əyilən görmüşdülər. Əmisi qoluna girib həyətdə xeyli dolaşmışdı, atasından danışmışdı, ölümdən, həyatdan, yası yola verməkdən, qonaqların qələbəliyindən salmışdı söhbəti və nəhayət Allahqulu müəllimin qayğısız üzünə mənalı-mənalı baxıb demişdi:

- Sən heç təsəvvür edə bilməzsən ki, ölü necə ağır olur!

İçindəki peşmanlığın, xəcalət hissinin qollanıb budaqlanmağının, nəfəs almağının min səbəbindən biri buydu. 17 yaşın tamamında universitetə qəbul olub evdən ayrılmış, həyatı öz zəhməti ilə cilalamışdı. Tələbə olarkən hər işə əli yatmışdı, canı hər ağırlığın altına keçmişdi, restoranlarda, otellərdə, çap evlərində, barlarda gecə növbəsi işləmişdi, sübhdən evə qayıdıb gözünün yuxusunu almadan dərsə yollanmışdı, hərdən-hərdən boş, qaranlıq küçələrdə dalana qısdırılıb döyülmüşdü, avtobusda pulqabısı oğurlanmışdı, adı ilə məzələnmişdilər, sevdiyi adamlardan sədaqət görməmişdi, ac qalmışdı, yağışda islanmışdı, şaxtada üşümüşdü, ancaq müəllimlik diplomunu alıb papağını göyə atanda bir əlçimlik zamanda dörd ili gözəl xatırlamışdı.

Müəllimlik uşaqlıq arzusuydu. Qriqor Petrovun “İdeal müəllim” kitabını həyat konsepsiyası eləmişdi. Müəllim Raçinskini kumiru bilirdi və niyyəti onun ideyalarının arxasınca getmək, kənd məktəblərindəki işıqlı şagirdləri kəşf eləməkdi. Orada Allahqulu müəllimə daha çox ehtiyac duyurdular.

Elə buna görə aram-aram yağan qara baxanda yetkinləşən bədəni, sıxılan əzələləri, iriləşən gözləri, hündürləşən boyu ilə bərabər məktəbin təminatı haqqında da düşünürdü. O, məktəblə birgə böyümüşdü.

Direktor olmazdan öncə qışda şagirdlərin ayağı məktəbdən kəsilərdi, gələnlər də odun sobasının tüstüsündən tezliklə boğular, kor-peşman geri qayıdardılar. Direktor keçən kimi təhsil şöbəsindən neft sobaları sifariş verdi, yeni lövhələr gətirtdi, müəllimlərin, şagirdlərin davamiyyətində intizam yaratdı. Beləcə hər şey öz axarına qoşuldu. Nəmişlik otaqların canına elə hopmuşdu ki, neft sobaları quraşdırılandan xeyli sonra da divarlardan su axırdı.

Allahqulu müəllim qafasında dolaşan fikirlərin sürətindən sərsəmləmiş kimi diqqət qarmağını içindən çəkib çölünə atdı. “Bu yuxunun mənası nədir? Görəsən, hər yuxuda məna axtarmaq olarmı?” – o düşünmək istəyirdi, ancaq taqəti əl vermirdi. Uşaqlar məktəbin həyətində bir-birini yıxıb ağızlarına, boyunlarına qar basırdılar, nəşəylə deyib-gülür, zarafatlaşırdılar. Qar da uşaqların ağızlarındakı, boyunlarındakı istiyə tap gətirmir, tezliklə əriyirdi. Qəfil Zərifə müəllimənin səsindən qulaqları şəkləndi, ani tərpəniş ruhuna can verdi, pəncərənin qarşı üzündə Zərifə müəllimənin qırmızı corablarına baxıb düşündü:

– “Sanki qar başqaları üçün yağır”.

***

Günün ikinci akkordu vurdu.

Zərifə müəllimənin canı uşaqlara dəyən qartopuların nadinc ağrısını duydu, qarın ağ parıltısı zəif gözlərini qamaşdırdı. Bu parıltı dalğalı-dalğalıydı, ağappağıydı, yeddi yaşlı, on yaşlı, on beş yaşlı uşaqların da bu ağlığın içində dünyadan xəbəri yoxdu. Aləmin bu hay-küy hissəciyi yad baxış bucağı götürmürdü. Yaşlı ədəbiyyat müəllimi Zərifə ağır gövdəsini sümüklərinə yığıb bayıra çıxır, yad hissəcik kimi hay-küyə təpinirdi, gözlərinin ağını göstərirdi, sonra həvəssiz qar yığınına həkk olunan addım izləri ilə müəllimlər otağına qayıdırdı. Yay ayaqqabılarının boğazından boylanan qalın, qırmızı, üzəri zərli corabları bəyaz qarın arasında yeriyən qan ləkəsiydi. Pudralı sifəti bir-iki dəfə başında fırlayıb boynuna, boğazına soxduğu göyümtül şalın arasında ağ nöqtəyə dönmüşdü və ağ nöqtənin içində açılıb-yumulan, dünyanı istəklə tanımaq istəyən şümür gözləri, eybəcər ağzı adamın canına vəlvələ salırdı. Müəllimlər otağında onu isti soba gözləyirdi. İndi çiyinlərini bir-birinə sıxıb divara söykənəcək, qızınacaq, ehtizazla açdığı nazik, xoruz ayaqları kimi biçimiz barmaqlarını sobaya tutacaqdı. O qədər kök idi ki, stola xəmir kündəsi kimi yayılmışdı.

Qışdan zəhləsi gedirdi. Qış gələndə küçələrdə donub ölən heyvanlar haqqında düşünürdü.

Zərifə müəllimə adamı taqətdən salan bir xəstəliyə tutulub əziyyət çəkirdi, hər il payızda və yazda deyirdilər ki, onun işi bitib, lakin bir müddət yatağa düşür, sonra qalxır və heyrətlə deyirdi: “Budur, mən yenə ölmədim”.

Soba canını qızdırmırdı. Anemiya zəhləsini tökmüşdü. Sağını göstərəndə solu üşüyürdü, solunu göstərəndə sağı. İstinin Zərifə müəllimənin kök bədənində gəzməyə taqəti çatmırdı. Barmaqlarından başlayır, tükləri səliqə ilə qırxılmış qollarında xeyli dolaşıb, çuval qarnına keçirdi, isti Zərifə müəllimənin qarnında gəzirdi, dincəlirdi, basa-basa düşürdü, ürəyi üzülürdü və ətli yanına yağlı bir öpüş qondurub ayaqlarına keçirdi, əziyyətli yolu başa gətirmək üçün domino daşları kimi uzun və nazik barmaqlarından dönüb geri qayıdırdı. Qayıdırdı, qayıdırdı, gəlib çiyinlərinə dırmanırdı. İsti çiyinlərindən bezib üzünə çıxırdı, pudra ilə yeri doldurulmuş qırışlara soxulurdu, sərin-sərin keçəlləşən başına toxunub yenidən üzünə qayıdırdı və isti Zərifə müəllimənin üzündə lap darıxırdı, bütün həyata nifrət eləyirdi. Beləcə bir Adəm övladını soyuqdan qorumağa, ona hayan olmağa həvəsi ölür, buxarlanıb tavana yığılırdı. Yazıq isti!

Barmaqlarını sobanın lap yaxınında saxlamışdı. Və birdən Zərifə müəllimənin baş barmağı sobaya toxunub bir az yandı.

Fəryad qopardı. İri gövdəsini divardan divara çırpdı, jurnallar yığılı stola dəyib onları yerə dağıtdı. Müəllimlər otağında vur-həşir qopdu, test yoxlayan, mürgü döyən, pəncərədən uşaqların oyunlarını izləyən müəllimlər anlaqsız halda Zərifə müəllimənin özünü divardan divara vurmasına, jurnallar yığılı stola dəyib onları dağıtmasına təəccüblə baxdılar. Orta yaşlı müəllimlər onu çətinliklə sakitləşdirib yerində oturdular. Çantasından leykoplastırın tapıb çıxaran da oldu və yaralı baş barmağı sarıdılar.

- Buna bax e, gör canını necə istəyir? – arxadakı cavan müəllimlərdən biri digərini çimdikləyib dedi.

- Adamın belə canı istəməyə həvəsi olmalıdır – cavab bu cür oldu və ikisi də gülüşdülər.

Bu dəm direktor müavini Akif müəllim otağa girdi. Şiş burun ayaqqabıları ona bütün istiqamətlərdə yaşıl işıq yandırmışdı. Əynindəki qalın kürkün xəzinə baxanda elə bilirdin boynunu siçovul qucaqlayıb.

Direktor müavini müəllimlərin arasından keçib əllərini sobaya tutdu, barmaqlarının arasına sıxılan şaxta buxarlandı və Zərifə müəllimənin baş barmağını sinəsinə sıxıb ufuldamağını gördü.

- Ay aman, sizə nə olub, müəllimə? – o dedi.

- Mühüm deyil, yüngül yanıqdır, sobaya toxundum. Sağ olsun, cavan müəllimlərimiz qeydimə qaldılar – gözlərini süzdürüb kinayəli söylədi.

Akif müəllim bığlarını eşib diqqətlə Zərifə müəllimənin əlinə baxdı.

- Əgər zanbağımız olsaydı, sizin yaranızı sağalda bilərdik. Orta əsrlərin məşhur əczaçısı Məhəmməd Mömin “Töhfətül-möminin” əsərində qeyd edir ki, zanbaq yaraların müalicəsi üçün əvəzsiz vasitədir.

- Kimdir bu vaxtı zanbaq axtaran? Belə də sağalar – Zərifə müəllimə bir az da ufuldayıb cavab verdi.

Akif müəllim öz yerini başdan tanıyıb əyləşdi, çantasından ehtiyatla çıxartdığı qalın, vərəqləri saralmış kitabı masanın üzərinə qoydu. Səhifələri oxşayıb sevindi. Bu Miçurinin seçilmiş əsərləri idi. Üstü keçəlləşən kənarları səliqə ilə daranmış başının içində indi qışa davamlı meyvələr haqqında suallar dolaşır, beyninin qurdunu tərpədirdi.

Bəli, doğrudan da, qışda ağacdan dadlı meyvələr dərsə, darıxmaz, özünə məşğuliyyət tapar və sevinər ki, dalı-qabağı kəsilmiş Biologiya elmi ilə yenidən praktikada məşğul olur. Akif müəllim otuz ildən çoxdu Biologiya fənnini tədris edirdi.

Bir qulağı müəllimlərin söhbətinə kəsilmişdi.

Zərifə müəllimə susmaq bilmirdi, gah baş barmağını sinəsinə sıxıb ufuldayır, gah da keçmiş şagirdi haqqında danışırdı:

- Keçən həftə Rafiq Rüstəmovdan zəng gəlib. Allah bilir nömrəmi necə tapıb? Nə fərqi var necə tapıb, haradan tapıb? Əsas odur tapıb.

Cavan müəllimlər Zərifə müəllimənin üzündəki ciddi ifadədən qımışdılar.

- Hansı Rafiqi deyirsiniz? – Akif müəllimin fikri yaşıl yarpaqların, çılpaq zoğların arasından çıxıb Zərifə müəlliməyə calaqlandı.

- Rüstəmov Rafiq. Topal Əhmədin oğlu.

- Topal Əhməd – onu fikir apardı. İri şriftlərlə çəkilmiş qalın bığlarını eşə-eşə yaddaşında eşələndi, döyükdü, adamları, sözləri, küçələri çıxdaş elədi, ələdi, ələdi, ancaq Topal Əhmədi xatırlamadı.

- Rafiq Ədliyyə nazirliyində işləyir. Bir otağı var, elə bil, şadlıq sarayıdır.

- Topal Əhməd – Akif müəllim bu adın arxasındakı mənanı, gizli, qaynar izi tapıb aşkar eləmək istəyirdi, bütün bədənini sıxıb yaddaşına çaxmaq çəkirdi, hadisədən hadisəyə, sözdən-sözə, fikirdən fikrə atlanıb axsaya-axsaya yol ölçürdü.

- Rafiq məktəbi bitirəndən sonra Topal Əhməd ailəsini də götürüb köçdü Bakıya. Camaatı inandırdı ki, ayağını müharibədə itirib. Qaçqın yataqxanalarından birindən ev götürdü. O vaxt hamı Topal Əhmədə paxıllıq eləyirdi, ondakı fərasətə heyran qalmışdılar. İyirmi il əvvəlin söhbətidir. Düz iyirmi il.

- Topal Əhməd – bu an Akif müəllimin yaddaşında partlayış baş verdi. Topa Əhməd sirri açılan an Rafiqi də pişik balası kimi tapıb yaddaşından çıxartdı və birdən-birə bədəninə elə bil qaynar su aşırdılar. Üzü qıpqırımızı rəng aldı, əsəbləri gərildi, gözlərini qarası böyüdü. Təəccüblə Zərifə müəlliməyə baxdı. – Mən hələ müəllim işləyən gündən elə tərbiyəsiz şagird görməmişəm. O vaxt məktəbin həyətində çadırdan istixana düzəltmişdik. Qışda bitkilər yetişdirirdik. Şeytan çadıra od vurmuşdu. Bitkilər şaxtaya düşüb tələf olmuşdu. Həyətdə əkdiyimiz ağacların meyvələrini kal qırıb yeyirdi, budaqları qırırdı. Bir dəfə siniflərinin pəncəsini daş atıb sındırmışdı. Ailəsinə şikayət yolladıq, Topal Əhməd heç özü də gəlmədi, kimdənsə söz yolladı ki, mənim quru qəpiyim də yoxdu sizə pəncərə alım. Hələ sinif yoldaşlarını döyməyindən danışmıram.

Akif müəllimin bığları elektrikə düşmüşdü. Tüklər biz-biz durmuşdu.

- Ola bilər – Zərifə müəllimə həlimcəsinə cavab verdi. Onun nöqtə gözləri heç nə ifadə eləmirdi – bəli, Rafiqin belə əməlləri var idi. Ancaq ürəyi yuxaydı. Görməmişəm bircə dəfə müəlliminə əl qaldırsın.

- Elə bu qalmışdı..! – Akif müəllim bilirdi ki, əsəbiləşmək ürəyinə ziyandır. Güc verib yadına saldığı hadisələrdən indi güc verib xilas olmaq istədi. Zərifə müəllimədən zəhləsi gedirdi, fikirləşirdi, o olmasa, xatirələri yadına salmazdı, qəzəbin iyirmi il sonra yenidən buxovuna düşməzdi. İyirmi il əvvəl, hələ Akif müəllim cavan ikən məktəbə yeni enerji ilə, gümrah həvəslə gəlmişdi, şagirdlərə Biologiya fənnini var qüvvəsi ilə aşılmağa çalışmışdı, məktəbin həyətində göy çadırdan düzəltdiyi istixanada kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot kimi tərəvəz məhsulları yetişdirmişdı. Akif müəllimin şagirdlərin sevimlisi olmağı çoxunun kefinə soğan doğrayırdı. Biri də Zərifə müəllimə.

- İllər öncə olanları düşünməyin, dərd etməyin mənası nədir? – Zərifə müəllimənin bu sözlərindən sonra Akif müəllim lapdan qızışdı.

- Ağa ağ demək lazımdır, qaraya qara!– ayağa qalxmışdı və iyirmi il əvvəlin ağrısı, əsəbi canına dolmuşdu. Az qala qəzəbi iriləşən göz bəbəklərini cırıb müəllimlər otağına daşacaqdı.

- Deyirəm, hamının səhvi var. Sizin səhviniz olmayıbmı? – hiyləgərcəsinə gülümsədi.

- Mən şagird olanda sinif yoldaşlarımı döyməmişəm.

- Amma müəllim olanda şagirdləri döymüsünüz.

- Bu nə deməkdir?

- Bu o deməkdir ki, hamının səhvi ola bilər. Təsəvvür eləyin, nə vaxtsa, döydüyünüz şagirdlər bir yerə yığılıb sizə lənət yağdırırlar. Adam fikirləşəndə canına üşütmə düşür – baş barmağını sinəsinə sıxdı, ufuldadı.

- Səhvləri olub döymüşəm. Elə Rafiqi də sillənin, təpiyin altına az salmamışam. İstixanaya od vurmağı cavabsız qalmalı idi?

- Siz şagirdləri səhv etdiyi üçün döyürsünüz, Sizi isə səhv etdiyiniz üçün heç kim döymür. Bu ədalətsizdir.

- Məni də vaxtında döyüblər.

Zərifə müəllimənin sakit, hiyləgər nitqi Akif müəllimi çilədən çıxarırdı, əsəbdən qan yığılan gözləri zəncir gəmirirdi. İllərin nifrəti idi bu. Hələ iyirmi il əvvəldən məlumdu, Rafiqə istixananı yandırmaq tapşırığını o vermişdi, meyvələri kal qırmağı, ağacların budaqlarını sındırmağı o tapşırmışdı, ancaq sübut tapılmamışdı deyə Akif müəllim hər şeyi unutmağa çalışmışdı, fikirləşmişdi ki, yox, heç belə hadisə yerli-dibli olmayıb.

Gözlərini Zərifə müəllimənin naməlum nöqtəyə baxan şümür gözlərindən çəkib bığlarını eşdi, kreslosuna çökdü. Onu hüznlü səssizlik götürdü. Bu sükuta tam arxayınlıq yığılmışdı.

Zərifə müəllimə Akif müəllimin kresloya çöküşünə gülümsünüb üzünü cavan müəllimlərə tutdu. Elə bil, Akif müəllimin əsəbiləşməsi onun kefini açmışdı.

Cavan müəllimlər gülüşdən sonra bir-birinə baxıb qımışdılar. Onu məktəbdə danışan suvenir kimi görürdülər və hərdən-hərdən qorxurdular ki, birdən kimsə çaşıb Zərifə müəlliməyə dəyər və Zərifə müəllimə yıxılıb çilik-çilik olar. Bu qorxu cavan müəllimləri daha da güldürürdü. Sən bir qorxuya bax. Adam da belə şeydən qorxar?

- Siz çox pis adamsınız – Akif müəllim bu sözlər deyib bayaqdan içində buğlanan hirsini tökdü.

- Pis adam olmağı da bacarmaq lazımdır

***

Günün üçüncü akkordu vurdu.

Soyuq Zərifə müəllimənin canına işləyir, Akif müəllimin kefini təlx eləməsindən aldığı ləzzəti, xoş əhvalı tikələyirdi. Yaxşısı, sinfə gedib paltosunu asılqandan götürmək, eləcə zəngin vurulmasını gözləməkdi. Bu qərarla qalxıb qapıya çatdı. Cavan müəllimlərin çöhrəsi bu gedişdən işıq saçdı.

Dəhlizin açıq pəncərəsindən içəri soxulan külək Zərifə müəllimənin ərpimiş, sallaq döşlərinə toxunub üşütdü. Soyuq külək qar gətirirdi və qar Zərifə müəllimənin üzünə çırpılıb əriyirdi. Dəhlizin sonunda xadimələr üçün nəzərdə tutulmuş otağın bulanıq şüşəli qapısı görünürdü. Xadimələr soyuqdan qorunmaq üçün bir-birinə sığınmışdılar. Ayaz heç kimə fərq qoymurdu.

Zərifə müəllimə 11a sinfinə girəndə əvvəl-əvvəl gördüyünü dərk etmədi. Bir-birini qucaqlayan iki şagirdi bir gördü və təəccübləndi – “bu uşağın sinifdə nə işi var? Hamı tökülüb həyətə...”. Sonra mənzərə Zərifə müəllimənin gözündə qar kimi əriyib suya döndü, açıldı. Heyrətdən üzündəki qırışların sayı iki idisə, üç oldu.

Gördüyü Qəmər və Qasım idi. Bir-birini möhkəm qucaqlayıb öpüşürdülər. Qasım Qəməri divara dirəmişdi, Qəmər də Qasımın təhdidsiz, şipşirin toxunuşlarından ləzzət alır, çənəsini qaldırıb nazik boynunu, açıq çiynini Qasımın dodaqlarına bağışlayırdı. İkisi də qollarını qaldırıb yuxarıda birləşdirmişdilər və hərdən-hərdən sevgililərin birləşən barmaqları divardan asılı Nizami Gəncəvi şəklinə dəyir, çərçivəni yerindən oynadırdı. Zərifə müəllimə mənzərəni aydın görən kimi başa düşdü ki, otaqda üşüyən yeganə adam özüdür.

Şagirdlər səsdən duyuq düşüb çevrildilər, Zərifə müəlliməni gördülər və ilk baxışla hələ təzəcə qurulan kiçik, sevda dolu dünyaları başlarına uçdu. Müəllimənin qələmlə çəkilmiş nazik qaşları qarşı-qarşıya gələn iki qatar kimi toqquşdu, səsini boğazının incə yerinə saldı, musiqi elminin kəşfinə keçməyən tonda ciyyə çəkib sırsıraları oynatdı. Əlini üzünə tutub sallaq yanaqlarını aşağı dartdı, sifətində iynə deşiyi kimi görünən balaca gözlərinin qırmızısı şagirdlərin ürəyindən qara qan kim axıb süzüldü.

- Başıma xeyir. Bunlar qızıxıblar!

- Müəllim – Qasım sinəsini irəli verib Qəməri arxasında gizləmək istədi.

- Hələ müəllim deməyə diliniz də var? Tərbiyəsizlər!

- Müəllim – Qasımın üzündəki ümidsizlik civə kimi yerində durmur, dayanmağa yer axtarırdı, dolaşırdı, gəzirdi, nə özünə yer tapa bilirdi, nə də sakitlik.

- Kəs səsini... Əxlaqsızlar... Hələ bu qəhbəyə bax – barmağını Qəmərə uzatdı. Qəmər sinəsinin açıq düymələrini tapıb bağlaya bilmirdi.

- Müəllim – Qasımın səsi sanki lap uzaqdan gəlirdi. Əgər Zərifə müəllimə onları qarşısında canlı-qanlı görməsəydi, səsin yiyəsini xeyli axtarardı.

- Tərbiyəsizliyin də bir həddi olmalıdır. Siz buranı səhv salmısınız. Düz otuz ildir müəllim işləyirəm, belə şey görməmişəm. Utanın girin yerə. Mənim bilirsiniz, nə qədər şagirdim olub? Haradan biləsiniz. Yəqin, Rüstəmov Rafiqi də tanımırsınız. O indi Ədliyyə Nazirliyində işləyir. Əgər Rafiq vaxtında belə qələt eləməyibsə, onda nə həddinizə?

- Müəllim...

- Bir otağı var, elə bil şadlıq sarayıdır. Kimsə pisləsə, inanmayın. Hamısı paxıllıqdandır.

- Müəllim...

- Tez-tez zəng eləyir, əhvalımı soruşur. Deyib-gülürük, köhnə zamanları xatırlayırıq. İndi keçmiş tamam başqa məna verir. Yaşayarsınız, görərsiniz. Bəxti gətirdi, kənddən xilas olub getdi. Mən də qaldım sizin kimilərlə üz-üzə.

- Müəllim...

- Müəllim zad tanımıram. Bütün məktəb, hətta kənd də sizdən danışmalıdır ki, bir də heç bir şagird belə tərbiyəsizliyə ürək eləməsin.

- Müəllim... – bu söz Qasımın dilindən ixtiyarsız çıxırdı. O danlağa, döyülməyə çox öyrəşmişdi, Akif müəllim onu tez-tez təpiyin altına salırdı, nar çubuğu ilə əllərinin üstünü qızardırdı. Dərdi Qəmər idi. İstəmirdi ki, Qəmərin adı çıxsın.

- Gedirik direktorun otağına.

Zərifə müəllimə asılqandan paltosunu götürüb uşaqları qabağına qatdı. Qasımın dilində yalnız bir söz dolaşırdı, ancaq indi heç kim bu sözü eşitmirdi. Hətta özü də!

- Müəllim...

***

Günün dördüncü akkordu vurdu!

Gənc direktor Allahqulu müəllim pəncərə önündə dayanıb bayırda aram-aram yağan qarı izləyirdi və fikirləşirdi:

- Sanki qar başqaları üçün yağır.

Əyninə boş olan kostyumuna və hər gün qırxılan üzünə görə yaşı çox görünən direktorun qırxıq yerləri göyümsov rəngə çalan sifəti sükunət və itaət ifadə edirdi. Geniş masanın üzəri dərs cədvəlləri və sənədlərlə tayalanmışdı. Bu işlər onun üçün daimi qüssə mənbəyi idi.

- Bunları sinifdə biədəb halda tutmuşam – Zərifə müəllimə qızarmış gözlərini bərəldə-bərəldə Qasım və Qəməri göstərdi. Uşaqlar başlarını aşağı dikib tale ilə çoxdan barışmışdılar.

- Biədəb? –üzünü qardan çəkib otaqdakılara baxdı.

- Bəli, qucaqlaşmışdılar.

- Qucaqlaşmağın harası biədəblikdir?

- Təkcə, qucaqlaşmamışdılar.

- Başqa nə?

- Həm də öpüşürdülər. – pıçıltıyla deyib əlini ağzına tutdu, sanki dediyi sözün qayıdıb yenidən ağzına girəcəyindən qorxdu. Şagirdlər başlarını o qədər aşağı dikilmişdi ki, döşəmədəki ən kiçik tozun da tərpənişini görürdülər.

- Demək, öpüşürdülər. – əlini çənəsinə apardı. Eynəyini çıxarıb qalstukunun ucu ilə sildi.

- Bəli, həm də ehtirasla. Hələ heç kimi belə öpüşən görməmişəm.

- Mən də görməmişəm.

- Doğrudan?

- Uşaq vaxtı televizorda öpüş səhnəsi keçəndə atam kanalı dəyişirdi. Vərdiş eləmişəm, harada öpüşənləri görsəm, istəyirəm kanalı dəyişim.

- Düz edib. Görünür, bunların evində pult yoxdu.

- Varımızdır, müəllim! – Qasım dedi və tezcənə də başını aşağı saldı. Sanki bunu deməklə cəzanın yüngüllüyünə inandı.

- Kəs səsini, küçük! Hələ dili də var danışmağa!

- Uşaqlarla belə danışmaq olmaz. Sakitləşin.

- Bunlara ən sərt cəzanı istəyirəm. Qoy hamıya görk olsun. Bir də heç bir şagird belə işə qol qoymasın. Valideynlər də xəbər tutmalıdır.

- Heç kimə heç nə demirsiniz. Lazım gəlsə, özüm deyəcəm.

- Mənim üçün fərqi yoxdur.

- Cəzaya ehtiyac yoxdur. Uşaqdılar, bir səhvdir ediblər.

- Bu nə deməkdir? Sizinlə razı deyiləm. Hamı bilməlidir bu işi. – Zərifə müəllimə özündən çıxdı.

- Bilsə, nə dəyişəcək? Uşaqları bədbəxt etmək istəyirsiniz?

- Yeri gəlsə, qoy bədbəxt olsunlar, ancaq bu iş cəzasız qalmaz.

- Qurtarın bu söhbəti.

- Qurtarmıram! Sizdən əvvəlki direktor olsaydı, çoxdan bunları ayağından asmışdı.

- Mən qəssab deyiləm, müəllimə.

- Yeri gəlsə, qəssab da olmalısınız.

- Həddinizi aşmayın.

Direktor yumruğunu masaya vurub Zərifə müəlliməni süzdü. Dəhşətli sükutun arasında sözü gur yanan sobanın pıkkıltısı almışdı. Bayırda qartopu oynayan uşaqlar yorulub əldən düşmüşdülər. Səssizlik günahkarları qorxutdu.

- Zərifə müəllimə, siz heç Çexov oxumuşunuz? – Allahqulu müəllim mülayim söylədi.

- Mən dərs proqramında nə yazılıb onları oxuyuram! Dediyimi yadınızdan çıxartmayın. Başınıza oyun açaram. Gəlib qapıma düşərsiniz. Nə deyirəm, onu da eləyin.

- Çıxın bayıra, şagirdlərlə özüm danışacam. – o indi tam ümidsiz idi.

Zərifə müəllimə bir böyük alov topası olub bayıra çıxdı. Şüşələri bulanıq qapının arxasında bir az gözləyib müəllimlər otağına yön aldı. Allahqulu müəllim məsələnin ciddiliyini anlamaq üçün gözlərini ovxaladı. Bu yuxu deyildi. Hər şey gün kimi aydındı.

İlahi, axı bu kəndin sakinləri niyə belədir? Qonşu kənd Kəmərlinin əhalisi çəkməçiliklə çörək pulu qazanır, Səfalı kəndidə isə yaxşı dəmir döyürlər, dəmirdən müxtəlif əşyalar hazırlayırlar, rayon mərkəzində satıb güzəran görürlər, bəs bu kənd nədir? Əhali burada necə dolanır, niyə acından ölmürlər?

İnsanlar nə üçün bu qədər mənasızdır? Həyatım burada, bu mənasız insanların arasında məhv olur. Günlərim dəmbədəm keçib gedir. Həmişə yaxşı həyat arzusunda olmuşam, şagirdlərə, müəllimlərə təsir etmək, fikirlərinə inqilab toxumu əkmək istəmişəm. Alınmayıb. İndi heç şagirdlər də məni saymır. Yanımdan keçəndə əllərini ciblərindən çıxartmırlar, görəndə fıştırıq çalırlar.

Atamın ölümünün mənə əzab verməsinə səbəb, bəlkə, budur? Uğursuzluq insanı qorxaqlaşdırır, əlini-qolunu arzulardan yığır. Nə zamanacan yarımçıq qalan arzularımızı çiynimizdə yük kimi daşıyacağıq? Başqa dünyada, başqa aləmdə yaşaya bilərdim. Önüm açıq olardı, indi qınımda özümə xoşbəxtlik qurmaq istəyirəm. İdealist müəllim məğlub oldu.

İlahi, illərdir mən bu insanların arasında necə yaşayıram, necə dözürəm, bu boyda dərdə necə tablaşıram? İlahi, mən necə güclü insan imişəm”

Direktorun gözləri qıpqırmızı idi. İstidən və qəzəbdən pörtdəmişdi. Az qalırdı ürəyi sinəsini yarıb çıxsın, nəfəsi boğazında qalsın. Əlini yaxasına aparıb yun jiletin altındakı köynəyin düymələrini açdı. Eynəyini çıxarıb qalstukunun ucu ilə sildi.

Bir qədər özünü toxtadıb sakitlik qazandı. Zərifə müəlliməni əsəbiləşib otaqdan qovmağına peşman oldu. Uşaqları üzünə diqqətlə baxdı, onları danlamadan, gözün üstə qaşın var demədən, siniflərinə yolladı. Dəhlizə çıxıb şagirdlərin bayırdakı səs-küyünü aydın eşitməyə başladı. Şagirdlər yorulmur, nəşəylə deyib gülürdülər. Allahqulu müəllim indi soyuğu öz canında duyurdu. Külək boynundan bozağından yol keçib ruhuna axırdı və bədəni ilə bərabər ruhunu da üşüdürdü, sıxırdı, sıxcalayırdı. Yaxındakı evlərin odun sobasından çıxan nazik tüstülər səmaya millənirdi, ancaq indi Allahqulu müəllim akvariumdan baxan balıq kimi o tüstülərə diqqət kəsilmirdi, o tüstülərin əlindən tutub laylı buludların havasına qalxmırdı. Buna taqəti çatmırdı. Atasının maşın eşqi haqqında düşünürdü, həyatdan nakam getməsi ona dərs olmuşdu, ancaq içindəki realist xəttin divarına dirəmişdi, gec idi, heç nəyi dəyişə bilməyəcəkdi. Bədbəxtlik çətiri altında keçən həyatı onu adi vərdişlərin əsirinə çevirmişdi. Bircə addım kənar uçurumdu.

Məktəbin həyətinə çıxanda soyuq yanaqlarına çırpıldı. Hansısa mahnını xatırlamaq istədi, gəncliyindən qalma mahnı, alınmadı. İndi yaddaşı heç nəyə əl vermirdi, elə bil, cavan canla qocalmışdı, əldən düşmüşdü. Əyilib hər iki əlini qar topası ilə dolurdu və qollarını qaldırıb qar topasını qulaqlarına sıxdı. Bu vaxt zəng çalındı, ancaq Allahqulu müəllim zəngi eşitmədi. İndi onun içində öz nəğməsi oxuyurdu və nəğmə durmadan, yorulmadan deyirdi:

- Aman Allah, mən haradayam?! Bayağılıq dörd bir tərəfimi tutub. Bundan daha təhqiramiz, dəhşətli, darıxdırıcı heç bir şey yoxdur. Buradan qaçmaq, elə günü bu gün qaçmaq lazımdır, yoxsa mən dəli olaram!

# 4337 dəfə oxunub

Müəllifin son yazıları

# # #