Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi

Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
27 iyul 2021
# 09:01

Kulis.az “Hekayə günü” yazıçı Həmid Piriyevin “Əllərində göyüzü” hekayəsini təqdim edir.

...çox
ən çox ağlayan gözdən daha çox ağlayan
amma bir damla göz yaşı belə tökməyən gözlərlə...

Nərmin Kamal

Səhər dükana gedəndə Bəxtiyarı gördüm. Tindəki zibillikdə qoca itin qabağında sallağı oturmuşdu. Əlindəki qoğaldan bir tikə kəsib itə uzatdı. İt ağzını açıb qoğalı aldı, yavaş-yavaş çeynəyib uddu. Bəxtiyar ikinci tikəni uzatdı itə. İt qoğalı iyləyib başını döndərdi.

“Ye də, isti qoqal vərirəm sənə.”

İt elə bil başa düşdü onu, tikəni alıb yedi. Sonra üçüncüsünü də.

Yanına çatanda Bəxtiyarnan salamlaşdım.

“Sabahın xeyir,” – dedim - “Bu it kimindi?”

“Bilmirəm. Birinci dəfədi görürəm.”

İtin heyi qalmamışdı canında, gözləri rus əyyaşlarının gözləri kimi qıpqırmızıydı, altı torbalanıb sallanmışdı.

Keçib getdim. Qayıdanda Bəxtiyar yoxdu, getmişdi, itsə bayaqkı yerində uzanmışdı. Qoğalın axırıncı tikəsi qabağında yerdəydi.

İti fitlədim. Vecinə də almadı. Daş götürüb yanına atdım. Başını qaldırıb oyan-buyana baxdı. Beş-on saniyə sonra durub əyri addımlarnan bir-iki metr süründü, sonra bədənini saxlaya bilməyib tappıltıynan yıxıldı.

Səhəri gün də evdən çıxanda gördüm, Bəxtiyar oturub itin qabağında, əlindəki qoğalı tikə-tikə kəsib yedizdirir.

“Qocalıb əldən düşüb yazıq,” - məni görüb dedi - “Özü də deyəsən xəstədi.”

“Ölər bu.” - dedim.

“Həə...” - dedi.

Ondan sonra Bəxtiyar hər səhər dükana gedib iki dənə qoğal alırdı, birini gələ-gələ yolda özü yeyirdi, o birini itə yedizdirirdi.

Bəxtiyarın yaşı əlliyə yaxın olar. Balacaboy, sısqa kişidi. Bir küçə aralıda yaşayır. Evlənməyib. Ata həyətində bir dənə otağı var, orda küllənir. Qardaşıynan bir həyətdədi, amma iki ilə yaxındı danışmırlar.

Əyyaşdı. Malakeş Hacının yanında fəhləlik eləyir, qazandığı da butulkadadı. Hər allahın günü içir.

Əvvəllər belə deyildi Bəxtiyar. Anasından sonra içməyə başladı. Anası yadımda dumanlı qalıb. Adı Tamaraydı. Hər kəsin doğmasıydı kənddə. İstədiyi qapını istədiyi vaxt açıb girirdi, ev adamı kimi. Hər dəfə küçədə görəndə salamlaşırdı məniynən.

“Bu balamı çox istəyirəm” - deyirdi.

Deyəsən heç adımı bilmirdi rəhmətlik. Nə o soruşmuşdu, nə mən demişdim. Bəlkə də bilirdi, amma heç vaxt adımnan çağırmamışdı məni.

Axır-axırda lap düşmüşdü arvad. Gözləri zəifləmişdi, əl-ayağı tutulmuşdu. Tək dərdi Bəxtiyarı evləndirməkdi, o da quyruq ələ vermirdi.

Xətrini hamı istəyirdi Tamara xalanın. Bircə Rüstəmnən yola getmirdi. Rüstəm qonşularıydı, uşaqlarından da balaca olardı. Qəssab dükanı vardı Rüstəmin. Tamara hər gün qırğına çıxırdı onuynan ki, malı kəsirsən, qanı qapımıza axır. İy verir, milçək basır. Rüstəm də əl qatırdı özünə. Deyirdi, ölmürsən canımız qurtarsın səndən.

Axır bir ayı heç evdən çıxmadı Tamara xala. Günlərin bir günü təcili tibbi yardım maşını gəlib xəstəxanaya apardı. Bir həftə yatdı orda. Rüstəm hər gün bir tava qovurma bişirtdirib apardı yanına. Amma qayıtmadı Tamara xala, xəstəxanada keçindi. Sonra anamgil danışanda eşitdim ki, gec aparıbmışlar. Tez aparsaydılar bəlkə də sağalardı.

Bəxtiyarın içməyi o vaxtdan başladı.

Odu-budu içir Bəxtiyar. İçəndə kefi kök olur. Yolda kimi tutdu xeyli danışır. Məni də bir-iki dəfə yoldan saxlayıb. Danışır, danışır, arada meyxana deyir:

Qaqarindən xod gedir sankası Şirməmmədin,
Ursiyetdə süd satır balaları Şirməmmədin...

Gözlərini görməmişəm Bəxtiyarın. Səhər, ayıq olanda heç kimə baxmır, ancaq yerə baxır. Axşamlar içəndən sonrasa oynadır gözlərini, ora-bura qaçırdır. Danışdığı adamdan başqa hər yerə çevirir.

...Mehrini itə saldı Bəxtiyar. Hər səhər tezdən durub dükana gedirdi, qoğal alıb iti yedizdirirdi. Sonra çıxıb gedirdi iş-gücünə. Axşamlar qayıdanda da dayanıb itnən danışırdı. İt altı torbalanmış gözlərini qaldırıb diqqətnən baxırdı ona, elə bil, başa düşürdü.

Bir gün kəndə itvuranlar gəlmişdi. Yiyəsiz itləri tutub “Qazel”ə atırdılar. Bəxtiyarın itini də götürüb atdılar maşına. Getdilər.

Axşam Bəxtiyar yellənə-yellənə gəlib zibilliyə çatdı. Mən işdən qayıdırdım. Gördüm, zibilliyin yanında dayanıb ora-bura boylanır. Məni görüb soruşdu:

“İti görməmisən?”

“Yox” - dedim - “görməmişəm.”

Bəxtiyar birinci dəfə düz gözümün içinə baxdı. Dərindi gözləri, çox dərindi. Deyə bilmədikləri vardı gözlərində. Tanımırdıq o gözlərdəki Bəxtiyarı...

Heç nə demədi. Üzünü çevirib yavaş-yavaş evə getməyə başladı. Gedə-gedə dodaqaltı meyxana dediyini eşitdim:

O ki geymişdi dəri,

Kəndə saldı xəbəri.

O ki geymişdi keçə,

Keçinib yarı gecə...

Bu biri səhər Bəxtiyar gedib qoğal aldı, birini özü yedi, amma it yox idi deyə ikinci qoğalı özüynən işə apardı.

Üç gün sonraydı.

Səhər alaqaranlıqda oyanmışdım. Gördüm, küçədən it səsi gəlir. Çıxıb zibillik tərəfə baxdım. Gördüm, yerdə qaraltı var. O gün kəndə gələn itvuranların əlindən yayına bilən bir-iki yalaq it də qaraltının yanında dayanıb hürüşür. Qaça-qaça gəlib itləri qovladım. Yerdə uzanan Bəxtiyardı. Deyəsən, gecə keçinmişdi. Ağzından axan köpük cəvzəsində qurumuşdu. Gözləri açıqdı. Sellofan torbadakı kiflənmiş qoğal cibindən sürüşmüşdü. Əlləri də yana açıqdı Bəxtiyarın. Göyüzünü qucaqlamışdı elə bil. Geniş açılmış gözlərində əks edən göyüzü əllərindəydi bu saat.

Əllərindəydi...

İyul-avqust 2017

# 3451 dəfə oxunub

Müəllifin son yazıları

# # #