Edam hörüyü – Vaqif Sultanlının yeni hekayəsi

Vaqif Sultanlı

Vaqif Sultanlı

10 dekabr 2022
# 13:00

Kulis.az Vaqif Sultanlının "Edam hörüyü" adlı yeni hekayəsini təqdim edir.

Axşamdan xeyli keçsə də, təkadamlıq kameranın kor qaranlığında daş kürsü üzərində uzanmış qız bunun fərqində deyildi - zaman duyğusunu itirmişdi. Anidən diksinib qalxaraq nəyin gerçək, nəyin yuxu olduğunu bilməyən insan kimi idi; sanki zehni, düşüncəsi vücudundan qoparılmışdı. Hərdən ixtiyarsız olaraq gözləri tavandan bir qədər aşağı, hörümçək toru tutmuş dar nəfəsliyə dikilir, ünvansız nəzərləri dəmir çərçivəyə pərçimlənən boşluğu darayırdı.

Ölüm hökmü kəsilmişdi, sabah edam ediləcəkdi.

Məhbəsə girəndən həyatı bütün rəngini, ruhunu, təravətini itirmişdi, nə qədər fikirləşirdisə, yaşadığı ömürdə fərəhli günlər xatirinə gəlmirdi - zehnində hər şey pırtlaşıq düşmüşdü. Hərdən doğulub boya-başa çatdığı Təbrizin qədim məhəllələri, həyatının sanki yaşanmayıbmış, ya bir başqasına aidmiş kimi görünən əski günləri ilə bağlı uzaq, çox uzaq lövhələr yaddaşının üfüqlərində açılır, ancaq tezcə də hər şey qatı dumana bürünərək yox olurdu.
Tutulandan bəri saxlanıldığı Evin həbsxanasının təkadamlıq kamerası həyatına elə çökmüşdü ki, hərdən özü də duymadan keçmişini xəyalında canlandıranda ömrünün məhbəsdə keçən günləri daha uzun gəlirdi ona. Sanki məhbəsdə dünyaya gəlmiş, qaranlıq, kimsəsiz kameralarda böyüyüb boya-başa çatmış, bircə gün olsun belə azad həyat sürməmişdi.

Bir dəfə istintaq zamanı nə qədər həbsdə yatdığını soruşanda müstəntiq təəccüblə onu süzmüş, başını bulayaraq cavab verməmişdi. Görəsən, müstəntiqin onun sualından yayınmasının səbəbi nəydi? Bəlkə, istintaqın bunca uzanmasına, ya hansısa başqa bir səbəbə görə sualı cavabsız qoyulmuşdı - bunu bilmirdi. Biri-birini yeyib bitirmiş günlər, aylar arzularının boşalımıydı, sanki bütün istəkləri içərisindən mərhəmətsizcəsinə çəkilib çıxarılmış, arxada ucsuz-bucaqsız viranə bir boşluq buraxılmışdı. Bu boşluqda yalnız hər şeyin birrəngli olması, ömrün, həyatın ruhunu çürüdən tənhalıq və yeknəsəqlik içərisində davam etməsi deyil, dünyaya nədən gəldiyi düşüncəsi onu əzirdi.
Uzun, yorucu, bitmək bilməyən məhkəmənin gedişindən azadlığa buraxılmayacağı ilk gündən bəlli olsa da, bunca ağır cəzaya məhkum ediləcəyini xəyalına belə gətirməmişdi. İllər öncə əqidə yoldaşları ilə xalqını İran əsarətindən qurtarmaq üçün gizli siyasi mübarizəyə qoşulanda çox ağır bir yola qədəm qoyduğunun fərqindəydi. İçində yaşadığı, ölümünə quruluş verən rejimin nə qədər qəddar olduğunu da bilməmiş deyildi, ancaq son dərəcə sayıq davranmalarına baxmayaraq sıralarına satqınların yeridilə biləcəyi kimsənin ağlına gəlməmişdi.

Məhkəmədə dəlilsiz, sübutsuz tamam özgə bir ittihamla sorğulananda nə özünün, nə vəkilinin şikayətləri, etirazları nəzərə alınmış, cinayət məcəlləsinin ən ağır maddəsi ilə suçlanaraq edam cəzasına məhkum olunmuşdu.
İndi artıq bu barədə düşünmək mənasızdı - vaxt azlığından onu yorub əldən salan önəmsiz fikirləri beynindən qovub çıxarmaq, son gecəsini yalnız öz xəyallarının ağuşuna sığınmaq, doğma, məhrəm duyğularla başa-başa qalmaq istəyirdi.

Ancaq nə illah eləyirdisə, heç cür ağlına sığışdıra bimirdi ki, başqaları həyatını əvvəlki axarla sürdürəcəyi halda, onun üçün hər şey bitəcək, tanrının bağışladığı ömür payını başa vurmadan dünyaya vida edəcək. Edam tamaşasının necə icra olunduğunu izləmək üçün bütün məhbuslar həbsxananın qapalı meydanına gətiriləcək, o isə gözləri bağlı olduğundan ölüm seyrinə yığışanları görməyəcək... Öz işini qüsursuz icra etməyə çalışan cəllad tələsmədən boynuna ilgəkli kəndir keçirəcək, bir-iki dəqiqə olum-ölüm mücadiləsi... və sonra cansız bədəni dar ağacında yellənə-yellənə eyni taleni gözləyən məhbusların çarəsiz baxışlar selində ölümə yola salınacaq...

Uşaqkən, ağlının təzə-təzə kəsməyə başladığı çağlarda itirdiyi anasının çöhrəsi yaddaşında dumanlar içərisində sayrışırdı. Bütün ömrü boyu onu göynədən bu itki indi təsəlliyə çevrilmişdi. Nə yaxşı ki, anası dünyasını dəyişmişdi, yoxsa qadın bu iztirablara necə dözəcəkdi... Edam öncəsi sadəcə atası ilə görüşmək, övladı olaraq onun həyatını cəhənnəmə çevirdiyi üçün ayaqlarına düşərək üzr diləmək, halallıq almaq istəyirdi. Bununla bağlı vəkilinin yazılı müraciətinə razılıq bildirilsə də, son anda görüşə icazə verilməmişdi. İndi atasının çöhrəsini zehninə qazımağa çalışır, qulaqlarındakı qarışıq səslər içərisində onun alçalmış, əzilmiş, qərib dənizlərin dalğasını xatırladan səsini ayırd etmək, duymaq istəyirdi.

...Birdən kilid səsi eşidildi və qapı şaqqıltı ilə açıldı. Kameranın işığı yandırılanda içəri girənin qara maskalı həbsxana mühafizəçisi geyimində bir şəxs olduğunu sezdi.
Dərhal qalxıb oturdu.
Məhbəsə düşdüyü bu sürə içərisində məhkəmə iclaslarına aparılıb gətirilərkən mühafizəçilər arasında üzü maskalısına rast gəlməmişdi. Qapı içəridən kilidlənincə fəhmlə bunun hər günkü gəlişlərə bənzəmədiyini hiss etdi və vücudu titrədi. Həyəcanla:
- Siz kimsiniz?- deyə sordu.
Maskanı çəkib başından çıxaran adamın çöhrəsindən irişməyə bənzər şit bir ifadə axıb keçdi:
- Tanımadınmı? Bəlkə tanışlıq verim?
- ...

Qəfildən qız onu xatırladı - mühafizəçi paltarındakı bu adam gizli təşkilatın ən fəal üzvlərindən idi, hər kəs ona etibar edir, kimsəyə söyləyə bilmədiyi sirləri bölüşməkdən çəkinmirdi. Təşkilatın yığıncaqlarında dəfələrlə rejim əleyhinə kəskin ittihamlarla dolu, odlu-alovlu çıxışları ilə hamını heyran qoymuşdu. Bəzən görüş bitəndən sonra gecənin qaranlığında onu tək buraxmamaq üçün evlərinə qədər ötürməsi də yadındaydı. Həbs olunandan bəri təşkilat üzvləri arasında kimin satqınlıq edə biləcəyini az qala min yol çək-çevir etsə də, bu adam ağlının ucundan belə keçməmişdi.

- Bu gün həbsxanada mühafizəçi işinə başladım, - dedi və daş kürsünün üstündə qızın yanında oturub ehtiraslı nəzərlərlə onu başdan-ayağa süzərək əlavə etdi: - Burda olduğunu indicə öyrəndim, gecəni birlikdə keçirəcəyik...
Qulaqlarına inana bilməyən qız divara sarı yığıldı:
- Sizi kim göndərib bura?

Mühafizəçi dodaqlarının altında nə isə mızıldadı, ancaq qız onun nə dediyini anlamadı.
- Alçaq, satqın, şərəfsiz... Deməli, hamını qırğına siz verdiniz...
- Əsəbiləşmə, - mühafizəçi qızı sakitləşdirmək üçün qolundan tutmaq istədi.
- Çəkin əlinizi! - Qız ona sarı uzanan ziyilli əlləri nifrətlə itələdi.
- Bilirsən...
- Mən heç bir şeyi bilmək istəmirəm.
- Bakirə qızın edamı şəriətə görə günahdır, - mühafizəçi cod, quru səslə bildirdi.
- Tfu, sizin üzünüzə!

Mühafizəçi heç nə olmayıbmış kimi qolu ilə üzünün tüpürcəyini sildi.
- Narahat olma, siğə oxunub... Dinimizə görə...
- Sizin dindən, şəriətdən danışmağa haqqınız yoxdu, allahın lənətinə gələsiniz.

Mühafizəçinin çopur sifətində heç bir duyğunun yumşalda bilməyəcəyi sərt ifadə gəzirdi. "İndi nə edəcəkdi?" - qız ani olaraq beynindən keçirdi və qarışıq, anlaşılmaz duyğular içərisində bir az da divara sıxıldı.

...Bir anlığa yaddaşının dərinliklərində yuvalanan hansısa bir duyğu onu məhbəs divarlarının arasından qoparıb arzularla havalandığı mədrəsə illərinə apardı və evdə heç kəs olmayanda böyük bacısının paltarlarını geyinərək uzun hörükləri sinəsində aynanın önündə nazlandığı, sonra da üzünü əlləri ilə qapayıb xəyalən gəlinlik gərdəyinə çəkildiyi əski çağlar gözləri önündən axıb keçdi...
Ancaq bu, bircə an çəkdi, yenidən harda olduğunu xatırlayınca bədəni sustalaraq çarəsizliyinə yenildi və çöhrəsində puç olmuş xəyalların xarabalıqlarında itirilmiş səadətin uzaq, tutqun işartıları da öləziyib söndü.

...Qız bunun belə olacağını bilirdi. İllər öncə qadınlar arasında pıçıltı ilə gəzən söhbətlərdən İran həbsxanalarında edam öncəsi bakirə qızların zorakılığa məruz qalması ilə bağlı çox şeylər eşitmişdi. İndi isə taleyin gözlənilməz gərdişi onu bu vəhşi təcavüzlə üz-üzə qoymuşdu. Ancaq eşitdikləri içərisində ən dəhşətlisi, edam gecəsindən öncə məhkumu zorlamış həbsxana məmurunun səhəri gün hədiyyə ilə mərhumun evinə gələrək kürəkən olduğunu bildirməsi, qızın atası, qardaşları və yaxınlarını yanına alaraq dəfni təşkil etməsi idi.

Mühafizəçi cüssəli olduğundan müqavimət göstərməklə özünü müdafiə edə bilməyəcəyini anlayırdı. Kamerada müdafiə olunmaq üçün bıçaq və ya hansısa iti uclu dəmir alət, ya buna bənzər bir silahı olsaydı, uf demədən onun ürəyinə saplayar, özünü bu rəzalətdən xilas edərdi. Bir ara haqsız soruşdurmalardan, ağlasızmaz ittihamlardan cana yığılarkən hörüklərini boğazına dolayaraq intihar etməyi düşündüyü anları xatırladı və indi iradəsizliyi ucundan o zamanlar bu niyyətindən daşındığı üçün acı təəssüf duydu. Nə itirəcəkdi ki... Onsuz da ölüm cəzasına məhkum edilməmişdimi?
Mühafizəçi qızın müqavimətinə baxmayaraq çətinlik çəkmədən onun paltarını sıyırıb əynindən çıxardı və kameranın küncünə tulladı. Sonra özü də soyunaraq daş kürsünün üstündə dizlərini qucaqlayıb divara qısılmış qıza yaxınlaşdı, yumaq kimi büzüşmüş vücudu əzələləri qabarmış qollarının arasına aldı.

Qız, kiminsə harayına yetişməyəcəyini anladığından müdafiə olunmaq üçün ümidsizcəsinə yollar arayır, bir yandan da onun həyəcanınından zövq ala biləcək mühafizəçini sevindirməmək üçün qorxusunu örtməyə, təmkinini yığmağa çalışırdı. Ehtirasla qıza sarılan mühafizəçi isə qucağında çabalayan zərif vücudun müqavimətini qırmaqda çətinlik çəkirdi.
Qız müqavimət göstərdikcə yorulmaq, sustalmaq əvəzinə həyəcanı öləziyən vücudunda sirli bir dalğanın baş qaldırdığını duyur, hafizəsinin yazıları büsbütün silinibmiş kimi hər şey gözlərinə özgə qiyafədə görünürdü.

Qəfildən qızın gözləri mühafizəçinin boğazının gərilmiş damarlarına dikilincə zehni ayazıyan kimi oldu. Nəyi necə edəcəyini düşünməyə macal tapmamış içindəki sirli dalğa qabararaq ona ilahi bir təkan verdi və var gücünü toplayaraq mühafizəçinin şah damarını dişləri arasına aldı.
Bunu gözləməyən mühafizəçi ağrının şiddətindən bağırdı, boğazını qızın iti dişlərindən qurtarmaq üçün dartındı, ancaq bacarmadı. Qız bütün gücünü toplayaraq onun damarını didib parçaladı və ağzında qanın turş dadını duyunca özünə gəldi. Mühafizəçinin damarından fışqıran qan qızın aylardan bəri aclığın, işgəncənin soldurduğu çöhrəsini qırmızı rəngə boyadı.

Qorxudan gözləri bərəlmiş mühafizəçi vəhşi səslə xırıldadı, qalxıb qapıya sarı cumdu, ancaq çılpaq olduğunu anladığındanmı, ya başını itirdiyindənmi geri döndü, dəli kimi əlləri havada fırlanmağa başladı, sonra müvazinətini itirərək döşəməyə yıxıldı.
Qan qoxusu illər uzunu siqaretin, tərin, rütubətin, iylənmiş yeyəcəklərin bir-birinə qarışaraq kameranın divarlarına hopmuş kəsif üfunətini basdırınca qız özünə gəldi və kürəyini divara söykəyərək rahat nəfəs aldı.

Sonra minillik yuxudan oyanıbmış kimi səntirləyə-səntirləyə divardan asılmış kirli dəsmalla üzünün, əllərinin qanını sildi, bir az öncə mühafizəçinin zorla əynindən çıxardığı paltarlarını geyindi və kameranın qalın dəmir qapısını taybatay açaraq yarımqaranlıq dəhlizdə mürgüləyən növbətçini səslədi.
İçəri girən növbətçi əvvəlcə nə baş verdiyini anlamadı, ancaq yaxınlaşınca gördüyü mənzərədən dəhşətə gəldi. Çılpaq, tüklü bədəni qan içərisində olan mühafizəçi arxası üstə beton döşəməyə sərilmiş, qolları yana açılmış, boğazından axan qan divar boyu göllənərək vahiməli mənzərə yaratmışdı.
Növbətçi dərhal geri döndü və çox keçmədən içəri girən həbsxana rəisinin əmri ilə iki cüssəli əsgər qızın qollarını qandallayaraq başqa kameraya apardı.

Qız daha qorxmurdu, qollarına qandal vurulsa da, sanki azadlığını cilovlayan ən böyük maneə aradan götürülübmüş kimi yüngülləşdiyini hiss edirdi.
O, intiqamını almışdı - bundan belə nə olacağının fərqində deyildi.
İçinin kirimişliyində bulanıq yaddaşının durulduğunu, sökülməkdə olan dan yerinin qızılı şəfəqlərində yuyunan ruhunu duyur, heç nəyin əvvəlki kimi olmayacağı özgə bir həyatın başladığını anlayırdı.

İyul-avqust 2022,
Səmərqənd-Daşkənd-Bakı

# 4978 dəfə oxunub

Müəllifin son yazıları

# # #