Dünyanın sonu - Robert Valzer

Dünyanın sonu - Robert Valzer
25 dekabr 2023
# 17:30

Kulis.az Robert Valzerin "Dünyanın sonu" hekayəsini təqdim edir.

Nə ata-anası, nə də bacı-qardaşı olan, heç kimin qohumu və heç bir yerin yerlisi olmayan bir uşağın ağlına gəldi ki, dünyanın sonuna qədər dayanmadan yerisin. Çox şey götürmək lazım deyildi, bağlama düzəltmək də, çünki uşağın heç malı-mülkü yox idi. Olduğu kimi yeriyib getdi; günəş parlayırdı, amma zavallı uşaq parlaq günəşlə maraqlanmadı. Durub-dayanmadan yeridi, sayısız surətlərin yanından keçdi, amma surətlərlə maraqlanmadı. Durub-dayanmadan yeridi, bir xeyli insanın yanından keçdi, heç kimlə maraqlanmadı. Uşaq gecə olanacan dayanmadan yeridi, amma gecəylə maraqlanmadı. Gündüzlə də maraqlanmadı, gecəylə də, nəsnələrlə də maraqlanmadı, insanlarla da, günəş də, ay da, ulduzlar da onun marağını çəkmədi.

Dayanıb istirahət etmədən yeriyirdi uşaq, qorxu da hiss etmirdi, aclıq da, beynində bircə o düşüncə, o fikir vardı; yəni dünyanın sonunu axtarmaq və onu tapana qədər yerimək fikri. Axırda oranı tapacağını düşünürdü uşaq. “Çox arxalarda, ən dibdədir o yer,” deyə düşünürdü. “Ən axırdadır,“ deyə düşünürdü. Uşaq belə düşünməkdə haqlımıydı? Hələ bir az gözləyin. Uşağın ağlı başındamıydı? Aman, bir az gözləyin də, onsuz da bilinəcək. Durub-dayanmadan yeriyirdi uşaq, əvvəlcə hündür bir divar olaraq düşündü dünyanın sonunu, sonra dərin bir uçurum, sonra gözəl, yaşıl bir çəmənlik, sonra bir göl, xırda xallı-xallı naxışları olan bir qumaş, sonra həftə-becər, sonra sadəcə təmiz hava, sonra bəyaz, təmiz bir düzənlik, sonra onu şirin-şirin yelləyən sərhədsiz bir sevinc dənizi, sonra qəhvəyi bir yol, sonra heçlik, ya da nə olduğunu, əfsus ki, özünün də bilmədiyi bir şey olaraq düşündü.

Durub-dayanmadan yeriyirdi uşaq. Dünyanın sonu əlçatmaz görünürdü. On altı il boyunca dənizləri, düzənlikləri və dağları gəzib dolaşdı. Bu ərəfədə artıq böyümüş və güclənmişdi; dünyanın sonuna çatanacan yerimək fikrini hələ də sədaqətlə bağlıydı, amma dünyanın sonuna çata bilməmişdi, dünya sonu hələ də çox uzaqlarda kimiydi. “Nə bitib-tükənməz yol imiş!” deyə düşündü. O sırada yolun kənarında dayanmış bir kəndlidən dünyanın sonunun harada olmasını bilib-bilmədiyini soruşdu. “Dünyanın sonu” yaxınlıqdakı bir fermanın adı idi; ona görə də kəndli, “Yarım saatlıq yolun var,” dedi. Uşaq kəndlinin dediyinə qulaq asdı, ona bu gözəl xəbər üçün sağ ol dedi və yeriməyə davam etdi. Amma bu yarım ona az qala əbədiyyət qədər uzun gəlməyə başlayanda, qarşıdan gəlməkdə olan bir oğlandan soruşdu ki, dünyanın sonuna nə qədər qalıb. “On dəqiqə var,” dedi qarşıdan gələn oğlan. Uşaq oğlana bu gözəl xəbər üçün sağ ol dedi və yeriməyə davam etdi. Qüvvəsi tükənmək üzrəydi və artıq çətinliklə irəliləyirdi.

Nəhayət sakit, məhsuldar bir çəmənliyin düz ortasında, gözəl, böyük bir fermer evi gördü; adına ev deyilən bu yer çox dəbdəbəliydi; elə isti, xəlqi və səmimi, elə qürurlu, sevimli və şərəfli idi ki… Çevrəsini möhtəşəm meyvə ağacları əhatələmişdi, ətrafında toyuqlar gəzişirdi, qarğıdalıların arasından xəfif bir külək əsirdi, bağça tərəvəzlə dolu idi, yamacda bol-bol bal verən bir arı pətəyi vardı, inəklərlə dolu bir tövlə də vardı və bütün ağaclar çiyələklərlə, armudlarla, almalarla yüklüydü və hər şey elə bəhərli, zərif, azad görünürdü ki, uşaq tezcə buranın dünyanın sonu olması gərəkdiyini düşündü. Sevinci böyük oldu. Deyəsən elə həmin vaxt evdə yemək bişməkdəydi, çünki bacadan incə, burum-burum tüstü çıxır, gülümsəyir və dəcək bir uşaq kimi qaçıb yoxa çıxırdı. Uşaq yorğunluqdan halsız və ürkək səslə soruşdu: “Dünyanın sonunamı gəldim?” Fermerin arvadı dedi: “Bəli, yaxşı uşaq, gəldin.”

“Bu zərif xəbər üçün sizə təşəkkür edirəm,” dedi uşaq və yorğunluqdan, yıxılıb yerdə qaldı; aman Allah! Amma uşaq tezcə yerdən qaldırıldı və yaxşı insanların köməyi ilə yatağa uzadıldı. Yenidən özünə gələndə, heyrətlə bütün yataqların ən sevimlisində uzandığını və təmiz ürəkli insanların evində qaldığını gördü. “Burada qala bilərəmmi?” deyə soruşdu uşaq. “Canla-başla işləyərəm” İnsanlar cavab verdilər: “Niyə qalmayasan ki? Səndən xoşumuz gəldi. Qal burada, yanımızda canla-başa işlə. Əlbəttə, evdar bir qıza ehtiyacımız var və əgər sözə qulaq assan, onda sənə öz qızımız kimi baxarıq.” Uşaq bunu iki dəfə söylətmədi. Həvəslə və işgüzarlıqla işləmə başladı, buna görə də qısa zamanda hamıya özünü sevdirdi, uşaq bundan belə heç yerə qaçıb getmədi, çünki evində kimiydi.

Tərcümə: Qismət

# 924 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #