Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edilib.
Kulis.az xəbər verir ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Ümumi dilçilik” kafedrasının müəllimi Qismət Cəfərov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kitabxananın direktoru Aslan Cəfərov çıxışına Prezident İlham Əliyevin “Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır” sözləri ilə başlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyət olduğunu söyləyib. Bütün həyatını xalqının azad, firavan, xoşbəxt rifahına, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsində, dünya miqyasında tanınmasında, demokratik, hüquqi dövlətin qurulmasında, əsrlik tarixə malik olan milli, mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsində, ilk Milli Konstitusiyamızın qəbul edilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında və yeni, uğurlu iqtisadi kursun müəyyənləşdirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin danılmaz əməyinin olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, Heydər Əliyev dühasına nəinki ölkəmizdə, beynəlxalq miqyasda göstərilən diqqətdən danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müstəqil ölkəmizin bugünkü nailiyyətlərinin, Şanlı qələbəsinin Heydər Əliyev strategiyasının təntənəsi olduğunu və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili Heydər Əliyevin vətəni, xalqı üçün doğulduğunu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdığını, müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldığını söyləyib. Bu səbəbdən də, xalqın öz sədaqətli, dahi övladına məhəbbətinin sonsuz və əbədi olduğunu, Ümummilli Liderin əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən biri olduğunu, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaltdığını bildirib. “Ona görə də, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir”, – deyə söyləyib.
Qismət Cəfərov qeyd etdi ki, Heydər Əliyev Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Bildirilib ki, Ulu Öndər ana dilini xalqın milli-mənəvi sərvəti, milli kimliyinin əsas atributu hesab edir və onun saflığının qorunmasını hər bir azərbaycanlının vətəndaşlıq borcu kimi dəyərləndirirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində Azərbaycan dili dövlət dili statusunu daha da möhkəmləndirib, müstəqillik illərində isə ana dilimizin inkişafı istiqamətində mühüm qərarlar qəbul edilib. Nəticədə Ulu Öndərin dil siyasəti Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına, elmi, ədəbi və mədəni mühitdə geniş istifadəsinə böyük töhfə verib.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı təqdimat nümayiş olunub.