"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri

"Darıxmaq insan duyğularının ən alisidir..." - Cakomo Leopardinin aforizmləri
29 iyun 2026
# 16:00

Bu gün italyan şair, mütəfəkkir Cakomo Leopardinin doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

İnsanın öz biliyinin hüdudlarını başqalarından gizlətməsinin ən etibarlı yolu həmin hüdudları aşmamaqdır.

Əsl mizantropları tənhalıqda yox, cəmiyyətin içində taparsınız; çünki bəşəriyyətə qarşı əsl nifrəti yaradan fəlsəfə yox, həyat təcrübəsidir.

Uşaqlar hər şeyi heç nəyin içində tapırlar, böyüklər isə heç nəyi hər şeyin içində.

Ondan insanların hansı məqsədlə doğulduğunu soruşduqda, gülərək belə cavab verdi: "Doğulmamağın nə qədər daha yaxşı olduğunu anlamaq üçün".

Ölüm şər deyil, çünki bizi bütün şərlərdən azad edir; o, yaxşı şeyləri əlimizdən alsa da, eyni zamanda onlara qarşı olan istəyimizi də yox edir. Qocalıq isə ən böyük şərdir, çünki bütün həzzləri əlimizdən alır, bizə isə yalnız o həzlərə qarşı iştah buraxır və özü ilə bütün əzabları gətirir. Buna baxmayaraq, biz ölümdən qorxur, qocalığı isə arzulayırıq.

Hər bir canlının doğulduğu gün, onun üçün yas günüdür.

Burada, xəyallar içində itmiş halda oturarkən, düşüncəm o taydakı daha geniş məkanları, ilahi sükutu və dərkedilməz dincliyi kəşf edir.

Düşüncələrim boğulur və bu dənizdə gəmimin batması mənə şirin gəlir.

Darıxmaq insan duyğularının ən alisidir, çünki o, insan ruhunun müəyyən mənada bütün kainatdan daha böyük olduğunu ifadə edir. Darıxmaq – ruhun sonsuz ehtiyaclarını təmin edə biləcək heç bir şey tapmamasından doğan dərin bir çarəsizliyin təzahürüdür.

Ağıl hər bir böyüklüyün düşmənidir: ağıl təbiətin düşmənidir; təbiət böyükdür, ağıl isə kiçik. Demək istəyirəm ki, insan ağla nə qədər çox tabe olarsa, onun böyük olması bir o qədər çətinləşər; xəyalların və illüziyaların təsiri olmadan çox az adam böyük ola bilər (incəsənətdə və poeziyada isə bəlkə də heç kim).

Homer daxil olmaqla, hər şey inkişaf etdi, poeziyadan başqa.

Bitən hər şey, sonuncu olan hər şey insanda təbii bir kədər və melanxoliya hissi oyadır. Eyni zamanda, bu kədərin özündə xoş bir duyğu da gizlənir və bu, "bitmiş", "son" kimi sözlərin ehtiva etdiyi sonsuzluq ideyasından irəli gəlir.

Çətin anlar göz yaşı yox, ağıllı məsləhət tələb edir.

Maraqlıdır ki, böyük dəyərə malik olan insanların demək olar ki, hamısı sadə rəftara sahibdirlər və demək olar ki, həmişə bu sadə rəftar onların az dəyərə malik olmasının nişanəsi kimi qəbul edilir.

# 126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər