İstanbulda Çingiz Aytmatovun heykəli ucalıb

İstanbulda Çingiz Aytmatovun heykəli ucalıb
13 dekabr 2017
# 13:59

İstanbulun Maltepe rayonunda məşhur qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılış mərasimi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Çingiz Aytmatovun bürünc heykəlinin müəllifi azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevdir. Çingiz Aytmatovun heykəli Maltepe bələdiyyəsinin maddi dəstəyi ilə qoyulub.

Heykəlin açılış mərasimində çıxış edən Çingiz Aytmatovun oğlu, Qırğızıstanın keçmiş xarici işlər naziri Askarbek Aytmatov, atasının xatirəsinə göstərilən sayğıya görə Maltepe bələdiyyə başqanı Ali Kılıça təşəkkür edib. Atasının əsərlərinin Türkiyədə getdikcə daha çox oxunmasından məmnun olduğunu bildirən Askarbek Aytmatov, Türkiyənin digər türk ölkələri ilə münasibətlərinin dərinləşməsində sənətin və ədəbiyyatın da önəmli rolu olduğunu vurğulayıb.

Çingiz Aytmatovun heykəlinin açılış mərasimində çıxış edən Maltepe bələdiyyə başqanı Ali Kılıç, bundan sonra Maltepe rayonunda sənətə daha çox dəyər verəcəklərini vurğulayıb. Türk ölkələri arasındakı münasibətlərin dərinləşməsində sənətin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini qeyd edən başqan Kılıç, bu istiqamətdəki fəaliyyətlərini də gücləndirəcəklərini vəd edib.

Açılış mərasimində çıxış edən İSTEK Vəqfinin qurucu başqanı, Yeditepe universiteti qurucular heyətinin başqanı, İstanbulun keçmiş bələdiyyə başqanı, keçmiş millət vəkili Bedrettin Dalan deyib: “Çingiz Aytmatov Türk millətinin ortaq övladıdır, onu yaxından tanıdığıma görə, özümü xoşbəxt hiss edirəm. Türk milləti yeni Aytmatovlar yetişdirəcək, ancaq Atatürkün bir daha gələcəyinə inanmıram. Ona görə biz öz işıqlı gələcəyimiz naminə Atatürkə daha sıx sarılmalıyıq. Aytmatovun heykəlini ucaldan Sənan Eynullayevi Azərbaycandan mən gətirmişəm, buna görə xüsusi ilə məmnunam”.

Çıxışlardan sonra İSTEK Vəqfinin qurucu başqanı Bedrettin Dalan, Ali Kılıç, Askarbek Aytmatov və heykəltəraş Sənan Eynullayev qırmızı lenti kəsiblər.

Mərasimdən sonra APA-ya açıqlama verən rəssam-heykəltəraş Sənan Eynullayev 2017-ci ildə üzərində işlədiyi 3-cü heykəlin açıldığını xatırladaraq deyib: “Bu il iş adamı Ali Ağaoğlunun sifarşi ilə Fateh Sultan Mehmetin və Atatürkün heykəllərini ucaltmışam. Çingiz Aytmatovu tanımaq xoşbəxtliyi mənə də nəsib olub. Onun İstanbulda rusca dərc edilmiş 8 cildliyinin illüstrasiyalarını mən çəkmişdim. Heykəlin ərsəyə gəlməsində məndən dəstəyini əsirgəməyən hörmətli Bedrettin Dalana, Maltepe bələdiyyə başqanı Ali Kılıça və bələdiyyənin işçilərinə təşəkkür edirəm”.

Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş Sənan Eynullayev, Ə.Əzimzadə adında Rəssamlıq məktəbini və Əlibəy Hüseynzadə adına İncəsənət universitetini bitirib. Sənət fəaliyyətini 1996-cı ildən bəri Türkiyədə davam etdirən Sənan Eynullayevin indiyə qədər Türkiyədə, Hollandiyada, İspaniyada, Yaponiyada, Rusiyada 100-ə yaxın fərdi sərgisi açılıb, əsərləri 200-ə yaxın qrup sərgisində nümayiş etdirilib. Türkiyənin Konya, Çanakkale, Ankara, Samsun, İstanbul şəhərlərində Sənan Eynullayevin monumental əsərləri var. Sənan Eynullayev özünün emalatxanasında daimi müdavimlərinə sənət dərsləri verir.

azerbaycanli senetkar istanbulda cingiz aytmatovun heykelini ucaldib

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

# # #