Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə

Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə
23 oktyabr 2025
# 13:26

Kulis.az Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanından bir hissəni təqdim edir.

Aççı qayıtdı, xoşbəxt günlər bitdi. O, yaxşıca dincəlmişdi. Bu, onun şən əhval-ruhiyyəsindən, təravətlənib işıq saçan üz-gözündən hiss edilirdi. İstirahətdən qayıdanda yolunu Moskvadan salıb həm əmimə baş çəkmiş, həm də alış-veriş etmişdi. O hara getsəydi, özünə yeni geyimlər, ətirlər almadan geri dönməzdi. Evdə böyük bir otaq onun əşyaları üçün ayrılmışdı. Bu yaşda qadının özünə vurğunluğu, geyim-keçimə, makiyaja bir belə alüdəliyi məndə həmişə heyrət doğururdu. Vaxtının çoxunu gözəllik salonlarında keçirən Aççı, evdə də özünə qulluqdan qalmırdı. Əlibəy baba nəinki buna qarşı çıxır, əksinə, onu ruhlandırırmaq üçün əlindən gələni edirdi. Bunu babamın qorxaqlığından, yoxsa həqiqətən, xoşuna gəldiyi üçün etdiyini başa düşə bilmirdim. Arvadını təzə paltarda, makiyajlı görəndə onu kompliment dənizində üzdürürdü.

- Ayım, ulduzum! Gözəlliyin göz qamaşdırır. Pis gözlərə bıçaq batsın.

Aççı gözlərini süzdürüb nazlanırdı:

- Alik, bəxtin gətirib ki, qarşına mənim kimi qadın çıxıb! Bu paltarı Zarinatın əynində təsəvvür edə bilərsən? Ha-ha, çox gülməli görünərdi.

Zarinat onun Mahaçqalada yaşayan, özünə əzəli-əbədi rəqib saydığı eltisiydi. Aççıyla evləndikdən sonra Əlibəy babayla yeganə qardaşının arası xeyli sərinləmiş, illər keçdikcə yad adamlara çevrilmişdilər.
Aççı üzünə yaxdığı maskanı yuyub, kremlənib yenə Əlibəy babanın qarşısında dayanıb nazlananda onların yanında peyda oldum. Üzümə yaxdığım xardalı babama göstərib Aççı kimi əzilib- büzüldüm:

- Baba, mənə bax, gör necə gözələm? Zarinat məni görsəydi, paxıllıqdan partlayardı, - özümü əsdirib gülməyə başladım.

Aççının fısıldamağına əhəmiyyət vermirdim: özümü elə göstərirdim, guya gülməkdən ölürəm.

Qum saatı əhvalatından aylar keçməsinə baxmayaraq, Aççıya hələ də kin saxlayırdım. Hüseynə dəyən şillə qorxu hissimi güclü aqressiya, kin-kidurətlə əvəz etmişdi.

Anam özünü yetirib məni ardınca darta-darta hamam otağına, üzümün xardalını yumağa aparanda arxadan Aççının donqultusu eşidilirdi:

- Evimin içində ana-bala şeytan bəsləyirəm. Bunlardan çəkdiyim nədir, İlahi?

Anam üzümü yuyanda dodaqlarının ucundakı təbəssümü məndən gizlətməyə çalışırdı: onu hər addımda aşağılamağa çalışan qaynanasını pərt etməyim ürəyindən tikan çıxarmışdı. Hələ bu, başlanğıc idi; Aççını irəlidə əcəb sürprizlər gözləyirdi. O, anamla məni öz şanlı nəsil-nəcabətinə yamaq kimi görürdü, bizi heç vaxt öz ailəsi kimi qəbul etməyəcəkdi, bunu anam da, mən də artıq anlamışdıq.

Aççının səfərdən qayıtdıqdan sonra rəfiqələrini, özünə yaxın hesab etdiyi adamları yığıb qonaqlıq vermək kimi xasiyyəti vardı. O, getdiyi şəhərlərdən çağıracağı qonaqların hərəsinə kiçik də olsa, hədiyyə alırdı. İnsafən, anamla məni də indiyə qədər hədiyyəsiz qoymamışdı. Düzdür, hədiyyələr demək olar, simvolik olardı; dəyəri üç-beş manatlıq bir şey. Atamla babama qəşəng, dəbli paltarlar alırdı. Zauru da heç vaxt yadından çıxarmazdı. Məndən fərqli, Zaura nənəsinin səxavətindən bolluca hədiyyələr düşərdi: palto, papaq, cürbəcür şərf və köynəklər, oyuncaqlar. Aldıqlarını saxlayıb ya əmimgil bizə gələndə verərdi, ya da kimsə Moskvaya gedəndə göndərərdi. İndi Moskvadan keçib gəldiyinə görə Zaurun hədiyyəsini yəqin, orada özünə vermişdi.

Mənim budəfəki payım elə də dəyərli deyildi: bir saç sancağıyla sadə uşaq köynəyi. Anamınkı da elə mənim payım kimi sadə idi. Amma hər halda, adımızı anırdı.

Qonaqlıq bazar gününə təyin edilmişdi. Aççı hər şeyə diqqət yetirir, işi başlarından aşan Fatiməylə anamı yerli-yersiz müdaxilələriylə bezdiridi. Anamın başı qarışıq idi deyə, məni unutmuşdu. Birinci mərtəbəylə yuxarı qatın arasında vurnuxur, bekarçılıqdan ürəyim sıxılırdı. Kimin yanına gedirdimsə, məni milçək kimi qovub başından edirdi. Babam səhər tezdən iş otağına çəkilmişdi, yəqin ordan bir də qonaqlar gələndə çıxacaqdı. Bir dəfə ora şığımışdım, amma mənə dərhal qapını göstərib: “Zayka, işim var, fikrimi cəmləyə bilmirəm, qapını arxanca möhkəm ört və get” - demişdi. Yeni yazı hazırlayanda, həmişə mənimlə mehriban davranan Əlibəy babamın üzü dönürdü, belə vaxtlarda hətta, Aççıya də acıqlana bilərdi. Ona görə qapını yavaşca örtüb otaqdan çıxdım.

Atam iki gün əvvəl Mahaçqalaya getmişdi, nə vaxt qayıdacağını isə deməmişdi. Ümumiyyətlə, onu axır vaxtlar evdə çox az görürdük. Əvvəllər də o, tez-tez ezamiyyətə gedirdi, amma son vaxtlar səfərlərin arasındakı intetval lap azalmışdı; evə qayıdandan üç gün keçməmiş yenidən yol çantasını hazırlayırdı.

Bikarçılıqdan birtəhər olmuşdum; özümə heç cür əyləncə tapa bilmirdim. Oyuncaqlarla oynamaq istəmirdim, televizora baxmağa da həvəsim yox idi. Son vaxtlar maraqlı cizgi filmləri vermirdilər. Mətbəxə bitişik otağın yanından keçəndə ayaq saxladım; yarıaçıq qapıdan üst-üstə yığılmış bağlamalar və yuvarlaq bir qutu görünürdü. Bunlar çox güman, Aççının qonaqlara verəcəyi hədiyyələr idi. Yuvarlaq qutu məni maqnit kimi özünə çəkdi. Qutunun içindəkini bilmək marağı Aççının qorxusuna üstün gəldi. Yaxınlıqda heç kim gözə dəymirdi; bir az əvvəl pəncərənin önündən keçəndə Aççının həyətdə Temirxanla danışdığını görmüşdüm. İçəri keçib qutunun yanında dayandım. Bir anlıq tərəddüdən sonra qutunun qapağını ehtiyatla qaldırdım. İçində qəhvəyi rəngli xəz papaq var idi. Aççı bu papağı rəfiqəsinə hədiyyə almışdı; o, iki gün əvvəl Əlibəy babamla bu barədə danışanda eşitmişdim.

Ailəmizdə hamının belə papaqdan varıydı. Aççının müxtəlif rəngdə, stildə xəz papaqlarını saymaqla bitməzdi. O, anamı sadə palto geyinmiş görəndə deyirdi: “Hər bir qadının qarderobunda xəzi olmalıdı; kübar, əsilzadə qadınlar xəzi sevirlər. Sən bundan nə anlayasan, sənlik deyil belə şeylər!”

Papağın yumşaq tüklərini sığallayan barmaqlarım gərildi. Aççının kinayəli səsi qulaqlarımda əks-səda verdi: “Tərbiyəsizin biridi, əsl şeytan balasıdı... uşağına tərbiyə verə bilmirsən... əsilsizlər...”. Papağın tüklərini didib yerə tökdüm, hər dəfə xəz papaqdan bir çəngə tük qopardanda Aççının düzümlü, hər həftə bir rəngə girən saçlarını yolduğumu sanırdım. Ürəyimdə kinli bir nəşə vardı; gülüb hoppanmaq, çığırmaq istəyirdim. Papağı qutudan çıxaranda onun üzünün alacağı ifadəni təsəvvür edib gülməkdən uğunurdum. O qədər qonağın qarşısında Aççını pərt edə bilsəm, qisas alacağıma inanırdım.
Nəhayət “ işi” başa çatdırdım; xəz papaq xora yarasından sonra keçəlləşmiş başa oxşayırdı. Otaqda sanki toyuq yolmuşdular; Bağlamaların ətrafı, döşəməyə səpələnmiş xəzin tükləri, pəncərənin tül pərdəsindən içəri süzülən günəş şüalarının altında işıldayırdı. İndi izi itirmək lazımıydı. Papağı səliqəylə qutuya yerləşdirib qapağını yerinə keçirdim. Üstünün lentlərini bacardığım qədər açılmamışdan əvvəlki kimi bağladım. Döşəmənin üstünə səpələnmiş tükləri əl damından tapdığım süpürgəylə təmizləyib atdım.

Aradan çıxmaq vaxtıydı. İkinci mərtəbəyə qalxıb qonaqlar gələnə kimi gözə görünməməyi düşünürdüm.

Günorta saatlarında qonaqlar ikibir, üçbir gəlməyə başladı. Temirxan onları həyət darvazasında qarşılayıb evə ötürürdü. Kimin harda, kiminlə oturacağına Aççı özü nəzarət edirdi. Otuza yaxın qonaq dəvət edilmişdi. Onlar Aççıyla Əlibəy babamın yaxın çevrəsindəki adamlarıydı. Əlibəy babamın redaksiyadakı bir neçə yaxın dostu da xanımlarıyla təşrif buyurmuşdu.

Mən hələ də ikinci mərtəbədəki otaqlardan birinə çəkilib gələnləri pəncərədən seyr edir, aşağı düşməyə tələsmirdim. Mənə qonaqlarla oturmağa icazə verilib-verilməyəcəyini də hələ bilmirdim. Belə işlərə Aççı qərar verirdi. O, bəzən mənə qonaqların yanında görünməməyi tapşırırdı, bəzənsə etiraz etmirdi. Bu, onun həmin günkü ovqatından asılıydı. Anam heç vaxt qonaqlarla otura bilmirdi, çünki masaya baxmaq, qulluq etmək onun boynuna düşən vəzifələrdən biriydi. Hər şey hazır olanda, masanın aşağı ucunda bir ayağı qaçaraq oturur, nəsə lazım olan kimi cəld ayağa qalxıb mətbəxə tələsirdi.
Aççı heç vaxt anamı qonaqlara “gəlinim” deyib təqdim etməzdi. Heç mənim də təqdimatım anamınkından fərqlənməzdi. Evimizə ilk dəfə gələn qonaqlardan kimsə bizə maraqla baxanda, Əlibəy babamdan əvvəl o dillənirdi: “Hə, bu, Timurçinun arvadıdı, bu balaca qız da onunkudu”. Vəssalam. Sonra söhbəti dəyişməyə çalışırdı.

Temirxanın sonuncu qonağı içəri ötürməyindən iyirmi dəqiqə sonra anam ardımca gəlib Aççının mənə aşağı, qonaqların yanına düşməyimə icazə verdiyini dedi. Əvvəlcədən hazlrladığı paltarı mənə geydirməyi beş dəqiqə çəkdi. Anam da ev paltarını dəyişib, özünə bir az əl gəzdirməyə macal tapmışdı. Saçlarını səliqəylə darayıb boynunun ardında toppuz kimi yığmışdı. Albalı rəngli, bədəninə kip oturan paltarı anamı xeyli hündür göstərirdi. Anamın yaxşı geyinib bəzəndiyini nadir hallarda gördüyümdən, ona heyranlıqla baxırdım. O, bunu hiss edib gülümsədi, əlimi yüngülcə sıxıb qulağıma tərəf əyildi:

“Zayka, özünü yaxşı apar, artıq böyük qızsan, oldumu, ağıllı balam?”. Başımı tərpətməklə ona özümü yaxşı aparacağıma söz verdim.Yazıq anam bir az sonra baş verəcəkləri bilsəydi, məni qonaq otağına aparmaz, yaxşı-yaxşı gizlədərdi.

Qonaq otağına girdik. Üstü yeməklərlə dolu stolların arxasında oturan otuz nəfərə yaxın qonaq yeyir, söhbət edirdi. Hamı dönüb maraqla bizə baxdı. Süfrənin lap yuxarı başında oturan Əlibəy baba məni çağırıb yanındakı boş stulda oturtdu. “Zayka-balalayka, gəl babanın yanına, - sonra üzünü yanında oturan keçisaqqal kişiyə tutub dedi, - bilirsən, nə yaxşı qızdı, Əbdülkərim, böyüyəndə atası kimi həkim olacaq”.

Doğrusu, həkim olmaq istədiyimi babama nə vaxt dediyimi xatırlamırdım. Bu, onun ürəyinin dərin guşələrində mənimçün bəslədiyi arzularından biri ola bilərdi. Mənim özümə qalsa, sehirli pəri, ya da təyyarəsürən qız olmaq istəyərdim.

Əbdülkərim, babamın axırıncı sözlərini eşidəndə tum kimi xırda gözlərini qırpa-qırpa güldü:

- He- he... Əlibəy, atası kimi həkim olmasa yaxşıdı. Timurçin həkimlikdən başqa, nə işlə desən məşğuldu.

- Bu, Timanın seçimidir, həkimliyi isə hər yerdə karına gəlir, yalnız ağ xalat geymir, - Əlibəy baba Əbdülkərimə cavab verdi və əlində içki dolu badə ayağa durub sağlıq demək istəyən başqa bir qonağa tərəf döndü. - Hə, İbrahim, buyur, buyur, - deyə, ona qulaq asdığını bildirdi.

Qonaqlar stolun üstünə düzülmüş yeməklərin dadına baxıb oturduqları kürsüyə yayxananda Aççı qonaqlığın əsas “ritualına” keçdi; hədiyyələri qonaqlara təqdim eləməyə başladı. İlk hədiyyəsi kiçik postamentin üstündən havaya qalxmaq üçün qanadlarını açan qartal heykəlciyi oldu. Əyridimdik qartalın sahibi keçisaqqall Əbdülkərim oldu. O, Aççıya təşəkkür edib heykəlciyi yarışda qalib gəlmiş idmançı kimi başının üstə qaldırdı. Qonaqlar bu hərəkətinə gülüb onu alqışladı. Növbəti hədiyyələr o qədər də maraqlı deyildi: Aççı kimini köynək-qalstukla, kimini bahalı ətirlə mükafatlandırdı. Rəfiqələrindən birinə dəri əlcəklə çətir bağışladı. Üstündə çəhrayı, mavi kəpənəklər olan çətir çox xoşuma gəlmişdi. “Kaş, Aççı o çətirdən mənə də alıb gətirəydi” deyə ürəyimdən həyata keçməyəcəyini bildiyim arzu keçdi. Növbə yuvarlaq qutuya çatanda ürəyim döyünməyə başladı. Aççı qutuya tərəf gedəndə, yerimdə qurcuxub nədənsə, anamın üzünə baxdım. Anam qapıya yaxın bir yerdə, ayaqüstə dayanıb hədiyyə təqdimatına tamaşa edirdi. Hamının diqqəti qutudan indicə çıxacaq hədiyyədəydi. Aççı səliqəylə qutunun lentini açıb, qapağını götürüb kənara qoydu. Papağı hədiyyə edəcəyi rəfiqəsinə müraciətlə:

- Zoya, xəz papaq kolleksiyan olduğunu bilirəm. Bundan, bilirəm, səndə yoxdur. Görək xoşuna gələcəkmi? - deyə özündən razı halda gülümsəyib hədiyyəni qutudan çıxardı.

O, qotur keçiyə dönmüş papağı görəndə diksindi, onu nəlbəki boyda olmuş gözlərinə bir az da yaxınlaşdırdı. Qutudan çıxan papaq, sanki arvadı hipnoz eləmişdi; əlindəki yoluq papağa key-key baxıb qurumuşdu. Ortalığa çökən sükutu qonaqlardan birinin qəhqəhəylə gülməyi pozdu.Yerdə qalanlar sanki bunu gözləyirmiş; hamı Aççının əlindəki papağı bir-birinə göstərib gülməyə başladı. Aççının rəngi əvvəlcə ağardı, sonra çənəsindən başlayan qırmızı zolaq qulaqlarının dibinə kimi yayıldı. Onun kimi “möhtərəm”in bu qədər qonağın qarşısında pərt olması fövqəltəbii hadisə sayılmalıydı. Kübar, özündənrazı, hamıya hökm edən qadın, indi gülüş hədəfinə çevrilmişdi.

Əlibəy baba özünü itirib gah gülən qonaqlara, gah da yoluq papaq dəhşətindən hələ də özünə gələ bilməyən Aççıya baxırdı. Mən özümü hər şeydən bixəbər məsum kimi göstərməyə çalışıb, ətrafımdakılara “heyrətlə” baxırdım. Arada anamla nəzərlərimiz toqquşdu, amma baxışlarımı cəld ondan yayındırdım; o, şübhə qarışmış qorxuyla mənə baxırdı.

Əlibəy babam öz gözəlçəsini düşdüyü axmaq vəziyyətdən çıxarmaq üçün yerindən qalxıb ona yaxınlaşdı, papağı alıb o üz-bu üzə çevirdi:

- Ah, bu yaramaz siçovullar! Qapını kimsə açıq qoyub, həyətdən evə keçə biliblər. Axı gəmiricilər belə şeylərə hərisdir - dedi. Sonra hirsindən fısıldayan Aççının çiynini qucaqlayıb ona təsəlli verdi:

- Ayım-günəşim, heç kefini pozma, Arslana elə bu axşam zəng edib deyəcəm, eynisini alıb göndərsin, - qırğı gözlərini maraqla onun ağzına dikən Zoyaya tərəf çevrildi, - Zoya, bir həftəyə papağın burada olacaq, söz verirəm!

Bununla da xəz papaq söhbəti müvəqqəti bağlandı.

Qonaqlar gedən kimi Aççı məhkəmə qurdu. O, Əlibəy babamın “siçovul” hekayəsinə inanmırdı.

- Alik, mənə yaxşı-yaxşı bax, gör mən axmağa oxşayıram? Sənin dediyinə avam, kor adam da inanmaz! – babamın üstünə hücuma keçən qadının gözlərindən od çıxırdı, - Əgər evə siçovul girib, papağı o kökə salıbsa, onda qutu niyə salamatdı? Siçovulun işi olsaydı, xəzi qutunu kəsdikdən sonra korlamalıydı!

Arvadının söylədiyi təkzibedilməz fakt qarşısında aciz vəziyyətə düşən Əlibəy baba məcrasından çıxmış çayı yatağına qaytarmağa çalışır, bir az da keçsə, daşqına çevriləcək axının qarşısını almaq üçün dəridən-qabıqdan çıxırdı.

- Əzizim, əsəbiləşmə. Sənə söz vermişəm; ondan da yaxşısını gətirdəcəyəm. Siçovulun, yoxsa başqasının işidi, daha bunun nə mənası var?

Onların mübahisəsi qonaq otağında gedirdi. Bu vaxt anam qonaqlıqdan sonra pişiklərin eşələyib dağıtdığı zibil qutularının ətrafını xatırladan stolların üstündəki bulaşıq qab-qacağı mətbəxə daşımaqda Fatiməyə kömək edirdi. Mən xalçanın üstündə oturub atamın son səfərdən qayıdanda aldığı, düyməsinə basanda quruldayıb irəli tullanan qurbağamla oynayırdım.

Aççı “siçovul” sözünü eşidəndə yenidən özündən çıxdı, məni göstərib çığırdı:

- Dediyin siçovul bax, bu yaramaz uşaqdı! Adım kimi əminəm, papağı o kökə salan budur.

Anamın əlindəki qablardan biri döşəməyə düşüb çilikləndi. O, qorxu, çaşqınlıq yağan baxışlarla gah Aççıya, gah da indicə haqqında səslənən ittihamı eşitmirmiş kimi qurbağayla oynamaqda olan qızına - mənə baxırdı.

- Bunu mənim acığıma edib, başa düşürsən, Alik? Bu balaca iblis, mənimlə haqq-hesab çürüdür. Hələ əl boydadı, gör, böyüyəndə nələr edəcək! – anama sarı döndü, - tərbiyə verdiyin uşaq bundan artıq olmaz.

Əlibəy babam anamın Aççıya tərəf bir addım atıb nəsə demək istədiyini görəndə, vəziyyətin qəlizləşəcəyini hiss edərək sülh yaratmaq istədi.

- Leyla, qızım, anan hirslənib, bir azdan keçəcək. Sən işlərinlə məşğul ol. Bilirəm, Zayka belə şey etməz.

- Zayka belə şey etməz, - o, ərini yamsıladı, - elə başının altına yastıq qoyub onu qudurdan sənsən! Qoy Tima qayıtsın, ona qızının əməllərini deyəcəm. Bu, - əlini anama tərəf uzatdı, - onsuz da heç nə edən deyil. Qız özbaşına, avara böyüyür. Mən onun tərbiyəsini baxçaya, ya da təhsilli bir dayəyə həvalə edəcəm.

Anam tərbiyəçiyə, bağçaya veriləcəyimi eşidəndə daha susa bilmədi.

- Aybikə xanım, mən evdə ola-ola uşağa tərbiyəçi tutmaq istəyirsiniz? Uşağımı nə bağçaya, nə də dayəyə verən deyiləm, yaxşı olar ki, bunu unudasınız.

Aççı Əlibəy babamdan sonra indi də anamla deyişməyə başladı.

İndiyə qədər böyüklərin mübahisə etməyinə fikir verməyib qurbağamla oynayırdım. Anam çığıranda qeyri-ixriyari oynamağı unudub onlara qulaq asmalı oldum. Aççı anama sübut etməyə çalışırdı ki, mən islaholunmaz yaramaza çevrilmişəm. Qəlbimi, ruhumu şeytanlar işğal edib. Məni tezliklə uşaq tərbiyəsindən başı çıxan adamlara vermək lazımdı.

Bağçaya getmək ürəyimdən olardı; dörd divar arasında öz-özümlə oynamaqdan qurtulardım. Bağçanın necə bir yer olduğunu bilirdim. Baxdığım hansısa uşaq filmində bağçada çoxlu uşağın bir yerdə oynadığını, yemək yediyini, hətta yanaşı yatdığını görmüşdüm. Amma anam nə bağça, nə də dayə haqda eşitmək istəyirdi. Yazıq anam! O da mənim kimi bu evdə tənhalıqdan əziyyət çəkirdi. Əri ola-ola ərsiz kimiydi. Atam demək olar ki, evdə tapılmırdı. Evdə olanda da həmişə mübahisələri düşürdü. Aççı onları dalaşdırmaq üçün hər vasitəyə əl atırdı. Məni bağçaya versələr, anam lap tək qalardı.

Aççı qonaqların qarşısında gülünc vəziyyətə düşməyini həzm edə bilmirdi. Söhbəti hərləyib yenə qiymətli tüklərindən məhrum olmuş papağa gətirdi.

- Sən mənə “sağ ol” deməlisən; tərbiyəsi korlanmış uşağının qeydinə qalıram, - dedi, - bir ətək pul verib aldığım papağı nə günə qoydu, buna nə deyirsən?

- Mənim uşağım belə şey etməyib, iftira atmayın, - anam boğuq səslə dedi. O, deyəsən, ağlamaq istəyirdi, amma özünü sıxıb saxlayırdı.

- Onda kim eləyib, bəlkə cin-şeytan edib, hə?

- Bəlkə, Fatimənin işidi? Qutunu açıb baxıb görsün nədi, əlində xlor, ya da hansısa kimyəvi maddə olub, xəzi xarab edib, - Əlibəy baba heç gözlənilmədən ortalığa dedi.

Araya qısa sükut çökdü. Bu fikir mübahisə edən tərəfləri ani düşünməyə vadar elədi.

- Bu heç ağlıma gəlməyib! Əgər belədirsə, Fatimə niyə dillənmir? Gözləyir bu evdə hamı bir-birini qırıb-çatsın? Onun işidisə, it kimi qovacam gəldiyi yerə, - qaşları alnının ortasında baş-başa gəlib düyünlənən Aççı qorxunc görkəm aldı.

Mətbəxdə qab-qaşıq yuyan Fatimə əlini önlüyünə silə-silə içəri girdi, bizi ötəri süzüb nəzərlərini sahibəsində saxladı. Onu mətbəxdən anam çağırmışdı. Fatiməyə Əlibəy babamın xlor, ya da başqa yuyucu vasitəylə bağlı ehtimalını deyəndə matı-qutu qurudu. Çox yaşlı olmasa da, üzü bişmiş alma kimi bürüşük, evdə balıq kimi səssiz dolanan Fatimə indiyədək icazəsiz kiminsə əşyasına toxunmamışdı. Onun nə vaxtsa artıq hərəkət etdiyini, yersiz söz danışdığını görməmişdik. Ev işlərində də hədsiz səliqəliydi. Burnunu hər yerə soxmağı sevmirdi. Aççı kimi hökmlü, heç nəyi bəyənməyən adamın evində illərlə yaşaması da buna görəydi.

- Allah haqqı, mən heç o qutuya yaxın da getməmişəm. O bağlamaların hədiyyə ediləcəyini bilirdim, niyə toxunum axı? - burnunu çəkib ağlamsındı, - məni qovmaq istəyirsinizsə, bunu elə birbaşa deyin, şərləmək lazım deyil.

Fatiməyə yazığım gəlirdi, onu qovsalar, Dağıstana, öz auluna qayıtmalı olacaqdı. Orda isə heç kimi qalmamışdı.

- Sən bunun dilinə bax! Günahını boynuna almaqdansa, mənə neyləməli olduğumu başa salır. Yığış, sabahdan səni bu evdə görmək istəmirəm, - Aççı Fatimənin fətvasını verdi.

Uşaq olsam da, mənim də vicdanım vardı və içimdəki vicdan məni narahat etməyə başlamışdı. Mənim etdiyim işə görə Fatiməni evdən qovurdular. Halbuki o, mənə qarşı həmişə xeyirxah olmuşdu. Bəlkə, doğrudan da mən tərbiyəsi korlanmış, ruhu və qəlbi şeytan yuvasına çevrilmiş uşağam? Hiss edirdim ki, indi Aççının dediyi kimiyəm.

- Papağı mən korlamışam, Fatiməni qovmayın, - vicdanım narahat ruhumda gərnəşib oyanmışdı, - belə etdim ki, siz hirslənəsiniz, - məni bax bura yığmısınız, - əlimi boğazıma çəkdim. (Bunu Temirxandan öyrənmişdim; o, kiməsə acığı tutanda belə deyirdi).

Araya çökmüş bir neçə saniyəlik sükutu Aççının bağırtısı pozdu; arvadın gözünə elə bil cin-şeytan görünmüşdü. Əlibəy babamı tərəfimi saxladığına görə lap dara çəkirdi.

- Tərbiyəsizliyə, vəhşiliyə bir bax! Gördün Alik, indi inandın mənə? Deyəndə ki uşaq pozulub, öhdəsindən gələ bilməyəcəyik, mənə inanmırdın; siçovul evə həyətdən girməyib, onu elə evimizin içində, qucağımızda bəsləmişik.

Etirafım onu özündən çıxarsa da, məsələnin Fatimənin xeyrinə dəyişməyi Aççının rəngini durultmuşdu.

- Deyirəm axı, Fatimə belə şey etməz, onu beş barmağım kimi tanıyıram, - tez-tez təkrar edirdi. Bir az əvvəl onu evdən küçəyə atmaq istədiyini deyəsən, unutmuşdu.

Aççının məni necə cəzalandıracağı heç vecimə də deyildi; onsuz da mənə ən pis cəzaları vermişdi. Bircə anama yazığım gəlirdi; yaman pərt, qorxmuş görünürdü. Susub durmuşdu, elə bil, bütün gücünü itirmişdi; heysiz baxışlarını məndən çəkmirdi. Sanki baxışlarıyla məndən: “Zamirə, qızım, axı niyə belə etdin? İndi biz neyləyəcəyik?” soruşurdu.

Fatimə bəraət aldı, indi müttəhim kürsüsündə mən oturmalıydım. Aççı məni baxçaya, ya da tərbiyəçiyə verməkdə israr edirdi: hər iki halda evdən getməliydim. Dayə tutulacaqdısa, Aççı onu evə çağırmaq niyyətində deyildi: ona eləsi lazım idi ki, mənə öz evində baxsın.

Aççı heç vaxt öz evinə yad adam buraxmazdı. Ev, həyət-bağça işlərinə baxan Fatiməylə Temirxan isə öz qohumularından idi.

Atam iki gündən sonra ezamiyyətdən qayıtdı. O, çox şən, kefikök qayıtmışdı. Gözlərində heç vaxt görmədiyim işıltı vardı. Həmişə kədər yağan gözləri sevinclə parıldayırdı. Qarayanız dərisi günəşdən yanıb bir az da qaralmışdı. Az sonra Əlibəy babamla söhbətlərindən belə başa düşdüm ki, o, Dubaydaymış, bir yoldaşıyla ora film çəkilişləri üçün gedibmiş. Atam bir neçə sənədli filmin həm rejissoru, həm də operatoruydu. Hətta, filmlərindən biri mükafat da almışdı. O, həm film üçün materiallar çəkmiş, həm də yaxşıca dincəlmişdi. Aççı mənim “papaqyolma” əhvalatımı atama danışanda, o, əlini yellədi:

- Ay ana, uşaqdı da, dəcəllik edir.

Aççını od götürdü:

- Bu da mənim ağılı oğlum! Atan kimisən, hər şeyi malalamağı sevirsən, - səsini yüksəltdi,- deyirəm uşaq korlanıb, vəhşi kimi böyüyür, sənin vecinə deyil! Onu baxçaya...

Atam onun sözünü kəsdi:

- Ay ana, elə buna görə narahatsan? Leylaya deyərəm,bundan sonra uşağa daha çox vaxt ayırsın.

- Leylaya qalsa, özü kimi cahil qalar. Hələ avamlığı bir yana, bu qız belə böyüsə, başımıza kim bilir, nə bəlalar gətirəcək . Onu bağçaya, ya da dayəyə vermək lazımdı, yoxsa, sonra gec olar.

- Yaxşı da, ana, necə istəyirsən elə et, - atamın anasıyla mübahisə etməyə hövsələsi çatmırdı.

# 420 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər