Cəhənnəmdən gələn –Babək Ağayev

Babək Ağayev

Babək Ağayev

17 dekabr 2021
# 12:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Babək Ağayevin “Cəhənnəmdən gələn” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Türkay üçün

Telman yenə yerdə üzüqoylu uzanmışdı, yenə böyürürdü, titrəyirdi. Ağzının köpüyünü blokun qarşısındakı cavan qovağın dibinə axıtmışdı. Dörd-beş nəfər vardı başının üstündə, hamısı da soyuqqanlı siqaret çəkir, söhbət edirdilər. Qınamalı da deyil, nə qədər olar axı eyni şey. Yaxınlaşıb nə baş verdiyin soruşanda gözlərinin ucuyla yerdəkini göstərib, dillərinin ucuyla “görmürsəəən?!” deyib məni – xeyirə-şərə yaramayan məhəllə adamını – yola verdilər. Mən isə gecəboyu təmizləmədən xırçhaxırçla yediyim bir kiloya yaxın çay krevetinin fosforu, yodumu bədənimə bu tezlikdə nüfuz eləmişdi, noxudun içimdə yaratdığı qazın verdiyi rahatsızlıqdandımı, ya pivəmi çox yaxşıydı, hər nəydisə yeddi bokaldan sonra özümü həmişəkinin əksinə diri hiss edirdim, yuxu-muxu qalmamışdı. Onsuz da bir məşğuliyyət axtarırdım deyə baş verənə sevinməyimdən kövrək utanc hissi duyub xeyirəmi, şərəmi olacağını kəsdirə bilməsəm də, axırı bu dəfə nəyəsə yaramağa qərar verdim. Nəhayət, mən də Telmanın qəsəbəcə məşhur “realiti şou”larından birinin iştirakçısı olacaqdım.

İşaran siqaret kötükləri ilıq sentyabr asfaltına düşən kimi öləziməyə başladılar, bizsə onu yuxarı, “leninqradski” daş binanın ikinci mərtəbəsinə qaldırdıq. Telman çırpınırdı. Gözlərimi dombaldıb üzünə zillədiyim köməkdarlardan biri astaca “qorxma” dedi, mən də bu təcrübə dağarcığına güvəndim – qorxmadım. Qapını açan Cəmilin təmrin edirmişcəsinə vəziyyətə bələd yardım əllərini uzadıb qollarımızda döyükən balaca qardaşının topuqlarından yapışarkən üzündə zərrə emosiya olmaması canıma təzədən üşütmə saldı. Telmanın vəziyyəti kefinə kefmi qatmışdı, soğanmı doğramışdı, anlamaq olmurdu simasındakı ifadəsizlikdən. Tək təvəqqesi “yavaş olub mamagili oyatmamağımız” idisə də, buna daha ehtiyac qalmamışdı, çünki axırıncı dəfə nə vaxt rahat yatdıqlarını çoxdan unutmuş Aliyə xalayla Xalid əmi artıq isti yerlərindən sıçrayıb qar bəyazı gecə köynəkləriylə dəhlizin ayaq tərəfində iki ruh kimi dayanmışdılar. Şəhla da sərsəm halda o biri otaqdan boylandı, böyründən sivrilib ley kimi bizə tərəf şığımaq istəyən qızını cəld ənsəsindən qamarlayıb özünə tərəf çəkdi, əliylə gözlərini tutub təzədən içəri saldı ki, dayısı bu uzunsaç, qaragöz kuklasının yaddaşına belə rəzil formada həkk olmasın. Hamımız qurumuşduq, təkcə Telmanın əsən bədəninin pozduğu bir hərəkətsizlik anı başlamışdı ki, arxadan gələn “di davay da, ala, aparun otağına da, nə durmusuz” əmri bizi yenidən canlandırdı – qapıqonşuları Mədət idi, qarnını da götürüb yetirmişdi özünü.

“Təcili” yardım ardıcıl zənglərin, hədələrin, Aliyə xalanın usanmadan təkrarladığı, həm alqış, həm də qarğış kimi səslənən “allah kafar bəndəni sizə möhtac qoymasın” mantrasının da təhrikiylə düz bir saat qırx dəqiqəyə gəlib çıxa bildi. İki tibb bacısının nəfəsiyanıq içəri girməsiylə mənim (olsun ki, digərlərinin də) onlar haqqında “yüz faiz lezdilər” fikirləşməyim bir oldu. Şüuraltım erotik-pornoqrafik zibillik olsa da bu siqnal ordan gəlmirdi yox, tövşüməkləri, qalxıb-enən döşləri, geyimlərinin, saç-başlarının dağınıqlığı xəbərləyirdi az əvvəl ehtizaza gəlmiş olduqlarını. Həm ayrı nolasıydı ki? Çağırış desən piyada gəlməyiblər, mərtəbə desən vur-tut ikinci. Dəqiq sürücünün başın əkib arxada hoqqalardan hoqqa bəyəniblər. “Kaş mən də orda olardım” – pivənin xumarı xülyanın şirinliyinə qarışıb qasıq bölgəm təzəcə qıdıqlanmağa başlamışdı ki, kimsə qoluma toxundu.

Özümə gələndə libidomun şkalasıyla oynayan bacılar artıq birinci iynəni vurmuşdular. Rəngi rufu yavaş-yavaş üzünə qayıdan Telman gözləriylə axtardığı adamı tapıb zarıdı:

- Cemooo, Seva...Seva hanı?

- Nə Seva? Cəhənnəmin isti qucağında. Allah bilir hansı dərədədi. Yoxdu burda Seva zad.

Cəmilin bu cavabı toxtatdı onu, çöhrəsindəki barışmışlıq ifadəsi bir az da qabardı. Artıq ölməyə tam hazır idi elə bil, hətta ürəyi döyünməyi, qanı dövr eləməyi nə qədər tez dayandırsa o qədər yaxşı olardı sanki. Sozalmış gözlərini tavana dikdi. Lampanın ətrafında uçuşan iki ditdilini baxışlarıyla güc-bəla qova-qova üzündəki ölüm arzusunu sözlərə çevirib ağzından tökdü. Ağlamsınaraq yaşamaq istəmədiyini dedi, ancaq heç bir dəqiqə keçməmiş fikrini dəyişdi dəmdəməki. Tibb bacısının ağ biləyinə yapışıb son qərar onun mərhəmətindən asılı imiş kimi “qoymayın ölüm! bir şans da verin, nooolar, bir şans da!” deyib yaxarmağa başladı. On beş-iyirmi dəqiqə sonra ikinci iynəni venadan vurmaq istəyən bacılar Telmanın şadaraya dönmüş damarların görəndə eymənən təhər oldular, ürpərtiylə bir-iki cəhd elədilərsə də düşə bilmədilər. Özü isə adətkərdə idi, barmaqlarını tez-tez yumub açandan sonra iynəni alıb bərələ qalmış gözlərimizin önündə ustalıqla damarına itələdi. Az keçmiş keyləşirdi artıq. Qardaşına qayıtdı ki, “Cemo, ağzıvın danı-şı-ğı-na fi...” ancaq tamamlaya bilmədi, söndü.

Seva Telmanın öz “kruqundan” idi, günlərin birində qızın iynələnməkdən cadar-cadar olmuş çəlimsiz qolundan tutub hərisiz-nişansız, kəbinsiz-büsatsız guya anasına gəlin gətirmişdi, ancaq məqsəd evdəki bitmək-tükənmək bilməyən, çığırtının ərşə qalxdığı davaları az da olsa səngitmək idi. Fəqət arada pərdə, hörmət, ortada həya, ismət adına nəsə qalmadığından yad birinin mövculuğu ilə evdəkilərin özlərini yığışdıracağı kimi səfeh qənaət, sadəlöhv fikir əlbəttə bir işə yaramazdı, yaramadı da. Əksinə “gəlinini” gördüyü andan Aliyə xalanın qan təzyiqi kəlləçarxdan düşmədi, dava-şavalar da deməyə lüzum yox, daha da alovlandı. Bununla qalsaydı dərd yarı, di gəl bu məşum “qızqaçırtma”, “gəlin gətirmə” ən həyati problemi elə Telman bədbəxtinin özünə yaratdı. Sən demə Seva ona qədər yenə həmin “kruqdan”, amma hazırda içəridə olan Qaranın sevgilisi imiş, söhbət gedib onun qulağına çatıbmış, o da çıxan kimi qızını oğurlamağın nə demək olduğun Telmana ətraflı izah edib özünü də yortacaqmış. Yaradan keçsin günahımızdan, bu əyri-üyrü, göz almaları hədəqəsinə sığmayan qızın niyə belə mataha mindiyini bircəciyimiz də başa düşməmişdi. Bu başıbəlalı ailədə çox barınmayacağı, bir yerdə tikiş tutdurmayacağı onsuz da məlum idi. Tezliklə axşam “konsertlərinin” birində Telmanla evdəkilərin ənənəvi ağız dalaşında “adaxlısına” qoşulub şəkər xəstəsi Xalid kişinin üstünə çəmkirəndə xirtdəyə yığılmış ev əhli bu hardan peyda olduğu naməlum bic qancığa da, öz “itlərinə” də ləyaqları olan abrı verib hər ikisini qovdular. Telman da iki-üç gün orda-burda sümsünəndən sonra kirimişcə, təkcənə, Sevasız zadsız “xarabalarına” qayıtdı. Qayıtmaz olaydı, axır qayıdışını allah eləyəydi. Anlaşılan bu gədə hamının axırına çıxmamış əl çəkən deyildi. Çıxacaqdı da. Kim, harda, nə vaxt, kimə neyləmişdi görən ki, Salmanovlar ailəsinə belə bir bəla nazil olmuşdu? Necə bir günah yiyəsi idilər ki, kəffarəsi bunca ağırdı?

Hələ şeyinin quluncu qırılmamış siqaretə başlayanda məhəllədəki böyüklər (böyüklükdən geri qalsınlar onları), bu “fövqəladə keyfiyyətinə” görə Telmanı yanlarına çəkdilər, onu əlaltıları elədilər, başqa heç birimizə nəsib olmayan özlərilə oturub-durmaq imtiyazı tanıdılar. Kimdənsə nəyisə götürmək, kiməsə nəyisə çatdırmaq, sapandla sərçə, göyərçin vurub təmizləmək, samovar qalamaq, məhəllədən musiqiyə xod verib keçən maşınları, qız ötürən oğlanları, gec gələn qızları, söyüş söyənləri, digər bütün “şübhəliləri” saxlayıb onlardan “izahat almaq” və daha neçə bu qəbildən işi “hörmətli oğlan” adıyla ona tapşırdılar. Telmanın da ayağı yer aldı, bundan geninə-boluna istifadə elədi, hərəmizi bir küncdə sıxışdırıb incitdi, “nizamilərimizi”, “məmmədlərimizi” qopardı, velosipedi olan tək tük uşağı döydü, velosipedlərin oğurladı, maşın, futbolçu, “lüt” qız şəkillərindən ibarət kolleksiyalarımızı yağmaladı. Bir vaxtlar bütün cərimə zərbələrini, penaltiləri özü yerinə yetirən, komandamızın düşünən beyni, oyun qurucumuz, “Del Piero”muz olan bu adam indi daha qaynayıb-qarışmır, bizimlə futbol oynamır, kənarda sosur-sosur dayanır, yaşıd olsaq da bizə uşaq-muşaq deyib tənə edir, ürəyi istəyən vaxt da oyunumuzu qatıb topumuzu əlimizdən alır, hamımızı pərən-pərən salır, gərgin matçlardan sonra qan-tər içində ağzımızı dirəyib hortultuyla, acgözlüklə su içdiyimiz kranı açmağa qoymur, bir sözlə yaşamağa imkan vermirdi. Xalid əmi də əzrailimizə çevrilmiş yetimçəsinin “igidliklərindən” qürrələnirdi. Belə başlamışdı hər şey.

O başlayan, bu başlayan, nəşə, ardınca “dadmaq” adıyla çeşidli vasitələrə, dürlü dürlü şey-şüyə dadanmalar, yaranan cürbəcür aludəçiliklər, növbənöv dərmanlar, dilaltılar, damcılar, tozlar, dozalar, nəsə eləməyəndə artan şiddətlə hiss olunmağa başlayan ağrılar, sızıldayan, gizildəyən sümüklər deyərkən Telman qollarını iynə üçün çırmalamış, özünü yeyin-yeyin sürükləndiyi uçurumun kənarından təpəsiüstə onun görünməyən dibinə yuvarlamışdı. İndi daha heç nə köməyə gəlmirdi, fəlakətdən duyuq düşməkdə çox gecikən Xalid əminin, Cəmilin zorla basmarlayıb apardıqları reabilitasiya mərkəzlərindən, xəstəxanalardan yazıqların özlərindən əvvəl çıxıb qaçırdı. Otağına qapayırdılar, pəncərədən düşürdü, pəncərələri bağlayırdılar özünü doğrayacağını, canına qəsd edəcəyini deyib çığırırdı. Hər düşdüyü bərbad vəziyyətdən sonra içdiyi andların, vurduğu “sənöllərin”, əl basdığı kitabların, etdiyi tövbələrin hamısı aciz, çarələr çarəsiz, doğmalar naçar idi. Zülm zillətlə, yalvar-yaxarla zavodların birində başı qarışar eləyər deyə hansısa qara işə soxdular, çifayda, Telman da, özləri də hər gün qırğındaydılar, bütün xırda-para qazancı zirə-zibilə gedirdi. Fəhlə maaşı təbii olaraq bəs eləmirdi, evdə də qara qəpik üzünə həsrət qoymuşdular deyə özünü saatbasaat öldürmək üçün pul tapmaq müşkülə çevriləndə məhəllədə, ətrafda oğurluqlar vüsət aldı. Dəmir-dümür, maşın təkəri, motoru, maqnitofonu, antenna oğurluqlarının, məktəb, bağça, market, internet klub, həyətdəki biri də özlərinin olan qarajlardan edilən soyğunların biri o birini əvəzlədi. Onda gördün belədən-beləyə təngnəfəs qaçdı Telman. Dəqiq bilirdin ki, ya mal alıb pulun verməyib kimdənsə qaçır, ya da pul verib malın almayıb kimisə qovur. Yaxud görürdün lehmənin içində ağnayıblarmış kimi əyinləri yaman gündə, zığın-zımırığın içində hansısa curuyla maşın bəzəyi balaca küçüklər kimi başların əsdirə-əsdirə, qolların qaşıya-qaşıya, dilxor-dilxor gəzişirlər, tində-bucaqda özlərini hərdaim pusquda sanan hürkək cüyürlər kimi yan-yörələrinə baxa-baxa xısın-xısın pıçıldaşırlar.

Bəndənizin də birbaşa şahidlik elədiyi, iştirakçısı olduğu sonuncu bayılıb-ayılma vaqiəsindən iyirmi gün sonra tutdular Telmanı. Polis onu dörd avaragor “dostuyla” birlikdə yay-qış yığışdıqları söhbətgahdanca aparmışdı. Buna qədər də bölmələrdə gecələdiyi, saatlar keçirdiyi olmuşdu, ancaq hər dəfəsində oğluna, bəxtinə lənətlər yağdıra-yağdıra rəisin cibinə beşdən-üçdən basan Xalid əmi, həbsxanada gözətçi işləyən Cəmilin utancından yerin dibinə girə-girə ona-buna açdığı ağızlar sayəsində içəri getməmişdi getməyinə, lakin qaralanmış, ləkəli adın üzərinə istənilən an istənilən qədər çamır atmaq iki vur ikiydi. Hərçənd burda heç bir çamır atmaqdan, şərləməkdən söhbət getmirdi, Telman bildiyiniz Əhrimənin əsgəriydi, onunla yarımca saat bir yerdə oturanı dindən-dondan çıxarırdı, hər növbəti hərəkəti özünə, ətrafına olmazın zərərlər verir, yaralar açırdı. Bu dəfə rəis Xalidə bir sicilləmə söz deyib – “vəziyyət indi tamam alayı cürüymüş, zəhrimarla mübarizə güclənibmiş, beşini buraxanda, bir-ikisini də tutmalıymışlar, vallah alınmırmış, yoxsa ayıb olarmış, kəsdikləri çörək qəniminə çevrilər, burnundan gələrmiş” – axırda da qabağında yumağa dönmüş biçarə atanın qulağına əyildi ki, “Allahdan gizlin deyil, bəndədən nə gizlədim, özümə də yuxarıdan tas qoyublar – on min! On min gətir buraxım!” Kişinin gözləri yuvalarından çıxmışdı. Nə on min? Hardaydı, nə gəzirdi on min? Cəmilin də heç bir əlaqəsi bu dəfə kara gəlmədi, əksinə bu “ləkə” dərhal Ədliyyə Nazirliyində şəxsi işinə tikilib sənədləri qoltuğuna verildi, karyerası məhv oldu. Telmana və daha iki nəfərin hərəsinə iki il iş kəsildi. Digər iki vələdüznadan “sözlərinin üstündə duraraq” adambaşı on min alıb buraxdılar.

Xalid əmi tamam qaramat olmuşdu balası tutulunca. Pis, yaxşı, övladıydı. Nə təhər dərd üyüdüb ələm yoğurdusa şəkəri beyninə, daha doğrusu ayağına vurdu. Doktor “o ayaqda ayaqlıq qalmayıb daha” dedi, başqa yolu yox idi – ya kəsilməli, ya da kəsilməliydi. Kəsildi də. Məhəllədə kişili-arvadlı, böyüklü-kiçikli ucdantutma hamının haqqında üyüdüb tökməsini – “Allaha, peyğəmbərə şəkk eləyəndə, dinə zada inanmayanda, vaxtında normal atalıq eləməyəndə bilmirdi bəs bu kökə düşəcəyini” qulaqları çalırdısa da bunlar qəti eyninə deyildi. Çəlikləriylə təkayaqlı canını o baş-bu başa sürüyür, bütün gün məhəllədə oturur, fikrə gedir, hərdən yuxulayıb aşır, təzədən doğrulub yenə dalırdı. Oğluna bir dəfə də baş çəkmədi. Birdibli tüpürdüyünü, onun ucbatından adam içinə çıxa bilmədiyini desə də, üzdəniraq elan eləsə də, sonbeşiyindən yana necə əzab çəkdiyi halından-halətindən bəlliydi. O halı ki, çox keçməmiş yenidən xarablaşdı. İndi də o biri ayağının amputasiyası vacib olmuşdu. Kim bilir birinci ayaq yanlışlıqla, xəstə ayaqla səhv salınaraq kəsilmişdisə də (zira məmləkətdə olmamış şey deyil) indi həkimlərimizi çətinə, çıxılmaz vəziyyətə, əlahiddə müşkülə salacaq nəsə yox idi. Kəsiləcəkdisə kəsiləcək bir ayaq vardı. Cərrah evdəkilərlə danışıb pasiyentin stolda qala biləcəyi xəbərdarlığını edəndə Aliyə, Cəmil və Şəhla arasında bir az qeylü-qal yaşandısa da sonda razılıq verildi, fəqət loğmanın xəbərdarlığı boşuna deyilmiş və zatən əməliyyat uğurlu keçsəydi də bir daha ayaq üstə dura bilməyəcək Xalid əmi heç gözlərini də aça bilmədi. Allahdan əbədi yumdu onları, çünki haramzadə küçüyü dayanmaq bilmir, dörd divar filan ona kar eləmir, əl-ayağını içəridə də dinc qoymurdu.

Həyətdəki içində nə vaxtsa bir xeyir iş tutulduğunu görmədiyimiz xeyir-şər evində yenə bir şər mərasiminə yığışmışdıq – rəhmətlik Xalid əminin qırxıydı. Məclisin sakit yerində Cəmil qəfil qayıtdı ki, on gün olar Qaranı Telman yatan türməyə köçürüblər, bu da yalan gerçək deyir Qara onu girləyir, öldürməyə girəvə axtarır, tapan kimi də axırına çıxacaq. Gözümüzü döyüb Qaranın kim olduğun sual edəndə Cəmil “bu başı batmış hardansa bir şortunu tutub gətirməmişdi bir ara? Sevaydı, nə zibiliydi, bax onun əvvəlki aşnası” deyib unudanların yaddaşın təzələdi, bilməyənlərimizi aydınlatdı. Telman o gələn gündən vay nöysə edirmiş ki, məni başqa yerə köçürtdürün, yoxsa ya onu öldürməliyəm, ya da məni burda it kimi gəbərdəcəklər. Üç gün keçdi-keçmədi, Cəmil nəsə eləməyə macal tapmamış məhəllə gurladı ki, bəs Telman içəridə Qaranın boğazın kəsib. Lənət sənə, kor şeytan. Qısa müddətdə qalan vaxtının üzərinə on beş il də əlavə edib ciddi rejimliyə göndərdilər tülüngünü.

Onsuz da dəli kimi olmuş, çarxı çönmüş, çərləyib tükənmiş Aliyə xala üstünə bu sarsıntı da gəlincə bir gecə yatıb səhəri oyanmadı. Vurğunu iti gəlmiş içəridəkilər azmış kimi çöldəkiləri də öldürməyə davam edirdi. Anasının ili çıxmamış Cəmil evi də, qarajı da satıb getdi. Əri və qızıyla Skandinaviya ölkələrindən birinə köçməyə hazırlaşan Şəhla isə evdən payına düşənin quruşuna da toxunmadı, Cəmilə bağışladı ki, özünə bir gün ağlasın. Deyəsən bütün bu yaşananlardan tək istifini pozmayan da elə Şəhlaydı.

Yaxınlarda şəhərin mərkəzindən evə taksi sifariş eləmişdim. Yanaşan ölüvay Renault un arxa qapısını açıb oturdum. Salon güzgüsündən mənə baxıb gülümsəyən sürücünü görən kimi dərhal düşüb qabağa mindim. Cəmillə görüşdük, öpüşdük, yola qoyulduq. Hal-əhval tutduq, bir az da ordan-burdan çənə döyəndən sonra sakitlik çökdü. Soruşum, soruşmayım deyə götür-qoy edirdim, axırı özümü cəmləyib “Telmandan nə xəbər?” dedim. Cəmilin qeyri iradi dodağı qaçdı, diqqətini xaotik Bakı sürücülərindən yayındırmadan sözə başladı. Namaz qılırmış Telman. Çirkabdan arınmağa çalışır, bağışlanması üçün bütün gün yeyib-içmədən dua edib Allaha yalvarırmış. Deyirmiş bu dünyanın imtahanından kəsilib, rüsvayçı, biabırçı bir ömür sürüb, doğmalarına, əzizlərinə cəhənnəm yaşadıb. Kimə nə çəkdiribsə hamısına görə it kimi peşmandı. O dünyada özünü gözləyən cəhənnəmin odlu-alovlu əzablarına, iztirablarına dözüb Yaradanın izni olarsa vaxtı gələndə cənnətinə qovuşmaq arzusundadır, tək buna çalışır. Çıxan gündən də bacardığı qədər hamıya, çoxlu yaxşılıqlar edəcək, ancaq savab işlər görəcəkmiş. Cəmil danışdıqca küləklər şəhərimiz uğuldayır, mən isə kökündən qopmaq istəyirmişcəsinə dartınıb gərilən ağaclara baxa-baxa düşünürdüm ki, bunca adamın həyatının altını üstünə çevirən, ən yaxınlarının ömrün-günün göy əskiyə büküb urvatsız eləyən biri – Telman görəsən cəhənnəmi necə təsəvvür edir?

Məhəlləyə çathaçatda maşını yolun qırağına çəkib saxlayan Cəmil “quzu kəsərəm, incimə, düş burdan özün get, beş-on addım yol qalıb. O vaxt çıxanda özümə söz vermişəm ki, nolur olsun bir də bu məhləyə gəlməyəcəm” dedi. “Heç bir problem yoxdu, Cəmil, o nə sözdü, yaxşı yol sənə” deyə sağollaşıb maşından enməyimlə verdiyim onluğu şüşədən çölə atıb götürülməyi bir oldu.

# 1743 dəfə oxunub

Müəllifin son yazıları

# # #