Bu gün amerikalı feminist yazıçı, sosioloq və islahatçı Şarlotta Perkins Gilmanın doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Biz nə olduğumuzu görməyincə, nə olmalı olduğumuza doğru addım ata bilmərik.
***
Həyat isim deyil, feildir.
***
Qadının evdəki əməyi, şübhəsiz ki, kişiyə daha çox sərvət istehsal etmək imkanı yaradır və bu mənada qadınlar cəmiyyətdə iqtisadi amildirlər. Lakin atlar da elədir."
***
İstər köhnə doqma olsun, istərsə də yeni təbliğat – sorğulamadan qəbul etmək və ardınca getmək hələ də insan zəkasına hakim olan bir zəiflikdir.
***
Etdiyimiz şeylər bizi, bizə edilənlərdən daha çox dəyişdirir.

Biz yalnız evin xaricində yaşadıqca, düşündükcə, hiss etdikcə və çalışdıqca insani cəhətdən inkişaf edir, mədəniləşir və sosiallaşırıq.
***
Xəstə bir cəmiyyətdə uyğunlaşmaqda çətinlik çəkən qadınlar xəstə deyil, əksinə, sağlam və müsbət bir reaksiya nümayiş etdirirlər.
***
Bir kişinin evi sevməsi üçün bütün günü orada qalması şərt deyil; bəs onda niyə qadın belə etməlidir?
***
Biz min il əvvəl özümüzün etməli olduğumuz və indi də istədiyimiz an edə biləcəyimiz şeyləri bizim üçün etsin deyə Tanrıya baş əyir, "pərəstiş" edir və dua edirik.
***
İşləmək təkcə bir hüquq deyil, həm də bir vəzifədir. İnsanın öz gücünün son həddinə qədər çalışması onun inkişafı, yəni daxili potensialından tam istifadə etməsi üçün zəruridir – həm kişi, həm də qadın üçün sağlamlıq və xoşbəxtlik budur.
***
Lakin məntiqin duyğular qarşısında heç bir hökmü yoxdur; tarixdən də qədim olan duyğular isə heç də kiçik məsələ deyil.

Ən çox işləyən qadınlar ən az pul qazanır, ən çox pulu olan qadınlar isə ən az işləyir.
***
Qadın alt paltarlarına aludə olan kişilərə paltar yumaq, ütüləmək və yamaq vurmaq kursuna getmək tövsiyə olunur.
***
Gənc oğlanlar nəyə nail olacaqlarını və nəyi əldə edəcəklərini planlaşdırdıqları halda, gənc qızlar kimin üçün nail olacaqlarını və kimin üçün əldə edəcəklərini planlaşdırırlar.
***
Lakin biz düşünməyə yox, inanmağa məcbur edilmişdik. Bizə təcrübə aparmaq və araşdırmaq yox, itaət etmək buyurulmuşdu.
***
Ədəbiyyat sayəsində biz keçmişi tanıyır, indiki zamanı idarə edir və gələcəyə təsir göstəririk.
***
Nə qədər çalışsan da, bir litrlik qaba iki litr maye yerləşdirə bilməzsən.
Gözəl şeylərlə əhatə olunmaq insan eltinə böyük təsir göstərir; gözəl şeylər yaratmaq isə daha böyük təsirə malikdir.
***
Əbədiyyət siz öldükdən sonra başlayan bir şey deyil. O, elə bu an da davam etməkdədir.
***
Hamımızın bir-birimizə ehtiyacı var; həm də çox və tez-tez. Hər bir insanın tək qala biləcəyi müqəddəs, şəxsi bir "ev"ə ehtiyacı olduğu kimi, bütün insanların da bir arada ola biləcəyi bir məkana ehtiyacı var – istər bir-birinə ruhlarını maneəsiz aça bilən iki nəfər olsun, istərsə də eyni ahənglə döyünən və hərəkətə gələn nəhəng bir kütlə.

Məsələ qadınların həqiqətən dar düşüncəli, daha zəif iradəli, qorxaq və qərarsız olmaları deyil; məsələ ondadır ki, istər kişi olsun, istərsə də qadın – kim həmişə kiçik, qaranlıq bir məkanda yaşayarsa, daim qorunarsa, idarə olunarsa və məhdudlaşdırılarsa, qaçılmaz olaraq dar düşüncəli və zəif bədənli olar.
***
O biri dünyada xoşbəxtliyə qovuşmaq üçün sadəcə nəyəsə inanmaq kifayətdir, bu dünyada onu təmin etmək üçün isə nəsə etməliyik.
***
Ölüm? Ölüm ətrafında bu qədər hay-küy qoparmaq nəyə lazım? Təsəvvürünüzü işə salın, ölümsüz bir dünya təsəvvür etməyə çalışın! Ölüm həyatın əsas şərtidir, bir şər deyil.
***
Heç bir səbəb olmadan ağlayıram, özü də demək olar ki, hər zaman.