Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə
3 oktyabr 2024
# 17:55

Kulis.az Paşalı Eyvazın "Bitməyən həsrət" hekayəsini təqdim edir.

Kənddən rayon mərkəzinə marşrut sürü­cüsü işlə­yir­dim. Hər səhər obaşdan evdən çıxır, yol boyu səpə­lənən adamları götürüb “Yolçu yolda gərək!” – deyə­rək baş alırdım rayon mərkəzinə. İşlədiyim az müddətdə qarşı­laşdığım, üzləşdiyim o qədər qəribəliklər oldu­ ki... Bir qis­­mini ötürdüm, bir qisminə yoldaşlıq etdim, bir qis­minin isə dinləyicisi olub kədərə boğuldum.

Çox vaxt azan veriləndən sonra evdən çıxırdım. İlk gün fikir verməmişdim; mənimlə birgə ana yola qədər yoldaşlıq edən yaşlı kişi rayon mərkəzindən geri qayı­danda da mə­nim­lə təkrar yolçuluq edirdi. Bu hal dalba­dal davam etdi­yindən məni ma­raq bü­rüdü. Fikir verib gör­düm ki, yaşlı kişi hər səhər qəbiris­tanlığa gedir. Tə­əccüblüsü bu idi ki, mən rayon mərkə­zin­dən qayıdarkən o, qəbi­ristanlıqdan çıxırdı. Tanımadığım bu ada­mın (bu kəndə tə­zə gəlmişdim) qəri­bəliyi mənim ma­rağıma səbəb oldu. Qərara gəldim ki, bu sirri mütləq öy­rənim.

Tanış sürücülərdən birindən xahiş etdim ki, mənim ye­rimə işə çıxsın. Çox sağ olsun ki, məni qırmadı. Av­tobus ana yola çıxanda mən düşdüm. Sağa-sola boylan­dım. Bir qədər irəlidə həmin yaşlı kişinin qəbiristanlığa tərəf yavaş-yavaş, ayaqlarını çəkə-çəkə getdiyini gördüm. Ağır addım­larla onu təqib etdim. Yaşlı kişi qəbi­ris­tan­lığın qırağında dayanıb salavat çevirdi, dua oxudu və gün­batan tərəfdəki qəbirlərdən birinin yanında ayaq sax­ladı. Ucadan ah çəkdi. Daşdan düzəldilmiş oturacaqda əyləşdi. Bir müddət gözünü mərmər başdaşından ona boylanan nurani qadının şəklinə zillədi. Uzun müddət bu baxışlara baxmağa dözmədi. Başını aşağı salıb susqun­lu­ğunu bir xeyli saxladı. O qədər özünü unutmuşdu ki, mə­nim hənirtimi duymadı. Hava işıq­laş­dığından yaşlı kişi­nin də, başdaşındakı qadının da sifətlərini aydın görür­düm. Qadın qənirsiz gözəldi, amma gözlərindəki intizarı görməmək mümkün deyildi. Yaşlı kişinin alnın­dakı qı­rışlar, sifətindəki çuxurlar yaşının altmışdan yuxa­rı oldu­ğunu bildirirdi. Səliqəli geyinmişdi, qayğılı gözlə­rindən özünü gü­nahkar qismində gördüyü oxunurdu. Qanım bu yaşlı kişiyə qaynadı və özümü ona mərhəm hiss etdim. Xəyallarını ya­rıda bölmək məcburiyyətində qalıb:

– Sabahınız xeyir, ağsaqqal!– dedim.

Diksinən kimi oldu. Gözlənilməz qonaqdan eşitdiyi onu böyürə qanrılmağa məcbur etdi. İlk dəfə idi ki, bir-birimizi bu qədər yaxından görürdük. Baxışlarımız toq­quşdu.

– Sabahın xeyir, cavan oğlan!– deyib əllərini mənə uzatdı. Yumşaq, amma damarları qabarıb çıxan əllərini yüngülcə sıxdım. Bir qədər yana çəkilib mənə oturmaq üçün yer gös­tərdi. Əyləşdim. Bir müddət söhbətə haradan başlayacağımı bilmədim. Bir şeyə şükür edirdim ki, o, mənim burada nə axtardığımı soruşmadı. Soruşsaydı, yə­qin ki, deməyə söz tapmayacaqdım, dilim topuq vura­caqdı.

Səssizlikdən istifadə edib başdaşının altında yazı­lan­ları oxudum. Cəmi əlli iki il yaşamışdı. Başdaşında “Hə­yat yolda­şından xa­tirə” yazılmışdı. Sinə daşının üstün­də­ki aşağıdakı bayatı daha çox diqqətimi cəlb etdi:

Əzizim, ellər ağlar,

Çiçəklər, güllər ağlar.

Nakam bir ömür üçün

Ağaran tellər ağlar.

Arada dönüb ona baxdım: gözləri dolmuşdu. Göz­lərini qırpanda mirvari dənəciklərinə bənzəyən göz yaşı damcıları yaydan çıxan ox kimi yerə sancılırdı. Bəzən bu damcılar kip­riyin arasından gözün altına, ordan da arıq sifətinə axırdı. Silməyə cəhd eləmirdi. Onsuz da damcılar yanağa çatana qədər ağırlaşıb astaca yerə düşürdü. Mən dəsmal çıxarıb ya­na­ğını silmək istədim. O, yavaşca əlimi geri çevirib yanıqlı səslə dedi:

– Qoy qarssın, yandırsın sifətimi bu hicran yaşı. Mə­nim is­tədiyim də budur ki, bu yaş məni tezliklə ona qovuş­dursun...

Əlimin geri çevrilməsindən azca pərt oldum (başqa vaxt olsaydı, durub gedərdim), amma yaşlı kişinin yan­ğıyla de­dikləri mənim onunla bağlı marağımı daha da güclən­dir­di­yindən büruzə vermədim. Qısıla-qısıla:

– Neçə vaxtdır ki,–dedim,–hər səhər sizi bura gələn, gü­norta isə geri qayıdan görürəm. Mən bu obada yadam. Bəlkə də, sizin bu halınız yerlilərə qəribə gəlməz, amma mən hər dəfə sizi görəndə qəmli bir hekayətiniz olduğunu düşünü­rəm. Maraq güc gəldiyindən bu gün sizi bura qədər təqib etdim. Bu hərəkətimə görə məni məzur tutun, qüsur et­mi­şəmsə, üzürlü he­sab edin.

Yenə də başdaşındakı şəklə baxdı, yenə də gözləri dol­du. Günahkar kimi başımı aşağı saldım, dediyimə də peş­man oldum. Mənim alındığımı hiss etdi və əllərini dizimə qoyub zəif səslə dedi:

– Oğul, göz yaşlarıma görə özünü günahkar sayma: sənli-sənsiz hər gün axıdıram. Bu həsrət bitəndə, ruhu­muz qovu­şanda göz yaşlarım quruyacaq.

Əlini mənə söykək verib ayağa qalxdı. Başdaşındakı şək­li öpüşlərə qərq etdi, göz yaşlarıynan islatdı. Mən do­nub qalmışdım: təsəllimi verim, yoxsa ona qoşulub göz yaş­la­rımı axıdım? Özümdən ixtiyarsız qəfil hönkürtü tut­du məni. Hıçqırığımı boğa bilmədim. Onun gözündən ya­yınmadı. Əli­­ni başıma çəkib alnımdan öpdü. Titrək əlləri ilə ya­na­ğım­dakı göz yaşımı sildi, təkrar alnımdan öpdü. Tilsimlənib qal­dım. Nə dinə bildim, nə də onu bağ­rıma basıb oxşaya.

Sakitləşib oturdu. Son payız olduğundan soyuq hava əllə­rinin dərisini göyərtmişdi. Əllərini bir-birinə sürtüb isit­di. Hələ də ayaq üstə durduğumu görüb əyləşməyimi bu­yurdu. Aram­la söhbətə başladı:

– Ali məktəbi bitirib doğma kəndimizə təyinat aldım. Se­vin­cimin həddi-hüdudu yox idi: elimin balalarına riya­ziy­yatın möcüzələrini öyrədəcəkdim. Avqustun 31-i ge­cəsini sa­­bahkı ilk iş günümün həyəcanı ilə başa vur­dum. Az qa­lırdım ki, qaranlığı əllərimlə yarıb günəşi çıxardım ki, sabah tez açıl­sın. Elə tələsirdim ki... Bir şeyi qeyd edim ki, xasiy­yətcə çox tələskən idim. Hər yerə, hər işə tələsirdim; harasa getmək lazım olnda tələsik geyinib hazır dayanırdım və hamını da tələsdirirdim. Dəfələrlə valideynlərim mənə irad tutsalar da, alışqanlıq adət halı­na keçdiyindən xasiyyətim mənimlə yol yoldaşlığı et­məyə davam edirdi. Hətta yeməyi belə tələsə-tələsə ye­yirdim; anam demişkən, “diri-diri udur­dum”, çayı ağzımı ütə-ütə içirdim. Bu sabah da belə oldu: tələsik yerimdən qalxdım, bir neçə idman hərəkəti edib əl-üzümü yudum. Anamın hazırladığı qayğanaqdan bir tikə əl­qap edib mək­təbə yollandım. Universitetdə oxuyarkən mən­dən qabaq gələn olmazdı, bu ənənəni işlədiyim doğma məktəbə də daşımaq istəyirdim.

Məktəbin həyətinə çatanda gözətçi darvazanın qapısı­nı mənim üzümə açanda: "Cavan oğlan, altıaylıq zadsan-nədi, sabahın gözü açılmamış kəsdirmisən qapını?–dedi. Üstəlik yuxusuna haram qatmışdım deyə üz-gözünü də turşutdu. Gülümsədim və: “Hələ başlanğıcdır,–dedim,–in­­didən özünü alışdır.” Dediyimin mənası kişiyə çat­madı deyəsən bir ca­vab vermədi. Darvazanı taybatay açdı.

Məktəb ikimərtəbəli idi. Çoxdan tikilsə də, təzə tə­mir­dən çıxdığından təmizlik göz oxşayırdı. Saata bax­dım: hələ zəngə çox vardı. Fənn kabinetlərini, koridoru nəzərdən ke­çir­dim. Divardan asılan əyaniliklər kiminsə əlinin məh­su­lu idi. Müəllimlər otağı daha zəngin idi. Müxtəlif cədvəllər, dərs ilinin yekununu göstəriciləri, me­todik ədəbiyyatlar sə­liqəli şəkildə asılmışdı. Tək-tənha bir müddət oturdum. Ya­vaş-yavaş müəllimlər gəldilər. Hamısı mənimlə görüşüb uğur­lar arzuladılar.

Nəhayət, zəng vuruldu. İlk dərsim onuncu sinifdə idi. Tələsik otaqdan çıxıb pilləkənə yaxınlaşdım. Həyəcandan və tələskənliyimdən pillələri iki-iki qalxırdım. Sonuncu pilləni qurtarıb sağa dönmək istəyəndə müvazinətimi sax­laya bil­məyib əlində kitab olan bir qızla toqquşdum. İlk olaraq o, üzr istədi:

– Bağışlayın, müəllim, başım kitab oxumağa qarış­dığın­dan sizi görmədim.

Hələ də toqquşmanın təsirində olduğumdan yalnız in­di ona baxdım. Qarşımda başına bant bağlamış məktəbli ge­yimində bir qız dayanmışdı. Günahkarcasına başını aşa­ğı dik­mişdi. Sifəti xəfifcə qızarmışdı. O qədər gözəldi ki, şaş­qınlıq içində baxırdım. Bir söz demək iqtidarında deyil­dim. O, mənim şaşqınlığımın səbəbini anlamadan utana-utana uzaqlaşdı. Diqqət edib kimin qızı olduğunu belə əməlli-başlı görə bilmədim.

– Araz müəllim, uşaqlar sizi gözləyir,–deyən dərs hissə müdiri Məmməd müəllimin xəbərdarlığından sonra özümü yığışdırıb koridorun sonuna doğru addımladım. Onun­cu sin­fin qarşısında dayanıb nəfəsimi dərdim. Diz­lərim titrəyirdi. Həyəcanımı boğub sinfə daxil oldum. Uca­dan uşaqları sa­lam­layıb oturmalarını bildirdim. Mü­əllim stolunun qarşı­sındakı partada oturan o idi. Baxış­larımız toqquşdu. Elə bil ildırım çaxdı və onun qığılcımı içimə düşdü. Sinəmdəki yan­ğı as sonra sola–ürəyimə düşdü. Hiss etdim ki, sifətim yanır. Uşaqlar hiss etməsin deyə tezcə üzümü sağa dön­dərdim. Özümdən asılı olma­yaraq, bir də dönüb ona bax­dım; sifəti pörtmüş halda və dinməzcə oturmuşdu. Hətta tit­rədiyini belə hiss etdim.

O gün dərsin necə keçdiyini xatırlmıram. Xatirimdə qalan gözlərimin ixtiyarsız olaraq tez-tez ona tərəf zillən­məsi və onun məsum baxışlarının yerə dikişi oldu. Ogün­kü qa­zancımsa onun kimin qızı olduğunu öyrənməyim, adının da Günay olması idi.

Günlər ötdükcə o sinfə girməyə tələsirdim. Rahatca və doyunca ona baxa bilirdim. O da mənim baxışla­rımdan xoş­landığını başını aşağı dikib yanaqlarının al­lanması ilə ifadə edirdi. Dərdimi bacıma danışdım. Ya­z­dığım məktubu Güna­ya çatdırmasını xahiş etdim. Sə­birsizliklə cavab gözlədim. Bacıma bir söz deməmişdi, yəni susmaq razılıq əlamətidir, deyərlər.

“Son zəng”in səhərisi elçilərimi göndərdim. “Hə”ni alıb-gələnləri darvazada qarşıladım. Hətta atam:”A bala, səbrin olsun, bu tələsməknən hara gedib çıxarsan?”–deyə qınadı da.

Toyumuz payızda oldu. On ay sonra oğlumuz dünya­ya gəldi. O da, mən də çoxlu uşağımızın olmasını istə­yirdik. Amma qismətimizdə bir daha övlad sahibi olma­maq varmış. Şükür edib yaşamımıza davam etdik. Oğ­lumuz ali məktəbi bitirdi, Bakıda özünə iş tapdı. Qapı­mızdakı mal-qaranı sat­dıq, dar gün üçün yığdıqlarımızı da üstünə qoyub oğlumuza ev aldıq. Günlərin bir günü Günay mənə şad xəbər ver­di: ”Əşi, oğlun ürəyinə yatan qız tapıb, hazırlaş, elçi gedək.” Toylarını Bakıda şadlıq sarayında etdik. Toyun şirin yerində Günayın qulağına pıçıldadım:”Bir nəvəmiz də olsaydı...” Günay da: ”Səbrin osun, bağrın çatdamasın,”–dedi. Oğ­lum­gil şəhərdə, bizsə kənddə həyatımıza davam etdik. Arada bir-birimizi yoluxur, telefonla xəbərləşirdik.

Bir gün dar axşamçağı oğlum mənə zəng etdi ki, xəs­tə­xa­nadadırlar, gəlinin sancıları başlayıb. Tez-tələsik ge­yin­dim, maşını işə saldım. Günay mal-qaranı fara­ğatlayırdı.

– Tez ol, hazırlaş, gedirik,– dedim.

– Əşi, bir azdan şər qarışacaq, gecənin xeyrindən gün­dü­zün şəri yaxşıdır, səhər tezdən gedərik.

Nə billah elədisə, məni fikrimdən döndərə bilmədi. Ça­rə­siz evə keçib ağır-ağır geyinməyə başladı. Güman elədi ki, bəlkə, mən fikrimdən vaz keçəm. Başqa vaxt bə­zən onun sözünü dinləyib səbrləşdiyim olmuşdu, amma bu dəfə özüm də bilmədən ipə-sapa yatmadım.

Tələsdiyimdən maşını da bərk sürürdüm. Maşın tor­paq yolda Günayı atıb-tutduqca:”Yavaş sür, icalatımızı tökdün ki,”–deyərək məni hövsələsizlikdə qınayırdı. Bakıya gedən asfalt yola çıxanda alatoranlaşdı. Maşının işıqlarını yan­dırdım. Hiss edirdim ki, qarşıdan gələn maşınların işıqları gözlərimi qamaşdırır. Yolun qırağı ilə gedirdim ki, işıq se­lindən qaça bilim. Az sonra qa­ranlıqlaşdı. Sürəti azalt­mır­dım. Sayrışan işıq seli ani olaraq içərini işıq­landırırdı. Bu vaxt mən Günayın üzün­dəki qorxu ifadəsini görürdüm. Amma dillənib bir kəlmə də olsun söz demirdi. Üzümü çevirib yo­la baxanda gur işıq gözümün içinə vurdu. Bir anlıq gözüm qaranlıq çaldı və mən idarəetməni itirdim. Maşın gah sola, gah da sağa manevr etməyə başladı. Qəfildən nəyəsə çırpılıb dayandı. Başıma dəyən küt ağrıdan huşumu itirdim. Ayı­lan­da özü­mü torpağın üstünə uzanıqlı gördüm. Qarmaqarışıq səslər eşidilirdi. Hər yerim ağrıyırdı, elə bil üstümə ağır daş qoy­muşdular. Maşın işığında gördüm ki, məndən bir metr məsafədə üzünə parça örtülmüş kimisə uzatmışdılar. Elə bil nəsə qırılıb düşdü. Ürəyim şiddətlə döyünməyə baş­ladı. Dur­mağa çalışdım. Belimi ala bilmədiyimdən qalxa bil­mə­dim. Cavan bir oğlan:” Sizə tərpənmək olmaz,”–dedi.

Na­rahatlığımı başa düşdü deyəsən. Əlimi tutub sa­kit səs­lə:”Axır qəminiz olsun,–dedi.–Allahın yazısına pozu yoxdur.”

Bir an boğulmağa başladım. Sinəm sürətlə enib-qalx­dı, hıçqırıqlı hönkürtüm ətrafdakıların nəzərini mə­nə tə­rəf dön­dərdi. Hamının üzündən təəssüf və çarəsizlik oxu­nurdu. Əllərindən nə gələ bilərdi: gəldi əcəl, vermədi ma­cal. Mənə səbr arzulamaqla dərdimə şərik olduqlarını səs­­ləndirdilər. Mən­sə tələskənliyimin acı dərsini alıb nəm­­­li gözlərimi bir nöqtəyə zilləyib durdum...

O axşam qız nəvəm dünyaya gəldi. Oğlum ana­sının adı­nı nəvəmə versə də, məni şəhərə apara bilmədi. Nə qə­dər israr etdilərsə, mən Günayın qəbrini qoyub şəhərə get­mə­dim. Təqaüdə çıxdım. Düz üç ildir ki, sübh nama­zından sonra ağır-ağır addımlarla bura gəlirəm, onunla olub-keçən­ləri bölüşürəm. Sonda ona məni bağışlamasını yalvarıram. Həmişə tələsən mən o gündən bu xasiyyətimi dəyişdim. Özü­­mü bir də ona görə qınayıram ki, kaş o hadisədən bir gün əvvəl də­yişiləydim...Bəlkə, Günayım indi sağ olardı...

xxx

Arada gözləri gah dolur, gah da uzaqlara dikilib elə bil yol çəkirdi. Günayla bağlı söhbətinin əvvəlində gö­zündə parlayan işartı indilərdə sönükmüşdü. Söhbət za­manı ağzımı açıb bircə kəlmə də olsun danışmadım, kir­piklərimi isladan göz yaş­larımı dəsmalla silib onu ac­göz­lüklə dinlədim.

Günorta olmuşdu, bir azdan marşrut gələcəkdi. Də­rindən ah çəkib bildirdi:

– Həsrət çəkənin dincliyi olmur. Hər gün qadir Allaha yalvarıram ki, canımı alsın və bu həsrət bitsin. Amma bil­mirəm cə­zadı, ya imtahandı, Allah çəkdirir mənə...

Bu yaşlı kişinin əhvalatı məni elə tutmuşdu ki, ayağa du­­rub evə getmək belə istəmirdim. Həyatımda ilk dəfə idi ki, uca Yaradandan həsrətinə son qoyulması üçün yaşlı ki­­şiyə ölüm istədim (Allah bu istəyimə görə taxsı­ra­tımdan keçsin). Bəzən bəşəriyyətin fəlakəti olan ölüm belə yeganə çarə görünür: həsrətləri bitirdiyində olduğu kimi...

2019

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #