AYB katibi: “Əli və Nino”nu boykot etmək lazımdır

AYB katibi: “Əli və Nino”nu boykot etmək lazımdır
3 iyun 2015
# 12:04

“Əli və Nino” mağazalar şəbəkəsinin Qan Turalının yeni çıxan “Doqquz hekayə” kitabını satmaqdan imtina eləməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Bir çox yazarlar, qələm adamları “Əli və Nino”nun bu addımını qınadılar, bu barədə fikirlərini bildirdilər. Kulis bu dəfə yazıçı, AYB katibi İlqar Fəhminin münasibətini təqdim edir.

Əslində ədəbiyyatla, incəsənətlə, mədəniyyətlə məşğul olan, onun ətrafında olan istənilən biznes, kommersiya strukturlarının başında ədəbiyyata, mədəniyyətə, incəsənətə yaxın, onu sevən, onu hiss edən adamlar olmalıdır. İstər nəşriyyat, istər kitab evi və yaxud bunlara yaxın sahə olsun, burda kommersiya ilə sənət birləşməlidir. Kommersiyaya heç də həmişə hər şeyi qurban vermək olmaz, eyni zamanda indiki dövrdə kapitalizm sistemidi deyib ədəbiyyatı da kənara atmaq düzgün deyil.

Mən o xanımı yaxşı tanımıram, amma bildiyimə görə əfsuslar olsun ki, ədəbiyyatdan bixəbər insandı. Azərbaycan ədəbiyyatından ümumiyyətlə xəbəri yoxdu. Mənə elə gəlir ki, o, öz təşəbbüsü ilə kitab mağazası açıb. Amma əgər sən kitabdan, ədəbiyyatdan, özün üçün biznes eləmisənsə, belə demək olarsa çörək pulu qazanırsansa, ən azından nəzərə almalısan ki, o ədəbiyyatın, sənin çörək qazanmaq mənbəyi olan ədəbiyyatın Azərbaycan nümayəndələri sənin üçün birinci növbədə dayanmalıdırlar. Çünki sənin satışın da, sənin yayımın da, təbliğatın da bundan asılıdır. Yəni sən onlara xidmət eləməlisən, nəinki ingilisin, fransızın pornoqrafik əsərini gətirib Azərbaycanda təbliğ eləməlisən.

Bəziləri o fikirdədir ki, bunlar kənardan, xarici qüvvələrin əlilə baş verir, bəziləri isə deyir ki, sırf biznes maraqlarını güddüyü üçün edir. Əslində burda biznes maraqları var, bəlkə o biri də var, dəqiq deyə bilmərəm. Biznes maraqları da ondan ibarətdir ki, Nigar Köçərli hansısa xarici yazıçının əsərlərini satanda heç bir müəllif hüquqları nəzərə alınmır, ona heç bir qonorar ödənilmir. Amma özümüzünkünü satsa ona mütləq pul ödəməlidir, yəqin ki, beş-on manatı vermək simicliyindən belə edir.

Yaxud da bəzilərinin dediyi kimi kənar qüvvələrin də təsiri də ola bilər. Amma hər halda sənətlə bağlı, kitabla bağlı, ədəbiyyatla bağlı hansısa biznes strukturları varsa onun başında sənəti sevən insanlar deyilsə bunun qarşısını almaq lazımdır. Təbii ki, hamının biznes strukturu yaratmaq haqqı var. Bunun qanunla qarşısını almaq olmaz. Yalnız ictimai qınaq tədbirləri görmək olar. Qoy bilsin: Sən öz millətinin, öz xalqının ədəbiyyatına yuxarıdan aşağı baxa bilməzsən, çünki sənin gəlir mənbəyin birbaşa ədəbiyyatdır. Lap sən özün bəyənməsən də birinci olaraq bu kitabları vitrinə qoymalısan, sonra hansısa Beqbederi filan. Hətta Beqbeder sənə nə qədərsə gəlir gətirsə belə.

Mənə elə gəlir ki, ictimai qınaq tədbirlərini gücləndirmək lazımdır. Yeri gəlsə lap “Əli və Nino”nu boykot etmək lazımdır. Yenə deyirəm, Azərbaycanda yaşayıb Azərbaycanda kitab satırsansa sən birinci növbədə Azərbaycan ədəbiyyatına xidmət eləməlisən. Yalnız bundan sonra kommersiya maraqlarını düşünməlisən, çünki sən bu ölkənin vətəndaşısan, azərbaycanlısan, Azərbaycanın çörəyini yeyirsən. Həm də ən azından Azərbaycan ədəbiyyatının ən böyük əsərlərindən biri olan “Əli və Nino”nu özünə brend götürən bir insan Azərbaycan ədəbiyyatının birinci növbədə xidmətində olmalıdır. Çünki sənin brendin birbaşa Azərbaycan ədəbiyyatının məhsuludur. Azərbaycan ədəbiyyatını bəyənmirsənsə onda get mağazana “Ovod”un, “Uliss”in adını qoy.

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

# # #