Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi

Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi
12 sentyabr 2024
# 15:00

Kulis.az Mübariz Cəfərlinin yeni hekayəsini təqdim edir.

Quşlara

Bineyi-qədimdən adamlar quşlara həsəd aparıblar, çünki özləri qanadlanıb uçmağı bacarmayıblar. Bəlkə içlərindəki yekə qibtəyə görə diri tuta bildikləri quşları qəfəsə salmağı, qəfəsdə saxlamağı xoşlayıblar? Özləri isə gah uçan xalça uydurublar, gah bər-bəzəkli hava şarı düzəldiblər, gah da röyada göy üzünə qalxıb yalnız vaqeədə, yuxuda uçublar. Düzdü, deyirlər, göz qırpımında ruhları hər iki dünyanı dolaşıb geri qayıdan müqəddəslər də olub. Amma bu qəliz, dolaşıq söhbətdi, sənlik deyil. Yekəxana danışmayım, bu söhbəti xırdalamaq heç mənlik də deyil, sonsuzacan üzbəsurət oturub çək-çevir eləsək də, bir yana çıxa bilməyəcəyik.

Əlqərəz, axır ki, illər, qərinələr, əsrlər ötəndən sonra quşlara həsəd aparanlar özləri qanadlana bilməsələr də, dəmir təyyarələr yaradıb buludları yaxından seyr elədilər. Fərqinə varmadılar ki, uça bilməmələrinin, qanadlarını itirmələrinin günahı elə özlərindədi. Belə nəql eləyirlər ki, qurbanolduğum cəmi məxluqatı qanadlı yaradıbmış, intəhası, günaha batıb qadağanı pozanlar, loru dillə desəm, cızığından çıxanlar qanadlarından məhrum olub. Bəzi rəvayətlərdə "atlılar-qanadlılar", kəlməsi də yəqin elə buna görə işlənilir. Tamam günah içində çabalayanlarsa, nəinki qanadlarını, get-gedə ayaqlarını da itirib, qalıblar sürünə-sürünə... Yəqin bizim ömrümüz çatmaz bunu görməyə, ancaq yüz faiz əminəm ki, Adəm övladlarının da axırı elə sürünməklə bitəcək. Bəlkə də ayaqlarını itirmədən sürünəcəklər. Başa düşməyəcəklər ki, uçmaq bir yana, yerimək də yasaqdı onlara. Daha doğrusu, yasaq-zad deyil, di gəl, əndazədən çıxıb tamam ağ elədiklərinə görə yerişlərini itiriblər, qalıblar sürünə-sürünə... Uçmaq uçün qov kimi yüpyüngül olmaq gərəkdi, beşikdən-qəbrəcən sərvət yığan, var-dövlət hərisi olan necə qanadlana bilər? Övladlarından, törəmələrindən tutmuş, qızıl-gümüşünəcən, pul-paranacan heç nə sənin deyil, o yekəlikdə ağırlıqla göy üzünə, səmaya, asimana, yüksəlmək mümkün olmayacaq, uzaqbaşı, yerin altına gömüləcəksən... Bir ayağı gorda olanlar belə dünyaya indicə gəliblərmiş kimi sərvət hərisidilərsə, məxluqata necə, nə təhər, nədən öyüd-nəsihət verəsən? Əslində bütün öyüd gözlərinin qabağındadı. Deyirlər, əməlisaleh bir kişinin qəflətən gözünə bədheybət bir varlıq görünür, kişi vahimə içində soruşur ki, sən kimsən? Həmin bədheybət də sakitcə deyir ki, Əzrayılam. Kişinin zəhri yarılır, güc-bəla ilə xəbər alır ki, məndən nə istəyirsən? Əzrayıl gülümsünür ki, qorxma, hələ sənin əcəlin çatmayıb, sən din-iman adamısan, de görüm, vaxtı yetişəndə sənin canını necə alım ki, könlün xoş olsun? Kişi qayıdır ki, elə də, belə də, fərqi yoxdu, hərəmiz bir can borcluyuq, canı alınanın könlü xoş ola bilməz, necə yazılıbsa, eləcə də alarsan canımı, halal xoşun olsun, sən əmr eləyən deyilsən, icraçısan, amma canımı almamışdan qabaq mənə xəbər verərsən ki, yır-yığış eləyim, bu dünya ilə tamam-kamal üzlüşməyə, vəsiyyət eləməyə macal tapım. Əzrayıl razılaşıb qeyb olur. Nə isə, ay ötür, il dolanır, bir gün yenə Əzrayıl kişinin gözünə görünür ki, əcəlin tamamdı, gəlmişəm sənin canını almağa, day bu vaxta zərrəcə o yan-bu yan ola bilməz. Kişi qorxudan vahimə içində dilini ağzında zorla sürüyə-sürüyə çaşqın-çaşqın mızıldanır ki, axı sən mənə söz vermişdin ki, əcəlim çatmamışdan xəbərdarlıq eləyəcəksən, sən boyda mələyə yaraşarmı vədinə xilaf çıxmaq, məzlum bəndəni aldatmaq? Əzrayıl gülümsünür ki, səhvin var, ey bəni-Adəm, mən vədimə xilaf çıxmadım, səni də aldatmadım, yaxşı yadına sal, atan öldü, əmin öldü, qardaşların öldü, arvadın öldü, qonum-qonşun axirət dünyasına köçdü? Bəs xəbərdarlıq ayrı nə təhər olar?..

Sən heç sərvət əsiri olan qanadlı görmüsən, quş görmüsən? Çünki bir dəfə göy üzünə qalxıb qanad çalmaq, dövrə vurmaq, süzmək yerdəki bütün özülsüz, bünövrəsiz ötəri, fani, gəldi-gedər var-dövlətindən, cah-cəlaldan irəlidi... Ona görə adamlar həmişə qanad açıb uçmaq həsrətində olublar, di gəl, nəfslərinə də hakim kəsilə bilməyiblər, nə yardan doyublar, nə əldən qoyublar, bir əldə iki qarpız tutmaqla həlbət ki, yalnız dəmir qanadlının içində əyləşib uçmaq görüntüsü yaratmaq mümkündü. Sən qanadlana bilmirsən, havada qala bilmirsən, uça bilmirsən, səni bir anlığa göyə qaldırırlar, sonra da layiq olduğun yerə endirirlər. Sən özünəbənzərləri, Adəmlə Həvvadan törəyənləri aldada bilərsən, əstəğfürullah, tanrıyasa kələk gələ bilməzsən, Allah sənin, öz bəndəsinin kələkbazlığına kinayə ilə, istehza ilə qımışır. Sən yaradanı aldada bilsəydin, ölümsüz olardın, əbədi olardın, axirət əzabından, məhşər mizan-tərəzisindən qurtula bilərdin... Bu isə sənlik deyil, bunu heç vaxt bacarmayacaqsan, ən azı, uçmaq istəyənlərə daş atıb vurmağının, uçanların qanadını qırmağının ucbatından... Sürünməyə məhkumlar, gözdən pərdə asanlar heç vaxt uça bilməz, çünki öz gözləri həqiqətən, pərdəlidi. Hamını aldatmaq istəyənlər ən əvvəl özlərinə kələk gəlirlər, kim nə eləyirsə, özü-özünə eləyir; yaxşılığı da, pisliyi də... Aş-qaşıq məsələsi bir yana, hansı daş-tərəzi ilə çəkiblərsə, onları da eləcə, eyni cür ölçəcəklər...

Yerdəki heyvanlara baxanda quşların bəxti gətirib, adamların bir elə əli çatmır onları incitməyə, tamam "qapazaltı" eləyə bilməyiblər qanadlıları. Özün bilirsən də, əvvəllər kəndimizdə bir dənə yiyəsiz göyərçin yox idi, indi il-ildən bəd gəlir, camaat özü ac-yalavacdı, hərə öz hayındadı, day göyərçin saxlayan azdı. Kimdi onlara dən alan? Ona görə yazıq quşlar sahibsizlikdən vəhşiləşərək artıb, yem, dən, su axtarışındadı bütün günü, yerə bir ovuc tum tökürsən, bir dəstə göyərçin qonur ətrafına, bir andaca dənələrin axırına çıxır... Allah kasıbçılığın üzünü qara eləsin, baisin, insanlara, heyvanlara zülm eləyənlərin də kökünü kəssin!..

Matdım-matdım, təəccüblə üzümə baxıb çaş-baş qalma ki, bayaqdan molla var-dövlət yığanları, nəfsinə hakim ola bilməyənləri lənətləyirdi, indi kasıbçılıqdan gileylənir. Mən nə dediyimi yaxşı bilirəm, hər şey qədərində yaxşıdı. "Qədər" dünyanın ən böyük sözüdü. Yüz mənası var, yüz cürə yozulur. Bütün hallarda yerimək sürünməkdən, uçmaq yeriməkdən yaxşıdı. Uçanda mələkmisal olursan. Ona görə quşlar digər canlılardan, hətta insanlardan da irəlidi. Cünki qanadlarını qoruya biliblər, itirməyiblər...

Yaman əsnəyirsən, bu gün çox işləmisən, yəqin Əlpaşanın xarabasında. Amma çalış, zəhmət haqqını bəri başdan al ondan, yoxsa, o əclaf çox cığal adamdı, hərliyib-fırlayıb bir bəhanə ilə sənin pulunu kəsəcək. Yəqin bilməmiş olmazsan, çox adama pislik eləyib o. Allahsızın biridi, ömründə məscidə-zada ayaq basmaz, Allahı-tanrını tanıyan adam camaata pislik eləyə bilməz axı... Məndən olsa, elə şələşür adamdan uzaq olmağın məsləhətdi. Elə adamdan aldığın pulun da bərəkəti olmaz. İntəhası, yenə özün bilən yaxşıdı, uzaqdan məsləhət vermək asandı, hərə öz işinin çəmini daha yaxşı tapır...

Nə isə, zəmanədən giley, adamlardan şikayət qocalıq əlamətidi. Mən də day qocalmışam da, gərək üzürlü sayasan. Şoğərib xəstəlik yayılandan məscid bağlanıb, mən də qalmışam boş-bekar... Bekarçılıqdan gəlib səni salıram çənəmin altına, uzun-uzadı deyinib sənin başını xarab eləyirəm. Gülmə-gülmə, bilirəm ki, mənə könülsüz, candərdi qulaq asırsan. Day mən gedim... Sənin üçün yarpaq dolması gətirmişəm. Ürəyin istəyəndə qızdırıb yeyərsən. Amma qatıq gətirmək yadımdan çıxıb. Bura gəlib çatanda baxmışam ki, qızım dolmanın yanına balaca bir şüşədə qatıq qoymağı unudub. Zərər yoxdu, mən özüm də bura gəlməmişdən yemişəm, yaxşı dolmadı, nə təfavütü var, elə qatıqsız ötüşdürərsən, gedər. Əslində qatıq dolmanın dadını dəyişir, qoymur damaq ətin təamından ləzzət alsın...

Ədəbiyyat qəzeti

# 1346 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #